Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda heyvandarlıq məhsullarının istehsalını daha da artırmaq məqsədilə davamlı tədbirlər görülür

Regionlarda heyvandarlıq məhsullarının istehsalını daha da artırmaq məqsədilə davamlı tədbirlər görülür

22.04.2020 [10:25]

Heyvandarlıq, o cümlədən arıçılıq təsərrüfatı sahiblərinə dövlət tərəfindən subsidiyaların verilməsi və digər dəstək tədbirlərinin göstərilməsi bu sahənin inkişafına təkan verir

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son 16 ildə aparılan islahatlar nəticəsində iqtisadiyyatın bütün sahələrində yüksək nailiyyətlər əldə olunub. Eyni zamanda, Azərbaycanda əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, o cümlədən yeni iş yerlərinin açılması, məşğulluğun təşviq edilməsi sahəsində genişmiqyaslı işlər həyata keçirilib və hazırda da mühüm tədbirlər görülməkdədir. Belə ki, dövlət başçısının birbaşa nəzarəti altında regionların inkişafı üçün xüsusi proqramlar hazırlanır. Artıq indiyə qədər regionların sosial-iqtisadi inkişafı üzrə 3 Dövlət Proqramı həyata keçirilib. Hazırda isə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Onu da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, bu tədbilər çərçivəsində kənd təəsrrüfatının inkişafına, arqrar sahədə, həmçinin heyvandarlıq sahəsində məhsulların istehsalının artırılmasını nəzərdə tutan layihələrə geniş yer ayrılıb.

Təsadüfi deyil ki, cari ilin fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı giriş nitqində Prezident İlham Əliyev sözügedən Proqramın icrasında qeyri-neft sektoruna, o cümlədən emal sənayesinə üstünlük veriləcəyini, bu sahəyə güzəştli kreditlərin ünvanlanmasının vacibliyini xüsusi vurğulayıb: “Keçən il bu sektor 14 faizdən çox artıb, bu il də artmalıdır. Burada mən bir neçə məsələyə toxunmaq istərdim. Hesab edirəm ki, emal sənayesinə daha çox üstünlük verilməlidir. Dövlət orqanları da bu sahəyə diqqət yetirməlidirlər. Güzəştli kreditlər də bu sahəyə istiqamətləndirilməlidir. Sahibkarlar özləri də bu sahəyə daha böyük diqqət göstərsinlər. Biz gərək hər şeyi ardıcıllıqla edək. Biz, əlbəttə ki, meyvə-tərəvəz məhsullarımızı tədarük edirik, ixrac edirik. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların daha böyük dəyəri var. Dəyərlər zənciri yaradılmalıdır. Ona görə hesab edirəm ki, kənd təsərrüfatında emal sektoruna xüsusi diqqət göstərilməlidir”.

O da qeyd edilməlidir ki, sözügedən həmin konfransdakı yekun nitqində dövlət başçısı kənd təsərrüfatı sahəsində də ciddi islahatlar aparıldığını bildirib, bu sahədə çalışan fermerlərə subsidiyalar verilməsinə, həmçinin prosesin elektronlaşdırılmasına da toxunub: “Kənd təsərrüfatı sahəsində də ciddi islahatlar aparılır. Əminəm ki, bundan sonra da artım çox sürətli olacaq. Bildirməliyəm ki, keçən il bütövlükdə fermerlərə 380 milyon manat subsidiya verilmişdir. İndi bu subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilir. Bu, çox mütərəqqi sistemdir. Eyni zamanda, Aqrar sığorta mexanizminin işlənməsinə start verilmişdir. Əminəm ki, bu il bu məsələ də öz həllini tapacaq”.

Əksər ekspertlərin də vurğuladıqları kimi, dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı bu sahənin inkişafına öz müsbət təsirini göstərir. Yeri gəlmişkən qeyd edilməlidir ki, regionların sosial-iqtisadi inkişafı Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən biri də Prezident İlham Əliyevin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə heyvandarlığın inkişafına dair Dövlət Proqramının hazırlanmasıdır. “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair” Dövlət Proqramının əsas məqsədi ölkədə heyvandarlıq sahəsində yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq və məhsuldarlığı artırmaqdır.

 

Yeni heyvandarlıq təsərrüfatlarının yaradılması və mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir

 

Yuxarıda qeyd edilən tədbirlərin nəticəsində regionlarda heyvandarlığın inkişafı istiqamətində, o cümlədən ölkə əhalisinin ət və süd məhsulları ilə təmin edilməsi sahəsində mühüm nəticələr əldə edilir. Bunu ayrı-ayrı rayonların timsalında da müşahidə etmək mümkündür.

Məsələn, İmişlidə heyvandarlıq məhsullarının istehsalı ilbəil artır. Rayonda aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və baş sayının artırılması üçün yeni-yeni təsərrüfatlar, süni mayalanma məntəqələri yaradılır. Hazırda rayonda 350-yə yaxın fermer təsərrüfatının bu sahəsi ilə məşğul olur və yüksək mənfəət götürürlər. Rayon Statistika İdarəsindən bildiriblər ki, hazırda rayonun heyvandarlıq təsərrüfatlarında 95 min 397 baş iribuynuzlu mal-qara, 256 min 234 baş qoyun-keçi saxlanılır.

Son illər İmişlidə xırda heyvandarlıq təsərrüfatları ilə yanaşı, 10-a yaxın iri kompleks də yaradılıb və hazırda bu fermalarda 500 başdan çox cins mal-qara bəslənilir. Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Bu istiqamətdə iş təkcə xaricdən gətirilən cins düyələr hesabına deyil, süni mayalanma yolu ilə də aparılır. Mal-qaranın cins tərkibinin süni mayalanma yolu ilə yaxşılaşdırılması ucuz başa gəldiyinə görə fermerlər bu üsula daha çox üstünlük verirlər. Ötən il rayonda mövcud olan süni mayalanma məntəqələrinin mütəxəssisləri tərəfindən fermalarda mayalanmış 2999 baş inək və düyədən 1774 baş buzov alınıb və bu buzovlara görə maldara dövlət tərəfindən 177 min 400 manat subsidiya verilib. Həyata keçirilən tədbirlər nəticəsində rayonda ət, süd və yun istehsalı da ilbəil artır. Cari ilin üç ayında rayonda 3 min 120.7 ton ət (diri çəkidə), 12 min 561.9 ton süd istehsal olunub ki, bu da 2019–cu ilin eyni dövrü ilə müqayisədə 125.6 ton çoxdur. Sabirabadda aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını daha da artırmaq məqsədilə yeni-yeni təsərrüfatlar yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır.

Rayon statistika idarəsindən bildiriblər ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarında 122 min 352 baş iribuynuzlu mal-qara və 232 min 100 baş qoyun-keçi saxlanılır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, ümumilikdə, 171 baş çoxdur. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət və süd istehsalının artımına da müsbət təsir göstərir.

Saatlıda da heyvandarlıq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, son məhsula və bala alımına görə maldarlara verdiyi əlavə subsidiyalar rayonda bu sahənin inkişafına güclü təkan verib, ət-süd istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur.

Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu yoldan geniş istifadə etmələrinə marağı daha da artırıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, hazırda rayonda 7 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 5 min 696 baş inək və düyədən cari ilin 3 ayı ərzində 1140 baş buzov alınıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 165 baş çoxdur. Doğulan buzovlara görə maldarlara 14 min manat subsidiya ödənilib. Qeyd edək ki, hazırda Saatlının heyvandarlıq təsərrüfatlarında 67 min 691 baş iribuynuzlu mal-qara saxlanılır. Onların da 32 min 307 başı ana inək və düyələrdir.

Neftçala rayonunda da aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində heyvanların baş sayı, ət, süd və yumurta istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır.

Rayon Statistika İdarəsindən verilən məlumata əsasən, hazırda rayonun heyvandarlıq və fərdi təsərrüfatlarında 43 min 342 baş mal-qara və 144 min 874 baş qoyun-keçi saxlanılır. Naxırda ana inək və camışların sayı 21 min 953 baş təşkil edir. Qoyun və keçilərin sayı 2019–cu ilin eyni dövrünə nisbətən 5 faiz çoxdur. Aprelin 1-nə rayonda 2 min 977,7 ton ət (diri çəkidə), 5 min 345,2 ton süd, 2 milyon 400 min ədəd yumurta istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 15,8 faiz, süd istehsalı 1,2 faiz, yumurta istehsalı isə 5,7 faiz çoxdur.

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvanların sayı və heyvandarlıq məhsullarının istehsalı ilbəil artır. Tərtər rayon Statistika İdarəsindən verilən məlumatda bildirilib ki, 2020-ci il aprelin 1-nə olan məlumata görə, rayonda 29 min 772 baş qaramal, 52 min 366 baş qoyun-keçi olub.
(Davamı növbəti sayımızda)

 
Paylaş:
Baxılıb: 647 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30