Regionlarda arıçılığın inkişafı istiqamətində hərtərəfli tədbirlər həyata keçirilir
12.02.2020 [09:37]
Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması, habelə bu sahəyə marağın stimullaşdırılması üçün dövlət tərəfindən subsidiyaların verilməsi mühüm əhəmiyyət daşıyır
Son 16 ildə ölkədə iqtisadi sahədə aparılan islahatlar nəticəsində kənd təsərrüfatının bütün sahələrində ciddi inkişaf əldə edilib. Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılmasına, qeyri-neft sektorunun sürətlə inkişafına təkan vermək üçün kənd təsərrüfatının bütün sahələrinə dövlətin diqqətinin artırılması siyasəti nəticəsində ölkəmizdə ixracyönümlü məhsulların istehsalında da xeyli uğur əldə edilib. İstehsal və ixrac imkanlarının artırılmasına xüsusi diqqət göstərilən sahələrdən biri də arıçılıqdır.
Onu da vurğulamaq yerinə düşər ki, bu sektorda fəaliyyət göstərən təsərrüfatların subsidiyalaşdırılması, bazara çıxışının təmin olunması istiqamətində mühüm addımlar atılıb. Həmçinin Azərbaycanda arıçılığın inkişaf etdirilməsi dövlət başçısının apardığı siyasətinin prioritet istiqamətlərindən biri hesab olunur və bu sahə diqqət mərkəzində saxlanılır.
Təsadüfi deyil ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı nitqində Prezident İlham Əliyev arıçılığa dövlət dəstəyinin artırıldığını vurğulayaraq deyib: “Arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var. Bizim balımız çox keyfiyyətlidir, xarici bazarlarda yüksək qiymətləndirilir. Biz indi həm ailə biznesi çərçivəsində arıçılığa dəstək oluruq, həm də ki, subsidiyalar verilir, bu yaxınlarda artırılıbdır. Arıçılığın böyük perspektivləri var, bu, çox gəlirli sahədir. Fermerlər, vətəndaşlar üçün çox gözəl nəticələr verə bilər”.
Dövlət dəstəyi sayəsində ölkədə arıçılığı inkişaf etdirmək məqsədi ilə son illərdə bir sıra tədbirlər həyata keçirilib. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdində Arıçılıq Mərkəzi yaradılıb, habelə Azərbaycan Arıçılar Assosiasiyası təsis edilib. Hazırda damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, festivalların, sərgi-satış yarmarkalarının təşkili istiqamətlərdə məqsədyönlü tədbirlər görülür.
Yeri gəlmişkən qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzi Ağsuda “Arıçılıq mövsümünə başlanması ilə əlaqədar ilkin profilaktik tədbirlərin görülməsinə dair tövsiyələr” mövzusunda seminar keçirib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində təşkil olunan seminarda mərkəzin direktor müavini Elçin Məmmədov çıxış edərək rayonda arıçılığın mövcud vəziyyətindən danışıb, bu sahə ilə məşğul olan sahibkarların ildən-ilə artdığını qeyd edib. Vurğulayıb ki, hazırda rayonda 820 nəfər arıçı var. Onlar 15 mindən çox arı ailəsi saxlayırlar. E.Məmmədov hər bir arı ailəsi üçün verilən subsidiyanın bu sahəyə marağı daha da artırdığını vurğulayıb.
Elmi-Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzinin rəisi Allahverdi Seyidov mövsümün başlanması ərəfəsində profilaktik tədbirlərlə bağlı arıçılara geniş bilgilər və məsləhətlər verib. Qeyd olunub ki, yaxşı yemləmə, saxlanma, balverən bitki sahəsində arıxananın düzgün yerləşdirilməsi, profilaktik tədbirlər diqqət mərkəzində saxlanılmalıdır.
Yuxarıda qeyd olunduğu kimi, arıçılıq təsərrüfatının genişləndirilməsi istiqamətlərində məqsədyönlü tədbirlər görülür. Belə ki, bu ilin mart ayında Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzində əldə olunan süni mayalanmış təmiz qanlı ana arılar ilk dəfə olaraq arıçılara veriləcək. Bundan başqa, mərkəzdə üzərlərində elmi tədqiqatlar aparılan arı ailələri üçün 3 hektar ərazidə yeni badam bağı salınır.
Hazırda Mərkəz respublikamızda təmiz qanlı Bozdağ Qafqaz arısının qorunması və genofondunun yaradılması üzərində çalışır. Mərkəzin süni mayalandırma laboratoriyasında 2017-ci ildən türkiyəli alimlərlə birgə aparılmış tədqiqatlar nəticəsində süni döllənmiş 30 ədəd təmiz qanlı Bozdağ Qafqaz ana arısı alınıb. Məhsuldarlığı ilə seçilən bu ana arıların razılaşma yolu ilə mart ayından fermerlərə verilməsi nəzərdə tutulur.
Arıçılıq Mərkəzinin rəisi Allahverdi Seyidov bildirib ki, bundan sonra istənilən fermer, yaxud təsərrüfat sahibi elektron qaydada Arıçılıq Mərkəzindən süni yolla mayalanmış arılar əldə edə biləcək. Adi arı ailələri 10-15 kiloqram bal verdiyi halda süni mayalanmış ana arılarda bu göstərici 2 dəfə yüksək olacaq. Məhz bu yolla bir arı ailəsindən 50 kiloqram bal götürmək mümkündür. Bu həm təcrübədə özünü doğruldub, həm də böyük perspektivi var.
Mərkəzdə 2017-ci ildə arıların erkən nektara olan tələbatını ödəmək üçün 1 hektar ərazidə razmalin, 3 hektarda Türkiyədən gətirilən Lavanda və 1 hektarda Çin mənşəli tut ağacları əkilib. Ötən ilin dekabrından isə 3 hektar ərazidə 1100 ədəd badam bağı salınıb. Yaxın vaxtlarda burada arı üçün yaxşı yem bazası olan yonca, qızılgül kolları da basdırılacaq.
Allahverdi Seyidov qeyd edib ki, bir hektar badam bağından ağacların sıxlığına görə 50-150 kiloqram bal götürmək mümkündür. Badam suvarmaya çox da meyilli bitki deyil. Bu ağaclar Günəşi daha çox sevirlər. Ona görə də hətta quraq, küləkli iqlimlərdə badam bağları yaxşı nəticə verir. Bu ağacların digər üstünlüyü odur ki, onlardan yüksək çiçək tozu alınır. Damazlıq işinin təşkilində çox yüksək təsir edir.
Qeyd edək ki, Mərkəzdə 200 təmiz qanlı Bozdağ Qafqaz arı ailəsi saxlanılır. Ötən il 100-dən çox ana arı fermerlərə satılıb. Mərkəzin hədəfi isə gələcəkdə təmiz qanlı arı ailəsinin sayını 330-a çatdırmaqdır.
Azərbaycanda arıçılığın inkişaf etdirilməsinə dövlət dəstəyi çərçivəsində subsidiyaların verilməsi də mühüm əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Naxçıvan Muxtar Respublikasında arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə saxladıqları hər arı ailəsinə görə subsidiyaların verilməsi bu sahəyə marağı artırıb, 2019-cu ilin sonuna arı ailələrinin sayı 99 min 798-ə çatdırılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, muxtar respublikada arıçılığın inkişafının stimullaşdırılması, kiçik biznesin dəstəklənməsi və kənd yerlərində məşğulluğun təmin edilməsi üzrə mühüm tədbirlər həyata keçirilir. İqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsi olan arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. 2019-cu ildə bu sahədə müvafiq tədbirlər görülüb, arıçılıq məhsullarının istehsalı və qablaşdırılması sahəsinin, 7 arıçılıq təsərrüfatının yaradılması, 2 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 7 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilib. Təsərrüfat subyektlərinə 2019-cu ildə 607 min manat kredit verilib ki, bu da 2018-ci ildəki göstəricidən 80,3 faiz çoxdur.
Ötən il Balakən rayonunda arıçılıqla məşğul olan 995 arıçıya saxladıqları 27 min 810 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 278 min 100 manat subsidiya ödənilib.
Bu barədə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Səmədov məlumat verib. Qurum rəsmisi bildirib ki, arıçılığın inkişafına dövlət dəstəyinin göstərilməsi Balakən rayonunda da bu sahəyə marağın artmasına səbəb olub. Hazırda Balakən respublika üzrə ən çox arı ailələrinin mövcud olduğu rayonlardan biridir. Belə ki, son bir ildə arıçılıq təsərrüfatlarında olan arı ailələrinin sayı 3 mindən çox artıb. 2019-cu ildə rayonda 120 ton bal istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 26 ton artıb.
Onu da xatırladaq ki, son illər təşkil olunan “Arıçılıq məhsulları - bal festivalı” və bal yarmarkaları da arıçıların fəaliyyətinə geniş stimul yaradıb.
Belə ki, ötən il “Aqrar tədarük və təchizat” ASC tərəfindən Bakı şəhərində təşkil olunan 20-ci bal yarmarkasında 317 arıçı iştirak edib. “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin 2019-cu ilə dair hesabatında deyilir ki, bal yarmarkasında 110 tona yaxın bal və arıçılıq məhsulları satılıb.
Arıçılıq məhsullarının əhəmiyyətinə gəlincə, 40 milyon il əvvəl yaranan arılar bir vaxtlar qədim yunanlar və romalılar tərəfindən “Günəşin qızı”, “Müqəddəs varlıq” hesab olunub. Arıları istehsal etdiyi dəyərli təbii məhsullarına görə loğman da sayırlar. Milyonlarla çiçəkdən topladığı bal kimi, arının ölüsündən də dərman vasitəsi olaraq istifadə edilir. Qədim zamanlardan loğmanlar tərəfindən arının ölüsündən xüsusi dərmanlar hazırlanırmış.
Qərb bölgəsində arıçılar bu dəyərli canlının balı ilə yanaşı, ölüsündən də faydalanırlar. İyirmi ildir arıçılıqla məşğul olan Qazax şəhər sakini, arıçı İlqar Həsənov təkcə bal götürməklə kifayətlənmir. O, arının ölüsünün də xeyirli olduğunu söyləyir. Ölü arılardan dərman hazırlayan İlqar Həsənov deyir ki, cəmi 40-45 gün ömrü olan arının ölüsü yüzə qədər xəstəliyin sağalmasında köməkçi vasitədir. Arı südünün, mum güvəsindən hazırlanan məhsulun əks təsiri ola bilər, ancaq arı ölüsünün heç bir əks təsiri yoxdur. Yay mövsümündə arı ölüsündən hazırlanan dərmanlar daha effektiv olur.
Arıçı İlqar Həsənov bildirib ki, bu canlıların ölüsü yaxşı qurudulmalıdır: “Toz halına salındıqdan sonra dərman vasitəsi hazırlanır. Arı ölüsündə olan xitozan maddəsi qanda xolesterinin azalmasına, bağırsaqların təmizlənməsinə kömək edir. Böyrək, zob, revmatizm xəstəliklərinə, qan təzyiqinin normallaşmasına müsbət təsir göstərir”.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51

