/ / Ölkəmizin vergi, gömrük sistemlərində və digər sahələrdə həyata keçirilən islahatların başlıca hədəflərindən biri də sahibkarlığı inkişaf etdirməkdir
Ölkəmizin vergi, gömrük sistemlərində və digər sahələrdə həyata keçirilən islahatların başlıca hədəflərindən biri də sahibkarlığı inkişaf etdirməkdir
09.04.2019 [09:27]
Bunun nəticəsi olaraq ötən il ərzində də respublikamızda sahibkarlıq subyektlərinin sayı əhəmiyyətli dərəcədə artıb
Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dərin iqtisadi islahatlar aparılır. Bu islahatların məqsədi isə vətəndaşlarımızın sosial rifahını, ölkəmizin iqtisadi qüdrətini yüksəltmək, neftdən asılılığı azaldaraq şaxələndirilmiş iqtisadiyyata sahib olmaq, qeyri-neft sektoru üzrə gəlirləri artırmaqla “Made in Azerbaijan” brendi altında rəqabətədavamlı məhsullar istehsal edərək, həm daxili bazarı qorumaq, həm də xaricə ixracı artırmaqdır. Bu məqsədlə ölkəmizin vergi, gömrük sistemlərində və digər sahələrdə həyata keçirilən əsas islahatların başlıca hədəflərindən biri də məhz Azərbaycanda sahibkarlığı inkişaf etdirməkdir.
Son illərdə ölkəmizin bütün bölgələrində müasir tələblərə cavab verən infrastrukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, dövlət tərəfindən sahibkarlığın dəstəklənməsi də deylənləri bir daha təsdiqləyir. Heç şübhəsiz ki, ölkəmizdə bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. Daha dəqiq desək, məhz bu proqramlar çərçivəsində həyata keçirilən işlər regionlarımızın hərtərəfli inkişafına yol açıb ki, bu da öz növbəsində sahibkarlığın inkişafina təkan verib.
Statistik məlumatlara əsaslansaq, hazırda Azərbaycanda 970 min sahibkar qeydiyyatdadır və onların yarısı aktiv fəaliyyətlə məşğuldur. Təkcə 2018-ci ildə Azərbaycanda 87 min 600 nəfər vergi orqanlarında qeydiyyata alınıb ki, bunların da 50,4 faizi məhz regionlarda yaradılan sahibkarlıq subyektləridir. Əlbəttə, bu, sevindirici haldır və regionların inkişafı, region sahibkarlığının faizinin artması ölkəmizin ümumi tərəqqisinə mühüm töhfələr verəcək.
Regionlarda sahibkarlığın inkişafına verilən dəstək, dövlətin sahibkarlar üçün lazım olan şəraiti yaratması aprelin 6-da Ağstafa rayonu Heydər Əliyev Mərkəzində keçirilən III Regional forumda da geniş müzakirə olunub.
“Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə keçirilən forumda rayonların icra başçıları və onların nümayəndələri, sahibkarlar, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DOST Agentliyi, Dövlət Reklam Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev əmin olduğunu bildirib ki, III Regional forum məhsuldar keçəcək və qarşıda qoyulan hədəflərə nail olmaq, sahibkarları düşündürən məsələləri, onların həlli yollarını, mövcud imkanları müzakirə etmək baxımından yeni imkanlar açacaq.
Sonra tədbirdə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini Niftalı Qasımov çıxış ediblər.
Daha sonra forum panellərdə öz işini davam etdirib. Panel sessiyalarda aidiyyəti qurumların nümayəndələri tərəfindən Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, KOB dostları və KOB evləri, kənd təsərrüfatı məhsulları və texnikasına verilən kreditləşmə qaydası, ABAD məhsullarının təqdimatı, Yaşıl Dəhliz Layihəsinin təqdimatı, “Qida təhlükəsizliyi haqqında” Qanunun ictimai müzakirəsi, regionlarda DOST agentliyinin rolu, açıq məkanda reklam üçün qanunvericiliyin tələbləri və “Azexport” və “Entreprise Azerbaijan” portalları haqqında məlumatlar təqdim olunub. Forum Ağstafa rayonundakı bir neçə müəssisəyə təşkil olunan səfərlə başa çatıb.
Bu məqamda vurğulamaq yerinə düşər ki, ölkənin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da sahibkarlığın və liberal iqtisadiyyatın inkişafı üçün məqsədyönlü addımlar atılır. Belə ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən daha 55 torpaq mülkiyyətçisinə və fermerə lizinq yolu ilə 75 texnika və texnoloji avadanlıq verilib. KİV-in məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə bildirilib ki, ölkənin hər yerində, o cümlədən muxtar respublikada aqrar sahədə sistemli şəkildə həyata keçirilən kompleks islahatlar diyarımızda kənd təsərrüfatının davamlı və dinamik inkişafını təmin edib. Bu inkişafda müasir texnika və texnologiyaların tətbiqi də mühüm rol oynayır. Yeni texnologiyaların tətbiqi isə əl əməyini yüngülləşdirib və məhsuldarlığı artırıb.
Qeyd olunub ki, texnika parkı tamamilə yenilənib. Artıq dünyanın aparıcı ölkələrində istehsal olunan texnikalar və texnoloji avadanlıqlar bu gün tarlalarda işləyir. Torpaq mülkiyyətçiləri və fermerlər bu texnikalardan çox razıdırlar.
Muxtar respublikada kənd təsərrüfatı məhsullarının intensiv amillər hesabına artırılması üçün yeni innovativ texnikaların tətbiqi davam etdirilir. Bu məqsədlə ötən dövr ərzində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2667 ədəd kənd təsərrüfatı texnikası alınıb. Alınmış texnikaların 2086-sı lizinq qaydasında mülkiyyətçilərə verilib.
Cəmiyyətin fəaliyyəti dövründə lizinqə verilmiş 2086 ədəd texnikaya görə 7 milyon 370 min manat güzəşt tətbiq edilib, 314 ədəd texnika və texnoloji avadanlığın dəyəri tam ödənildiyindən 207 sahibkara həmin texnikaların onların şəxsi mülkiyyətinə keçirilməsinə dair sənədlər təqdim olunub.
Bildirilib ki, 2019-cu ildə sahibkarların sifariş və tələbatları əsasında 10 kombayn, 66 traktor, 54 kotan, 12 çiləyici, 15 rotorlu otbiçən, 13 dırmıq, 12 gübrəsəpən, 20 kanalaçan, 15 qoyunqırxan aparat, 6 presvuran, 1 peyinsəpən, 5 taxılsəpən, 1 toxumtəmizləyən, 4 çizel, 4 dərmansəpən, 25 arpa-buğda qırma maşını, 10 yaş və quru otdoğrayan maşın, 2 əl üçün yer şumlayan və 17 dəst suvarma sistemi, ümumilikdə 6 milyon 89 min manat dəyərində 292 texnika və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib. Qeyd olunub ki, texnikaların lizinq qaydasında mülkiyyətçilərə verilməsi əhalinin məşğulluğunun təmin olunmasında və onların ailə büdcələrinin artmasında əhəmiyyətli rol oynayıb.
Fermerlərə göstərilən diqqət və qayğıdan Samuxa da pay düşüb. Belə ki, bu günlərdə Samuxda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, fevral ayından etibarən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayıllı, Astara, Biləsuvar, Saatlı, Kürdəmir, Xaçmaz, Siyəzən, Şəmkir, Qazax, Gədəbəy, Tovuz, Ağstafa və Qusar rayonlarının ardınca, növbəti səyyar satış Samuxun Poylu kəndində keçirilib. Rayon mərkəzindən 70 kilometr uzaq məsafədə yerləşən Poylu kəndində təşkil edilən səyyar satış axşam saatlarına kimi davam edib.
Samuxun Qarayeri kəndində də azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı baş tutub. Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrəni əldə edə bilərlər.
Onu da bildirək ki, dövlət sahibkarlara təkcə maddi dəstək götərmir, eyni zamanda, digər sahələrdə də yardımlar edir. Məsələn, mart ayında Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən ölkənin müxtəlif rayonlarında fermerlərin maarifləndirilməsi ilə bağlı silsilə təlimlər keçirilib. Fermerlərin maarifləndirilməsi ilə bağlı təlimin ilk mərhələsi Xaçmaz, Lənkəran, Şəki, Qax və Tovuzda reallaşıb.
Dövlət Aqrar Ticarət Şirkətinin İnformasiya və ictimaiyyətlə əlaqələr bölməsindən bildiriblər ki, təlimlər dövlət və özəl qurumların mütəxəssisləri tərəfindən həyata keçirilib. Dövlət Aqrar Ticarət Şirkətinin nümayəndələri yeni bazarlara çıxış imkanları, məhsulların satışında marketinqin və brendləşdirmənin önəmi, aqrar biznesdə qadın sahibkarlığın əhəmiyyəti, Dövlət Gömrük Komitəsinin əməkdaşları “Yaşıl dəhliz” buraxılış sistemi və sadələşdirilmiş ixrac prosedurları, Maliyyə Bazarlarına Nəzarət Palatası və “Paşa Bank”, “Qlobal GAP” təmsilçiləri maliyyə savadlılığı, “Baku Management Consulting and Services” şirkətinin ekspertləri tərəfindən isə məhsulların sertifikatlaşdırılması mövzularında mühazirələr oxunub, müzakirələr aparılıb, iştirakçı fermerləri maraqlandıran suallar cavablandırılıb.
Dövlət Aqrar Ticarət Şirkətinin Layihələrin idarəolunması şöbəsinin müdiri Röyal Şirinov layihənin ilkin mərhələsinin yekunları barədə məlumat verib. Bildirib ki, fermerlərin maarifləndirilməsi layihəsi davam etdiriləcək: “Bir ay ərzində 5 rayonda fermerlərin maarifləndirilməsi layihəsinin ilkin mərhələsi uğurla həyata keçirildi. İnteraktiv şəkildə keçirilən təlim zamanı fermerləri maraqlandıran suallar cavablandırıldı. Keyfiyyətli məhsul istehsalının artırılması, istehsal edilmiş məhsulların satışının və ixracının təşkil edilməsi ilə bağlı məlumatlar fermerlərin diqqətinə çatdırıldı. Fermerlərin layihəyə marağı olduqca yüksək idi. Buna görə də gələcəkdə layihənin digər rayonlarda da təşkilini, mövzuların daha da genişləndirilməsini, eyni zamanda, xarici ekspertlərin layihəyə cəlb olunmasını nəzərdə tuturuq. Bütövlükdə məqsədimiz fermerlərimizin keyfiyyətli məhsul yetişdirilməsi, satış və ixrac sahəsində biliklərinin artırılmasına nail olmaqdır”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25

