Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ölkəmizdə heyvandarlığın inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirilir

Ölkəmizdə heyvandarlığın inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirilir

07.04.2020 [21:49]

Kənd təsərrüfatı sahəsində aparılan islahatlar, dövlət tərəfindən göstərilən dəstək fermerlərin bu sahənin inkişafına marağını daha da artırıb

Məlum olduğu kimi, son illər Azərbaycanda dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində kənd təsərrüfatının digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Bu siyasətin tərkib hissəsi olaraq ölkə əhalisinin kənd təsərrüfatı məhsulları, o cümlədən ət və süd məhsulları ilə təmin edilməsi, əsas istehlak məhsullarının idxaldan asılılığının aradan qaldırılması üçün mühüm tədbirlər görülür, davamlı və məqsədyönlü addımlar atılır.
Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də Prezident İlham Əliyevin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə heyvandarlığın inkişafına dair Dövlət Proqramının hazırlanmasıdır. “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair” Dövlət Proqramının əsas məqsədi ölkədə yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq və məhsuldarlığı artırmaqdır.

Müvafiq Dövlət Proqramı əsasında ötən il ölkədə heyvandarlıq sektorunda məhsuldarlığı artırmaq istiqamətində xeyli irəliləyiş əldə edilib. Belə ki, 2019-cu ilin statistikasına görə, ölkəmizdə bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq təsərrüfatları, emal müəssisələri yaradılıb, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün xüsusi tədbirlər həyata keçirilib. 2020-ci ilin ilk aylarında da sözügedən proqramın tətbiqinə uyğun olaraq regionlarda işlər davam etdirilir.

Bu sahədə inkişaf İmişlidə də özünü əyani şəkildə göstərir. Belə ki, rayonda heyvandarlıq məhsulları istehsalı ilbəil artır. Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və baş sayının artırılması üçün yeni-yeni təsərrüfatlar, süni mayalanma məntəqələri yaradılır. Hazırda rayonda 350-ə yaxın fermer təsərrüfatın bu sahəsi ilə məşğul olur və yüksək mənfəət götürür. Rayon Statistika İdarəsindən bildiriblər ki, hazırda rayonun heyvandarlıq təsərrüfatlarında 95 min 397 baş iribuynuzlu mal-qara, 256 min 234 baş qoyun-keçi saxlanılır.
Son illər İmişlidə xırda heyvandarlıq təsərrüfatları ilə yanaşı, 10-na yaxın iri kompleks də yaradılıb və hazırda bu fermalarda 500 başdan çox cins mal-qara bəslənilir. Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusilə diqqət yetirilir. Bu istiqamətdə iş təkcə xaricdən gətirilən cins düyələr hesabına deyil, süni mayalanma yolu ilə aparılır. Mal-qaranın cins tərkibinin süni mayalanma yolu ilə yaxşılaşdırılması ucuz başa gəldiyinə görə fermerlər bu üsula daha çox üstünlük verirlər. Ötən il rayonda mövcud olan süni mayalanma məntəqələrinin mütəxəssisləri tərəfindən fermalarda mayalanmış 2 min 999 inək və düyə 1774 baş buzov alınıb və bu buzovlara görə maldara dövlət tərəfindən 177 min 400 manat subsidiya verilib. Həyata keçirilən tədbirlər nəticəsində rayonda ət, süd və yun istehsalı da ilbəil artır. Təkcə ötən il rayonda 13 min 432 ton ət (diri çəkidə), 50 min 48 ton süd, 4 min 118 ton yun istehsal edilib ki, bu da 2018-ci ildəkindən xeyli çoxdur.

Hacıqabulda da heyvandarlıq məhsullarının istehsalı ilbəil artır. Rayonda əsas təsərrüfat sahəsi olan heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Görülən işlər nəticəsində də rayonda mal-qaranın baş sayı, ət, süd, yun və yumurta istehsalı artır. Rayon Statistika İdarəsindən verilən məlumata görə, hazırda Hacıqabulun heyvandarlıq təsərrüfatlarında 35 min 113 baş iribuynuzlu mal-qara, 133 min 272 baş qoyun-keçi bəslənilir. Naxırlarda ana inək və camışların sayı 15 min 311 başa çatıb. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması və cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər ət, süd və yun istehsalının da artmasına müsbət təsir göstərib. Məlumat üçün bildirək ki, 2019-cu ildə rayonda 9 min 345 ton ət (diri çəkidə), 19 min 773 ton süd, 231 ton yun, 344 milyon 623 min ədəd yumurta istehsal olunub ki, bu da 2018-ci ildə istehsal olunan ətdən 20,02 faiz, süddən 8,2 faiz, yundan 0,19 faiz, yumurtadan isə 15,4 faiz çoxdur.

Saatlıda da kənd təsərrüfatının digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını artırmaq məqsədilə yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşdırılır. Rayon Statistika İdarəsinin məlumatına əsasən, hazırda rayonun ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarında 67 min 691 baş iribuynuzlu mal-qara və 118 min 74 baş qoyun-keçi saxlanılır. Bu da 2018-ci ildəkindən ümumilikdə 883 baş çoxdur. Naxırda ana inək və düyələrin sayı 32 min 307 başa çatıb. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət, süd və yun istehsalına da güclü təkan verib. Yola saldığımız 2019-cu ildə rayonda 7 min 51 ton ət (diri çəkidə), 41 min 870 ton süd və 194.5 ton yun, 14 milyon 106 min ədəd yumurta istehsal olunub ki, bu da 2018-ci ildə istehsal olunan ətdən 5.9 ton, süddən 18 ton, yundan 23.7 ton, yumurtadan isə 2 milyon 181 min ədəd çoxdur.

Mərkəzi Aran regionunda yerləşən Neftçala rayonunda da heyvandarlığın inkişafı diqqət mərkəzindədir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində ət və süd istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur. Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilib, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilib. Hazırda rayonda 9 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılan 4 min 228 baş inək və düyədən cins tərkibi yaxşılaşdırılmış 2657 baş buzov alınıb. Bu da 2018-ci ildəkindən 502 baş çoxdur. Mayalanma aparılmış hər 100 baş inəyə 70 bala düşüb. Süni mayalama yolu ilə alınan buzovlara görə maldarlara 265 min 700 manat subsidiya ödənilib. Rayonun Yuxarı Qaramanlı kəndində fəaliyyət göstərən fermer İlkin Əsgərovun sözlərinə görə, süni mayalanma yolu ilə alınan buzovlar rayonun iqlim şəraitinə tez uyğunlaşır və bu yolla alınan heyvanların həm diri çəkisi, həm də südü yerli inəklərinkindən 3-4 dəfə çox olur.

Ötən il Biləsuvarda da fermerlərə süni mayalanmadan əldə olunan cins buzovlara görə dövlət tərəfindən 60 min manata yaxın subsidiya ödənilib. Biləsuvar rayonunda son bir neçə ildə iribuynuzlu cins heyvanların sayı xeyli çoxalıb. Süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat subsidiya verilməsi isə bu sahəyə marağı daha da artırıb. Ötən il rayonda fəaliyyət göstərən süni mayalama texnikləri tərəfindən 1381 baş inək və düyə süni yolla mayalandırılıb, bundan hələlik 647 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Buzovlardan 50-yə yaxını əkiz doğulub. Sahibkarlar tərəfindən son illər lizinq yolu ilə bölgənin iqliminə uyğun olaraq, Almaniya və Avstriyadan alınıb gətirilən “Aberdin-anqus”, “Simmental”, “Holşteyn-friz”, “Şvis” cinsli heyvanların baş sayı 200-ü ötüb. Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Elman Cəfərov bildirib ki, rayonda heyvandarlıq təsərrüfatlarında 40 min baş iribuynuzlu heyvan saxlanılır. Onların arasında dövlətin dəstəyi ilə xaricdən gətirilmiş cins damazlıq heyvanlar da var. Vətəndaşlar həm ətlik, həm də südlük istiqamətli cins damazlıq heyvanların baş sayının artırılmasına böyük maraq göstərirlər.

Əsasən kənd təsərrüfatı rayonu olan Salyanda da heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən heyvanların baş sayı ilbəil çoxalır ki, bu da məhsul artımına müsbət təsir göstərir. Hazırda ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 62 min 735 baş iribuynuzlu mal-qara, 185 min 925 baş qoyun-keçi saxlanılır. Bu da ötən illə müqayisədə 238 baş çoxdur. Naxırda ana inək və camışlarının baş sayı 33 min 324 başa çatıb. Təkcə ötən il rayonun heyvandarlıq təsərrüfatlarında 13 min 472.2 ton ət (diri çəkidə), 50 min 29.7 ton süd, 347.6 ton yun istehsal olunub. Bu, ötən il istehsal olunan ətdən 185.8 ton, süddən 72.4 ton, yundan isə 100 kiloqram çoxdur. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüzlərlə baş ətlik və südlük düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiyanın verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu yoldan geniş istifadə etmələrinə marağı daha da artırıb. Hazırda rayonda 9 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. 2018-ci ildə bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 6 min 237 baş inək və düyədən 3 min 386 baş buzov alınıb. Doğulan buzovlara görə maldarlara, ümumilikdə, 338 min 600 manat subsidiya ödənilib.

Yüksək dağlıq ərazidə yerləşən Yardımlı rayonunda da aqrar bölmənin aparıcı sahələrindən biri heyvandarlıqdır. Ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatlar, dövlət tərəfindən məhsul istehsalçılarına verilən subsidiyalar, güzəştli kreditlər rayon sakinlərinin bu sahənin inkişafına marağını daha da artırıb. Yardımlı Rayon Statistika İdarəsindən verilən məlumata görə, bu ilin əvvəlinə rayonda iribuynuzlu mal-qaranın sayı 28980 baş, o cümlədən inək və camışların sayı 14805 baş, qoyun və keçilərin sayı isə 88058 baş olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə mal-qaranın sayı 179 baş, o cümlədən inək və camışların sayı 139 baş artıb. Artım səviyyəsi heyvandarlıq məhsullarının istehsalına da öz müsbət təsirini göstərib. Rayonda 42524 sentner diri çəkidə ət, 248529 sentner süd, 13210 min ədəd yumurta, 1613 sentner yun istehsal olunub. Ötən illə müqayisədə ət məhsulu üzrə 5820 sentner, süd məhsulu üzrə 9661 sentner, yun istehsalı üzrə 13 sentner artım qeydə alınıb. Rayonda heyvandarlıq məhsullarının istehsalında Bozayran, Şiləvəngə, Arvana, Çayüzü kənd inzibati ərazi dairələrində ailə təsərrüfatları, hüquqi şəxslər arasında isə “Bəhrəli” kooperativi, “Mehdi”, “Amil” və “Arzu” kəndli fermer təsərrüfatları daha yüksək nəticələr əldə ediblər.
Beləliklə, ölkəmizdə heyvandarlığın inkişafı istiqamətində sistemli tədbirlər uğurla davam etdirilir ki, bu da sözügedən sahədə məhsuldarlığın artmasını şərtləndirir.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 846 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30