Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında yol infrastrukturunun yenilənməsi ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər uğurla icra olunur

Azərbaycanın regionlarında yol infrastrukturunun yenilənməsi ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər uğurla icra olunur

29.09.2018 [10:22]

Bölgələrdə avtomobil yollarının yenidən qurulması və tikintisi istiqamətində görülən işlər davamlı xarakter daşıyır
Dinamik inkişafa malik olan Azərbaycanda qısa müddət ərzində müasir tələblərə cavab verən yol infrastrukturu yaradılıb. Ümumiyyətlə, respublikamızın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncamları və göstərişlərinə əsasən Azərbaycanı digər ölkələrlə bağlayan əsas magistral yolların müasir səviyyəyə çatdırılması istiqamətində də mühüm layihələr həyata keçirilir. Yeri gəlmişkən, Prezident İlham Əliyev sentyabrın 4-də “Şəmkir rayonunun Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. 71 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Eyni zamanda, Prezident İlham Əliyev sentyabrın 7-də “Hacıqabul rayonunun Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi (103 km)-Navahı-Pirsaat avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. On bir min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi (103 km)-Navahı-Pirsaat avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Dövlətimizin başçısı sentyabrın 8-də isə “Zərdab rayonunun Zərdab-Qaravəlli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Yeddi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Zərdab-Qaravəlli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 1,32 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Bundan başqa, Prezident İlham Əliyev sentyabrın 10-da “Şabran rayonunun Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Altı min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Sentyabrın 11-də isə Prezident İlham Əliyev “Sabirabad rayonunun Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. İyirmi iki min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Eyni zamanda, Prezident İlham Əliyev sentyabrın 12-də “Oğuz rayonunun Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Sentyabrın 17-də isə dövlətimizin başçısı tərəfindən “Abşeron rayonunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (16 km)-Masazır-Novxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb. Yetmiş beş min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (16 km)-Masazır-Novxanı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Eyni zamanda, Prezident İlham Əliyev sentyabrın 18-də “Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (81 km)-Biləsuvar avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (81 km)-Biləsuvar avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.
Prezident İlham Əliyevin Quba rayonunun İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı Sərəncama əsasən, 6 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 10,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq müasir səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub. Masallı rayonunun Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun yenidən qurulması da bu tədbirlər sırasındandır. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı rayonunda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verib. Bildirilib ki, yolun yenidən qurulması Prezident İlham Əliyevin bu il iyulun 23-də imzaladığı Sərəncama əsasən aparılıb. 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun tikintisi üçün dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,5 milyon manat vəsait ayrılıb. Yolun ümumi uzunluğu 24,7 kilometrdir. Dördüncü texniki dərəcəyə aid ikizolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. Yolun yenidən qurulması layihəsi çərçivəsində genişmiqyaslı torpaq işləri görülüb, siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib. Dağlıq ərazidə yerləşən avtomobil yolunun tikintisi 22 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Sonra dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də, həmçinin Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, 20 mindən çox əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun uzunluğu 15,4 kilometrdir. Üçüncü və dördüncü texniki dərəcəyə uyğun tikilən yol iki hərəkət zolaqlıdır. Yolun inşası zamanı 26,1 min kubmetr torpaq işləri görülüb, 11,6 min kubmetr tikinti materialından və asfalt-beton örtüyündən istifadə edilib. Yol boyunca nişanlar və göstərici lövhələr quraşdırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin gün Masallı və Biləsuvar rayonlarına səfəri zamanı Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib. Yeni inşa edilən yollardan biri də Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoludur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi layihəsi haqqında məlumat verib. Bildirilib ki, mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub. Sifarişçisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olan yolun podratçı şirkətləri Azərbaycanın “Evrascon-AzVirt” Birgə Müəssisəsi, Türkiyənin “Kolin İnşaat Sənaye Turizm və Ticarət”, həmçinin “Özgün Yapı Sənaye və Ticarət”, o cümlədən digər nüfuzlu xarici şirkətlərdir. Qeyd edilib ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral avtomobil yolunun 31 kilometrlik Ələt-Yenikənd hissəsi 2006-2009-cu illərdə inşa edilib. Yolun 23,4 kilometrlik Yenikənd-Salyan hissəsinin, həmçinin Kür çayı üzərində 363 metrlik körpünün və 1,2 kilometrlik yanaşma yollarının tikintisi isə 2016-cı ildə başa çatdırılıb və dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilib. Məlumat verilib ki, yolun 24,8 kilometrlik Salyan-Şorsulu, 30,1 kilometrlik Şorsulu-Cəlilabad və 39,2 kilometrlik Lənkəran-Astara hissələrində isə tikinti işləri cari ildə yekunlaşdırılıb. Bu hissələrin açılışı ilə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral avtomobil yolunun daha 150 kilometrlik hissəsi istismara verilib. Bununla da Ələtdən Astarayadək 204 kilometrlik məsafədə tam yeni və müasir yolun inşası başa çatdırılıb.

Avtomobil yolunun 2011-2018-ci illərdə yeni istiqamət üzrə tikilən ümumi uzunluğu 173 kilometr olan Yenikənd-Astara hissəsində layihə üzrə bir sıra işlər həyata keçirilib. Layihənin Şorsulu-Cəlilabad hissəsində 12,5 kilometrlik yol bataqlıq-göl ərazilərdən keçdiyi üçün burada torpaq xüsusi texnologiya ilə bərkidilib və yol yatağının tikintisi zamanı 1,2 milyon ton qaya-daş dolğusundan istifadə olunub. Ümumilikdə, magistral yol boyu 24 körpü, 66 yeraltı keçid, 25 yolötürücü və yol qovşağı, 4 tunel, 51 kilometr çiyinlərdə suaxıdıcı beton küvetlər tikilib, 5 istirahət parkı salınıb, 166 kilometr ayırıcı zolaqda dəmir-beton təhlükəsizlik və 140 kilometr çiyinlərdə metal mühafizə çəpərləri, suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb və yol-cizgi xətləri çəkilib. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun digər avtomobil yolları və maneələrlə kəsişməsində müxtəlif səviyyəli yol qovşaqlarının tikilməsi, birləşən və ayrılan yolların sayının azaldılması yolda təhlükəsizliyin təmin edilməsinə maksimum şərait yaradıb. Magistral yol Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir və yolun tikintisi bu bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərəcək. Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.
Qeyd etmək lazımdır ki, ölkəmizdə yol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər davamlı xarakter daşıyır. Yeri gəlmişkən, uzunluğu 55 kilometr olan Lənkəran-Lerik avtomobil yolu isə 2 hərəkət zolaqlı olmaqla III texniki dərəcəyə uyğun yenidən qurulur. Hər bir hərəkət zolağının eni 3,5 metr, çiyinlərin eni isə 2,5 metr olmaqla yolun ümumi eni 12 metr təşkil edir. Yenidənqurma işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, əvəzinə yol yatağının karxana çınqılı ilə tikintisi işləri görülür. Bundan başqa, yol yatağının profilə salınması və normativ eninin alınması üçün xüsusi qrunt daşınaraq yayılır və kipləşdirilir. Bunun ardınca yol əsasının layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal-qırmadaş qarışığı ilə tikintisi işləri aparılır. Lənkəran-Lerik avtomobil yolunun bir neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burada yol yatağının əlavə bərkidilməsi işləri görüləcək. Bundan başqa, yolun müxtəlif nöqtələrində istinad divarının dəmir-betonla tikilməsi və izolyasiyası, drenaj xətlərin çəkilməsi, mövcud suötürücü boruların istismara yaramadığı üçün yenisi ilə əvəz edilməsi və zəruri yerlərdə yenilərinin quraşdırılması, başlıqlarının dəmir-betonla təmiri və izolyasiyası da nəzərdə tutulub. İnşaat işləri mövcud tikinti norma və qaydalarına uyğun şəkildə aparılır. Yenidənqurma işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yolboyu zəruri olan yerlərdə yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, mövcud avtomobil körpülərinin məhəccərləri yeniləri ilə əvəz olunacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək. Lənkəran-Lerik avtomobil yolu rayonlar arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir.
Sadalananlarla yanaşı, Qəbələdə də 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır. Qəbələ rayonunda Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx yaşayış məntəqələrini əhatə edən və uzunluğu 18 kilometr olan avtomobil yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Layihəyə əsasən, sözügedən yol V texniki dərəcədən IV texniki dərəcəyə uyğun yenidən qurulur. Yenidənqurma işləri çərçivəsində süni qurğuların inşası və əsaslı şəkildə bərpası aparılıb. Belə ki, yolboyu mövcud avtomobil körpüləri və körpü məhəccərləri təmir edilib, yolun altından suların ötürülməsi üçün mövcud olan suötürücü borular bərpa olunub və müxtəlif diametrli 612 poqonmetr uzunluğunda metal, 72 poqonmetr dəmir-beton suötürücü boruların, həmçinin 42 poqonmetr uzunluğunda su keçidinin inşası işləri görülüb. Bütün işlər tikinti norma və standartlarına uyğun olaraq, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə aparılır. Əraziyə cəlb olunmuş lazımi sayda qüvvənin köməkliyi ilə qısa müddətə tikinti işlərinin yekunlaşdırılması və yol boyu zəruri olan yerlərdə 98 ədəd yol nişanı və məlumatverici lövhə, 36 ədəd kilometr göstəricisi və 720 ədəd siqnal dirəyi quraşdırıldıqdan, 69 kilometr uzunluğunda yol-cizgı və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkildikdən sonra yol tam müasir şəkildə yaxın vaxtlarda vətəndaşların istifadəsinə veriləcək. Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolu torpaq və çınqıl örtüklü olduğu üçün gediş-gəlişdə yaşanan çətinliklər yolun yenidən qurulması ilə geridə qalacaq, ən əsası, respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna çıxış əldə olunmaqla 8 yaşayış məntəqəsinin hər birinə müasir infrastruktur, rahatlıq və abadlıq gələcək.
Yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolunun yenidən qurulması da yekunlaşmaq üzrədir. 16 kilometrlik yol IV texniki dərəcəyə uyğun 6 metr hərəkət hissə və 2 metr çiyinlər də daxil 10 metr enində tikilir. Bunun üçün ərazidə 190 min kubmetr həcmdə torpaq işləri görülüb, yararlı çınqıl materialı tökülərək kipləşdirilib və yeni yol yatağı inşa olunub. Texnoloji ardıcıllığa uyğun olaraq yol yatağı hazır olandan sonra çınqıl-qum və qırmadaş-qum qarışıqlarından istifadə olunmaqla normativ qalınlıqda əsasın tikintisi aparılıb. Daha sonra 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Bu zaman müvafiq olaraq iri və xırda dənəli asfalt-beton qarışığından istifadə edilməklə 96 min kvadratmetr sahə asfaltlanır. Layihəyə uyğun tikinti işləri bitəndən sonra hərəkətin normal təşkili üçün 96 ədəd müxtəlif yol nişanı, həmçinin 640 ədəd siqnal dirəyi quraşdırılacaq, 48 kilometr uzunluğunda xətlənmə işləri aparılacaq. Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi avtomobil yolunun yenidən qurulması ilə 4 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsi yaxşılaşacaq, kənd əhalisinin rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə etməklə yetişdirdikləri məhsulları tez bir zamanda bazarlara çıxarmaqlarına şərait yaradılacaq.
Yardımlı rayonunda cari ildə yenidən qurulan və uzunluğu 22 kilometr olan yerli əhəmiyyətli Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunda da işlər sürətlə davam etdirilir. 22 kilometr uzunluğa və 3-6 metrədək enə malik avtomobil yolunun təqribən 13 kilometri deformasiyaya uğramış çınqıl örtük olduğu üçün həmin hissədə 20 min kubmetr həcmdə yol yatağı qazılaraq çıxarılıb, IV texniki dərəcəyə uyğun 10 metr enində yeni yol yatağının inşasına başlanılıb. Tikinti norma və qaydalarına uyğun olaraq yeni yolun inşası işləri aparılıb, yol profilə salınıb, bitki qatı təmizlənib, yolun normativ eninin alınması üçün torpaq yatağının genişləndirilməsi işləri görülüb. Bundan başqa, yolun genişləndirilməsi üçün bəzi hissələrdə dağ yamacları mexanizmlə kəsilərək daşınıb. Daha sonra xüsusi qruntla yeni yol yatağı inşa edilib. Tikinti işləri çərçivəsində mövcud suötürücü borular istismara yaramadığı üçün yenisi ilə əvəz edilməsi və zəruri yerlərdə yenilərinin quraşdırılması, başlıqlarının dəmir-betonla təmiri və izolyasiya işləri aparılıb. Bu çərçivədə yolboyu 364 poqonmetr uzunluğunda 500 və 1000 millimetr diametrli suötürücü dəmir-beton boru quraşdırılıb, 14 poqonmetr uzunluğunda dördbucaqlı su keçidi inşa edilib. Layihəyə uyğun olaraq Viləş çayı üzərində isə 24 metr uzunluğunda dəmir konstruksiyalı avtomobil körpüsünün inşası işlərinə başlanılıb. Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun bir neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burada yuyulmuş torpaq yatağının bərpası və əlavə bərkidilməsi işləri görülür. Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 90 ədəd yol nişanı, 22 ədəd kilometr göstəricisi və 880 ədəd siqnal dirəkləri quraşdırılacaq, 66 kilometr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkiləcək. Yenidənqurma işləri mövcud tikinti norma və standartlarına uyğun texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır. Qeyd edək ki, Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun yenidən qurulması ilə gediş-gəliş rahatlaşacaq, yük və sərnişin daşınması isə asanlaşacaq.
Bütövlükdə, Azərbaycanın regionlarında yol infrastrukturunun yenilənməsi - respublika əhəmiyyətli yolların yenidən qurulması ilə bağlı məqsədyönlü tədbirlər uğurla icra olunur. Ümumiyyətlə, yol infrastrukturu layihələrinin icrası, öz növbəsində, kənd təsərrüfatı, turizm və sənaye kimi sahələrin inkişafı, başqa sözlə, bəhs olunan istiqamətlərdə müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi və müsbət göstəricilərin əldə olunması baxımından da mühüm əhəmiyyətə malikdir. Çünki yük və sərnişin daşınmasının asanlaşmasına xidmət edən bu tədbirlər, eyni zamanda, rahat və təhlükəsiz hərəkəti təmin edir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 776 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30