Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda aqrar sektorda fəaliyyət xüsusi karantin rejiminin tələblərinə uyğun qurulub

Regionlarda aqrar sektorda fəaliyyət xüsusi karantin rejiminin tələblərinə uyğun qurulub

17.04.2020 [10:26]

Kənd Təsərrüfatı naziri İnam Kərimovun bildirdiyinə görə, karantin rejimi dövründə təsərrüfatların gübrə ilə təmin olunması üçün təchizatçı şirkətlər tərəfindən respublikanın bölgələrində səyyar satışlar təşkil edilir

 

Yaz ayları kənd təsərrüfatı sahəsində aqrotexniki tədbirlərin və səpinlərin aparılması üçün ən intensiv dövr hesab olunur. Buna görə də ölkədə koronavirus pandemiyası səbəbindən tətbiq edilən karantin rejiminin aqrar sektora təsirinin minimuma endirilməsi üçün Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq zəruri tədbirlər görülür. Regionlarda aqrar sektorda fəaliyyət xüsusi karantin rejiminin tələblərinə uyğun təşkil edilib. Kənd Təsərrüfatı naziri İnam Kərimovun aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə verdiyi məlumatda bildirilir ki, Nazirlər Kabineti tərəfindən qəbul olunmuş təlimata əsasən, kənd təsərrüfatı işlərinin fasiləsiz həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birgə iş qurulub.

 

Regionlarda yaz səpinlərinin və aqrotexniki tədbirlərin vaxtında aparılması diqqət mərkəzində saxlanılır

 

Bəhs olunan müşavirədə nazir bildirib ki, bölgələrdə hazırda mineral gübrə, pestisid, toxum təchizatı və satışı həyata keçirilir, kənd təsərrüfatı texnikalarının məhdudiyyətsiz hərəkəti təmin edilib. Kənd təsərrüfatı məhsullarının orta və iri həcmli maşınlarla daşınması məhdudiyyət olmadan aparılır. Bu günədək xüsusi karantin rejimi dövründə əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatında ciddi problem qeydə alınmayıb.

Respublika üzrə 2020-ci il üçün 1 milyon hektardan çox sahədə taxıl əkini aparıldığını deyən nazir İnam Kərimov bildirib ki, əkin sahələrinin 641 min hektarını buğda, 369 min hektarını arpa əkinləri təşkil edir. Hazırda əkin sahələrində intensiv aqrotexniki tədbirlər aparılır, vegetasiya suvarmaları həyata keçirilir. Verilən məlumata əsasən, digər yazlıq əkinlər – pambıq, tütün, şəkər çuğunduru, bostan-tərəvəz, kartof əkini üzrə də mövsümə uyğun zəruri tədbirlər reallaşdırılır.

“Fermerlərin gübrəyə olan ehtiyacını təmin etmək məqsədilə ölkəyə lazımi miqdarda mineral gübrə idxal olunub. O cümlədən bu ildən daxili istehsal gübrəsi olan karbamid gübrəyə olan tələbatın ödənilməsində mühüm rol oynamağa başlayıb. Karantin rejimi dövründə təsərrüfatların gübrə ilə təmin olunması üçün təchizatçı şirkətlər tərəfindən rayonlarda və kəndlərdə səyyar satışlar təşkil edilir”, - deyə İ.Kərimov vurğulayıb.

Taxıl biçininə hazırlıq barədə məlumat verən nazr deyib ki, bu istiqamətdə işlər davam etdirilir. Hazırda respublikada 1700-dən çox taxılbiçən kombayn var. “Aqrolizinq” ASC-nin rayon bölmələri tərəfindən biçinə 728 kombayn cəlb ediləcək. Bundan əlavə, dövlət başçısının tapşırığına əsasən əlavə 125 kombaynın alınması planlaşdırılır. Həmçinin dövlət dəstəyi ilə özəl sektor tərəfindən lazımi texnikalar alınmaqdadir. Ümumilikdə, ölkədə taxıl biçini zamanı tələbatı tam ödəyə biləcək sayda kombayn mövcuddur.

 

İndiyədək 321 mindən artıq fermerə subsidiyalar elektron qaydada ödənilib

 

Son vaxtlarda aqrar sektorda fermerlərin əkin-biçinə marağını artırmaq və daha böyük həcmlərdə məhsul istehsalına nail olmaq, həmçinin şəffaflığı təmin etmək üçün məqsədyönlü islahatlar həyata keçirilir. Aparılan islahatlar çərçivəsində həmçinin kənd təsərrüfatında innovativ tətbiqlərə geniş meydan verilir. Cari ilin əvvəlindən etibarən aqrar sektorda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanılması deyilənlərə nümunədir. Bəhs olunan sistemin tətbiqi ilə subsidiyaların verilməsində məmur-fermer təmasları minimuma endirilib, şəffaflıq yüksək səviyyədə təmin edilir. Subsidiyaların verilməsində yeni sistemin tətbiqinə bütün ölkə miqyasında fermerlər böyük maraq göstərirlər. Buna diqqət çəkən İ.Kərimov vurğulayıb: “Subsidiyaların ödənilməsi yalnız elektron kənd təsərrüfatı sistemi üzərindən həyata keçirilir. Bu günədək elektron sistemdə 484 mindən artıq fermer qeydiyyatdan keçib, 357 mindən çox fermer payızlıq əkinlərini bəyan edib. Artıq bu günə 321 mindən artıq fermerə subsidiyalar ödənilib”.

 

Fermerlərə girovsuz aqrar kreditin verilməsi mexanizmi formalaşdırılıb

Bəhs olunan müşavirədə Kənd Təsərrüfatı naziri İnam Kərimov fermerləri narahat edən vacib bir məsələyə də diqqət çəkib. Söhbət fermerlərin əkin mövsümü dövründə kiçikhəcmli kredit mənbələrinə çıxış zamanı üzləşdikləri çətinliklərdən gedir. Nazir vurğulayıb ki, banklar əksər hallarda güzəştli kredit ayırmaq üçün fermerlərdən Bakıda mənzil girovu tələb edirlər. Artıq fermerlərin bu çətinliyinə son qoyulduğunu söyləmək mümkündür. Prezident İlham Əliyevin bir neçə gün bundan əvvəl imzaladığı müvafiq Fərmanla fermerlərə girovsuz aqrar kreditin verilməsi mexanizmi formalaşdırılıb. Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədəki çıxışında bəhs olunan Fərmanın icrası üçün əlavə maliyyə vəsaitinin ayrılması ilə bağlı bütün fermerlərin xahişlərini ifadə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev 14 aprel 2020-ci il tarixində “Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitinə ehtiyacının qarşılanması məqsədilə aqrar sektorda təminatsız mikrokreditlərin verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 30,0 (otuz) milyon manat ayrılıb.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aqrar sahənin maliyyələşdirilməsinin stimullaşdırılması ilə əlaqədar imzaladığı müvafiq Fərman fermerlərin kredit almaq imkanlarını asanlaşdıracaq”. Bu fikirləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib. Onun sözlərinə görə, yeni mexanizm fermerlərə girovsuz mikrokreditlər vermək imkanı yaradır.

“Kənd təsərrüfatı sahəsində çalışan fermerlərin təxminən 80 faizi kiçik və orta ailə-kəndli təsərrüfatlarına aid edilən fermerlərdir. Onların istifadəsində ümumilikdə 230 min hektar torpaq sahəsi var. Bu fermerlərin maliyyəyə çıxışı əsasən dövlət tərəfindən onlara ayrılan subdsidiyalar, güzəştli kreditlər və müxtəlif banklar tərəfindən təqdim olunan kommersiya kreditləri formasındadır. Bu sahədə təxminən 60 milyonluq bir kredit portfeli var və bu kateqoriyadan olan fermerlərə ilindən asılı olaraq 40-45 milyonluq subsidiya verilir. Lakin ümumi mənzərəyə baxdıqda görürük ki, fermerlərimizin əlavə olaraq 140 milyonluq vəsaitə ehtiyacı var. Bu ehtiyac yeni yaradılmış maliyyə alətləri vasitəsilə maliyyələşdirilə bilər”, - deyə M.Əliyev vurğulayıb.

Azərbaycanın dövlət başçısının imzaladığı müvafiq Fərmanla AKİA-nın həm Əsasnaməsinə, həm də vəsaitdən istifadə qaydalarına dəyişiklik edildiyinə diqqət çəkən M.Əliyev qeyd edib ki, bu sənəd fermerlərə 15 min manatadək girovsuz mikrokredit vermək imkanı yaradır: “Mexanizm özündə orta bazar qiymətlərindən iki dəfə aşağı faiz dərəcəsi ilə mikrokreditlər verilməsini nəzərdə tutur. Mikrokreditlərin maksimal dərəcəsi 12 faiz ola bilər. Əvvəllər bu cür kreditlərin orta müddəti 1-2 il idi, indi isə kreditlərin ödənilməsinin maksimal müddəti 3 ilədək artırılıb. Mexanizmin bir tərəfi bu sahəyə vəsait ayıran dövlət, bir tərəfi mikrokreditlərə tələbatı olan fermerlər, üçüncü tərəfi isə prosesdə iştirak edən banklardır. Banklar üçün bu məhsulu cəlbedici edən əsas istiqamətlərdən biri fermerlərin bank üçün yarada biləcəyi riskləri dövlətin qismən qarşılamasıdır. Banklara ucuz vəsaitə çıxış verilməsi, risklərin dövlət tərəfiondən qismən qarşılanması bu məhsulu həm banklar, həm fermerlərimiz üçün cəlbedici edir. Eyni zamanda hesab edirik ki bu mexanizm fermerlərimizin maliyyəyə çıxış imkanlarını əhəmiyyətli dərəcədə atrıracaq”, - deyə AKİA sədri bildirib.

 

Regionlarda fumiqasiya tədbirləri davam etdirilir

 

Xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən respublikanın regionlarında fermerlərin müraciətləri əsasında istehsal və saxlanma yerlərində fumiqasiya (zərərsizləşdirmə) tədbirləri davam etdirilir. Belə ki, 2020-ci ilin mart - aprel aylarında Fumiqasiya Mərkəzi tərəfindən 20162.08 ton dənli, dənli-paxlalı bitkilərin məhsulları, yemlər, 28974.5 m3 meşə materialı, 800 m3 istehsal və saxlanma yerləri zərərsizləşdirilib.

Qeyd edək ki, zərərsizləşdirmə tədbirləri həyata keçirilən zaman şəxsi və ictimai təhlükəsizlik qaydalarına ciddi əməl edilir, fərdi mühafizə vasitələrindən (əleyhqaz, xüsusi geyim forması – kombinezon, xüsusi ayaqqabı, əlcəklər və ilkin tibbi yardım çantalarından) istifadə edilir, eləcə də fermerlərə və sahibkarlara zərərsizləşdirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi izah olunur. Bildirilir ki, zərərsizləşdirmə tədbirlərinin yerinə yetirilməsi, karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir. Eyni zamanda, qeyri dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 607 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30