Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Qədim ənənələrə malik baramaçılığın və tütünçülüyün dirçəldilməsi prioritet vəzifələrdən biri kimi müəyyən olunub

Qədim ənənələrə malik baramaçılığın və tütünçülüyün dirçəldilməsi prioritet vəzifələrdən biri kimi müəyyən olunub

13.02.2020 [09:10]

Kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın və tütünçülüyün inkişaf etdirilməsi istiqamətində regionlarda davamlı işlər görülür
Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan 2019-cu ili də uğurla başa vurub. Belə ki, əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilib, qarşıya qoyulan bütün vəzifələr il ərzində icra olunub. Heç şübhəsiz, bütün bu uğurlar Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən sosial-iqtisadi inkişaf siyasəti nəticəsində əldə olunub. Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, əldə edilən uğurlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində görülən işlərin də payı var.
Daha dəqiq desək, bu gün Azərbaycan Respublikasının inkişafını şərtləndirən əsas faktorlardan biri də ölkəmizin regionlarının dinamik inkişafıdır. 2004-cü ildən icrasına başlanılan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsidir ki, hazırda bütün şəhər və rayonlarımızda müasir standartlara cavab verən güclü infrastruktur formalaşdırılıb, əhalinin sosial müdafiəsinin təşkili istiqamətində effektiv tədbirlər görülüb, yüzminlərlə yeni iş yerləri yaradılıb, vətəndaşların gəlirləri əsaslı şəkildə artıb, o cümlədən kənd təsərrüfatı daha sürətlə inkişaf edib.
Ölkəmizin regionlarında aqrar sahənin inkişafından bəhs edərkən kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın və tütünçülüyün inkişafı istiqamətində atılan mühüm addımları, həyata keçirilən işləri xüsusi olaraq qeyd etmək yerinə düşər. Xatırladaq ki, hələ 2017-ci ildə keçirilən “Barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə çıxış edən Prezident İlham Əliyev bu sahələr üçün dövlətin öz dəstəyini əsirgəmədiyini bildirməklə yanaşı, qarşıya konkret məqsədlər qoymuşdu. Məsələn, dövlət başçısı bildirmişdi ki, əgər bütün planlarımız həyatda öz əksini tapsa, biz 2025-ci ildə 6 min ton barama istehsal edə bilərik. Sözügedən müşavirədə dövlət başçısı qeyd etmişdi ki, bu sahənin inkişafı üçün dövlət öz dəstəyini əsirgəmir. Belə ki, bütün tinglər dövlət tərəfindən alınır, baramaqurdu toxumları da xaricdən gətirilir və ağacəkmə prosesi kütləvi xarakter alır.
Beləliklə, dövlət başçısının həmin müşavirədə qarşıya qoyduğu məqsədlərə çatmaq üçün qısa zaman ərzində mühüm addımlar atılıb və artıq real nəticələr var. Belə ki, regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bu məqama da toxunan Prezident İlham Əliyev “Tütünçülüyün inkişafı sayəsində Sumqayıtda yeni siqaret fabriki yaradıldı, Bakı siqaret fabriki yenidən quruldu. Biz daxili tələbatı tam ödəməliyik və ödəyəcəyik, ixrac da edəcəyik. Yoxsa ki, əvvəlki illərdə tütün tədarük etməyən ölkələr bizə siqaret satırdı. Bu, bir nonsensdir. Bizim tütünümüz də, şəraitimiz də var. Ona görə bax, bu, emal sənayesinin inkişafının təzahürüdür. Baramaçılıq da həmçinin. Çünki burada da zəncir yaradılır - kümçüdən ta Şəki ipək kombinatına qədər. Orada da artıq yüzlərlə adam işlə təmin edilib. Kəndlərdə də minlərlə adam işlə təmin olunub və 30-40 gün ərzində böyük vəsait əldə edir, özü də az əziyyət çəkməklə”, - deyib.
Bir sözlə, Azərbaycanda qədim ənənələrə malik baramaçılığın və tütünçülüyün dirçəldilməsi ölkə rəhbərliyi tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən olunub. Və regionlarda bu istiqamətdə görülən işlər davamlı xarakter daşıyır. Məsələn, son illər şimal-qərb bölgəsinin digər rayonları kimi, Şəkidə də baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Görülmüş tədbirlər nəticəsində son üç ildə rayonda yaş barama istehsalı 5,6 dəfədən çox artaraq 48 tona çatıb.
Şəki Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən baramaçılığın dirçəldilməsi rayonda əhalinin məşğulluğunun təmin edilməsi və gəlirlərinin artmasına çox yaxşı təsir göstərir. Belə ki, ötən il Şəkidə baramaçılıq sahəsində 3 min nəfərədək kənd sakini işlə təmin olunub. Kümçü ailələri 30-40 gün müddətində barama istehsalından 432 min manat gəlir əldə ediblər.
O da əlavə edilib ki, baramaçılığın gələcək inkişafını təmin etmək və onun yem bazasını möhkəmləndirmək məqsədilə son illər rayon ərazisində 446 min ədəd tut tingi əkilib. Əkilən tinglərin 202 mini intensiv tipli tut bağlarının salınması məqsədilə Çin Xalq Respublikasından ölkəmizə gətirilən calaq olunmuş tinglər, qalanları isə yerli tut tingləridir.
Sabirabad rayonunda da baramaçılığın əvvəlki şöhrətinin qaytarılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ötən il 14 tondan çox barama istehsal edən rayon kümçüləri cari ildə məhsul istehsalını daha da artırmaq üçün indidən hazırlıq işlərinə başlayıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin aqronomu Bəxtiyar Məmiyev KİV-ə açıqlamasında bildirib ki, rayonda baramaçılığın inkişafına xüsusi diqqət yetirilir. Son 4 ildə ayrı-ayrı yaşayış məntəqələrində 135 min ədəd tut tingi əkilib, ipəkqurdu bəslənməsi üçün yeni tikililər inşa olunaraq ipəkçilərin ixtiyarına verilir və digər işlər görülür.
Həyata keçirilən tədbirlər isə rayonda barama istehsalının ilbəil artmasına səbəb olub. Belə ki, 2019-cu ildə rayonda 500 ailə ilə müqavilə bağlanaraq onlara ödənişsiz ipəkqurdu toxumu paylanılıb və 14,2 tondan çox məhsul istehsal olunub. İstehsal edilən baramadan yaxşı qazanc götürən rayon kümçüləri cari ildə məhsul istehsalını daha da artırmağı nəzərdə tutublar və hazırda bu istiqamətdə işlər görülür. Bu məqsədlə barama bəsləmək istəyən kümçülərin indidən qeydiyyatı aparılır və onlarla mütəmadi olaraq görüşlər keçirilir, fikir mübadiləsi aparılır. Bu isə baramaqurdu bəsləmək istəyən sakinlərin sayının günbəgün artmasına öz təsirini göstərir. Artıq rayonda ipəkqrudu bəsləmək istəyən 250-dən çox ailə qeydə alınıb.
Respublikamızın digər bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. Tərtər Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov bildirib ki, rayonun xeyli inkişaf edən sahələrindən olan baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildən yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayon kümçüləri tərəfindən 959 kiloqram, 2017-ci ildə 4601 kiloqram, 2018-ci ildə 10 min 228 kiloqram, 2019-cu ildə isə 18 min 322 kiloqram barama istehsal edilib. Barama tədarükü 2018-ci ilə nisbətən 79,1 faiz, son 4 ildə 19,1 dəfə artıb. İpəkqurdunun yem bazasının bərpası məqsədilə son üç ildə rayon ərazisində 250 mindən artıq tut tingi əkilib.
Abbas Cavadov qeyd edib ki, rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını dəfələrlə artırmağa imkan verir.
Öz növbəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzi rayonlarda seminar-müşavirələr keçirir. Bu istiqamətdə Ağsuda baramaçılığın inkişafı, qarşıdakı mövsümdə kümxanaların hazırlanması, ipəkqurdunun yemləndirilməsi məsələlərinə həsr olunan seminar-müşavirə keçirib. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində təşkil olunan seminar-müşavirədə kümçülər və aidiyyəti mütəxəssislər iştirak ediblər.
Seminar-müşavirədə mərkəzin direktor müavini Elçin Məmmədov çıxış edərək son illər rayonda baramaçılığın inkişaf etdiyini, bu sahəyə marağın ildən-ilə artdığını söyləyib. Bildirib ki, 2016-cı ildə Ağsuda 40 qutu ipəkqurdu toxumundan 1691 kiloqram barama istehsal olunmuşdusa, bir neçə ildə bu göstərici 10 min 900 tonu ötüb.
Seminar-müşavirədə Aqrar Elm Mərkəzinin ipəkçilik üzrə mütəxəssisi Məzahir Ədilov respublikamızda baramaçılığın inkişafı istiqamətində görülən tədbirlərdən, qazanılan uğurlardan və qarşıda duran vəzifələrdən danışıb. Mütəxəssis kümçülərə kümxanaların hazırlanması, ipəkqurdunun bəslənmə texnologiyası, yemləmə prosesi, keyfiyyətli barama alınması üçün zəruri olan qulluq qaydaları barədə geniş bilgilər verib. Qeyd edib ki, qarşıdakı mövsümdə ipəkqurdunun bəslənmə müddətində xəstəliklərdən qorunması üçün artıq fevral ayından kümxanalar təmizlənməli, mart ayında isə aprelin birinci yarısınadək dezinfeksiya işləri aparılmalıdır.
Seminar-müşavirədə barama istehsalçılarını narahat edən məsələlər geniş müzakirə olunub, onları maraqlandıran suallar cavablandırılıb.
İsmayıllıda isə “Tut ipəkqurdunun yemləndirilməsi qaydaları və dezinfeksiya işlərinin aparılması” mövzusunda seminar-müşavirə keçirilib. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində Qax rayon Damazlıq İpəkçilik Stansiyasının mütəxəssisləri tərəfindən keçirilən tədbirdə kümçülər və aidiyyəti mütəxəssislər iştirak ediblər. Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rövşən Yəhyayev seminar-müşavirədə çıxış edərək, son illər İsmayıllıda baramaçılığın inkişafı istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Rövşən Yəhyayev qeyd edib ki, qeyri-neft sektorunun inkişafı, aqrar sektorda aparılan islahatlar rayonda baramaçılığın inkişafına güclü təkan verib. Barama istehsalına 2016-cı ildən başlandığını bildirən R.Yəhyayev hər il barama tədarükünün artdığını, o cümlədən 2018-ci ildə 120 qutudan 3899,9 kiloqram, 2019-cu ildə isə 150 qutudan 4205,4 kiloqram barama istehsal olunduğunu söyləyib.

(davamı növbəti sayımızda)
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 650 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30