Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda müasir turizm infrastrukturunun yaradılması istiqamətində davamlı tədbirlər görülür

Regionlarda müasir turizm infrastrukturunun yaradılması istiqamətində davamlı tədbirlər görülür

17.08.2017 [10:13]

Həyata keçirilən işlər, həmçinin Azərbaycanın dünyada təhlükəsiz, sabit ölkə kimi tanınması sayəsində respublikamıza gələn əcnəbi turistlərin sayı hər ötən il ərzində daha da artır
Məlum olduğu kimi, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanda bütün sahələr inkişaf edib. Heç şübhəsiz bu inkişafdan turizm sahəsinə də pay düşüb. Eyni zamanda, dünyada baş verən geriləmələrə baxmayaraq, ölkəmizdəki inkişaf davamlı xarakter daşıyır. Elə 2017-ci ilin birinci yarısının nəticələri də bunu təsdiqləyir.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında bu məqama toxunan dövlət başçısı “Bu il turizmin inkişafı da bizi sevindirir. Turistlərin sayı 25 faiz artıbdır. Əlbəttə ki, bunun səbəbləri bəllidir. Azərbaycanı daha çox tanıyırlar. Azərbaycan dünyada təhlükəsiz, sabit ölkə kimi tanınır. Ölkəmizdə keçirilən beynəlxalq yarışlar, tədbirlər əlbəttə ki, marağı artırır. Xüsusilə o yarışlar arasında mən Formula-1 yarışını qeyd etməliyəm. Bu yarışın auditoriyası dünya miqyasında 500 milyon insandır. Beş yüz milyon insan Bakını, şəhərimizin gözəlliyini görür. Bakıda o yarışlarda iştirak edən idmançılar, nümayəndə heyətinin üzvləri, qonaqlar əlbəttə ki, qayıdandan sonra xoş təəssüratlarını öz dostları ilə bölüşürlər. Ona görə turist axını daha da böyük olacaq. Biz buna hazır olmalıyıq. Xüsusilə Bakıda və bölgələrdə yeni otellərin tikilməsinə böyük ehtiyac var. Mən sahibkarlara məsləhət görərdim ki, bu sahəyə investisiya qoysunlar. Çünki bu, gəlirli sahədir və yaxşı nəticə verəcək”, - deyib.
Beləliklə, vurğulandığı kimi, həyata keçirilən işlər, həmçinin Azərbaycanın dünyada təhlükəsiz, sabit ölkə kimi tanınması respublikamıza turist axınını hər ötən il ərzində daha da artırır. Bu məqamda qeyd etmək yerinə düşər ki, bu ilin ilk yarısında xarici turistlərin ölkəmizdə üz tutduqları məkanlardan biri də Oğuz rayonudur.
Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşən Oğuz rayonu Azərbaycanın zəngin turizm potensialına malik bölgələrindəndir. Son illər rayonda müasir turizm infrastrukturunun yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Hazırda rayonda 4 turizm istirahət mərkəzi, 6 otel, 20-dən çox ailəvi istirahət mərkəzi fəaliyyət göstərir. Rayonun mərkəzindəki “AFRA” otelində, Baş Daşağıl kəndindəki “Saf təbiət”, Xalxal kəndindəki “Qreland”, Xaçmaz kəndindəki “Təpə yeri”, Oğuz şəhərindəki “Oğuz” istirahət mərkəzlərində, həmçinin son illər istifadəyə verilən “Farel”, “Qızılağac”, “Qaynama”, “Oğuz eli”, “Palma” və digər ailəvi istirahət mərkəzlərində turistlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Verilən məlumata görə, ötən il Oğuza 15 mindən çox turist gəlib. Cari ilin ötən dövründə isə rayona gələn turistlərin sayı 5 mini ötüb. Yeri gəlmişkən, əsrarəngiz təbiəti olan Oğuz rayonu qədim tarixi abidələri ilə də turistlərin diqqətini çəkir. Hazırda rayonda dövlət qeydiyyatına götürülmüş 39 tarix və mədəniyyət abidəsi mövcuddur. Alban məbədləri, sineqoqlar, kurqanlar, Muxas qülləsi, Surxayxan qalası, qədim məscidlər tarixilik baxımından turistlər üçün böyük maraq kəsb edir. Turistlərin abidələrə səyahətini təşkil etmək üçün xüsusi marşrutlar müəyyənləşdirilib. Rayonda kənd yaşıl turizm növü də getdikcə daha geniş yayılmaqdadır.
Ötən altı ayda əcnəbi turistlərin ən çox üz tutduqları şəhər və rayonlar arasında Naftalan da var. Bu da səbəbsiz deyil. Belə ki, son illər Naftalanın beynəlxalq səviyyəli sanatoriya kurort mərkəzinə çevrilməsi məqsədi ilə kompleks işlər həyata keçirilib, şəhərin bütün infrastrukturunun inkişafına diqqət artırılıb, geniş quruculuq və abadlıq işləri görülüb. Bu gün Naftalan şəhəri həm müalicəvi nefti ilə xəstələrin müalicəsində daha effektiv nəticələr əldə olunmasına, həm də istirahət üçün burada yaradılan müasir turizm infrastrukturuna görə turistlər üçün daha cəlbedici kurort mərkəzinə çevrilib. 2017-ci ilin birinci yarımilində şəhərə şəfa tapmaq və istirahət etmək məqsədilə üz tutan yerli və xarici turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz çox olub. 2017-ci ilin altı ayında Naftalanın turizm obyektlərində 9,5 min turist qeydə alınıb ki, bunun da 4012 nəfəri 50-yə yaxın xarici ölkədən gələn turistlərdir. Həmçinin “TurStat” analitik agentliyinin apardığı sorğuya əsasən, Naftalan postsovet məkanında rusiyalılar arasında ən populyar müalicəvi kurort şəhəri sayılıb.
Öz növbəsində Şamaxının ucqar dağ kəndlərindən olan, Baş Qafqaz silsiləsinin ətəyində yerləşən Dəmirçi özünəməxsusluğu və təbii iqlim şəraiti ilə son vaxtlar turistləri özünə daha çox cəlb edir. Dəmirçinin vaxtilə Bakı-Şabran-Şamaxı şəhərlərini birləşdirən qədim karvan yolunun üstündə yerləşməsi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası tərəfindən bu yaxınlarda antik-erkən orta əsrlər dövrünə aid nekropolun aşkar edilməsi həm də turistlər üçün cəlbedicidir. Dəmirçidən İsmayıllının Lahıc qəsəbəsinə çəkilməkdə olan yol bu yerlərin böyük turizm potensialına malik olduğunu bir daha təsdiq edir.
Qeyd edək ki, bu gün Dəmirçidə yenidənqurma və abadlıq işləri ilə əlaqədar yeni layihələr həyata keçirilir. Belə ki, Pirsaat çayı üzərində yeni körpü salınıb. Kəndin girişində 10 metr hündürlüyü olan rəmzi qala və çayla sərhəddə hasar tikilir. Misgərlik və dəmirçi emalatxanalarının, çayxanaların, iki ədəd təndirxananın, suvenir mağazasının inşası davam etdirilir. Kəndin mərkəzi küçəsində 500 kvadratmetr əraziyə çay daşı döşənib, evlərin dam örtüyü dəyişdirilib, küçəboyu sakinlərin hasar və təndirxanaları təmir olunub. Qeyd edək ki, kənddə yeni məscidin tikintisi də nəzərdə tutulub. Əlbəttə, bu gün 155 nəfərin yaşadığı Dəmirçidə görülən işlər bu yerləri turistlər üçün daha görməli, gəzməli bir məkana çevirəcək.
Səfalı təbiəti və əlverişli turizm imkanları ilə seçilən Gəncənin Hacıkənd qəsəbəsində isə “Nizaminin sələfləri və xələfləri” adlı park salınır. Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran məsələlərə həsr olunmuş hesabat yığıncağında məlumat verib. Bildirilib ki, Hacıkənd qəsəbəsinin mərkəzində salınan park ərazidə yaşıllıq və mikroiqlim mühiti yaratmaqdan daha çox, bu bölgəyə istirahətə gələn turistlər üçün nəzərdə tutulub. Bu ilin birinci yarısında yalnız Göygöl Milli Parkına 32 ölkədən çoxlu sayda qonaq və turist gəlib. Xarici qonaqlar həm də Hacıkənddə olub, bu yerlərin füsunkar mənzərəsini seyr ediblər.
Hazırda parkda tikinti işləri davam edir. Parka suvarma sistemi çəkilib, ətrafda ağac və gül kolları əkilib. Parkın yuxarı hissəsində postament üzərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli ucaldılıb. Abidənin qarşısında tikilmiş ayrı-ayrı postamentlər üzərində isə Nizami Gəncəvidən əvvəl və sonra yaşamış digər şair və yazıçıların heykəli ucaldılacaq. Parkın müxtəlif yerlərində həmin görkəmli şəxslər haqqında məlumat lövhələri qoyulacaq. Beləliklə, Hacıkəndi ziyarət edən hər kəs burada istirahət etməklə yanaşı, həm də Azərbaycanın dahi şəxsiyyətləri haqqında məlumat əldə edəcək.
Eyni zamanda, Quba-Xınalıq turizm marşrutu ölkəmizin şimal bölgəsinə gələn turistlər arasında ən populyar səyahət istiqamətidir. Əsrarəngiz təbiət mənzərələrinə malik Qəçrəş meşələri, dağ yamacı boyunca axan bolsulu Qudyalçay, Qafqaz dağlarının sıldırım qayalıqları arasındakı füsunkar gözəlliklər və unikallığı ilə bütün dünyada tanınan qədim Xınalıq kəndi turistləri bura cəlb edir. Bununla yanaşı, Quba rayonunun Azərbaycan paytaxtına məsafə baxımından yaxın region olması da turist axınında böyük rol oynayır.
Quba-Xınalıq turizm marşrutu üzərində ən çox istirahət mərkəzləri məhz Qəçrəş kəndi ərazisindədir. Rayon iqtisadiyyatının inkişafında bu mərkəzlərin böyük rolu var. Qəşrəş və ətraf ərazilərdə dincəlmək üçün hər büdcəyə uyğun münasib turizm obyekti tapmaq mümkündür. Belə turizm obyektlərindən birinin inzibatçısı Rəşad Məmmədov deyib ki, bu il əcnəbi turistlərin sayı təxminən 30-40 faiz artıb.
Rayona gələn qonaqların çoxluğu nəzərə alınaraq, Quba Turizm İnformasiya Mərkəzi istirahət və bayram günlərində də fəaliyyət göstərir. Turistlərin rayonda istirahətini təmin etmək üçün “qaynar xətt” yaradılıb. Əcnəbi və yerli turistlər 24 saat ərzində zəng edərək istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala bilərlər. Quba Turizm İnformasiya Mərkəzi tərəfindən turistlərə ödəniş əsasında nəqliyyat vasitəsi və bələdçi də təqdim olunur.
Müraciətlərin çoxluğu nəzərə alınaraq, rayonda mövcud turizm marşrutlarının sayının artırılması nəzərdə tutulur. Hazırda rayonda 40-a yaxın istirahət mərkəzi fəaliyyət göstərir.
Ölkəmizin cənub bölgəsinin turizm məkanlarından biri də Masallı rayonudur. Bu ilin birinci yarısında rayonda fəaliyyət göstərən 33 turizm obyekti 13600 turisti qəbul edib. Turistlərin 1110 nəfəri xarici vətəndaşlar olub. Masallıda turizmin sürətli inkişafını təmin etmək məqsədi ilə rayonda müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulur.
Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 3-də Masallıya növbəti səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşü zamanı rayonda turizm istirahət kompleksinin tikintisi ilə bağlı məsələ qaldırılıb və bu təklif dövlətimizin başçısı tərəfindən bəyənilib. Artıq turizm istirahət kompleksinin tikinti-layihə sənədlərinin hazırlanmasına başlanılıb. Kompleksin rayonun Qəriblər kəndinin cənub hissəsində, Masallı-Yardımlı yolu boyunca 10 hektar sahədə tikilməsi nəzərdə tutulub. Layihənin icrası Masallıda, o cümlədən ölkəmizin cənub bölgəsində turizmin inkişafına böyük təkan verəcək.
Bir sözlə, görünən odur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə turizmin inkişafı istiqamətində həyata keçirilən işlər öz müsbət nəticələrini verməkdədir. Eyni zamanda, ötən hər gün ərzində bu istiqamətdə yeni-yeni addımlar atılır.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 933 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30