Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda arıçılığın inkişafına diqqət ildən-ilə artmaqdadır

Regionlarda arıçılığın inkişafına diqqət ildən-ilə artmaqdadır

02.03.2019 [09:39]

Ötən il respublikamızda 501 min arı ailəsindən 5 min tonadək bal əldə olunub

 

(əvvəli ötən sayımızda)

“Növbəti mərhələdə daha 207 arıçının təsərrüfatlarında olan 3122 arı ailəsi identifikasiya kodu ilə təmin edilib və sənədlər hazırlanıb. Respublika Komissiyasında baxıldıqdan sonra həmin arıçılara da subsidiyanın ödənilməsi təmin ediləcək. Hazırda qalan arı ailələrinin də identifikasiya kodu ilə təmin olunaraq subsidiyanın verilməsi üçün zəruri işlər aparılır”, - deyə sektor müdiri bildirib.
Son illər Balakən rayonunda da arıçılığa maraq xeyli artıb. Hazırda Balakən respublika üzrə ən çox arı ailələrinin mövcud olduğu rayonlardan biridir. Statistik məlumata görə, rayonda 1116 təsərrüfatda 26 min 111 arı ailəsi var. 2018-ci ildə rayonda 94 ton bal istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 2 dəfədən çox artıb. Bu barədə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Səmədov məlumat verib.
Qurum rəsmisi bildirib ki, “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamının icrasına uyğun olaraq, Balakən rayonunda da lazımi işlər aparılır. İndiyədək 879 arıçının təsərrüfatındakı 24 min 420 arı ailəsi qeydiyyata alınaraq identifikasiya kodu ilə təmin edilib. Sənədlər Respublika Komissiyasında baxıldıqdan sonra onlara dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 244 min 200 manat subsidiyanın verilməsi qərara alınıb. Ayrılan vəsaitin 234 min 260 manatı artıq arıçılara ödənilib.
Elvin Səmədovun sözlərinə görə, qalan arı ailələrinin də identifikasiya kodu ilə təmin edilərək subsidiyanın verilməsi üçün zəruri işlər aparılır.
Bu proses Qobustan rayonunda da davam edir. Ötən il Qobustanda arı ailələrinin sayı 2,8 dəfə artaraq 4109-a çatıb. Rayon İcra Hakimiyyətindən bildirilib ki, təkcə keçən il bal istehsalı 66 faiz artıb və 20 ton məhsul götürülüb. 2018-ci ildə təsərrüfatın bu sahəsi ilə məşğul olan 81 mülkiyyətçiyə 1775 arı ailəsinə görə 17 min 750 manat subsidiya verilib. Daha 80 mülkiyyətçiyə 1389 arı ailəsi üçün subsidiya veriləcək və hazırda bununla əlaqədar sənədləşmə aparılır.
Zərdab rayonunda da arıçılıq təsərrüfatına maraq getdikcə artır. Təsadüfi deyil ki, son bir ildə bölgədə arı ailələrinin sayı əvvəlki ildəkinə nisbətən 2 dəfə artıb. Rayon İcra Hakimiyyətindən bildirilib ki, arı ailələrinin sayı artıq 1289-a çatıb. Ötən il arıçılar 8 tona yaxın bal götürüblər ki, bu da 2017-ci ildəkindən 1,8 dəfə çoxdur.
Qeyd edək ki, arıçılığın inkişafına göstərilən dövlət dəstəyi, dövlətimizin başçısının “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” 2018-ci il 5 mart tarixli Sərəncamı bu rayonda da arıçılıq təsərrüfatının inkişafına güclü təkan verib. Sərəncama əsasən keçən il 800 arı ailəsinə görə arıçılara dövlət büdcəsinin vəsaiti hesabına 8000 manat subsidiya verilib.
Arıçılıq Samux rayonunda da ənənəvi peşə sahələrindəndir. Hazırda rayonda 2074 arı ailəsi mövcuddur. Bunun 2015-i və ya 97,2 faizi əhali təsərrüfatlarında saxlanılır. Samux Rayon Statistika İdarəsindən bildirilib ki, son 3 ildə arı ailələrinin sayında 1650 artım qeydə alınıb.
Bu artımın səbəbi “Arıçılığın inkişafına dəstək layihəsi” əsasında əhali təsərrüfatlarına arı ailələrinin verilməsi və 2018-ci ildən arıçılığın inkişaf etdirilməsi məqsədilə subsidiyaların ayrılmasıdır.
Qeyd edilib ki, iqlim şəraitinə və zəngin florasına görə Samux rayonunda arıçılığın inkişafı üçün əlverişli şərait var. Arıçılığın xərci az, gəliri isə çoxdur. Ona görə də arıçılıqla məşğul olan əhali təsərrüfatlarının bu sahəyə marağı artmaqdadır.
Naxçıvan Muxtar Respublikasında da arıçılığa böyük diqqət var. 2018-ci ildə muxtar respublikada 1448 ton bal istehsal olunub. Bu isə 2008-ci illə müqayisədə 3,3 dəfə çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, muxtar respublika iqtisadiyyatının gücləndirilməsində və əhalinin özünüməşğulluğunun təmin olunmasında mühüm rol oynayan arıçılığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ötən dövrdə bu sahə üzrə müxtəlif tədbirlər, o cümlədən beynəlxalq və yerli əhəmiyyətli elmi-praktik konfranslar təşkil olunub, sahibkarlar pulsuz dərman preparatları ilə təmin ediliblər. Təkcə 2018-ci ildə arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə 336 min 600 manat məbləğində kredit verilib, 6 arıçılıq təsərrüfatı və arı yeşiyi, çərçivə istehsalı sahəsi yaradılıb. Ümumilikdə son beş ildə təsərrüfat subyektlərinə 1 milyon 778 min 300 manat kredit verilib.
Arıçılıq təsərrüfatlarının fəaliyyətini əlaqələndirmək, arıçıların problemlərinin vaxtında həllinə nail olmaq məqsədilə “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyi yaradılıb. Muxtar respublikanın əlverişli təbii iqlim şəraiti, zəngin yem ehtiyatları bazası da bu sahənin inkişaf etdirilməsinə geniş imkanlar açıb.
Muxtar respublikada 2016-cı ildən başlayaraq “Arıçılıq məhsulları - bal festivalı”nın keçirilməsi və festivalda Ali Məclis sədrinin iştirakı, arıçılarla görüşməsi, onların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması arıçılıq məhsullarının istehsalının artmasına və istehsal olunan məhsulların satışına müsbət təsir göstərib.
Arıçılığın inkişafı istiqamətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2016-cı il 18 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan hədəflərə nail olmaq üçün həyata keçirilən mühüm tədbirlər yerli və ənənəvi arı cinslərinin yetişdirilməsinə, arı ailələrindən yüksək məhsul götürülməsinə, arıçıların dövlət maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə, arıçılıq məhsullarının ixracının stimullaşdırılmasına, muxtar respublika əhalisinin arıçılıq məhsullarına tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan yaradır.
Arıçılığın inkişafı üzrə aparılan tədbirlər öz nəticəsini verib, 2019-cu il 1 yanvar tarixinə muxtar respublikada 72 min 350 arı ailəsi mövcud olub ki, bu da 2008-ci ilin sonu ilə müqayisədə 2,5 dəfə çoxdur. 2018-ci ilin sonuna ümumi arı ailələrinin 9178-i Şərur, 10540-ı Babək, 13745-i Ordubad, 13897-si Culfa, 1642-si Kəngərli, 20547-si Şahbuz, 667-si Sədərək rayonlarının, 2134-ü isə Naxçıvan şəhərinin payına düşüb.
Yeri gəlmişkən, qeyd edək ki, ölkəmizdə arıçılığın inkişafı ilə əlaqədar müxtəlif tədbirlər keçirilir, arı məhsullarının artırılması yolları müzakirə edilir. Yanvar ayında Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq konfransının keçirilməsi də bu baxımdan əhəmiyyətlidir. Qeyd edək ki, konfransda ölkəmizin arıçıları ilə yanaşı, Türkiyə və Rusiyadan gələn mütəxəssislər də iştirak ediblər.
Konfransda çıxış edən Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın təşkili və identifikasiya şöbəsinin müdiri Asəf Ömərov ölkəmizdə son illər arıçılığın inkişafı ilə əlaqədar görülən işlər, bu sahəyə verilən subsidiyalar, eləcə də özəl qurumların arıçılığa göstərdiyi dəstək barədə danışıb. Onun verdiyi məlumata görə, nəsildən-nəslə keçərək yaşayan arıçılıq ənənəsi uzun illərdir ki, ölkəmizdə də uğurla davam etdirilir. Sovetlər dönəmində bu peşə xeyli dərəcədə tənəzzülə uğrasa da, müstəqillik illərində, xüsusilə son illərdə yenidən dirçəldilərək intibah dövrünü yaşayır. Elə bunun nəticəsidir ki, arıçılıqla məşğul olanların sayı getdikcə artır və ildən-ilə arıçılıq məhsullarının istehsalı çoxalır. Qeyd olunub ki, bu sahədə kadr hazırlığı da çox mühüm məsələlərdən biridir və ona görə də ölkəmizdə təsərrüfatın bu sahəsi ilə məşğul olanlar peşə hazırlığını artırmaq üçün Türkiyəyə göndərilirlər, qonşu ölkələrin qabaqcıl təcrübəsi öyrənilərək yayılır, arıçılığa dair kitab və broşürlər nəşr edilib yayılır.
Azərbaycan Arıçılıq Assosiasiyasının sədri Bədrəddin Həsənov, Türkiyənin Uludağ Universitetinin professoru Ləvənt Aydın, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Nicat Rzazadə, Türkiyə Mərkəzi Arıçılar Birliyi sədrinin köməkçisi Cəfər Kaban və başqaları da çıxış ediblər.
Konfransda çıxış edən ölkəmizin və qonşu ölkələrin peşəkar arıçıları arı ailələrinin seleksiyası, genetik xüsusiyyətləri, bal arılarının infeksion xəstəlikləri, ana arının cütləşmə biologiyası, bal, arı südü, çiçək tozu, güləm və propolis istehsalının artırılması üsulları, eyni zamanda, arıçılıq məhsullarının tədarük, saxlanma və ixracında olan çətinliklər barədə alim və mütəxəssislərin məruzələri dinlənilib, ayrı-ayrı peşəkar arıçılar şəxsi təcrübələrində tətbiq etdikləri üsulları bölüşüblər.
Göründüyü kimi, ölkəmizdə arıçılığın inkişafına maraq ildən-ilə artmaqdadır. Bu yöndə sözügedən sahə ilə məşğul olan insanlara dövlət dəstəyinin gücləndirilməsi, hər il Bakı şəhərində bal yarmarkasının keçirilməsi önəmli addımlardır. Bal yarmarkalarının təşkil edilməsi nəticəsində xeyli sayda arıçı öz məhsullarını satışa çıxarmaq imkanı əldə edir. Dövlətin bu sahənin inkişafına dəstəyini davamlı olaraq artırması isə arıçıların fəaliyyətinə əlavə stimul verir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 807 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30