Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanda arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var

Azərbaycanda arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var

24.09.2019 [09:02]

İki il bundan əvvəl regionlarda təxminən 270 min arı ailəsi var idisə, hazırda arı ailələrinin sayı artaraq 503 minə çatıb
Azərbaycanda həyata keçirilən məqsədyönlü inkişaf strategiyası və islahatlar kursu ölkəmizin davamlı inkişafını təmin edib. Bu gün regionun əsas güc mərkəzi olan Azərbaycanın inkişafını şərtləndirən əsas faktorlardan biri də ölkəmizin regionlarının dinamik inkişafıdır. 2004-cü ildən icrasına başlanılan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsidir ki, bu gün bütün şəhər və rayonlarımızda müasir standartlara cavab verən güclü infrastruktur formalaşdırılıb, əhalinin sosial müdafiəsinin təşkili istiqamətində effektiv tədbirlər görülüb, yüzminlərlə yeni iş yerləri yaradılıb, vətəndaşların gəlirləri əsaslı şəkildə artıb. Faktiki olaraq, Azərbaycanın regionları ölkə iqtisadiyyatının inkişafında lokomotiv rolunu oynayır. Bu isə həm də o reallığı ifadə edir ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs ölkəmizin inkişafını təmin etməklə, respublikamızın iqtisadi potensialının da artmasını şərtləndirib. Azərbaycanın uğurlu inkişafını təmin edən əsas faktorlardan biri də, şübhəsiz ki, müasir dövrün çağırışlarına və geosiyasi, qlobal iqtisadi şəraitə uyğun praqmatik kursun müəyyənləşdirilməsi və ardıcıllıqla həyata keçirilməsidir. Bu mənada yeni iqtisadi şəraitdə aqrar sektorun üstün inkişafına nail olmaq da mühüm əhəmiyyət kəsb edir. Ərzaq təhlükəsizliyinin təmin olunması, ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi Azərbaycan dövlətinin aqrar sahədə həyata keçirdiyi tədbirlərin başlıca məqsədlərindən birini təşkil edir. Bu strateji məqsədə nail olmaq üçün regionların investisiya və infrastruktur təminatı möhkəmləndirilir, meliorativ tədbirlər görməklə dövriyyəyə yeni torpaqlar cəlb edilir, fermerlərə zəruri dəstək tədbirləri göstərilir. Həyata keçirilən bu və ya digər tədbirlər respublikamızda arıçılığın da inkişafına geniş perspektivlər açır.
Arıçılıq Azərbaycanda çox qədim tarixə malikdir
Ümumiyyətlə, arıçılıq Azərbaycanda çox qədim tarixə malikdir. Ölkəmizin əlverişli iqlimi, zəngin bitki örtüyü arıçılığın inkişafını şərtləndirən başlıca amillərdəndir. İqtisadi cəhətdən gəlirli sahə olan arıçılıq həm də ətraf aləmin, ekoloji mühitin yaxşılaşdırılması baxımından ən səmərəli təsərrüfat sahəsidir. Son illər ölkəmizdə heyvandarlığın əsas sahələrindən biri kimi arıçılıq xeyli inkişaf edib, bu sektorda fəaliyyət göstərən təsərrüfatların subsidiyalaşdırılması, bazara çıxışının təmin olunması istiqamətində mühüm addımlar atılıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı nitqində Prezident İlham Əliyev arıçılığa dövlət dəstəyinin artırıldığını vurğulayaraq deyib: “Arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var. Bizim balımız çox keyfiyyətlidir, xarici bazarlarda yüksək qiymətləndirilir. Biz indi həm ailə biznesi çərçivəsində arıçılığa dəstək oluruq, həm də ki, subsidiyalar verilir, bu yaxınlarda artırılıbdır. Arıçılığın böyük perspektivləri var, bu, çox gəlirli sahədir. Fermerlər, vətəndaşlar üçün çox gözəl nəticələr verə bilər”.
Vurğulandığı kimi, ölkədə arıçılığı inkişaf etdirmək məqsədi ilə son illərdə bir sıra tədbirlər həyata keçirilib. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdində Arıçılıq Mərkəzi yaradılıb, habelə Azərbaycan Arıçılar Assosiasiyası təsis edilib. Hazırda damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, genefond arıxanaların yaradılması, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, sərgi-satış yarmarkalarının təşkili və s. istiqamətlərdə məqsədyönlü tədbirlər görülür. Bu tədbirlərdən biri də Qax rayonunda keçirilən III Bal bayramıdır.
Qeyd edək ki, Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Arıçılar Assosiasiyasının dəstəyi ilə reallaşan bayramın keçirilməsində əsas məqsəd gəlirli sahələrdən olan arıçılığı təbliğ etmək, bu sahəyə marağı artırmaq, həmçinin Qaxın iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.
Bayramda Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Milli Məclisin deputatı Azər Kərimli, Mədəniyyət Nazirliyinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin və digər dövlət qurumlarının rəsmiləri, qonşu rayonların icra hakimiyyətlərinin başçıları, Arıçılıq Assosiasiyasının rəhbərliyi, 10 rayonun arıçılıq birliklərinin nümayəndələri, bal istehsalçıları və rayon sakinləri iştirak ediblər.
Qax şəhərindəki “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzində keçirilən bayramın rəsmi açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, dövlətin aqrar siyasətində arıçılığın inkişaf etdirilməsinin diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb. Qeyd edilib ki, arıçılığı inkişaf etdirmək məqsədilə son illər ölkə rəhbərliyi tərəfindən mühüm tədbirlər həyata keçirilir. Arıçılığın inkişafı kənd əhalisinin gəlirlərinin artmasına və məşğulluğunun təmin edilməsinə də çox yaxşı təsir göstərir.
Altı mindən çox insan bilavasitə arıçılıqla məşğul olur
Təbii ki, arıçılıq sahəsində qədim ənənələrə malik olan Qaxda Bal bayramının keçirilməsi heç də təsadüfi deyil. Bu gün rayonda kənd təsərrüfatının mühüm və gəlirli sahəsi olan arıçılığın inkişafına çox böyük diqqət yetirilir. Bunun nəticəsidir ki, arıçılığa maraq göstərənlərin sayı da ildən-ilə artır. Son üç ildə rayonda arı ailələrinin sayı 2 dəfədən çox artırılaraq 21 min 700-ə çatdırılıb. Ötən il qaxlı arıçılara dövlət büdcəsinin vəsaiti hesabına 217 min manat subsidiya ödənilib. Cari ilin ötən dövründə rayonda 200 tonadək bal istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə iki dəfəyədək artıb.
Mərasimdə Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov çıxış edərək, aqrar sahənin inkişafının dövlətin önəm verdiyi prioritet istiqamətlərdən biri olduğunu bildirib. Vurğulanıb ki, son dövrlər Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafına çox böyük diqqət və qayğı göstərilir. Bunun heç də təsadüfi olmadığını bildirən nazir müavini deyib: “Ərzaq təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi hazırda bütün dövlətlərin qarşısında duran ən vacib və strateji vəzifələrdən biridir. Ərzaq təhlükəsizliyinə çox ciddi töhfə verən sahələrdən biri də arıçılıqdır. Arıçılıq dünyada yeganə sahədir ki, onun inkişafı digər sahələrin inkişafına heç bir mənfi təsir göstərmir, təbii ehtiyatları azaltmır. Əksinə, digər sahələrdə məhsuldarlığın artırılmasına, tozlanmanı daha da sürətləndirməklə bağçılığın, kənd təsərrüfatının digər sahələrinin inkişafına çox yaxşı təsir göstərir”.
Nazir müavini vurğulayıb ki, Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə ölkəmizdə arıçılığa xüsusi dövlət dəstəyinin göstərilməsi çox qısa bir zamanda öz müsbət təsirini göstərməkdədir. İki il bundan əvvəl Azərbaycanda təxminən 270 min arı ailəsi var idisə, hazırda arı ailələrinin sayı artaraq 503 minə çatıb. Altı mindən çox insan bilavasitə arıçılıqla məşğul olur.
S.Talıbovun sözlərinə görə, arıçılıq dünyada yeganə sahədir ki, onun inkişafı digər sahələrin inkişafına heç bir mənfi təsir göstərmir, təbii ehtiyatları azaltmır. Əksinə, digər sahələrdə məhsuldarlığın artırılmasına, tozlanmanı daha da sürətləndirməklə istər bağçılığın, istərsə də kənd təsərrüfatının digər sahələrinin inkişafına çox yaxşı təsir göstərir. Ona görə də, təbii iqlim şəraiti imkan verən dünya ölkələrində arıçılığın inkişafı xüsusi diqqətdə saxlanılır və bu sahə dövlət dəstəyi ilə əhatə olunur.
Nazirliyin rəsmisi vurğulayıb ki, Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə ölkəmizdə arıçılığa xüsusi dövlət dəstəyinin verilməsi çox qısa bir zamanda öz müsbət təsirini göstərməkdədir: “İki il bundan əvvəl Azərbaycanda təxminən 270 min arı ailəsi var idisə, hazırda arı ailələrinin sayı artaraq 503 minə çatıb. Altı mindən çox insan bilavasitə arıçılıqla məşğul olur. Arıçılığın rentabelliliyi, əldə edilən gəlirin yüksək olması əhalinin bu sahəyə marağının artmasına səbəb olub”.
Bu il hər arı ailəsindən orta məhsuldarlıq 15 kiloqrama çatır
Dövlətimizin bu sahəyə yüksək diqqət və qayğısı, dəstək tədbirləri arıçı fermerlər, bu sahənin mütəxəssisləri tərəfindən də yüksək qiymətləndirilir. Qaxda keçirilən bal bayramında iştirak edən Azərbaycan Arıçılar Assosiasiyasının rəhbəri Bədrəddin Həsrətov da deyib ki, son illər dövlətimiz tərəfindən arıçılığın inkişafına çox böyük dəstək göstərilir. Subsidiyaların verilməsi, “Kənddən şəhərə” layihəsi çərçivəsində arıçıların istehsal etdiyi balın satılması, hər il keçirilən arıçılıq məhsullarının satış-yarmarkaları, həmçinin artıq üçüncü dəfədir ki, Qaxda reallaşan bal bayramı arıçılığın inkişafına təsir göstərən amillərdəndir. Təsadüfi deyil ki, son iki ildə ölkədə arı ailələrinin sayı iki dəfəyədək artıb. AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində üç il əvvəl yaranan Assosiasiyanın hazırda 46 rayon və 4 şəhərdə mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdıran B.Həsrətov bildirib ki, keçən il Azərbaycanda 3 min ton bal istehsal olunub: “Builki istehsalımız artıq 6 min tona yaxınlaşır. Əvvəlki illərdə hər arı ailəsindən 8-10 kiloqram bal istehsal olunurdusa, bu il orta məhsuldarlıq 15 kiloqrama çatır. Azərbaycan artıq xaricə bal ixrac etməyə başlayıb. Bu il Yaponiyaya 8 ton, Birləşmiş Ərəb Əmirliklərinə 3 ton, Dubaya isə 4 tona yaxın bal göndərilib. Hazırda İordaniya ilə danışıqlar aparılır. Bu yaxınlarda oraya da bal göndəriləcək. Bunlar ilkin nümunələrdir”.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 627 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30