Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda taxıl biçininə start verilib

Regionlarda taxıl biçininə start verilib

15.06.2017 [10:20]

Kənd təsərrüfatı naziri Heydər Əsədovun məlumatına əsasən, taxılbiçən kombaynların dislokasiya planı dəqiqliklə hazırlanıb, biçin prosesi əvvəlcə aran rayonlarında həyata keçirilir
Yeni şəraitdə aqrar sektorda qarşıya qoyulan mühüm vəzifələrdən biri də ərzaq məhsullarına olan daxili tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etməkdən ibarətdir. Bu strateji məqsədə nail olmaq üçün regionların investisiya və infrastruktur təminatı möhkəmləndirilir, meliorativ tədbirlər görməklə dövriyyəyə yeni torpaqlar cəlb edilir, fermerlərə zəruri dəstək tədbirləri göstərilir. Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində respublikamızda əhalinin meyvə-tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə yüksəlməsi məmnunluq doğurur. Bundan başqa, artıq ölkəmizdə heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi də 100 faizə çatmaq üzrədir. Mütəxəssislərin qənaətinə görə, yeni təsərrüfat subyektlərinin, o cümlədən də aqroparkların yaradılması ölkənin ərzaq təminatının möhkəmləndirilməsinə olduqca müsbət təsir göstərəcək.
Daxili tələbatın yerli istehsal hesabına ödənilməsində vacib pozisiyalardan biri də taxılçılıqdır
Ərzaq məhsullarına olan daxili tələbatın bütünlüklə yerli istehsal hesabına ödənilməsində mühüm pozisiyalardan biri də taxılçılıqdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ölkəmizdə taxıla olan tələbatın daxili istehsal hesabına ödənilməsinin hazırkı 65 faizdən yaxın perspektivdə 100 faizə çatdırılması ilə bağlı vəzifə qoyub.
Ölkəmizdə taxıl istehsalının artırılmasına ciddi önəm verilməsi heç də təsadüfi deyil. Taxılçılıq əhalinin əsas ərzaq məhsulu sayılan çörəyə və digər un məmulatlarına tələbatını ödəməklə yanaşı, eyni zamanda, quşçuluq və maldarlıq üçün də yem bazası rolunu oynayır. Taxıl istehsalının artırılması ixracın azalmasına və perspektivdə tamamilə dayandırılmasına imkan verəcək ki, bunun da nəticəsində ölkədən valyuta axınının qarşısı alınacaq.
Regionlarda taxılçılığın inkişafı ilə bağlı qarşıya qoyulan strateji məqsədə çatmaq üçün torpaqlardan səmərəli şəkildə istifadə edilməsi əsas vəzifə kimi müəyyənləşdirilib. Məlumdur ki, Azərbaycanın torpaq ehtiyatları məhduddur. Buna görə də mövcud torpaqlardan daha səmərəli istifadə etməklə məhsuldarlığın artırılması olduqca vacib məsələdir. O cümlədən qabaqcıl təcrübənin, intensiv metodların tətbiqi taxılçılıqda istehsalın genişlənməsinə müsbət təsir göstərən vacib amillərdir. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda bildirilir ki, intensiv metodlardan istifadə edərək məhsuldarlığı artırmaqla ölkədə taxıl istehsalını əhəmiyyətli dərəcədə genişləndirmək mümkündür. Bunun üçün respublika üzrə əkin sahəsini 700-800 min hektar ətrafında saxlamaqla məhsuldarlığı hektardan 4-4,5 tona çatdırmaq kifayətdir. Yeri gəlmişkən, cari taxıl biçini başa çatdıqdan sonra eyni sahələrdə ikinci dəfə əkin həyata keçirilməsi qərara alınıb. Bu barədə bir neçə gün bundan əvvəl Yevlaxda taxıl biçini ilə tanış olan kənd təsərrüfatı naziri Heydər Əsədov məlumat verib. H.Əsədov bildirib ki, bu, fermerlər üçün olduqca əlverişlidir. Onlar bir ildə həm iki dəfə məhsul əldə etmək imkanı qazanırlar, həm də dövlətdən iki dəfə subsidiya alacaqlar.
Bölgələrdə iri fermer təsərrüfatlarının fəaliyyətə başlaması məhsuldarlığın artmasına müsbət təsir göstərir
Son illərdə respublikanın bölgələrində taxılçılıq sahəsində dünya miqyasında təsdiqini tapan və yaxşı nəticələr verən iri fermer təsərrüfatlarının yaradılması diqqət mərkəzində saxlanılır. Mütəxəssislərin qənaətinə görə, taxılçılıqda məhsuldarlığı artırmaq üçün mühüm vasitələrdən biri də məhz iri fermer təsərrüfatlarının yaradılmasıdır. Ölkənin müxtəlif bölgələrində Dövlət Torpaq Fondunun hesabına iri fermer təsərrüfatlarının yaradılmasına Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bir neçə il bundan qabaq start verilib. Belə təsərrüfatların yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Dövlət başçısının tapşırığına uyğun olaraq hazırda Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı və digər rayonlarda iri fermer təsərrüfatları yaradılır. İndiyədək 19 rayonda 40 min hektardan artıq sahədə 30 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb və məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir.
Regionlarda yeni taxıl sortlarından istifadə olunması geniş təşviq edilir
Ölkədə taxılçılığın inkişafında daha məhsuldar toxum sortlarından istifadə edilməsi böyük aktuallıq daşıyır. Prezident İlham Əliyevin 2015-ci il 2 mart tarixində imzaladığı “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam ölkədə toxumçuluğun inkişafına güclü təkan verib və bölgələrdə çoxlu sayda yeni toxumçuluq təsərrüfatları fəaliyyətə başlayıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, regionlarda yeni taxıl sortlarından istifadə olunması geniş təşviq olunur. Nazirliyin məlumatında bildirilir ki, elə bu günlərdə Tərtər rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Tərtər Bölgə Təcrübə Stansiyasının təşkilatçılığı ilə “Taxılçılıqda yeni sortlar və mütərəqqi becərmə texnologiyaları. Resursqoruyucu becərmə texnologiyalarının üstünlüklərinin suvarma şəraitində nümayişi” mövzusunda elmi-praktiki seminar keçirilib.
Seminarda Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları, Tərtər və eləcə də ətraf rayonlardan gəlmiş 50-dək taxılçılıq fəaliyyəti ilə məşğul olan fermerlər iştirak ediblər. Seminarda çıxış edən Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə taxılçılığın inkişaf etdirilməsi ilə əlaqədar aqrar elmin qarşısına qoyulmuş vəzifələr barədə ətraflı məlumat verib.
Tədbirdə “Yeni taxıl sortlarının suvarma şəraitində potensial məhsuldarlığı və ona təsir edən amillər”, “Milli və beynəlxalq seleksiya proqramları çərçivəsində Tərtər Bölgə Təcrübə Stansiyasında aparılan tədqiqatlar”, “Taxılçılıqda yeni resursmühafizəedici mütərəqqi texnologiyaların üstünlükləri”, “Torpaqların ümumi aqrokimyəvi göstəricilərinə əsaslanaraq dənli bitkilər üçün gübrə normalarının müəyyənləşdirilməsi” mövzularında məruzələr dinlənilib.
Seminarın gedişində fermerlərə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun yeni rayonlaşmış və perspektivli taxıl sortlarının, mütərəqqi resursqoruyucu becərilmə texnologiyalarının iqtisadi səmərəlilik baxımından üstünlükləri nümayiş etdirilib, eləcə də taxıl əkinlərinin vaxtında biçilməsi, tədarük olunması barədə mütəxəssislər tərəfindən əhəmiyyətli praktiki bilgilər verilib.
Biçinin ilk günlərində əldə olunan nəticələr sevindiricidir
Bir neçə gündür ki, respublikanın bölgələrində taxıl biçininə start verilib. Kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, taxılbiçən kombaynların dislokasiya planı dəqiqliklə hazırlanıb: “Əvvəlcə biçin prosesi aran rayonlarında həyata keçirilir. Texnikalar kifayət qədərdir. Biçin optimal müddətdə başa çatdırılacaq”.
Son bir neçə gündə Hacıqabul rayonunun taxıl zəmilərində 40 kombayn işləyir. Qısa müddətdə 4 min hektara yaxın sahənin məhsulu yığılıb. Biçin aparılmış arpa sahələrində məhsuldarlıq orta hesabla 27,4 sentner olub.
Rayonda ötən ilin payızında bu ilin məhsulu üçün 15 min 820 hektar taxıl əkilib. Bunun da 8950 hektarını buğda, 6870 hektarını arpa sahələri təşkil edir. Əkin zamanı məhsuldar taxıl sortlarından istifadə olunması və bitkiyə aqrotexniki qaydada qulluq göstərilməsi nəticəsində fermerlər biçin keçirdikləri sahələrdən yaxşı məhsul götürürlər. Rayonun Meyniman kənd sakini, fermer Əhsən Hacıyev bu il 700 hektar sahədə taxıl yetişdirib ki, bunun da 450 hektarı toxumçuluq üçün nəzərdə tutulub. Torpaq mülkiyyətçisi biçin keçirdiyi hər hektardan 35 sentner məhsul götürür. Toxumçuluq üçün nəzərdə tutulan sahədə isə məhsuldarlıq 40-42 sentnerə çatır.
Saatlının təsərrüfatlarında da taxıl biçininə başlanılıb və qısa müddətdə 2449 hektar sahənin məhsulu yığılıb. Hər hektarın məhsuldarlığı orta hesabla 38 sentner olub.
Rayon kənd təsərrüfatı idarəsindən bildiriblər ki, ötən ilin payızında rayonda 20 min 466 hektar sahədə taxıl əkilib. Bunun 2 min 446 hektarı arpa, 17 min 520 hektarı isə buğdadır.
Rayonda biçin kampaniyasını vaxtında başa çatdırmaq üçün bütün qüvvələr səfərbər olunub, diqqət məhsulun itkisiz yığılmasına yönəldilib. Bu məqsədlə sahələrə 20-yə yaxın kombayn çıxarılıb, məhsulun daşınması və digər işlərin həlli üçün 150-dən çox maşın və mexanizm işə cəlb olunub. Hər gün 100-120 hektar sahənin məhsulu yığılır. Mütəxəssislərin fikrincə, bu il rayonda təxminən 88 min ton məhsul istehsal etmək mümkün olacaq.
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə də bir neçə gündür arpa biçininə başlanılıb. Rayonun Turan qəsəbəsi, Şəkikənd, Suçma, Kiçik və Böyük Dəhnə kəndlərinin ərazilərindəki təsərrüfatlarda ilk günlər 1020 hektar sahənin arpası biçilib, 1800 tona yaxın məhsul tədarük olunub.
Cari mövsümdə rayonda 68 min hektardan çox taxıl sahəsinin məhsulunun yığılması gözlənilir. Taxıl biçininin mütəşəkkil qaydada başa çatdırılması üçün fermerlər tərəfindən bütün zəruri tədbirlər görülüb, texnika saz hala gətirilib. Biçin kampaniyasına, ümumilikdə, 80 təzə, həmçinin istifadəyə yararlı vəziyyətdə olan 30 köhnə kombayn, 72 küləşpresləyən aqreqat, 230 şum traktoru, məhsulun sahələrdən daşınması üçün 300-ə yaxın yük maşını, traktor və qoşqu cəlb olunub.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 903 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30