Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarından xarici bazarlara məhsul ixracı artır

Azərbaycanın regionlarından xarici bazarlara məhsul ixracı artır

15.12.2017 [10:00]

2017-ci ilin on ayında respublikamızdan 30-dan çox ölkəyə ümumi çəkisi 408186,9 ton olmaqla, 375321,6 min ABŞ dolları dəyərində meyvə-tərəvəz ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən çəki ifadəsində 44181,2 ton və ya 54,6 faiz çoxdur
Son illərdə həm regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları, həm də yeni nəsil iqtisadi islahatlar çərçivəsində həyata keçirilən tədbirlərin nəticəsi olaraq ölkəmizin bölgələrində ixracyönümlü məhsul istehsalına maraq əhəmiyyətli dərəcədə artıb. Hərtərəfli dövlət dəstəyindən, o cümlədən güzəştli kreditlərdən, subsidiyalardan, ixracın təşviqi mexanizmindən, daxili istehsalın dəstəklənməsindən bəhrələnən fermerlər onlara məxsus torpaq sahələrindən daha səmərəli istifadə etməyə, məhsuldarlığı artırmağa və xarici bazarlara daha böyük həcmlərdə rəqabətqabiliyyətli məhsul çıxartmağa çalışırlar.
Son on ayda Azərbaycandan 30 ölkəyə meyvə-tərəvəz ixrac olunub
Azərbaycanın yeni ixrac hədəfləri müəyyənləşdirilərkən ölkənin reallıqları əsas götürülüb. Bir tərəfdən respublikamızın coğrafi-iqlim xüsusiyyətləri elədir ki, burada yüksək rəqabət qabiliyyətinə malik məhsul yetişdirmək üçün hər cür imkan vardır. Digər tərəfdən, geniş ixrac bazarları ilə əhatə olunması ölkəmizin böyük üstünlüyüdür. Bu bazarlarda Azərbaycanın keyfiyyətli meyvə-tərəvəz məhsullarını yaxşı tanıyır və yüksək qiymətləndirirlər. Respublikamızın qarşıya qoyduğu məqsəd isə həm ənənəvi satış bazarlarında mövqelərini daha da möhkəmləndirməkdən, həm də yeni bazarlara çıxmaqdan ibarətdir.
Son vaxtlar Azərbaycandan uzaq xarici ölkələrə göndərilən ixrac missiyaları həmin ölkələrin bazarlarını araşdırır, eyni zamanda meyvə-tərəvəz, emal sənayesi məhsullarımızı tanıdırlar. İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, yerli sahibkarların da qatıldıqları belə missiyalar son olaraq Dubaya və Ciddəyə təşkil olunub. Dubaya təşkil olunan missiya çərçivəsində Azərbaycanın meyvə-tərəvəz istehsalı və ixracı sahəsində fəaliyyət göstərən şirkətləri Yaxın Şərq ölkələrində ən iri meyvə-tərəvəz sərgisi olan “WOP Dubai”da da iştirak ediblər. Sərgi çərçivəsində “Azərbaycanın meyvə-tərəvəz məhsullarının ixrac potensialı” mövzusunda seminar keçirilib. Seminarda xarici sahibkarlara rəqabətqabiliyyətli və ixracyönümlü məhsullarımız, “Made in Azerbaijan” brendinin təşviqi məqsədi ilə həyata keçirilən tədbirlər barədə məlumat verilib, ixrac missiyasında iştirak edən şirkətlərin fəaliyyətləri barədə təqdimatlar keçirilib. Sərgi zamanı Azərbaycan məhsulları da nümayiş olunub. Meyvə-tərəvəz məhsullarımız tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və Azərbaycan meyvələrinin Hindistana ixracına dair razılıq əldə edilib.
İxrac missiyası çərçivəsində keçirilən görüşlərdə də bir sıra uğurlu nəticələr əldə edilib. Görüşlər zamanı Azərbaycanın “Brightman BMC” şirkəti konservləşdirilmiş məhsulların BƏƏ-yə və Banqladeşə ixracına dair “Al-maya” və “Lulu” marketlər şəbəkələri və “Al-Ghamdi” tradinq şirkəti ilə ilkin razılıq əldə edib. “Sunfood” şirkəti nar şirəsinin və çayın, “Kerkom” və “Azəri-bal” şirkətləri isə balın BƏƏ-yə ixracına dair “Al-maya”, “Lulu”, “Al-Qudva” marketlər şəbəkələri ilə danışıqlara başlayıblar. “Az-Granata” şirkəti nar şirəsinin Dubaya ixracına dair “Vit” şirkəti ilə ilkin razılığa gəlib.
Ciddəyə təşkil olunan ixrac missiyası da bir sıra uğurlu nəticələrlə yadda qalıb. İxrac missiyası çərçivəsində iş adamları ikitərəfli görüşlərdə iştirak edib, yerli məhsullarımızın market və bazarlarda satışı imkanları və distribüterlik məsələlərini müzakirə ediblər. Səfərin sonuncu günü Ciddə Ticarət və Sənaye Palatasında görüş keçirilib.
Ümumiyyətlə, respublikamızdan kənd təsərrüfatı məhsullarının ixrac dinamikası kifayət qədər yüksəkdir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyevin bildirdiyinə görə, cari ilin on ayında 30-dan çox ölkəyə ümumi çəkisi 408186,9 ton olmaqla, 375321,6 min ABŞ dolları dəyərində meyvə-tərəvəz məhsulları ixrac olunub. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən çəki ifadəsində 44181,2 ton və ya 54,6 faiz, dəyər ifadəsində isə 104479 min ABŞ dolları və ya 38,6 faiz çoxdur.
On ayda pomidor ixracı 50 faizdən çox artıb
Son illərdə respublikanın regionlarından xarici bazarlara pomidor ixracının artması böyük məmnunluq doğurur. Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev ötən on ayda respublikamızdan pomidor ixracının 50 faizdən çox artdığını bildirib. Bəhs olunan dövrdə yalnız pomidor ixracından ölkəyə 130 milyon dollar vəsait daxil olub.
Respublikamızın regionlarında ilin bütün fəsillərində böyük tələbat duyulan pomidorun istixanalarda yetişdirilməsi geniş vüsət alıb. Hazırda ölkə üzrə 3 min hektara yaxın sahədə mövcud və tikilməkdə olan istixana təsərrüfatları var. Bunun 2463 hektarı mövcud, 463 hektarı isə tikilməkdə olan istixana təsərrüfatlarıdır.
Müasir istixana təsərrüfatlarından biri də İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditindən istifadə olunmaqla Şəmkir rayonunda yaradılıb. İstixana tam avtomatlaşdırılaraq, bütün mikroiqlim şəraiti kompüterlə təmin olunub. Lazımi iqlim parametrləri kompüterə verilir. İstənilən hava şəraitində bitkinin inkişafı təmin olunur. Hazırda “AzAqro” MMC-yə məxsus istixana təsərrüfatında həm daxili, həm də xarici bazarda özünə yer tutan çəhrayı rəngdə, ətli pomidorun yığım vaxtıdır. “Az Aqro” MMC-nin baş aqronomu Əli Qurbanov bildirib ki, bir vegetasiya dövründə hektardan təxminən 130-150 ton məhsul əldə edilir. Bu isə o deməkdir ki, bir şitil kolundan 7-8 kiloqram məhsul yığılır.
Perspektivdə ölkə üzrə istixana təsərrüfatlarının sahəsi daha da genişləndiriləcək. Verilən məlumatlara əsasən, ölkə üzrə 400 hektarda yeni istixana komplekslərinin yaradılması istiqamətində işlər intensiv şəkildə davam etdirilir. Şübhə yoxdur ki, yeni istixana kompleksləri istifadəyə verildikdən sonra bölgələrdə aqrar sektorda yetişdirilən məhsulların ixrac həcmləri daha da artacaq.
İxrac potensialı yüksək olan məhsullardan biri də xurmadır
Cari ilin on ayında respublikamızdan xarici bazarlara 30,2 milyon dollar dəyərində xurma ixrac olunub. Statistikadan da göründüyü kimi, ixrac potensialı yüksək olan məhsullardan biri də xurmadır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki, iqtisad üzrə fəlsəfə doktoru Namiq Şalbuzov AZƏRTAC-a verdiyi müsahibədə beynəlxalq biznesin inkişafı üzrə ticarət statistikasını aparan trademap.org portalının məlumatına əsasən bildirib ki, 2012-2016-cı illərdə xurma ixracından ölkəyə hər il orta hesabla 70 milyon dollardan çox valyuta daxil olub. Həmin dövrdə ölkədən ildə orta hesabla 92 min tondan çox xurma ixrac edilib. Bu isə kifayət qədər böyük rəqəmdir. Belə ki, trademap.org-un məlumatına əsasən, 2016-cı ildə dünya üzrə xurma ixracında Azərbaycanın xüsusi çəkisi 13 faiz təşkil edib. Bu da Azərbaycanın xurma üzrə dünya bazarının əsas iştirakçılarından biri olduğunu göstərir.
Ekspertin bildirdiyinə görə, Azərbaycan xurmasının əsas bazarı Rusiyadır. 2015-ci ildə ixrac olunan xurmanın 96 faizi, 2016-cı ildə isə 95 faizi Rusiyanın payına düşüb. Bu amil ölkəmizi Rusiyanın xurma bazarının əsas iştirakçısına çevirib. 2016-cı ildə Rusiyanın idxal etdiyi xurmanın 76 faizi ölkəmizə məxsus olub. Azərbaycandan Rusiyaya ixrac edilən xurmanın 1 tonunun qiyməti 2016-cı ildə 734 dollar təşkil edib.
Rəsmi statistikaya görə, son on ildə ölkədə xurma istehsalı 11,3 faiz artıb və 2016-cı ildə ölkə üzrə 142,9 min ton xurma istehsal edilib. Bu məhsulun 63,9 faizi isə beş inzibati rayonun payına düşüb. Belə ki, ən çox məhsul Şəmkir (28,2 faiz), Balakən (10,1 faiz), Göyçay (10,5 faiz), Ağdaş (8,5 faiz) və Xaçmazda (6,6 faiz) yetişib.
2007-ci illə müqayisədə 2016-cı ildə ölkədə bar verən xurma bağlarının ümumi sahəsi 42,1 faiz artaraq 9,5 min hektara çatıb. Xurma bağlarının sahəsi Şəmkirdə 22,4 faiz, Balakəndə 3,8 faiz, Göyçayda 200 faiz, Ağdaşda 68,2 faiz və Xaçmazda 220 faiz artıb.
Göyçayda xurma bağlarından yığılan məhsulun 80 faizi Rusiyaya ixrac edilib
Göyçay rayonunun xurma bağlarında məhsul yığımı başa çatıb. Bu il hava şəraitinin əlverişli keçməsi və düzgün aqrotexniki qulluq nəticəsində rayonun 30-a yaxın kəndindəki xurma bağlarında bol məhsul yetişdirilib.
Rayon Kənd Təsərrüfatı İdarəsindən bildirib ki, məhsulun vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər olunub. Göyçayda mövcud olan 825 hektar barverən xurma bağından yığılan 25 min 400 ton məhsulun təxminən 80 faizi Rusiyaya ixrac edilib. Məhsulun bir qismi isə digər MDB ölkələrinin bazarlarına göndərilib. Xurma məhsulunun bağlardan toplanılması, qablaşdırılması, avtomobillərə yüklənilməsi və xarici ölkələrə daşınması prosesinə 600-dən çox rayon sakini cəlb olunub ki, bu da onların mövsümi işlə təmin edilərək qazanc əldə etməsinə səbəb olub.
Kəndlilər məhsulu öz həyətlərində müştərilərə münasib qiymətə, yəni bir kiloqramını 70 qəpiyə satıblar. Ötən il rayonda xurma bağlarından 21 min 600 ton məhsul toplanılıb. Bu il isə ötən ildəkindən 3 min 800 ton çox məhsul istehsal edilib.
Yuxarıda qeyd edildiyi kimi, göyçaylı fermerlər son illər rayonda xurma bağlarını xeyli genişləndiriblər. Cari ilin yazında rayonda 10 hektar sahədə yeni xurma bağları salınıb. Hazırda isə daha 15 hektar sahədə yeni bağın salınması üçün işlər görülür. Mütəxəssislər rayonda bu sahənin sürətlə inkişafının səbəbini məhsulun yerli və xarici bazarlara çıxarılması üçün lazımi şəraitin yaradılması, meyvənin saxlanılması üçün Göyçayda soyuducu anbar komplekslərinin fəaliyyət göstərməsi, eləcə də hazırda rayonda Xurma Qurutma Fabriki və Logistik Mərkəzin inşa edilməsi ilə əlaqələndirirlər.
Qubadan xarici bazarlara 80 min ton alma ixrac etmək nəzərdə tutulub
Cari ildə Qubanın alma bağlarından 120 min 757 ton məhsul yığılıb. Bu məhsulun 65-70 faizi xarici ölkələrə ixrac üçün nəzərdə tutulub.
Rayonun alma bağlarında kütləvi məhsul yığımına sentyabrın 15-dən sonra başlanılıb. Əksər bağbanlar yüksəkkeyfiyyətli, yerli bazarla yanaşı, xarici ölkələrdə satıla biləcək məhsul yetişdirməyə çalışır. Şimal bölgəsinin alma bağlarında daha çox məhsuldarlığı ilə seçilən “Qolden delişes”, “Simirenko reneti”, “Fuji” sortları yetişdirilir. Quba-Xaçmaz zonası üzrə ümumilikdə, 22 min hektardan çox alma bağı mövcuddur. Bunun 13 min 62 hektarı Quba rayonunun payına düşür.
Quba bağlarında yetişdirilən 120 min tondan çox almanın 80 min tonunun xaricə ixrac olunacağı gözlənilir. İndiyə kimi bu ilin məhsulundan 40 min tona qədər alma xarici bazarlara göndərilib. Xaricə göndərilən məhsulun həcminə görə Rusiya bazarları ilk pillədə durur. Azərbaycanda becərilən meyvələr həm dadına, həm də tərkibi vitaminlərlə zəngin olduğundan tələbat da böyükdür. Bağbanlar ixrac olunan almanı topdansatış qiymətlə 1.20-1.50 manata satırlar.
Xaricə göndərilən almanın saxlanılmasında regionda yaradılan soyuducu anbarlar mühüm əhəmiyyətə malikdir. Sahibkarlar fermerlərdən aldıqları meyvəni bu anbarlarda bir müddət saxlayaraq, xarici bazarda daha münasib qiymətə sata bilirlər. Quba Ərazi Kənd Təsərrüfatı İdarəsindən verilən məlumata görə, ixrac olunan alma məhsulunun 90 faizi əvvəlcə regiondakı soyuducu anbarlarda toplanır, sonra xarici ölkələrə göndərilir.
Quba-Xaçmaz bölgəsində intensiv bağçılığın inkişafı üçün bir sıra addımlar atılıb. Son illər Quba rayonunda superintensiv meyvə bağlarının sahəsi 1024 hektara çatdırılıb ki, bunun da 670 hektarında alma əkilib. Superintensiv meyvə bağlarının böyük hissəsi damcı üsulu ilə suvarılır. Təsərrüfatçılar bildirirlər ki, bu bağlarda əkilən sortlar ənənəvi alma bağlarından 3-4 dəfə daha çox məhsuldardır. Belə ki, ənənəvi bağların hər hektarından 20-25 ton məhsul toplanılırsa, intensiv bağçılıqda bu göstərici 60-70 ton arasında dəyişir. İntensiv bağlarda alma ağaclarının ara məsafəsi 1 metrdən də azdır. Ağaclara il ərzində müxtəlif aqrotexniki qulluq göstərilir - dərmanlama, gübrələmə, budama işləri görülür. İntensiv bağçılığın əsas üstünlüklərindən biri də meyvə tinginin elə əkilən ildə məhsula düşməsidir. İllər keçdikcə məhsuldarlıq da yüksəlir.
Qubada intensiv bağçılığın inkişaf etdirilməsi məqsədilə yeni tingçilik təsərrüfatı da yaradılıb. Zərdabi qəsəbəsində yerləşən Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun təcrübə stansiyasında yaradılan tingçilik təsərrüfatında Türkiyə və Belarus təcrübəsindən istifadə olunur. Yeni yaradılan təsərrüfatda əkilən müxtəlif sort alma, armud, albalı, ərik və gavalı tingləri Türkiyədən gətirilib. Bu təsərrüfatda becərilən tinglər bir ildən sonra yeni salınan meyvə bağlarına köçürüləcək. Qubada yaradılan yeni tingçilik təsərrüfatının fəaliyyəti genişləndikcə, bir neçə ildən sonra başqa ölkələrdən ting gətirilməsinə ehtiyac qalmayacaq.
Bununla yanaşı, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun inzibati laboratoriya binasında aparılan əsaslı təmir işləri də regionda meyvəçiliyin inkişafında böyük rol oynayacaq. Əsaslı təmir olunan bina Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla tam təmin edilib. İnstitutda yeni biotexnologiya laboratoriyası da quraşdırılıb. Bu laboratoriyadakı iqlim otağında müxtəlif bitkilərdən alınan toxumların bəslənməsi həyata keçiriləcək. Bununla yanaşı, institutun balansında mikroklonal üsulla calaqaltıların yetişdirilməsi texnologiyasının tətbiq ediləcəyi istixananın tikilməsi də nəzərdə tutulub. İnstitutun direktor müavini Vahid Əliyev bildirib ki, bu üsulla calaqaltıların yetişdirilməsi ölkəmizdə superintensiv bağçılıqda istifadə olunan tinglərə tələbatı tam ödəməyə imkan verəcək.
Qeyd edək ki, 2017-ci ildə Quba rayonunda 238 hektar yeni meyvə bağı salınıb. Bu bağların 170 hektarında alma əkilib.
Fermerlər “Gülöyşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” kimi nar sortlarını yetişdirməyə üstünlük verirlər
Göyçay rayon kənd təsərrüfatı idarəsindən verilən məlumata görə, bölgədəki nar bağlarında məhsul yığımı bu günlərdə başa çatıb. Fermerlər yetişdirdikləri narı topladıqdan sonra onun bir hissəsini bazara çıxarıb, qalan hissəsini isə meyvə şirəsi istehsalı müəssisələrinə satıblar. Bu il bağlara göstərilən aqrotexniki qulluğun yüksək səviyyədə olması və havanın əlverişli keçməsi bol məhsulun əldə edilməsinə imkan verib. Kəndlilər hər nar ağacından 30-50 kiloqram meyvə toplayıblar.
Rayon kənd təsərrüfatı idarəsinin məlumatına əsasən, bu il Göyçayda fermerlər və fərdi təsərrüfat sahibləri 3980 hektar nar bağından 50 min 200 ton məhsul tədarük ediblər. İş adamları narın 70 faizini Rusiya, Ukrayna və Gürcüstana ixrac ediblər. Rayon iqtisadiyyatının əsasını narçılıq təşkil edir. Kəndlilər toplanan nar məhsulunu öz həyətlərində münasib qiymətə Rusiya və digər MDB ölkələrinin bazarlarına, eləcə də Bakı şəhərinə aparan iş adamlarına satıblar.
Göyçayda narçılığa maraq ildən-ilə artır, yeni və məhsuldar nar sortlarının yetişdirilməsi, təzə bağların salınması üçün tədbirlər görülür. Son iki ildə rayonda 200 hektar sahədə yeni nar bağı salınıb. Cari mövsümdə də rayonun inzibati ərazi vahidlərində nar əkilən sahələr genişləndirilir. Rayonun 40-a yaxın kəndində yerli əhalinin əsas gəlir mənbəyi olan nar bağlarında əsasən ixrac qabiliyyətinə malik “Gülöyşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” nar sortlarını yetişdirməyə üstünlük verirlər.
Qeyd edək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Göyçayda cəmi 251 hektar məhsuldar nar bağı mövcud idisə, hazırda rayonda 4350 hektar sahədə nar bağı var ki, bunun 3980 hektarı bar verəndir.
2017-ci ildən etibarən ölkəmizdən soğan ixracı on dəfədən də çox artaraq tarixi rekord həcmə çatıb
Soğan əkini Azərbaycanda geniş yayılıb. Respublikamızda 2013-cü ildə 158 min ton soğan tədarük edilmişdisə, 2016-cı ildə istehsal 178 min tona çatıb. Məhsuldarlıq isə bir hektardan 15 ton olub.
Kənd Təsərrüfatı Nazirliyinin icmallaşdırma və statistik təhlil şöbəsindən AZƏRTAC-a bildirilib ki, ötən il ölkəmizə 13 min 275 ton soğan idxal olunub, ixracat isə 3 min 69 ton təşkil edib. Lakin 2017-ci ildən etibarən ölkəmizdən soğan ixracı on dəfədən də çox artaraq tarixi rekord həcmə çatıb. Belə ki, yanvar-avqust aylarında ixrac artaraq 39 min 57 tona çatıb, idxal kəskin azalaraq 23 tona düşüb. İxrac təkcə cari ilin səkkiz ayında ötən ilin ümumi göstəricisini 13 dəfə üstələyib.
Mövcud dünya bazarının həcmi və qiymətləri kontekstində Azərbaycan üçün soğan ixracı çox perspektivli görünür. Hazırda yerli bazarda 1 ton baş soğan topdansatış bazarında təqribən 160 dollara təklif olunur. Onun orta ixrac qiyməti isə 310 dollar/tondur.
Azərbaycandan soğan ixracını artırmaq üçün potensial bazarlar və bu bazarlara çıxmaq imkanı mövcuddur. Buna misal olaraq, Gürcüstanı (431 dollar/ton), Səudiyyə Ərəbistanını (420 dollar/ton), Rusiyanı (408 dollar/ton), Küveyti (365 dollar/ton), Bəhreyni (313 dollar/ton) və digər ölkələri göstərmək olar. Potensial bazarlardakı mövcud qiymətlər soğanın ixrac baxımından geniş perspektivə malik və gəlirli məhsul olduğunu göstərir.
Ölkədə fitosanitar vəziyyətə nəzarətin gücləndirilməsi xarici bazarlarda Azərbaycan mənşəli məhsullara marağı artırır
Regionlarda ixrac qabiliyyətli məhsul istehsalının genişləndirilməsi baxımından ölkədə fitosanitar vəziyyətə nəzarətin gücləndirilməsi xüsusi aktuallıq daşıyır. Mütəxəssislərin qənaətinə görə, keyfiyyətə nəzarət tədbirlərinin gücləndirilməsi öz növbəsində xarici bazarlarda Azərbaycan mənşəli məhsullara marağı daha da artırır.
Yeri gəlmişkən, “Fitosanitar karantin nəzarətində olan məhsullarin ənənəvi ixrac bazarlarındakı mövqelərin möhkəmləndirilməsi məqsədi ilə fitosanitariya sahəsində beynəlxalq standartlarin təmin edilməsi” mövzusunda keçirilən tədbirdə də bu barədə geniş söhbət açılıb.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi və bu sahədə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər, həmçinin ixrac potensialının gücləndirilməsi, idxaldan asılılığın azaldılması, davamlı ərzaq təhlükəsizliyinin təmin edilməsi barədə ətraflı məlumat verib. O, son illər Dövlət Fitosanitar Nəzarəti Xidmətinin çevik idarəetmə strukturunun formalaşdırılması, zərərli orqanizmlərin diaqnostikası və keyfiyyətə nəzarət üzrə milli laboratoriyaların diaqnostik səviyyəsinin yüksəldilməsi, respublika ərazisində fitosanitar vəziyyətin elmi əsaslarla idarə edilməsi mexanizminin təkmilləşdirilməsi, fitosanitar sabitliyin qorunub saxlanılması, qeyri-dövlət fitosanitar xidməti subyektlərinin inkişafının dəstəklənməsi nəticəsində bitkiçilik məhsullarının istehsalının artırılması, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, insan sağlamlığına və ətraf mühitə pestisidlərin zərərli təsirinin minimuma endirilməsi istiqamətində ciddi addımlar atıldığını bildirib. Dövlət Xidmətinin rəisi 11 regionda həm Aqrokimya Laboratoriyası, Karantin Ekspertiza Laboratoriyası, həm də Nəzarət Toksikologiya laboratoriyalarının funksiyasını həyata keçirən vahid laboratoriya sisteminin yaradılmasının önəmini vurğulayıb. Qeyd olunub ki, məsələlərə kompleks yanaşılması və istehsal edilən məhsulun keyfiyyətinə nəzarətin gücləndirilməsi sağlam və keyfiyyətli məhsulların ixracının artırılmasına səbəb olacaqdır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 999 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30