Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda avtomobil yollarının tikintisi və əsaslı şəkildə yenidən qurulması işləri intensiv şəkildə davam etdirilir

Regionlarda avtomobil yollarının tikintisi və əsaslı şəkildə yenidən qurulması işləri intensiv şəkildə davam etdirilir

24.07.2019 [09:18]

Dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol infrastrukturu bölgələrdə sənaye, kənd təsərrüfatı və turizmin inkişafına da öz müsbət təsirini göstərir
Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda bütün sahələrdə uğurlar əldə edilir. Bu da təsadüfi deyil. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan regionun davamlı inkişaf edən dövlətinə çevrilib.
Bu inkişaf kontekstində regionların hərtərəfli inkişafı da diqqət mərkəzindədir. Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət Proqramı kimi, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü proqramın da icrasının yüksək səviyyədə təmin olunması nəticəsində regionların sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Eyni zamanda Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib.
Qeyd etmək lazımdır ki, əvvəlki üç Dövlət Proqramında olduğu kimi, növbəti Dördüncü Dövlət Proqramının icrası zamanı da Azərbaycanın bölgələrində müasir infrastrukturun yaradılması diqqət mərkəzindədir. Bu kontekstdə avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində reallaşdırılan işlər də davamlı xarakter daşıyır. Elə ayrı-ayrı rayonlarda bu istiqamətdə həyata keçirilən layihələr də deyilənləri təsdiqləyir.
Lənkəran rayonunun Hirkan-Mamusta-Siyavar avtomobil yolunda işlər yekunlaşıb
Beləliklə, verilən məlumata görə, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində Salyan rayonunda 17,2 kilometrlik yerli əhəmiyyətli Abadkənd-Kolanı-Xələc-Yenikənd avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA-nın) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, avtomobil yolunun yenidən qurulmasında məqsəd yolboyu yaşayan 10 mindən çox əhalinin rahat gediş-gəlişini təmin etmək, Salyan şəhər mərkəzinə və Bakı-Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yoluna, həmçinin Salyan-Şirvan avtomobil yolu vasitəsilə Hacıqabul-Bəhrəmtəpə-Mincivan və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yollarına rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
Yenidənqurma işləri çərçivəsində yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir və yolun eni 10 metrə qədər genişləndirilir. Buraya 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Yolboyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır. Ümumilikdə yolboyu müxtəlif diametrlərə malik 476 poqonmetr uzunluğunda metal və dəmir-beton suötürücü borular quraşdırılır.
Tikinti layihəsinin sonuncu mərhələsində zəruri olan yerlərdə 2 avtobus dayanacağının tikintisi, 17 kilometr göstəricinin, 110 yol nişanı və məlumatverici lövhənin, 160 siqnal dirəyinin quraşdırılması nəzərdə tutulub.
Ölkəmizdə daha bir avtomobil yolunun tikintisi isə başa çatıb. Belə ki, bu ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı Sərəncamla tikintisinə başlanılan Lənkəran rayonunun Hirkan-Mamusta-Siyavar avtomobil yolunda işlər yekunlaşıb. On bir min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən yol sakinlərin istifadəsinə verilib.
Hirkan-Mamusta-Siyavar avtomobil yolunun tam müasir standartlara uyğun yenidən qurulmasını kənd ziyalıları da razılıq və minnətdarlıq hissi ilə qarşılayıblar.
AAYDA-nın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Anar Nəcəfli KİV-ə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol infrastrukturu sənaye, kənd təsərrüfatı və turizmin inkişafına səbəb olur: “Uzun müddət əsaslı şəkildə təmir olunmayan Hirkan-Mamusta-Siyavar avtomobil yolunun yenidən qurulmasında məqsəd 3 yaşayış məntəqəsində yaşayan 10 min nəfərə yaxın əhalinin gediş-gəlişini təmin etmək, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhəd avtomobil yoluna rahat çıxış əldə olunmaqla, yük və sərnişin daşınmasını asanlaşdırmaqdır”.
Hazırda ümumi uzunluğu 55 kilometr olan respublika əhəmiyyətli Lənkəran-Lerik avtomobil yolunda əsaslı təmir işləri aparılır. Son illərdə yağan aramsız yağıntılar nəticəsində çoxsaylı sürüşmə və uçqunların baş verməsi yolun bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti üçün real təhlükə yaradıb. Baş vermiş təbiət hadisələrinin yaratdığı fəsadları aradan qaldırmaq, avtomobil yolunun dayanıqlılığını, yük və sərnişin daşınmasının təhlükəsizliyini təmin etmək məqsədilə Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən Lənkəran-Lerik avtomobil yolu yenidən qurulur.
Şimal-qərb rayonlarında avtomobil yollarının yenidən qurulması uğurla davam etdirilir
Başlanğıcını Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 96-cı kilometrindən götürən Qax-İlisu marşrutu üzrə avtomobil yolunun yenidən qurulması da uğurla davam etdirilir. AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Qax-İlisu marşrutu üzrə 35,5 kilometrlik avtomobil yolu 4 hissədən ibarətdir. Buraya uzunluğu 13,2 kilometr olan Qorağan-Qax şəhəri hissəsi, 6,3 kilometrlik Turaclı, Qarameşə, Əmircan və Meşəbaş kəndlərinin giriş yolları, 7,9 kilometrlik Qax şəhərinin mərkəzi hissəsi - Heydər Əliyev prospekti və 8,1 kilometrlik Qax şəhərinin İlisu kənd hissəsi daxildir.
Hazırda III və IV texniki dərəcəyə uyğun təmir-tikinti işləri görülür. Həmçinin layihədə nəzərdə tutulmuş qalınlıqda yol əsasının inşası aparılır və yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.
Mövcud piyada səkiləri və yol ayrıcı bərpa olunur, kənarlarına 13,7 min poqonmetr uzunluğunda yeni səki daşları düzülür, 8,7 min poqonmetr uzunluğunda “U” şəkilli dəmir-beton küvetlər, həmçinin beton arxlar inşa edilir. Layihə çərçivəsində Ağçay üzərində 60 metr və Kürmük çayı üzərində 114 metr uzunluğa malik 2 avtomobil körpüsündə əsaslı şəkildə təmir-bərpa işləri aparılır. Sonuncu mərhələdə 10 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçünsə yolboyu siqnal dirəyi, yol nişanı və məlumatverici lövhə, kilometr göstəricisi quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək.
Yenidənqurma işləri Qax şəhəri də daxil olmaqla yolboyu yerləşən 9 yaşayış məntəqəsinin 20 minədək əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla yanaşı, yoldan istifadə edən xarici qonaqların və turistlərin də rahat şəkildə hərəkət etməsinə imkan yaratmaqla dağ turizminin inkişafına gətirib çıxaracaq.
AAYDA tərəfindən tərtib olunmuş tədbirlər planına əsasən, Şəki rayonunda 2 yol infrastrukturu layihəsi icra olunur. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, rayonun Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz kəndlərini əhatə edən avtomobil yollarının yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Orta Zəyzid-Baş Zəyzid kəndlərini birləşdirən yolda isə yenidənqurma işlərinə başlanılıb.
Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz kəndlərini əhatə edən avtomobil yollarının uzunluğu 33 kilometr təşkil edir. Bu, respublika əhəmiyyətli Şəki-Qax avtomobil yolu ilə M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunu birləşdirən və uzunluğu 18 kilometr olan Qudula-Qaradağlı-Qoxmuq avtomobil yolu, həmçinin ümumi uzunluğu 15 kilometr təşkil edən Şəki-Qax avtomobil yolundan ayrılan Qoxmuq kəndinin, yerli əhəmiyyətli Qudula-Qaradağlı-Qoxmuq avtomobil yolu üzərində yerləşən Baltalı, Babaratma və Qudula kəndlərinin və M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 51-ci kilometrindən ayrılan Daşüz kəndinin yollarıdır. IV texniki dərəcəyə uyğun yenidən qurulan yolların eni 10 metr təşkil edir.
Layihə çərçivəsində yollar boyu zəruri ərazilərdə atmosfer sularının axıdılması üçün dəmir-beton küvetlər tikilib, 2 laydan ibarət yol əsası salınıb. Hazırda isə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi və 54 yol birləşməsinin təmiri işləri aparılır. Əyriçay üzərində yerləşən və 60 metr uzunluğa malik avtomobil körpüsü yararsız vəziyyətə düşdüyü üçün əsaslı şəkildə təmir olunur.
Analoji işlər Şəki rayonunun Orta Zəyzid və Baş Zəyzid kəndlərini birləşdirən avtomobil yolunda da aparılır. Sözügedən yolun Orta Zəyzid kəndinə qədər olan 5 kilometrlik hissəsi III, Baş Zəyzid kəndinə qədər olan 2,2 kilometrlik hissəsi isə IV texniki dərəcələrə uyğun təkmilləşdirilir.
Yolboyu mövcud suötürücü borular yararsız vəziyyətə düşdüyündən 15 nöqtədə müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılacaq, 15 metr uzunluğunda su keçidi inşa ediləcək, yollar boyu zəruri ərazilərdə atmosfer sularının axıdılması üçün 1600 poqonmetr uzunluğunda dəmir-beton küvetlər tikiləcək.
Layihənin sonuncu mərhələsində hər 2 layihə üzrə zəruri olan yerlərdə avtobus dayanacaqlarının inşası, hərəkətin normal təşkili üçün isə yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.
Sözügedən yolların yenidən qurulması ilə 8 yaşayış məntəqəsinin 20 minədək əhalisinin istər Şəki şəhər mərkəzinə, istərsə də Şəki-Qax və Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə qonşu rayonlara gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq.
Oğuz rayonunda Padar-Böyük Söyüdlü-Qarabulaq-Çaldaş avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işləri aparılır.
AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, 32 kilometrlik avtomobil yolunun 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpası işləri görülür. Layihə çərçivəsində sözügedən avtomobil yolu 3 hissə üzrə yenidən qurulur. Bu, uzunluğu 12,9 kilometr olan Padar-Böyük Söyüdlü və 13,1 kilometrlik Böyük Söyüdlü-Çayqovuşan hissələri, həmçinin 6 kilometrlik Qarabulaq kəndinə giriş yolu hissəsidir.

(davamı növbəti sayımızda)
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 748 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30