Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında su layihələrinin icrası geniş vüsət alıb

Azərbaycanın regionlarında su layihələrinin icrası geniş vüsət alıb

28.12.2019 [09:50]

Ötən müddətdə su layihələrinin həyata keçirildiyi 50 şəhər və rayon mərkəzinin 30-da içməli su və kanalizasiya layihələri, 11-də isə içməli su layihələrinin icrası yekunlaşıb
Son 16 ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanlar əsasında təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində görülən işlər sırasında infrastruktur layihələrinin icrası da xüsusi yer tutur. Həyata keçirilən belə çoxsaylı layihələr sayəsində Azərbaycan infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Respublikamızda infrastruktur layihələri bir qayda olaraq dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilir. Sonradan iş adamları, ələlxüsus da fermerlər bu layihələrdən bəhrələnməklə bölgələrdə öz təsərrüfatlarını genişləndirirlər. Yaradılan müasir infrastruktur həmçinin regionlarda yaşayan insanların həyatına böyük rahatlıq gətirir.
Hazırda respublikanın 11 şəhərində su layihələrinin icrası davam etdirilir
Respublikamızın regionlarında infrastruktur quruculuğunun geniş vüsət almasından söhbət açarkən su və kanalizasiya layihələrinin icrasını da xüsusi vurğulamaq lazımdır. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov KİV-ə bildirib ki, Prezident İlham Əliyevin hər bir yaşayış məntəqəsinin 24 saat, fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin bölgələrdə genişmiqyaslı içməli və tullantı su layihələri icra olunub, bu işlər hazırda da davam etdirilir. Ötən müddətdə layihələrin həyata keçirildiyi 50 şəhər və rayon mərkəzinin 30-da içməli su və kanalizasiya layihələri, 11-də isə içməli su layihələrinin icrası yekunlaşıb. 10 şəhərdə tullantı sutəmizləyici qurğu inşa edilir. Hazırda Gəncə, Şəki, Mingəçevir kimi iri şəhərlər də daxil olmaqla ümumilikdə 11 şəhərdə layihələrin icrası davam etdirilir.
“Azərsu” rəsmisinin bildirdiyinə görə, iqlim dəyişmələrinin su mənbələrinin məhsuldarlığına təsiri ilə əlaqədar Gədəbəy, Lerik, Şəki, Şamaxı və Tovuz rayonlarında alternativ su mənbələri yaradılır. İçməli suyun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Qobustan və Ağstafada sutəmizləyici qurğular tikilib. 2019-cu ildə 7 rayonun 18 kəndində layihələrin icrasına başlanılıb. Bu layihələr çərçivəsində 30 minədək kənd sakininin içməli su təchizatı yaxşılaşacaq.
“Azərsu” rəsmisi onu da bildirib ki, Azərbaycanın bütün yaşayış məntəqələrinin su pasportları hazırlanır. Həmin pasportlarda əhalinin sayı, su mənbəyi, su təchizatının vəziyyəti və s. məlumatlar əksini tapacaq.
Beyləqan şəhərində tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşmaq üzrədir
Ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsini prioritet hesab edən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında tullantı sularının idarə olunması, ətraf mühitə ziyan vurmadan təmizlənib kənarlaşdırılması mühüm yer tutur.
Son illər bölgələrdə icra olunan içməli su və kanalizasiya layihələri çərçivəsində hər bir şəhərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi nəzərə alınıb. “Azərsu” ASC-nin sifarişi ilə icra olunan layihələr çərçivəsində Şamaxı, Qəbələ və Göyçay şəhərlərində tullantı sutəmizləyici qurğuların tikintisi yekunlaşıb. Hazırda Ağdaş, Ağcabədi, Beyləqan, Qobustan, Xızı, Daşkəsən, Xaçmaz və Naftalan şəhərlərində belə qurğuların tikintisi davam etdirilir.
Hazırda cəbhəyanı bölgədə yerləşən Beyləqan şəhərində məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi üzrə son tamamlama işləri aparılır. Təmizləyici qurğuda barmaqlıq və qumtutucular, daxili kommunikasiya sistemləri quraşdırılıb, giriş kollektorunun tikintisi yekunlaşıb. Tullantı sutəmizləyici qurğu istismara verildikdən sonra Beyləqan şəhərində su və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri tam yekunlaşacaq.
Qeyd edək ki, “Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilir. Layihənin icrasına 2012-ci ilin oktyabrında başlanılıb. Beyləqan şəhərini içməli su ilə təmin etmək üçün 6 subartezian quyusu qazılıb. Quyu ərazisində ümumi tutumu 1000 kubmetr olan 2 su anbarı və nasos stansiyası tikilib. Su mənbəyindən Beyləqan şəhərinə 8,5 km magistral su xətti çəkilib. Şəhər ərazisində mövcud olan 4000 kubmetr tutumlu 2 su anbarı əsaslı təmir olunub. Beyləqan şəhərində 91,6 km içməli su, 89,5 km kanalizasiya şəbəkələri yaradılıb, 4500-dək ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb. Ümumilikdə bu layihədən 25 minədək sakin faydalanıb.
Ağcabədi şəhərində məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğular kompleksi inşa olunur
Cəbhəyanı bölgədə yerləşən Ağcabədi şəhərində artıq su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb, hazırda burada tullantı sutəmizləyici qurğuda son tamamlama işləri aparılır. Məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğular kompleksi təmizləyici qurğu, kompressor və anbardan ibarətdir. Qurğunun girişində iri və xırda barmaqlıqlar, qumtutucular inşa edilib və avadanlıqların quraşdırılmasına hazırlıq görülür. Tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankının birgə layihəsi çərçivəsində şəhərin içməli su təchizatı infrastrukturu yenidən qurulub. Ağcabədi şəhərini içməli su ilə təmin etmək üçün 14 subartezian quyusu qazılıb, su mənbəyindən şəhərədək 30 km magistral su xətti və ümumi tutumu 10 min kubmetr olan 2 su anbarı inşa edilib. Layihəyə uyğun olaraq şəhərdə 214 km içməli su və 192 km kanalizasiya şəbəkələri yaradılıb, 8 mindən çox abonentə birləşmə verilib. Ağcabədi şəhərində icra olunan layihədən 45 minədək sakin faydalanıb.
Qobustan rayonunun Sündü kəndinin içməli su təchizatı yaxşılaşdırılır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramına uyğun olaraq Qobustan rayonunun kəndlərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir. Bu tədbirlər çərçivəsində rayonun Sündü kəndində mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılır.
Sündü kəndinin içməli su probleminin həlli məqsədilə “Azərsu” ASC tərəfindən layihə hazırlanıb və qısa müddətdə tikinti-quraşdırma işlərinə başlanılıb. Səhmdar Cəmiyyətin daxili imkanları hesabına icra olunan layihə çərçivəsində Sündü kəndinin yeni yaşayış massivində mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi yaradılır. Layihəyə əsasən, sakinlərə içməli su kəndin yaxınlığındakı mövcud bulaqlardan veriləcək. Bu məqsədlə su mənbəyində yeni nasos quraşdırılacaq, 50 kubmetr tutumlu toplayıcı su anbarı və 3,5 km uzunluğunda polad borulardan ibarət magistral su kəməri təmir ediləcək. Mənbədən götürülən su kəndin relyef baxımından yüksək hissəsində yerləşən və hər birinin tutumu 50 kubmetr olan 2 su anbarına vurularaq özüaxımlı rejimdə yeni tikilmiş şəbəkəyə paylanacaq. Layihə çərçivəsində kənddə ümumi uzunluğu 5,7 km olan magistral və paylayıcı su xətləri inşa edilir. Yeni şəbəkədən 150 fərdi evə birləşmə verilərək sayğac quraşdırılması həyata keçirilir.
Yeni layihənin icrasından kəndin 1000-dək sakini faydalanacaq. Qeyd edək ki, bu yaxınlarda Qobustan rayonunun daha 3 kəndində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələr həyata keçirilib. Rayonun Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərində hər birinin tutumu 50 kubmetr olan 3 ədəd su anbarı, ümumi uzunluğu 17 km olan paylayıcı su şəbəkələri inşa edilib. Yeni şəbəkələrdən hər bir evə birləşmə verilərək sayğaclar quraşdırılıb. Bununla da 4 minədək sakinin içməli su problemi həll edilib.
Neftçala, Qax, Yevlax, Salyan, Şəmkir şəhərlərində müasir su və kanalizasiya şəbəkəsi qurulacaq
Yaxın perspektivdə respublikamızın bir sıra bölgələrində, o cümlədən də Neftçala, Qax, Yevlax, Salyan, Şəmkir şəhərlərində müasir su və kanalizasiya şəbəkəsi qurulacaq. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Yevlax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5 milyon manat ayrılıb. Dövlət başçısının digər Sərəncamı ilə Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin 3 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Şəmkir və Qax şəhərinin də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdiriləcək. Dövlət başçısının imzaladığı müvafiq sərəncamlarla Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 8 milyon manat, həmçinin Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə 8 milyon manat vəsait ayrılıb. Prezident İlham Əliyevin digər bir Sərəncamı ilə isə Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 671 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30