Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / 2019-cu ilin yanvar-oktyabr ayları ərzində ölkəmizə 2 milyon 700 min turist gəlib

2019-cu ilin yanvar-oktyabr ayları ərzində ölkəmizə 2 milyon 700 min turist gəlib

04.12.2019 [09:29]

Regionların sosial-iqtisadi inkişafı fonunda görülən işlər nəticəsində ölkəmizə gələn əcnəbi turistlərin sayı artır
(əvvəli ötən sayımızda)

Yeri gəlmişkən qeyd edək ki, noyabrın 12-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin turizm potensialının təqdimatı keçirilib. DTA, ATB, Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycanın Vyanadakı səfirliyi və Avstriya Parlamentinin təşkilatçılıq etdiyi tədbirə həmçinin Avstriyanın müxtəlif nazirliklərinin və aparıcı turizm şirkətlərinin nümayəndələri də qatılıblar. Tədbir çərçivəsində Azərbaycanın turizm potensialını əks etdirən təqdimatlar keçirilib.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova, Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış ediblər.
Mərkəzin rəhbəri L.Qasımova Azərbaycan və Avstriya arasındakı mədəni əlaqələrdən danışaraq, mərkəzin bu əlaqələrin güclənməsinə öz töhfəsini verdiyini qeyd edib.
Azərbaycanın turizm potensialı haqda geniş məlumat verən Florian Zenqstşmid isə Avropa bazarının, eləcə də Avstriyanın Azərbaycan üçün turistik önəmindən danışaraq iki ölkə arasında bu sahədə əlaqələrin daha da güclənəcəyinə ümid etdiyini bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkələr arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinə diqqət çəkib. Avstriyanı təmsil edən nazirlik nümayəndələri isə çıxışlarında qarşılıqlı münasibətlərin daha da yaxşılaşdırılmasında maraqlı olduqlarını vurğulayıblar.
Xatırladaq ki, cari ilin yanvar-oktyabr dövründə Azərbaycana səfər edən avstriyalı turistlərin sayı 2988 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 17,6 faiz artım deməkdir.
Bu yaxınlarda Yunanıstanın Saloniki şəhərində “Philoxenia” 35-ci Turizm Sərgisi keçirilib. Sərgidə ölkəmizi Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə “Milenium” turizm təşkilatı ayrıca stendlə təmsil edib.
Turizm sərgisinə 22 ölkədən 400-dən çox şirkət qatılıb və sərgi 20 mindən artıq ziyarətçini qəbul edib. Tədbir zamanı Azərbaycan stendində ölkəmizə aid turizm broşürləri, kitablar, suvenirlər, Azərbaycan istehsalı nar şirələri və şərablar, eləcə də milli mətbəximizə aid şirniyyatlar sərgi ziyarətçilərinə təqdim edilib. Ölkəmizin stendi yerli və xarici şirkətlərin nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb, sorğu olunan məlumatlar cavablandırılıb.
Yunanıstana səfəri zamanı “Milenium” turizm təşkilatının təmsilçiləri ilə Saloniki şəhərinin bələdiyyə başçısı Konstantinos Zervas, Baş Nazirin Saloniki kabinetinin rəhbəri Mariya Anteniou, Dövlət Turizm Agentliyinin prezidenti Angela Gereku, habelə Makedoniya və Trakyanın qubernatorunun turizm məsələləri üzrə nümayəndəliyi, “Enterprise Greece” Yunanıstanın təşviqat məsələləri və investisiyalar üzrə dövlət nümayəndəliyi, Yunanıstan Respublikasının İnkişaf Fondu “TAİPED” və ən nüfuzlu turizm təşkilatlarının və digərlərinin nümayəndələri arasında görüşlər keçirilib. “Milenium” turizm təşkilatı Yunanıstanın ən iri turizm şirkəti - “Mouzenidis”in prezidenti Boris Mouzenidislə cari ilin iyun-avqust ayları ərzində birbaşa uçuşun həyata keçirilməsi barədə razılıq əldə edib. Uçuşun “Mouzenidis Group”a aid “Ellinair” hava yolları vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.
“Milenium” turizm təşkilatı və Yunanıstanın 10 ən böyük turizm təşkilatlarından biri olan “Zorpidis turizm”in nümayəndələri arasında keçirilən görüş zamanı tərəflər ilkin olaraq yeni il tətil günlərində turist qruplarının Bakıya göndərilməsi və növbəti olaraq yay mövsümü ərzində birbaşa uçuşların həyata keçirilməsi ilə bağlı razılığa gəliblər.
Bu günlərdə Azərbaycanın Belarusdakı səfirliyi ölkəmizin “Rayda” turizm şirkəti ilə birlikdə Minsk şəhərində yerləşən “Prezident” Hoteldə turizm imkanlarımıza həsr olunmuş təqdimat keçirib.
Səfirlikdən bildiriblər ki, tədbiri açan səfir Lətif Qəndilov Azərbaycan və Belarus arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın ən yüksək səviyyədə inkişaf etdiyini qeyd edib. Təşkil olunmuş tədbirin Azərbaycan və Belarus arasında turizm sahəsində mövcud olan əməkdaşlığın daha da inkişaf etməsi, xalqlarımızın bir-birini yaxından tanıması, tarixini və adət-ənənələrini öyrənməsi baxımından vacib olduğunu söyləyib.
Azərbaycanda turizm sektorunun inkişafına dövlət tərəfindən ciddi diqqət ayrıldığını və böyük investisiya qoyulduğunu bildirib. Səfir ölkəmizdə yeni hotellərin, əyləncə mərkəzlərinin, dağ xizəkçilik komplekslərinin tikildiyini və lazımi infrastrukturun qurulduğunu söyləyib.
L.Qəndilov belaruslu turistlərin daha rahat və münasib qiymətə Azərbaycanın gözəlliklərindən həzz almaları üçün qrup şəklində çoxlu sayda turların da təşkil olunmaq imkanının mövcudluğunu qeyd edib. Səfir iki ölkə rəhbərlərinin dostluğunun xalqlarımız arasında münasibətlərin simvoluna çevrildiyini bildirib.
L.Qəndilov sonda iki ölkə arasında turizm münasibətlərinin inkişaf etdirilməsində tədbirdə iştirak edən Belarus turizm şirkətlərinin böyük rol oynaya biləcəklərini qeyd edib. Səfirlik tərəfindən tədbirdə iştirak etmək üçün “Belavia” Hava Yolları şirkətinin marketinq və xarici iqtisadi fəaliyyət xidmətinin rəhbəri Yekaterina Radişevskaya və Belarus turizm assosiasiyasının rəhbəri Filip Burıy dəvət olunub.
Y.Radişevskaya tədbirdə çıxışında Minsk-Bakı-Minsk reysi üzrə son 9 ayda digər istiqamətlərə olan səfərlərlə müqayisədə sərnişinlərin sayının çoxaldığını söyləyib. Sözügedən reysə artan marağı və turistlərin sayının artacağını nəzərə alaraq, “Belavia” Hava Yolları 2020-ci ildən başlayaraq bu istiqamətdə hər gün uçuşların həyata keçiriləcəyini bildirib.
F.Burıy isə tədbirdə iştirak edən turizm şirkətinin nümayəndələrini ölkəmizə səfərlərin təşkil olunmasında aktivlik göstərməyə çağırıb. Azərbaycanın “Rayda” turizm şirkətinin nümayəndəsi Veronika Lyubçenko tədbir iştirakçılarına Azərbaycanda olan hotellər və turistik paketlər barədə ətraflı məlumat verib.
Bununla yanaşı, ATB-nin təşkilatçılığı ilə ölkəni təmsil edən turizm şirkətləri İspaniyada keçirilən “IBTM World” sərgisində iştirak edir. İşgüzar tədbirlər sənayesinin ən mühüm sərgilərindən biri sayılan “IBTM World”də iştirak etməkdə məqsəd Azərbaycanın işgüzar turizm imkanlarını tanıtmaq, təbliğ etmək və işgüzar məqsədlərlə ölkəmizə səfər edəcək sənaye iştirakçılarının sayını artırmaqdır.
Sərgidə ATB-nin tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu ilə birlikdə Bakı Konqres Mərkəzi, həmçinin 10-a yaxın turizm şirkəti təmsil olunur. DTA-dan bildirilib ki, noyabrın 19-dan start götürən sərgi çərçivəsində B2B (Biznesdən-biznesə) formatında görüşlər keçirilib, Azərbaycanın işgüzar turizm potensialı barədə təqdimatlar nümayiş edilib.
ATB-nin təşkilatçılığı ilə ölkəni təmsil edən turizm sənayesinin üzvləri Polşanın paytaxtı Varşavada keçirilən “TT Warsaw 2019” sərgisində iştirak edirlər. Sərgidə iştirak etməkdə məqsəd Azərbaycanın turizm imkanlarının Mərkəzi Avropa bazarlarında təbliği və ölkəyə daha çox turistin cəlb olunmasına dəstək göstərməkdir.
DTA-dan bildirilib ki, beynəlxalq sərgidə dörd turizm şirkəti və bir hotellər qrupu ilə təmsil olunan Azərbaycan stendi ilk gündən etibarən çoxsaylı ziyarətçilərin marağına səbəb olub və onlara ölkəmizin turizm potensialı barədə ətraflı məlumatlar verilib. Qeyd edək ki, “TT Warsaw 2019” hər il təşkil olunan B2B (Biznesdən-biznesə) formatlı turizm ticarət sərgisidir. Bu il sərgiyə 53 ölkədən 450-dən çox iştirakçı, 20 mindən çox ziyarətçi qatılıb.
Polşanın Azərbaycan üçün prioritet istiqamətlərdən biri olduğunu deyən ATB-nin baş icraçı direktoru F.Zenqstşmid bildirib ki, Polşadan Azərbaycana gələn turistlərin sayı bu il 32 faiz artıb. Onun sözlərinə görə, gələn il bu rəqəmin daha da artacağı gözlənilir.
Quba Destinasiya Menecmenti Təşkilatı tərəfindən Qubada fəaliyyət göstərən turizm sənayesi nümayəndələri üçün yeni turizm xəritələri hazırlanıb. Xüsusi dizaynda tərtib olunan turizm vəsaitlərində Quba şəhərinin, həmçinin Quba-Qusar rayonlarının regional xəritələri, turizm məkanları və turistlər üçün nəzərdə tutulmuş məhsullar öz əksini tapıb.
İngilis dilində hazırlanan A3 ölçülü xəritələr hər bağlamada 100 ədəd olmaqla hotellərə və turizm şirkətlərinə təqdim ediləcək. Bu xəritələr turizm müəssisələrinə müraciət edən qonaqlara regiondakı ziyarət olunmalı məkanlarla bağlı tövsiyələr verilməsi üçün münasib vasitədir. Tezliklə Qusar şəhərinin xəritəsi də istifadə üçün hazır olacaq. Xəritələr ilin sonunadək turizm sənayesi nümayəndələrinə pulsuz veriləcək.
Xatırladaq ki, Azərbaycanın qərb bölgəsində sağlamlıq turizminin beynəlxalq mərkəzinə çevrilən Naftalana son illərdə gələn yerli və xarici turistlərin sayında qeydə alınmış artım dinamikası burada yeni turizm-sağlamlıq obyektlərinin tikilməsini zəruri edib. Hazırda şəhərdə tikintisi aparılan 5 turizm mərkəzindən biri də “Gold Naftalan” istirahət və sağlamlıq mərkəzidir.
Şəhərin Nizami Gəncəvi küçəsində yerləşən mərkəzin ərazisi 1 hektar, ümumi sahəsi 8450 kvadratmetr, tikintialtı sahəsi 1560 kvadratmetrdir. Dördmərtəbəli mərkəz 144 otaq, 288 yerdən ibarətdir. Həmçinin mərkəzin zirzəmisində texniki və yardımçı otaqlar, çamaşırxana, müalicə hovuzu, anbar, 1-ci mərtəbədə yeməkxana, personal otaqları, 2-ci, 3-cü, 4-cü mərtəbələrdə həkim otaqları, 108 yataq otağı və mansard hissədə 36 yataq otağı var. “Gold Naftalan” istirahət və sağlamlıq mərkəzi fəaliyyətə başladıqdan sonra burada 55 nəfər daimi işlə təmin ediləcək.
Qeyd edək ki, hazırda Naftalanda 10 turizm obyekti fəaliyyət göstərir və burada 1100 nəfərədək vətəndaş çalışır. Şəhərdə tikintisi davam etdirilən turizm obyektləri də istifadəyə verildikdən sonra Naftalan gün ərzində ümumilikdə 3800-ə yaxın turistə müasir standartlara uyğun restoran, hotel və müalicə xidmətləri göstərmək imkanına malik olacaq və burada işləyənlərin sayı 1500-ə çatacaq. Bu da ümumi şəhər əhalisinin 15 faizini təşkil edir.
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 683 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30