Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda əhalinin içməli su ilə fasiləsiz təmin olunması istiqamətində davamlı tədbirlər həyata keçirilir

Regionlarda əhalinin içməli su ilə fasiləsiz təmin olunması istiqamətində davamlı tədbirlər həyata keçirilir

26.10.2017 [10:13]

Bölgələrdə əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair görülən işlər də uğurla davam etdirilir
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri müxtəlif sahələri əhatə edən proqramlar və layihələrin müvəffəqiyyətlə icra olunmasıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır və qarşıya qoyulan hədəflərə çatmağa imkan verir. Ayrı-ayrı sahələrə dair layihələrin icra olunmasından bəhs edərkən mükəmməl infrastruktur təminatının yaradılması istiqamətində görülən işlərə xüsusi diqqət yetirmək lazımdır. Bu istiqamətdə görülən işlər əhalinin içməli suya olan tələbatının ödənilməsi, regionlarda əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması sahəsində də mühüm nəticələrin əldə olunmasını şərtləndirib. Hazırda bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilir.
Qeyd etmək lazımdır ki, cari ilin 9 ayı ərzində yeddi yüz kilometrdən çox içməli su xətti çəkilib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələlərə toxunaraq qeyd edib ki, əsas infrastruktur layihələri 9 ayda uğurla icra edilibdir: “Yeddi yüz kilometrdən çox içməli su xətti çəkilib, qazlaşdırma ölkəmizdə 93 faiz səviyyəsindədir və bu proses davam edir. Bunlar özlüyündə çox gözəl göstəricidir. Elektrik enerjisi ilə təminat yaxşılaşır, yeni yarımstansiyalar tikilir, elektrik xətləri çəkilir. Meliorasiya məsələləri öz həllini tapır. İlin əvvəlində qarşıya məqsəd qoyulmuşdur ki, bu günə qədər suvarılmayan, yaxud da ki suvarılması zəif olan 150 min hektar torpaqlarımızda bu il müasir suvarma sistemləri quraşdırılsın. Əminəm ki, biz bu rəqəmə ilin sonuna qədər çatacağıq. Mənə verilən məlumata görə, bu ilin əvvəlindən bəri 50 min hektardan çox torpaqda meliorativ tədbirlər görülmüşdür, suvarma suyu təmin edilmişdir. Qalan iki ay yarım ərzində bütün işlər başa çatmalıdır. İnfrastruktur layihələrimizin uğurlu icrası ümumi iqtisadi inkişafa, regionların inkişafına təkan verir. Əlbəttə ki, bu günə qədər həyata keçirə bilmədiyimiz infrastruktur layihələrini növbəti illərdə də biz tam icra etməliyik”.
Yeri gəlmişkən, Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL-2) çərçivəsində Oğuz rayonunun Xalxal kəndində həyata keçirilən “İçməli su xəttinin çəkilişi” layihəsinin icrası oktyabrın 24-də başa çatıb. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Çıxışlarda qeyd olunub ki, rayon mərkəzindən 17 kilometr aralıda yerləşən Xalxal kəndinin əhalisi uzun illərdir içməli su sarıdan əziyyət çəkirdi. Dağlar qoynunda yerləşən bu kəndə ilin bütün fəsillərində, xüsusilə yay aylarında çoxlu turist gəlir. İçməli suyun olmaması turizm obyektləri üçün də müəyyən problemlər yaradırdı. İcma üzvlərinin müraciətlərini nəzərə alaraq, layihə çərçivəsində kəndin şimal hissəsindən 7 kilometr məsafədən içməli su xətti çəkilib və kənd daxilində 4 yerdə bulaq qoyulub. Yeni su xəttindən kəndin min nəfərə yaxın sakini faydalanacaq.
Digər tərəfdən, Prezident İlham Əliyev oktyabrın 24-də “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Lənkəran şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə həyata keçirilən şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin növbəti mərhələsində diametri 110 millimetr, uzunluğu 11 kilometr olan paylayıcı su şəbəkəsinin, habelə görülmüş işlər nəticəsində sökülmüş 13000 kvadratmetr asfalt örtüyünün bərpası zərurəti yaranıb. Sərəncama əsasən, Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işlərin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 2,1 milyon manat ayrılıb.
Bundan başqa, Astara rayonunun su təchizatı sistemlərinin yenidən qurulması layihəsinə əsasən birinci və ikinci mərhələdə nəzərdə tutulan işlərin 95 faizi yekunlaşıb. Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə uyğun olaraq 2015-ci ildən Astara rayonunun su təchizatı sistemlərinin yenidən qurulması işlərinə başlanılıb. Layihəyə əsasən rayon əhalisinin içməli su ilə təmin olunması üçün Xanbulançay su dəryaçasından magistral kəmərin çəkilməsi, tikinti-quraşdırma işləri sürətlə davam etdirilir. Astaraya içməli su xəttinin çəkilməsi işləri 13 briqada tərəfindən həyata keçirilir. Ötən dövrdə 22 min 420 metr məsafədə su boruları quraşdırılıb. Layihə üzrə 39 vantuz, 40 təxliyə və 8 siyirtmə quyusunun tikintisi nəzərdə tutulub. İndiyədək 12 vantuz, 10 təxliyə və 4 siyirtmə quyusunun tikintisi başa çatdırılıb.
Naxçıvan Muxtar Respublikasında da son illər meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarma şəbəkələrinin genişləndirilməsi, su sistemlərində təmir-bərpa işlərinin görülməsi, içməli su təminatının yaxşılaşdırılması sahəsində kompleks tədbirlər görülüb. Bu ilin 9 ayı ərzində 194 kilometr beton və torpaq kanal, 353 kilometr ara arxlar, 33 kilometr kollektor lildən təmizlənib, 5 kilometr yeni açıq drenaj kanalı qazılıb, 2 kilometr yeni qapalı drenaj xətti, 53 kilometr suvarma boru xətti və 6 kilometr yeni içməli su xətti çəkilib. Muxtar respublika ərazisində suvarılan torpaq sahələrinin genişləndirilməsi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, su itkisinin qarşısının alınması üçün Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 400 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilərək 4050 metr əsas və 36 kilometr paylayıcı boru xətləri çəkilib. Şəbəkə üzərində 2 tənzimləyici siyirtmə, müxtəlif diametrli 67 paylayıcı siyirtmə, 368 supaylayıcı hovuz, 368 hidrant quraşdırılıb. Yaşayış məntəqələrini və əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə isə Şərur rayonunun Arpaçay selovunda 6 kilometr, Babək rayonunun Naxçıvançay vadisində 7, Cəhriçay vadisində 7, Qahab selovunda isə 3 kilometr selə qarşı istiqamətləndirici bənd tikilib. Babək rayonunun Payız kəndində yenidənqurma işləri ilə əlaqədar olaraq kəndin içərisindən keçən Cəhri çayının hər iki sahilində selə qarşı 1500 metr bənd çəkilib.
“Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində isə Naxçıvan şəhərində çirkab sutəmizləyici qurğunun tikintisi davam edir. Şərur rayonunda tutumu 7 min 500 kubmetr olan 1 və hər birinin tutumu 10 min kubmetr olan 2 su anbarı izolyasiya olunub, ətrafı doldurulub və siyirtmə quyuları tikilib. Layihə çərçivəsində Şərur rayonunda, ümumilikdə, 58 kilometr su xətti çəkilib, 1539 ev birləşməsi aparılıb. Şahbuz rayonunda Şahbuz şəhər çirkab sutəmizləyici qurğusunun ətrafında 220 metr istinad divarı tikilib, hovuz ətrafında 180 metr drenaj xətti çəkilib. Ordubad rayonunda isə 18 subartezian quyusu qazılıb.
Bunlarla yanaşı, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2017-ci il 17 mart tarixli Sərəncama uyğun olaraq, hazırda Göyçay rayonunun kənd yaşayış məntəqələrinə yeni layihə əsasında içməli su xətləri çəkilir. “Azərsu” ASC-nin sifarişi ilə rayonun 15 kəndində müxtəlif diametrli plastik borularla daşıyıcı və məhəllədaxili paylayıcı su xətlərinin çəkilişi, bulaqların inşası işləri uğurla davam etdirilir. Kəndlərdə su xətlərinin çəkilişinə 5 ay öncə başlanılıb və hazırda son tamamlama işləri görülür. Bəzi kəndlərə suyun verilməsi ilə bağlı artıq sınaq işləri görülür. Bığır, Hacalıkənd, Qarabaqqal və Çayarxı kəndləri Göyçay şəhərinin sənaye zonasında mövcud olan subartezian quyularından, digər 11 kənd isə Ucar magistral su kəmərindən götürülən su ilə təmin olunacaq. Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə Göyçayın 6 kəndində modul tipli sutəmizləyici qurğuların inşasına başlanılıb. Yeni layihələr əsasında sutəmizləyici qurğuların quraşdırılması üçün torpaq sahəsi və su mənbəyi seçilib, bünövrə-beton işləri görülüb. Hazırda tikinti-quraşdırma işləri həyata keçirilir, kənddaxili su xətləri çəkilir. Qeyd edək ki, rayonun 21 kəndində əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində həyata keçirilən bu layihələr başa çatdıqdan sonra ümumilikdə 33 min 993 nəfər ekoloji cəhətdən təmiz içməli su ilə təmin ediləcək. Cari ilin sonunadək bütün kəndlərdə yeni su xətlərinin çəkilişinin başa çatdırılması və əhaliyə suyun verilməsi nəzərdə tutulur.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 842 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30