Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Son illər ərzində pambıqçılığın inkişafı ilə bağlı atılmış addımlar öz səmərəsini verməkdədir

Son illər ərzində pambıqçılığın inkişafı ilə bağlı atılmış addımlar öz səmərəsini verməkdədir

24.12.2019 [09:12]

2019-cu ildə 294 min ton pambıq yığılıb ki, bu da son illər üçün pambıq yığımı üzrə rekord göstəricidir
Məlum olduğu kimi, Azərbaycanda son illər dövlət tərəfindən kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər və dəstək mexanizmləri sayəsində bu sektorda əsaslı inkişaf meyilləri özünü göstərməkdədir. Xüsusilə də, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” təsdiq edildikdən sonra kənd təsərrüfatının bütün sahələri üzrə artım müşahidə olunur. Belə ki, 2018-ci ildə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq üzrə ümumi daxili məhsul 2015-ci illə müqayisədə 24,7 faiz artaraq 4,2 milyard manata çatıb. 2019-cu ilin yanvar-noyabr ayları ərzində isə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz artıb.
Qeyd etmək yerinə düşər ki, dövlətin xüsusi diqqət yetirdiyi sahələrdən biri də pambıqçılıqdır və son illər ərzində pambıqçılığın inkişafı ilə bağlı atılmış addımlar öz səmərəsini verməkdədir. Həmin addımlarla bağlı məlumata keçməzdən öncə bildirək ki, Azərbaycanda pambıq istehsalı üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, emal sənayesinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları, həmçinin pambıq və ondan hazırlanmış son məhsullar üzrə ixrac potensialı pambıqçılığın daha da inkişaf etdirilməsini zərurətə çevirir. Bu baxımdan, 2016-cı ildən etibarən atılan yeni addımlar, həmçinin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ölkəmizdə pambıqçılıq ənənələrinin bərpa olunmasına, pambıq emalı məhsulları üzrə idxaldan asılılığın azaldılmasına, kənd yerlərində əhalinin məşğulluğuna, aqrar sənaye potensialının artırılmasına, ixrac imkanlarının genişləndirilməsinə və ölkəyə əlavə valyuta daxilolmalarına şərait yaradır.
Yəni son dörd ildə pambıqçılıq üzrə istehsal göstəricilərinə nəzər salsaq, bunu aydın şəkildə görə bilərik. Belə ki, məlumatlara əsasən, 2015-ci ildə ölkədə cəmi 18,7 min hektarda pambıq əkilmiş, cəmi istehsal isə 35,2 min ton təşkil etmişdir. Ölkə rəhbərliyinin nəzarəti altında bu sahədə işlərə start verilən 2016-cı ildə əkin sahələri 51,4 min hektara, istehsal həcmi isə 89,4 min tona yüksəlmişdi. 2017-ci ildə istehsal göstəricilərində artım davam etmiş və 136,4 min hektar sahədə pambıq əkilərək 207,5 min ton xam pambıq tədarük olunmuşdur. 2018-ci ildən başlayaraq isə dövlət başçısının torpaq və su resurslarından səmərəli itifadənin təmin edilməsi çağırışına uyğun olaraq pambıqçılığın intensiv inkişafının təmin edilməsi üçün tədbirlər görülməyə başlanıb. Əgər 2017-ci ildə məhsuldarlıq 15,3 sentner/hektar idisə, 2018-ci ildə məhsuldarlıq göstəricisi 15 faiz yüksələrək 17,6 sentner/hektara çatıb.
Onu da vurğulamaq yerinə düşər ki, 2019-cu ilin əvvəllərində pambıq istehsalı sahəsindəki nəticələr ciddi təhlil edilib. Müəyyən olunub ki, ümumi pambıq əkinlərinin 2017-ci ildə 18,9 min hektarı və ya 13,9 faizi, 2018-ci ildə isə 28,2 min hektarı və ya 20,7 faizi pambıq əkinləri üçün əlverişsiz, su təminatı olmayan torpaq sahələrində fərdi qaydada əkin aparan istehsalçılar tərəfindən həyata keçirilib. Bunun nəticəsində fərdi qaydada əkin aparan təsərrüfatlarda məhsuldarlıq aşağı olub, ölkə üzrə orta məhsuldarlıq göstəricisinin kəskin olaraq azalmasına gətirib çıxarıb. Məhz bu təhlillərin nəticələrinə əsaslanaraq fermerlər arasında pambığın daha əlverişli sahələrdə əkilməsi ilə bağlı geniş təbliğat işləri aparılıb. Nəticədə 2019-cu ildə 100 min hektar ərazidə pambıq əkilib və 294 min ton pambıq yığılıb. Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən müşavirədə bəyan edildiyi kimi, bu, son illər üçün pambıq yığımı üzrə rekord göstəricidir.
Göründüyü kimi, düşünülmüş və məqsədyönlü tədbirlər öz müsbət nəticəsini verib. Tədbirlərdən danışarkən bildirmək yerinə düşər ki, 2005-2018-ci illər ərzində “Aqrolizinq” ASC tərəfindən ölkəyə 403 pambıqyığan kombayn gətirilib və 2019-cu il üçün ölkədə artıq 469 pambıqyığan kombayn mövcuddur. Qeyd edək ki, normativlərə görə, 100 min hektar pambıq sahəsindən pambığın yığılması üçün bu kombaynlar kifayət edir. Digər kənd təsərrüfatı texnikaları ilə təminat da 100 faiz təmin edilib. Göründüyü kimi, texniki cəhətdən pambıqçılıq tam təmin olunub. Fermerlərin stimullaşdırılması üçün 2016-cı ildən başlayaraq tədbirlər görülməkdədir. 2016-cı ildən pambığın hər kiloqramına görə istehsalçılara dövlət tərəfindən 10 qəpik subsidiya verilməyə başlandı. 2015-ci ildə pambığın satınalma qiyməti 41 qəpik idisə, 2018-ci ildən bu rəqəm 65 qəpiyə qaldırıldı. Bununla yanaşı, fermerlərə satılan pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi 5 dəfə artırılaraq hər hektara görə 50 manata, mineral gübrələrin dəyərinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi isə 50 faiz artırılaraq hər hektara görə 150 manata çatdırıldı. “Aqrolizinq” ASC-nin balansında olan 768 texnika vasitəsilə fermerlərə güzəştli şərtlərlə dəstək göstərildi, gübrələrin səyyar formada yerlərdə və sahələrdə satışı həyata keçirildi. Bütünlükdə kənd təsərrüfatı texnikalarının alınmasına 40 faiz güzəşt tətbiq olundu. Yuxarıda da vurğulandığı kimi, bütün bunların nəticəsidir ki, istehsal və məhsuldarlıq göstəricilərində ciddi artıma nail olunub. Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədəki nitqində bu məqama toxunan dövlət başçısı deyib ki, pambıq yığımı, demək olar ki, başa çatıbdır: “Bu il rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib. Bu, doğrudan da çox böyük göstəricidir və onu göstərir ki, son illər ərzində pambıqçılıqda inkişafla bağlı atılmış bütün addımlar öz səmərəsini verməkdədir. Bu, bir daha onu göstərir ki, dövlət dəstəyi olmadan pambıqçılıq inkişaf edə bilməz. Biz demək olar ki, Azərbaycanda pambıqçılığı dirçəltmişik, bunu çox gəlirli sahəyə çevirmişik, pambıqçılıqla məşğul olan rayonlarda məşğulluq problemlərini həll etmişik. Beləliklə, biz qarşımızda duran bütün vəzifələrə nail olmuşuq, bu vəzifələri icra etmişik”.
Dövlət başçısının müşavirədəki nitqində bildirdiyi kimi, bu il yeddi rayonda məhsuldarlıq 30 sentnerdən yuxarı olub: “Bunlar ardıcıllıqla aşağıdakı rayonlardır: Tərtər - 34,8 sentner, Bərdə - 33,7 sentner, Salyan - 33,2 sentner, Neftçala - 31,6 sentner, Ağcabədi - 30,7 sentner, Saatlı - 30,4 sentner və Beyləqan - 30,3 sentner. Bu, onu göstərir ki, həm fermerlər, həm şirkətlər, həm də rayon rəhbərliyi bu işlərə çox məsuliyyətlə yanaşıblar və belə gözəl nəticələr əldə edilibdir. Üç rayonda məhsuldarlıq 30 sentnerə yaxındır - Biləsuvar rayonu - 29,5 sentner, Sabirabad rayonu - 29,2 sentner və Ağdam rayonu - 28,2 sentner. Yeddi rayonda məhsuldarlıq 20 sentnerdən çoxdur və bu rayonlar nəticə çıxarmalıdır. Üç rayonda isə məhsuldarlıq 20 sentnerdən azdır. Bax, bu rayonlarda çox ciddi təhlil aparılmalıdır, nə üçün, bunun səbəbi nədir? Bunun səbəbi olmalıdır. Ucar - 19,3 sentner, Hacıqabul - 14,4 sentner, Ağsu - 9,9 sentner. Hacıqabul və Ağsu rayonlarının icra başçıları dəyişdirildi, yeni icra başçıları təyin edildi. Onlar bu işləri geniş təhlil etməlidirlər və sonra məlumat verməlidirlər ki, məhsuldarlıq nə üçün çox aşağı səviyyədədir”.
Beləliklə, qeyd edildiyi kimi, bu il Azərbaycanda 100 min hektar ərazidə pambıq əkilib. Saatlı (13 min 741 hektar), Ağcabədi (10 min 452 hektar), Biləsuvar (10 min 257 hektar), Bərdə (10 min 140 hektar), Beyləqan (9 min 706 hektar), Sabirabad (8 min 630 hektar) və İmişli (7 min 492 hektar) ən çox pambıq əkini aparılmış rayonlardır.
Cari ilin məhsulu üçün 3427,2 hektar sahədə pambıq becərən tərtərli fermerlər və torpaq mülkiyyətçiləri gərgin zəhmət hesabına yetişdirilmiş məhsulun toplanışını da nümunəvi təşkil edirlər. Tərtər pambıqçıları bu günədək tarlalardan 11 min 936 ton məhsul tədarük ediblər. Hər hektarın orta məhsuldarlığı 34,8 sentnerdir ki, bu da respublikanın pambıqçılıq rayonları arasında ən yüksək göstəricidir. Tərtər pambıqçıları ağır zəhmət bahasına yetişdirdikləri məhsulu son qozasınadək yığmaq üçün çalışırlar. Yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC və “Azərpambıq” MMC və “P-Agro” MMC-yə təhvil verilir.
Qeyd edək ki, ötən il tərtərli “ağ qızıl” ustaları 3300 hektarda pambıq becərib, 8196,5 ton məhsul istehsal ediblər. Builki əkin sahələri ötən ilə nisbətən 3,9 faiz, indiyədək istehsal olunan məhsul isə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 48,1 faiz çoxdur.
Payızın son günlərində hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, Kürdəmir pambıqçıları da ağır zəhmət bahasına yetişdirdikləri məhsulu son qozasınadək yığmaq əzmi nümayiş etdiriblər. Cari mövsümdə 2809 hektarda “ağ qızıl” yetişdirən pambıqçılar dekabrın 20-dək 6408,4 ton məhsul toplayıblar və hazırda məhsul yığımı davam edir. Həmin günlərdə pambıq yığımı əsasən “P-Aqro” MMC-nin Xırdapay, Qarasu, Şilyan, Muradxan və bir sıra digər ərazi dairələrində yetişdirdiyi sahələrdən yığılıb. Bu sahələr 1800 hektar ərazini əhatə edir.
Verilən məlumatlara əsasən rayonda pambıq əkini sahələri ötən ildəkinə nisbətən 2221 hektar azalsa da, məhsul istehsalı iki dəfəyə yaxın artıb. Hər hektardan indiyədək 22,8 sentner “ağ qızıl” götürülüb. Halbuki ötən il bu göstərici 13,44 sentner olub.

(davamı növbəti sayımızda)
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 701 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30