Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda meliorasiya və su təsərrüfatı sistemlərinin müasirləşdirilməsi üçün mühüm işlər görülür

Regionlarda meliorasiya və su təsərrüfatı sistemlərinin müasirləşdirilməsi üçün mühüm işlər görülür

18.04.2020 [10:49]

Əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi daim diqqət mərkəzindədir

 

Son 16 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, reallaşdırılan dövlət proqramları nəticəsində ölkəmizdə yüksək iqtisadi inkişaf göstəriciləri əldə edilib. İqtisadiyyatın inkişafı üzrə yerinə yetirilən tədbirlər çərçivəsində əldə edilən uğurlardan kənd təsəsrrüfatına da pay düşüb. Heç şübhəsiz kənd təsərrüfatının inkişaf etdirilməsi, burada müsbət nəticələrin əldə edilməsində aqrar sektorda yeni layihələrin həyata keçirilməsi də rol oynayır. Bu baxımdan, görülən genişmiqyaslı işlər sırasında bütün ölkə üzrə reallaşdırılan suvarma və meliorativ layihələrin önəmini xüsusi qeyd etmək lazımdır. Belə ki, ölkəmizdə aqrar sahənin inkişafında meliorasiya və su təsərrüfatı sisteminin müasirləşdirilməsi əsas istiqamət kimi götürülüb.

Təsadüfi deyil ki, son bir ayda Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsi üçün Bərdə, Xaçmaz, Göygöl, Quba, Füzuli, Samux, Oğuz rayonlarında subartezian quyularının layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə (ASC) maliyyə vəsaiti ayrılıb. Qeyd edək ki, həmin tədbirlərin ardıcıl olaraq həyata keçirilməsi çərçivəsində 2020-ci ildə suvarma üçün 400-dən çox subartezian quyusunun qazılması nəzərdə tutulur.

Vurğulamaq yerinə düşər ki, son illər bu sahədə görülən işlərin nəticəsində əkinə yararlı torpaq sahələrində qapalı suvarma şəbəkələri qurulub, su təminatı olmayan və uzun müddət əkilməyən torpaqlar yenidən əkin dövriyyəsinə qatılıb. Görülən tədbirlər nəticəsində regionlarda infrastruktur layihələri arasında əkilib-becərilən torpaqların su təminatının yaxşılaşdırılması, dövriyyəyə yeni torpaqların cəlb edilməsi, su itkilərinin minimuma endirilməsi istiqamətində atılan addımlar mühüm yer tutur. Bu sırada müasir suvarma şəbəkələri və nasos stansiyalarının qurularaq istifadəyə verilməsini də qeyd etmək olar. Beləliklə, görülən işlər torpaq və su ehtiyatlarından səmərəli istifadə ilə yanaşı, əkinçiliyin inkişafına və bol məhsul istehsalına da töhfə verir. Qeyd etmək yerinə düşər ki, əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, həmçinin əhalinin içməli suya tələbatının ödənilməsi də ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Belə ki, dövlət başçısının imzaladığı müvafiq sərəncamlara uyğun olaraq respublikamızın ayrı-ayrı rayonlarında yüzlərlə yeni subartezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib və hazırda bu istiqamətdə işlər davam etdirilir.

Bu baxımdan, Qax rayonunda da xeyli iş görülüb. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Şəki Subartezian Quyularının İstismarı İdarəsindən bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamların icrasına uyğun olaraq, qurum tərəfindən 2013-2019-cu illər ərzində Qax rayonu ərazisində 74 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib.

Hazırda rayon ərazisində 78 subartezian və 41 artezian quyusu istismardadır. Bu quyular vasitəsilə 860 hektar əkin sahəsinin suvarma suyu və həmin ərazilərdə yaşayan minlərlə sakinin içməli su ilə təminatı ödənilir. Ötən il bu quyulardan 5,1 milyon kubmetr su çıxarılıb. 2020-ci ildə rayon ərazisində daha 12 subartezian və 5 artezian quyusunun qazılması nəzərdə tutulur.

Yeri gəlmişkən, qeyd edək ki, Goranboy rayonunun suvarma suyuna olan tələbatı isə Goranboy Suvarma Sistemləri və Subartezian Quyularının İstismarı İdarələri tərəfindən ödənilir. Rayon İcra Hakimiyyətindən bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı və dövlətin maliyyə dəstəyi ilə həyata keçirilən Şəmkir maşın kanalının 1-ci və 2-ci növbə çəkilişləri başa çatdırılıb, 3-cü növbə çəkilişi üçün isə layihə-sənədləşmə işləri aparılır. Məhz bu layihənin reallaşması ilə 40 min hektardan çox kənd təsərrüfatına yararlı torpaq sahələrinin suvarılması yaxşılaşacaq. Qeyd edilib ki, ötən il 18 yeni subartezian quyusu qazılıb. Bu istiqamətdə aparılan işin nəticəsi olaraq, 72 subartezian quyusunun qazılması davam etdirilir. Ümumiyyətlə, son 16 il ərzində rayon üzrə 159 subartezian quyusu qazılıb.

İri kənd təsərrüfatı rayonu olan Kürdəmirdə isə, həyətyanı sahələr də daxil olmaqla, 74 min hektara yaxın suvarılan torpaq var. Rayonun əsas su təchizatı Kür çayı və Yuxarı Şirvan kanalındandır. Hazırda xidməti işlər Kür çayından Mollakənd Mexaniki Suvarma İdarəsi, Yuxarı Şirvan kanalından isə Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən yerinə yetirilir.

Suvarma sistemləri idarəsinin baş mühəndisi Rasim Dünyamalıyev mövcud imkanlardan, eləcə də ehtiyatlardan maksimum yararlanmağa çalışdıqlarını söyləyib: “Cari ildə xidməti ərazidə 33 min 307 hektarda taxıl, 3619 hektarda yem bitkiləri, 3922 hektarda bostan-tərəvəz, 2370 hektarda bağ və üzümlük, habelə xeyli həyətyanı sahə olmaqla, ümumilikdə, 45 min 381 hektar ərazinin suvarılması nəzərdə tutulub. Bu ilin yanvarından etibarən mövcud imkanlardan səmərəli istifadə edilməsi, su itkisinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər görülür”.

Baş mühəndis bildirib ki, ilin əvvəlindən kanalların 80,4 kilometri lildən təmizlənib, kanallar üzərindəki 31 hidrotexniki qurğuda cari təmir işləri aparılıb. R-15 beton kanalının 0,65 kilometrlik hissəsində əsaslı təmir işləri başa çatdırılıb. Habelə Topalhəsənli beton kanalının 0,65 kilometrlik hissəsinin əsaslı təmirinə başlanıb və hazırda işlər davam etdirilir.

Girdimançay üzərində yerləşən Karrar stansiyasındakı aqreqatların sazlandığını deyən baş mühəndis elektrik avadanlıqlarının dəyişdirildiyini, habelə təsərrüfatın təzələndiyini söyləyib. Vurğulayıb ki, Yuxarı Şirvan kanalında suyun azlığı nəzərə alınaraq müəyyən qədər şirin su qatılmaqla kollektorlarda olan sular səyyar tipli nasoslarla sahələrə verilir. “Rayonun suvarma suyu ilə ən çətin təmin olunan Sığırlı kəndinin normal su təchizatı üçün hazırda Girdimançayda dizel nasos stansiyası qurulur”, - deyə baş mühəndis söyləyib.

Yuxarıda qeyd edildiyi kimi, əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdəndir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Bərdə rayon suvarma sistemləri idarəsinin rəisi Sərdar Əhmədov bildirib ki, rayonun əkin sahələri mənbəyini Yuxarı Qarabağ kanalından götürən 1366,8 kilometr suvarma kanalı, Kür və Tərtər çayları üzərində qurulmuş 13 nasos stansiyası, yerli qaynama suları və subartezian quyuları vasitəsilə suvarılır. Rayonda 2020-ci ilin məhsulu üçün əkilmiş taxıl, yonca və digər bitkilərin suvarılması həyata keçirilib, pambıq əkiləcək sahələrdə arat işləri aparılıb.

İdarə rəisi bildirib ki, əkin sahəsinin suvarılmasını yaxşılaşdırmaq məqsədilə ilin əvvəlindən kanallarda lildəntəmizləmə işləri və hidrotexniki qurğuların təmiri davam etdirilib. Hazırda əkin sahələrinin suvarılmasını təmin edən torpaq kanallarda su itkisinin qarşısının alınması məqsədilə kanalların beton üzlüyə alınması istiqamətində işlər görülür. Uzunluğu 12,6 kilometr olan və 350 hektar sahənin suvarılmasına xidmət edən 13 X-1 kanalının 1,2 kilometr hissəsinə beton üzlüyün çəkilməsinə başlanılıb. Artıq 700 metr hissənin beton üzlüyə alınması həyata keçirilib. Bu il 13-cü paylayıcı kanalın da bir kilometr hissəsinə beton üzlüyün çəkilməsi nəzərdə tutulub və 300 metrdə işlər başa çatdırılıb. Bundan başqa, Yuxarı Qarabağ kanalının sağ sahilində bir ədəd elektriklə işləyən nasos stansiyası inşa olunur, Şəhriyar nasos stansiyası isə əsaslı təmir edilir. Bu il daha bir nasos stansiyasının elektrik təsərrüfatının da yenidən qurulması nəzərdə tutulur.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında da yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, müasir suvarma şəbəkələrinin tikilməsi, əhalinin içməli suya olan tələbatının etibarlı şəkildə ödənilməsi üçün tədbirlər görülür. Muxtar respublikanın Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, ötən ay yeni suvarma xətti çəkilib, 5 kəhrizdə və 39 subartezian quyusunda təmir işləri davam etdirilib, 1 yeni subartezian quyusu tikilərək balansa götürülüb.

Eyni zamanda, yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsi məqsədilə 710 metr istiqamətləndirici bənd salınıb. Həmçinin 38 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb. Suvarılan torpaq sahələrinin genişləndirilməsi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, su itkilərinin qarşısının alınması üçün Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 800 hektar, Şahbuz rayonunun Türkeş kəndi ərazisində 270 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, yeni suvarma xətləri quraşdırılıb. Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Sədərək rayonunda işlərə başlanılıb və 3 kilometr içməli su xətti çəkilib.

Bununla yanaşı, Şahbuz rayonunun Ağbulaq kəndində yol kənarlarındakı yaşıllıq sahələrinin suvarma suyu ilə təminatı da yaxşılaşdırılır. Ağbulaqda ötən ilin payızında dağ yamaclarında 15 hektar sahədə toxumla bərpa işləri aparılıb. Ağbulaq kənd yolunun hər iki tərəfinə suvarma xətlərinin çəkilişinə başlanılıb. Kənddəki əkin və yaşıllıq sahələrinin suvarılmasını təmin etmək üçün Gömür kəndindəki çaydan su arxı da çəkilib.

Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 755 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30