Azərbaycanda sahibkarlara dövlət tərəfindən böyük dəstək göstərilir
03.04.2019 [09:17]
Dünya Bankının hesabatına əsasən ölkəmizin biznes mühitinin yaxşılaşdırılmasına görə dünya miqyasında 25-ci yerdə qərarlaşması böyük nailiyyətdir
(əvvəli ötən sayımızda)
İxracla məşğul olan sahibkarlara maliyyə dəstəyi gücləndiriləcək
Bununla yanaşı, son illərdə respublikamızda biznes mühitinin daha da optimallaşdırılması və bu əsasda özəl sektorda istehsal imkanlarının artırılması Azərbaycanın yeni iqtisadi şəraitdə qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi ilə bağlı qarşıya qoyduğu hədəflər sırasında yer alır. Belə ki, ixracın təşviqi, xüsusilə qeyri-neft ixracının dəstəklənməsi məqsədilə indiyədək 24 ixrac missiyası təşkil olunub. Azərbaycan şirkətləri 17 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib, müqavilələr imzalanıb. 104,2 milyon dollarlıq məhsulların müxtəlif ölkələrə, o cümlədən bir sıra yeni bazarlara ixracı ilə əlaqədar 8 milyon manatadək ixrac təşviqinin ödənilməsinə dair qərarlar qəbul edilib.
2018-ci ildə dövlət dəstəyi hesabına xarici ölkələrə 11 ixrac missiyası həyata keçirilib, Azərbaycan şirkətləri xarici ölkələrdə təşkil olunmuş 11 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib. Belə ki, ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Çexiya, Qətər və digər ölkələrə Azərbaycan istehsalı olan meyvə-tərəvəz, nar şirəsi, şərab, ət məhsulları, quru süd, fındıq, qənnadı məhsulları, bal, çay, həmçinin Naftalan nefti, tikinti materialları, mebel və digər məhsulların ixracına dair 50-dən çox müqavilə imzalanıb və razılaşma əldə olunub.
Onu da qeyd edək ki, 2019-cu ildə 19 xarici ölkəyə 25 ixrac missiyası həyata keçiriləcək, 11 beynəlxalq sərgidə Azərbaycan vahid ölkə stendi ilə təmsil ediləcək, ixracla məşğul olan sahibkarlara maliyyə dəstəyi daha da gücləndiriləcək. Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə keçən il xarici ölkələrdə 5 “Azərbaycan Ticarət Evi” açılıb. Bu il yanvarın 15-də Dubayda açılan “Azərbaycan Ticarət Evi” ölkəmizin xaricdə yaradılmış sayca 7-ci ticarət evidir. Ticarət evlərində daimi fəaliyyət göstərən sərgilərdə Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar nümayiş olunur. Bu il Rusiyada, BƏƏ-nin Əbu-Dabi şəhərində və Qazaxıstanda “Azərbaycan Ticarət Evi”nin açılması nəzərdə tutulur.
Görülmüş tədbirlər nəticəsində 2018-ci ildə xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin sayı 56,2 faiz artıb. Ötən il Azərbaycandan 3088 çeşiddə məhsul ixrac edilib.
Biznes ideyaları olan 35 yaşadək gənclər aqrar məşğulluğun artırılması layihələrinə cəlb olunur
Son illərdə Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə aqrar sektorda çalışan fermerlərə göstərilən siyasi və maddi dəstək tədbirləri əhəmiyyətli dərəcədə gücləndirilib. Fermerlərin torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi, onlara subsidiyaların ayrılması, pambıqçılıq, tütünçülük, baramaçılıq kimi əmək tutumu və gəlir imkanları böyük olan sahələrin inkişafının təşviq edilməsi, torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə texnika və gübrə satışı bu qəbildən olan tədbirlər sırasında yer alır.
Fermerlərə göstərilən dövlət qayğısının institusional mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sahədə xidmətyönümlü fəaliyyətə üstünlüyün verilməsi, fermerlərlə işin gücləndirilməsi, innovasiyadan istifadə ilə bağlı maarifləndirmənin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin müvafiq Fərmanına uyğun olaraq rayon (şəhər) kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) yaradılıb. Bununla yanaşı, nazirlik yanında Fermerlər Şurası və Aqrar Məşvərət Şurası təsis edilib. DAİM-lərin və burada fəaliyyət göstərən Fermer Şuralarının formalaşdırılması prosesi yekunlaşıb.
Fermerlər üçün bazar şərtlərinin yaxşılaşdırılması, məhsulların satılmasına və satışda yaranan problemlərin aradan qaldırılmasına yardımın göstərilməsi məqsədilə nazirlik yanında Dövlət Aqrar Ticarət Şirkətinin yaradılması bu istiqamətdə atılan çox mühüm addımdır.
“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 14 yanvar tarixli Fərman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi aqrar siyasətin tərkib hissəsidir. Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş 4 qurumun - Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Aqrar Xidmətlər Agentliyi yaradılıb. Agentlik baytarlıq və fitosanitar xidmətlərin təşkilini, idarə edilməsini və keyfiyyətinə nəzarəti, kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini, aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri, toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkili və göstərilməsinə nəzarəti həyata keçirəcək.
Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaitindən istifadə qaydası”na görə, kənd təsərrüfatı texnikalarının və damazlıq heyvanların güzəştli şərtlərlə satışını artıq AKİA həyata keçirir. Onu da qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi kənd təsərrüfatı ilə bağlı biznes ideyaları olan 35 yaşadək Azərbaycan vətəndaşlarını Aqrar Məşğulluğun Artırılması Layihəsində (AMAL) iştiraka dəvət edir.
Yeri gəlmişkən, Aqrar Kredit və İnkişaf Agentliyi respublikanın regionlarında fermerlərə kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışı üzrə yeni qaydaların tətbiqinə başlayıb. Agentliyin vəsaiti hesabına kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirilib.
Satış Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə təsdiqlənmiş yeni qaydalara uyğun aparılıb. Belə ki, gömrük dəyəri 172 min manat olan texnikanı təchizatçıdan kənd təsərrüfatı müəssisəsi 103200 manata, yəni 40 faiz güzəştlə əldə edib. Güzəştin miqdarı 68800 manat olub. Müəssisə satış məbləğinin 20 faizi həcmində ilkin ödəniş edib, məbləğin qalan hissəsini isə Agentliyin vəsaiti hesabına müvəkkil kredit təşkilatından götürdüyü güzəştli kreditlə ödəyib. Texnika alıcısı krediti 5 il müddətinə faizsiz olaraq geri qaytaracaq.
Regionlarda özünüməşğulluq proqramının əhatə dairəsi genişlənir
Məlum olduğu kimi, Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamı əsasında 2017-ci ilin əvvəlindən respublikamızda işsizliyin və yoxsulluğun azaldılmasını hədəfləyən səmərəli özünüməşğulluq proqramı həyata keçirilir. Bütün respublika miqyasında insanlar bəhs olunan proqrama böyük maraq göstərirlər və onun əhatə dairəsi getdikcə genişlənir. Proqram çərçivəsində aztəminatlı insanlar, o cümlədən də əlillər, şəhid ailələrinin üzvləri, məcburi köçkünlər layiqli əmək fəaliyyətinə cəlb edilirlər. İndiyədək respublikanın 76 şəhər və rayonu üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən aktivlər hesabına yaradılan kiçik ailə təsərrüfatlarının 84 faizi kənd təsərrüfatı (maldarlıq, quşçuluq, əkinçilik, arıçılıq, bağçılıq, istixana yaratma və s.), qalan hissəsi isə xidmət və istehsal sahələrini əhatə edir. Özünüməşğulluq proqramı çərçivəsində həmçinin xalçaçılıq, misgərlik və s. üzrə də ailə təsərrüfatları yaradılıb.
Qeyd etdiyimiz kimi, regionlarda özünüməşğulluq proqramının əhatə dairəsi getdikcə genişlənir. Ötən il Hacıqabul, Şamaxı, Ağsu, İmişli, Zərdab və digər bir neçə rayonda 50-dən çox işsiz və işaxtaran vətəndaşa özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar təqdim olunub. Onlardan böyük əksəriyyəti biznes-planlarına uyğun olaraq heyvandarlıq üzrə kiçik ailə təsərrüfatlarını yaratmaq üçün iri və xırdabuynuzlu mal-qara ilə təmin olunublar. Ailələrin digər bir qisminə isə xidmət sahələri üzrə özünüməşğulluq fəaliyyətini qurmaq üçün zəruri materiallar verilib. Proqrama cəlb edilən işsiz və işaxtaranlar sırasında əlilliyi olanlara, şəhid ailələrinin üzvlərinə, məcburi köçkünlərə, sosial cəhətdən digər həssas qruplara üstünlük verilib. Təlim kursunu bitirərək qiymətləndirmələr zamanı biznes planları uğurlu hesab edilənlərin mal və materiallarla təmin olunması həyata keçirilir. 2018-ci ilin əvvəlindən bəri proqram iştirakçılarından 600-dən çoxu aktivlərlə təmin olunaraq fərdi təsərrüfatlarını yaradıb.
Özünüməşğulluq proqramına dəstək olan “Sosial bağlar” layihəsi çərçivəsində 41 rayonda yeni təsərrüfatlar yaradılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair imzalanan Memoranduma əsasən icra olunan “Sosial bağlar” layihəsi çərçivəsində regionlarda sosial cəhətdən həssas qruplar üçün meyvə bağlarının salınması, tərəvəz və bostan məhsulları istehsalı üzrə ailə təsərrüfatlarının yaradılması işləri davam etdirilir.
“Sosial bağlar” layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına dəstək məqsədi daşıyır. Aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunmasına və gəlirlərini artırmalarına imkan verən layihə belə ailələrin ünvanlı dövlət sosial yardımı proqramından asılılığının aradan qaldırılmasına və kiçik sahibkarlığa çıxış imkanlarına yiyələnmələrinə şərait yaradır.
Sonda onu da qeyd edək ki, bu il sahibkarlığın və liberal iqtisadiyyatın inkişafı üçün regionlarda sənaye zonalarının, sənaye parklarının fəaliyyəti də mühüm əhəmiyyət daşıyır. Bu sahədə görülən işlərin məqsədi isə ölkənin qeyri-neft sektorunun inkişafını təmin etmək, qeyri-neft ixracının həcmini artırmaqdır. Sumqayıt Kimya Sənaye Parkı, Sumqayıt Texnologiya Parkı, Mingəçevir Yüngül Sənaye Parkı, Gəncə şəhərində sənaye müəssisələrinin, Neftçala, Hacıqabul, Masallı, Sabirabad sənaye məhəllələrinin yaradılması bu sahədə atılan mühüm addımlardır. Hazırda sənaye parklarında 67 rezident var və onlardan 40-ı artıq fəaliyyətdədir. Sənaye parklarında həyata keçirilən layihələrə nəzərdə tutulan sərmayə isə 5 milyard manatdan çoxdur. Həmin layihələr nəticəsində 11 min yeni iş yeri yaradılıb. Bu il digər şəhərlərdə də sənaye zonalarının yaradılması planlaşdırılır.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxHadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39

