Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ölkəmizdə çəltikçiliyin inkişafı istiqamətində mühüm addımlar atılır

Ölkəmizdə çəltikçiliyin inkişafı istiqamətində mühüm addımlar atılır

07.09.2017 [10:14]

Dövlətin bu sahəyə diqqət və qayğısı öz müsbət nəticəsini verir
Ölkəmizdə qeyri-neft sektorunun inkişafı kənd təsərrüfatının da hərtərəfli yüksəlişinə imkan yaradıb. Eyni zamanda, Azərbaycanda ərzaq təhlükəsizliyinin təminatı istiqamətində mühüm addımların atılması aqrar sektorun bir sıra yeni sahələrinin də yenidən dirçəldilməsində əsaslı rol oynayıb. Ümumiyyətlə, dövlətin göstərdiyi diqqət və qayğı aqrar sektorda uğurlu nəticələr əldə olunmasına təkan verib. Onu da qeyd edək ki, 2004-cü ildən həyata keçirilən və hazırda üçüncü mərhələsi icra olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları ölkəmizdə aqrar sahənin daha da dirçəldilməsində, bununla yanaşı isə ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Bu gün adıçəkilən sahənin inkişafı ölkəmizin ixrac potensialının artmasında, xarici bazarlarda yer tutmasında öncül məqamlardan birini təşkil edir.
Yeri gəlmişkən göstərilən dövlət qayğısı kənd təsərrüfatının əsas sahələrindən sayılan çəltikçiliyin inkişafına da təkan verib. Məhz bu diqqət və qayğının nəticəsidir ki, son illərdə çəltikçilik ölkəmizdə geniş yayılıb. Və bu sahənin yenidən dirçəldilməsi yönündə addımların atılması davam edir. Yeri gəlmişkən Prezident İlham Əliyevin Sədrliyi ilə Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki çıxışında bu məqama toxunan dövlət başçısı bildirib ki, Azərbaycanın 12 rayonunda çəltikçilik inkişaf edir. Dövlət başçısı vurğulayıb ki, çəltikçilik son illər ərzində sürətlə inkişaf edib. Dövlət dəstəyi kifayət qədər yüksək olub. Bu sahəyə fermerlər tərəfindən də böyük maraq var: “Çünki bu, çox gəlirli bir sahədir. Sadəcə olaraq, dövlət əlavə dəstəyin verilməsi ilə bu sahəni fermerlər üçün daha da cəlbedici edə bilər. Ümumiyyətlə, biz bütün təbii imkanlarımızdan istifadə etməliyik”.
Ümumiyyətlə, vaxtilə ölkəmizdə ənənəvi sahə kimi xarakterizə olunan çəltikçilik artıq bir sıra rayonlarımızda əsas gəlir mənbəyinə çevrilib. Belə ki, müstəqilliyimizin əldə olunmasından keçən illər ərzində çəltik sahələri dəfələrlə artıb, məhsuldarlıq isə 5600 tona çatıb. Prezident İlham Əliyev adıçəkilən müşavirədə bildirib ki, ötən il 2500 hektarda çəltik əkilmişdisə, bu il 5 min hektarda çəltik əkilib. Yəni keçən illə müqayisədə əkin sahələri iki dəfə genişləndirilib: “Bu, çox müsbət haldır. Yenə də qeyd etməliyəm ki, fermerlər tərəfindən bu sahəyə çox böyük maraq var. Əgər əvvəlki dövrlərdə çəltikçilik çox əziyyətli bir sahə idisə, insanları çox incidirdisə, əziyyət verirdisə, bu gün artıq bu sahə tam avtomatlaşdırılıb. Dünən mənə çəltikçilik təsərrüfatında nümayiş etdirilən yeni texnoloji proses onu göstərir ki, çəltikçiliyin inkişafı əziyyətsiz də mümkündür - həm səpin, həm də yığım vaxtı. Ona görə, indi texnika gətirilib. Biz çəltikçiliyin artım dinamikasına uyğun xüsusi texnikanın alınması məsələsinə də mütləq baxmalıyıq”.
Bəli, ənənəvi əkin sahəsi olan çəltikçiliyin inkişafına son illər ölkəmizdə kənd təsərrüfatına göstərilən dövlət dəstəyi sayəsində diqqət daha da artırılıb. Ölkəmizdə çəltik əkini ilə məşğul olan şirkətlərdən biri də “Cənub-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Lənkəran rayonunda fəaliyyət göstərən MMC-nin Girdəni və Şiyavar kəndlərində çəltik sahələri mövcuddur.
Cəmiyyətin aqronomu Fərman Abdullayev bildirib ki, dövlətin aqrar sahəyə göstərdiyi xüsusi qayğıdan yararlanaraq 2016-cı ildə 20 hektar sahədə çəltik əkilib və hər hektardan 50 sentner məhsul götürülüb. Bu il isə əlavə 80 hektarda çəltik əkilərək, əkin sahəsi 100 hektara çatdırılıb. Gələn təsərrüfat ilində bunu daha 100 hektar genişləndirmək nəzərdə tutulur. Çəltiyin yetişdirilməsinin çox zəhmət tələb edən iş olduğunu vurğulayan MMC-nin aqronomu bildirib ki, əsas məqsəd müasir texnologiyaların köməyi ilə “Ağ ənbərbu”, “Qırmızı ənbərbu”, “Həsəni”, “Akulə”, “Çampo”, “Sədri”, “Yetimi”, “Xəzər” kimi keçmişdə geniş şöhrət qazanmış dədə-baba çəltik sortlarından qiymətli ərzaq olan düyü istehsal etməklə yanaşı, ölkənin ərzaq təhlükəsizliyi proqramına töhfə verməkdir. Bu düyü sortları özünəməxsus dada və fərdi xüsusiyyətlərə malikdir. F.Abdullayev qeyd edib ki, təsərrüfatda bölgənin torpaq-iqlim şəraitinə uyğun olaraq çəltik ənənəvi Asiya üsulu ilə, yəni şitil yetişdirib sahələrə köçürməklə əkilir. Bu üsulun müsbət cəhətləri çoxdur. Belə ki, burada, ilk növbədə, toxuma qənaət edilir. Səpmə üsulu ilə əkin keçirildikdə hektara 150-200 kiloqram, bəzən daha çox toxum sərf edildiyi halda, şitillə əkin zamanı 3-4 dəfə az - hektara 50-60 kiloqram toxum tələb olunur. Şitillə əkin aparıldıqda sonrakı becərmə mərhələlərində lazımi aqrotexniki işlərin görülməsi asan başa gəlir. Xüsusilə belə şəraitdə alaq otları texnika vasitəsilə təmizləndiyindən zərərli pestisidlərdən istifadə etməyə ehtiyac qalmır. Bu da ekoloji cəhətdən çox əhəmiyyətlidir.
MMC təsərrüfat fəaliyyətini genişləndirmək məqsədilə Cənubi Koreyadan çəltik əkən iki maşın, iki kombayn, iki traktor və digər avadanlıqlar gətirib, onlardan səmərəli istifadə edir. Aqronom həmçinin qeyd edib ki, çəltikçiliyin inkişafı kənd təsərrüfatının digər sahələrinin də inkişafına müsbət təsir göstərəcək. Belə ki, biçilmiş çəltik zəmiləri, eyni zamanda, heyvandarlıq, quşçuluq, balıqçılıq və digər sahələr üçün həm də yem bazasıdır.
Ağdaş rayonundan olan fermerlər də artıq bir neçə gündür ki, çəltik biçininə başlayıblar. Qeyd edilməlidir ki, Ağdaş rayonu ölkənin ən böyük çəltikçilik rayonu hesab edilir. Belə ki, respublikada əkilən çəltik sahələrinin yarısı Ağdaşın payına düşür və bu rayon, demək olar ki, çəltikçilik üzrə ixtisaslaşıb. Hazırda digər rayonlarda çəltiyin yetişmə dövrü olduğu halda, Ağdaşda artıq məhsul yığımına başlanılıb. Kəndlilərin sahələrə lazımi aqrotexniki qulluq göstərməsi nəticəsində bol məhsul əldə edilib. Rayonda biçin prosesinə 20 ədəd kombayn və bir o qədər yük avtomobili cəlb olunub. Məhsulun vaxtında və itkisiz toplanılması üçün bütün qüvvələr səfərbər edilib.
Vurğulayaq ki, cari ildə Ağdaş rayonunun 59 yaşayış məntəqəsində 360 fermer və torpaq mülkiyyətçisi tərəfindən 2454 hektar sahədə çəltik əkilib. Bu, 2014-cü illə müqayisədə təqribən 5 dəfə, ötən illə müqayisədə 2 dəfə çox olmaqla respublikada əldə edilən ən yüksək göstəricidir. Yerlərdə aparılan monitorinqlər onu deməyə əsas verir ki, bu il hər hektardan çəltiyin məhsuldarlığı 30-35 sentner olacaq və təqribən 8 min tona yaxın çəltik, yəni 6 min tonadək təmiz düyü istehsal ediləcək. Bu da təxminən 12 milyon manat vəsait və yaxud 7 milyon manat xalis gəlir deməkdir.
Bu il Ağdaş rayonunda çəltik əkini, becərilməsi və biçini ilə əlaqədar 2200 nəfər mövsümi işlə təmin olunub. Ağdaşlı fermerlər “Yerli bezos”, “Ağ mirvari”, “Qırmızı mirvari”, “Çappa”, “Ağ gilə” sortlarının əkilməsinə daha çox üstünlük verirlər. Ölkəmizdə istehsal olunan digər kənd təsərrüfatı məhsulları kimi, yerli düyü ekoloji cəhətdən təmiz, qidalılıq fərqinə görə idxal edilən düyülərdən daha keyfiyyətlidir. Təsadüfi deyildir ki, yetişdirilən yerli düyü bu gün daxili bazarda “Ağdaş düyüsü” adı ilə tanınır və bir kiloqramı 1,5-2 manata müştərilərə satılır.
Onu da vuğulamaq lazımdır ki, ötən il Ağdaşın 35 kəndində 175 fermer tərəfindən ümumilikdə 1311 hektar sahədə çəltik yetişdirilib və 2386 ton məhsul toplanılıb. Ötən il məhsuldarlıq hər hektarda 18,2 sentner olub. Bu il isə ötən ildəkindən iki dəfə çox, yəni 2454 hektar sahədə çəltik əkini aparılıb və 8 min ton məhsul tədarükü, 6 min tondan artıq təmiz düyü məhsulunun əldə edilməsi gözlənilir.
Yeri gəlmişkən, Ağdaş rayonu Qaradağlı kənd sakini, Lənkəranda keçirilən respublika müşavirəsinin iştirakçısı, fermer Əli Musayev bildirib ki, dövlət başçısının kənd təsərrüfatının daha da inkişafı ilə bağlı dəyərli fikirləri məşğul olduğu çəltikçilik sahəsində daha həvəslə çalışmağa, məhsul bolluğu yaratmağa həvəsləndirib. Rayonun Malay kəndində uzun illərdir ki, çəltikçiliklə məşğul olan. Ə.Musayev qeyd edib ki, ümumilikdə 35 hektar sahədə çəltik əkib. Onun sözlərinə görə, bu il məhsuldarlıq hər hektarda 30 sentner olacaq və ümumilikdə 100 tondan çox məhsul əldə olunacaq. Fermer bildirib ki, ötən il 16 hektar sahədə çəltik yetişdirib və 30 ton məhsuldan 45 min manat gəlir əldə olunub.
Bir neçə gündür ki, Astara rayonunun çəltik sahələrində də biçin kampaniyasına başlanılıb. Bu il havaların əlverişli keçməsi, əkin sahələrinin vaxtında suvarılması, lazımi aqrotexniki qulluğun göstərilməsi çəltikçiliklə məşğul olan fermerlərin bol məhsul götürməsinə səbəb olub. Ötən illə müqayisədə rayonda əkin sahələri genişləndirildiyindən ümumi məhsul istehsalı 3 dəfədən çox artıb, məhsuldarlıq 60-70 sentnerə çatıb. Fermer Tələt Məmmədov bildirib ki, bu il Şiyəkəran kəndində 33 hektar ərazidə ən çox “Haşimi” və italyan “Apollo” növü olan çəltik əkilib. Hazırda 7 hektar ərazidə biçin aparılıb. Bu il “Haşimi” növü 40 sentnerdən, italyan “Apollo” növü isə 60-70 sentnerdən aşağı olmayan məhsuldarlıqla müşahidə olunub. Müştəri sarıdan korluq çəkmədiklərini deyən T.Məmmədov yerli düyünün bazardakı qiymətinin 4-4,5 manat olmaqla məhsul istehsalçılarını qane etdiyini diqqətə çatdırıb.
O bildirib ki, Şiyəkəran kəndi ərazisində başlayan biçin kampaniyasına yeni kombaynlar cəlb olunub. İtaliyadan gətirilən yeni “Laverda” kombaynlarının özəllikləri ondan ibarətdir ki, yalnız çəltik biçini üçün nəzərdə tutulub, heç bir itki olmadan məhsul yığımını həyata keçirir.
Məlumat üçün bildirək ki, ötən il Astara rayonunda 133 hektar sahədə çəltik əkilmişdisə, bu il bu rəqəm 450 hektara çatdırılıb. Hazırda 380 hektar sahədə çəltik biçini aparılıb, hər hektardan məhsuldarlıq orta hesabla 40,2 sentner olmaqla 1572 ton məhsul istehsal edilib.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 934 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30