Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Respublikamızın regionlarında pambıq əkini başa çatmaq üzrədir

Respublikamızın regionlarında pambıq əkini başa çatmaq üzrədir

01.06.2020 [12:14]

Son illər bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi pambıqçılığın inkişafına böyük təkan verib

Ölkəmizdə digər sahələrdə olduğu kimi, aqrar sektorun inkişafı istiqamətində də aparılan uğurlu siyasət səmərəli nəticələr verməkdədir. Qeyd edək ki, 2004-cü ildən etibarən həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları, həmçinin reallaşdırılan çoxsaylı layihələr aqrar sahənin inkişafını sürətləndirib, regionlarda əmək ehtiyatlarından, iqtisadi resurslardan daha effektiv istifadə olunmasına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin məşğulluğunun artmasına zəmin yaradıb. Xüsusilə, ixracyönümlü məhsul istehsalının təşviqi istiqamətində həyata keçirilmiş tədbirlər öz növbəsində ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına təkan verib.

Respublikamızda aqrar sektorda bir sıra gəlirli sahələrin, o cümlədən pambıqçılığın inkişaf etdirilməsi real nəticələrdə öz əksini tapır. Xüsusi olaraq vurğulanmalıdır ki, indiyədək pambıqçılığın inkişafı ilə bağlı aktual məsələlərin müzakirə edildiyi bir neçə müşavirə keçirilib, müvafiq Dövlət Proqramı qəbul edilib. Eyni zamanda, pambıqçılıqla məşğul olan fermerlərə dəstək tədbirləri gücləndirilib - onlara verilən subsidiyalar, tədarük olunan məhsulun alış qiyməti artırılıb. Bundan başqa, regionlarda pambıq əkib-becərən fermerlərə dövlət tərəfindən gübrə və texnika ilə təchizat sarıdan da hər cür köməklik göstərilir. Təsadüfi deyil ki, ötən illər ərzində Azərbaycanda pambığın tədarükü dəfələrlə artırılıb. Prezident İlham Əliyevin "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışı zamanı bildirdiyi kimi, pambıqçılıqda 46 faiz artım var: "İxrac keçən il 158 milyon dollar olubdur. Ancaq biz pambığın 50 faizini ölkəmizdə emal edə bilirik. Ona görə nə lazımdır, yeni iplik fabrikləri, ondan sonra tekstil fabrikləri, daha sonra hazır məhsul fabrikləri. Bu zəncir bir-birinə bağlıdır, ona görə sahibkarlar bu sahəyə diqqət yetirsinlər və dövlət orqanları sahibkarları bu istiqamətlərə yönəltsinlər. Beləliklə, yüngül sənayenin inkişafı təmin ediləcək, iş yerləri yaradılacaq, hazır məhsul istehsal edəcəyik, hazır məhsulu idxal etməyəcəyik. Aydın məsələdir, bunlar bir-biri ilə bağlıdır. Pul burada, ölkəmizdə qalacaq".

Cəlilabad, Neftçala və Biləsuvar rayonlarında çiyid səpini başa çatıb

Qeyd edək ki, hazırda respublikamızın bölgələrində pambıq əkini başa çatmaq üzrədir. Artıq Cəlilabad rayonunda çiyid səpini başa çatıb. Rayonda 501 hektarda pambıq əkini aparılıb. Bu barədə Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib. Bildirilib ki, rayonda ənənəvi əkin sahələrində olan pambıqçılığın yenidən bərpa edilməsi, dövlətin bu sahənin inkişafına göstərdiyi dəstək məhsul istehsalçılarını pambıqçılığın inkişafına marağını artırıb. 2019-cu ildə Cəlilabad rayonunda 507 hektar sahədə pambıq əkilib, sahələrdən 1259,6 ton “ağ qızıl” yığılıb. Hər hektardan götürülən məhsuldarlıq 24,8 hektar təşkil edib. Rayonda pambıqçılıq Sabirabad, Təzəkənd, Uzuntəpə və Günəşli kəndlərində inkişaf etdirilir. Qeyd edək ki, 2020-ci ildən tətbiq olunan yeni subsidiya mexanizminə əsasən, pambıqçılıqla məşğul olan fermerlərə və məhsul istehsalçılarına ilk dəfə olaraq həm əkin, həm məhsul subsidiyası veriləcək. Pambıqçı fermerlər əkin sahəsinin hər hektarına görə 220 manat, qəbul məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə isə 100 manat subsidiya alacaqlar.

Neftçala rayonunda da çiyid səpini başa çatıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, cari ildə Neftçalada 5 min hektardan çox sahədə pambıq əkilməsi nəzərdə tutulmuşdu. İstehsal müəssisələri ilə müqavilə bağlayan “ağ qızıl” ustaları qısa müddətdə 5 min 983 hektar sahədə səpin keçiriblər ki, bu da ötən ildəkindən 851 hektar çoxdur. İlkin mərhələdə səpin aparılmış Xol zonasının 3710 hektarında yaxşı bitiş alınıb. Qeyd edək ki, ötən il neftçalalı pambıqçılar 5 min 78 hektar pambıq sahəsindən 16 m 74,4 ton məhsul toplayıblar.

Biləsuvarda da bir müddətdir ki, pambıq əkini başa çatıb. Ötən il 30 min 249 ton xam pambıq istehsal edən biləsuvarlı pambıqçılar cari ildə də yüksək əhval-ruhiyə ilə çalışırlar. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə,  bu mövsüm Biləsuvarda 9 min 900 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Bunun üçün 1613 torpaq mülkiyyətçisi ilə müqavilə bağlanılıb, şum, arat, malalama işləri vaxtında həyata keçirilib, səpin üçün yüksək reproduksiyalı toxum tədarük olunub. İstehsal müəssisələri və “Aqrolizinq” ASC tərəfindən göstərilən dəstəkdən bəhrələnən pambıqçılar qısa müddətdə 9 min 900 hektar sahədə səpin aparıblar ki, bu da nəzərdə tutulduğundan xeyli çoxdur. Səpin aparılan sahələrin 3min 525 hektarı “MKT” MMC -yə, 2 min 595 hektarı “Azərpambıq” MMC-yə, 2 min 250 hektarı “P-Aqro”ya, 1500 hektarı isə “Təcrübə-Sınaq” Məntəqəsinə məxsusdur.

Qabaqcıl pambıqçı Fazil Musayev rayonda çiyid səpinini birinci başa çatdıranlardandır. O, uzun illərdir ki, pambıq əkini ilə məşğul olur və həmişə də yüksək nəticə əldə edir. “Ötən il becərdiyim pambıq sahəsinin hər hektarından 42 sentner məhsul götürməklə 210 ton pambıq tədarük etdim. Bu il isə 25 hektar sahədə pambıq əkmişəm və sahəmdə yaxşı cücərti var. Artıq becərmə işlərinə başlamışam. Sahələrdən bol məhsul götürmək üçün ilk gündən bitkiyə nümunəvi qulluq edirəm. İnşallah əziyyətimizin qarşılığını görərik”, - deyə pambıqçı bildirib.

Salyanda 5 min hektardan, Beyləqanda 8 min hektardan, Saatlıda isə 14 min hektardan çox sahədə pambıq əkilib

Salyan rayonunda isə 5 min hektardan çox sahədə pambıq əkini kampaniyası başa çatıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, cari ildə rayonda 5 min 10 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. İstehsal müəssisələri ilə müqavilə bağlayan “ağ qızıl” ustaları qısa müddətdə 5 min 10 hektar sahədə səpin keçiriblər ki, bu da ötən ildəkindən 222 hektar çoxdur. İlkin mərhələdə səpin aparılmış 4328 hektarında yaxşı bitiş alınıb. Səpin aparılmış sahənin 2 min 150 hektarı “P-Aqro” MMC-yə, 700 hektarı “Azərpambıq” MMC-yə, 2 min 160 hektarı isə “MKT” MMC-yə məxsusdur. Qeyd edək ki, ötən il salyanlı pambıqçılar 4 min 788 hektar pambıq sahəsindən 15 min 928 ton məhsul toplayıblar.

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Beyləqanda isə çiyid səpini başa çatıb. Beyləqanlı pambıqçılar 8743,7 hektarda səpin həyata keçiriblər. Çiyid səpinini optimal müddətdə başa çatdıran Beyləqan pambıqçıları hazırda becərmə işlərini həyata keçirirlər. Beyləqan rayonunda 4723,7 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 3200 hektarı “Azərpambıq” MMC və 820 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında olmaqla ümumilikdə 8743,7 hektarda çiyid səpini aparılıb. Sahələrin hamısında normal bitiş alınıb. Hazırda əkin sahələrində kultivasiya və dərmanlama işləri aparılır. Müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Xatırladaq ki, 2019-cu ildə Beyləqan rayonunda 9706,1 hektar sahədə pambıq əkilib, 29,4 min ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,3 sentner olub. Ötən il pambıq istehsalı 2018-ci illə müqayisədə 7523 ton çox olub.

Ölkənin digər əsas pambıqçılıq rayonlarından olan Saatlıda da əkin işləri bir müddətdir ki, başa çatıb. Ötən il respublikanın pambıqçılıq rayonları arasında ən çox - 41 min 813 ton xam pambıq istehsal edən Saatlının “ağ qızıl” ustaları cari ildə də yüksək məhsuldarlığa nail olmaq üçün var qüvvə ilə çalışırlar. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bu mövsüm Saatlıda 14 min 110 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Bunun üçün 2 min 980 torpaq mülkiyyətçisi ilə müqavilə bağlanılıb, şum, arat, malalama işləri vaxtında həyata keçirilib, sahələrə üzvi gübrələr verilib, səpin üçün yüksək reproduksiyalı toxum tədarük olunub. Səpinə mütəşəkkil başlayan mülkiyyətçilər qısa müddətdə nəzərdə tutulduğundan 10 hektar çox sahəyə çiyid səpiblər. Səpin aparılan sahələrin 5 min 60 hektarı “MKT” MMC-yə, 3 min 300 hektarı “Azərpambıq” MMC-yə, 4 min 500 hektarı “Aqro AZ” MMC-yə, 1250 hektarı isə “P-Aqro”-ya məxsusdur.

Rayonun Qaranuru, Dədə Qorqud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində fəaliyyət göstərən fermerlər ötən il olduğu kimi, bu ildə pambıq səpinində fərqləniblər. Onlar min hektardan çox sahədə pambıq əkərək, səpini rayonda birinci başa çatdırıblar. Qeyd edək ki, bu il Saatlıda 45 min tondan çox pambıq istehsalı nəzərdə tutulub.

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda isə pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri çiyid səpinini başa çatdırmaq üzrədirlər. Bu il rayonda 964 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 500 hektarı “Azərpambıq” MMC və 650 hektarı “P-Aqro” MMC ilə olmaqla, 2114 hektarda pambıq əkini nəzərdə tutulub. Bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Səpin işlərinin qısa müddətinə başa çatdırılacağı planlaşdırılır. Artıq sahələrin 2050 hektarında bitiş alınıb və becərmə işlərinə başlanılıb. Xatırladaq ki, 2019-cu ildə Ağdam rayonunda 2600 hektar sahədə pambıq əkilib, 7315,8 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 28,1 sentner olub.

Kürdəmir rayonunda da əhalinin əsas məşğuliyyətlərindən biri pambıqçılıqdır

Kürdəmir rayonunda da əhalinin əsas məşğuliyyətlərindən biri pambıqçılıqdır. Kürdəmir rayonunun Göhranlı kənd sakini Mübariz Hacıyevin ailə fermer təsərrüfatının da əsas fəaliyyət sahəsi pambıqçılıqdır. Cari ilin məhsulu üçün təsərrüfatda 19 hektarda əkin aparılıb və sahələrdə normal çıxış alınıb. Ailənin 6 nəfər üzvü var. Əldə olunan gəlir onları təmin edir. Təsadüfi deyil ki, əkin sahələri ildən-ilə genişləndirilir. Aqrar sektorun, o cümlədən strateji məhsul olan pambıqçılığın inkişafına, sahibkarlara göstərilən dövlət dəstəyi ailəyə bu sahədə böyük dəstək verir. Mübariz Qurbanov kütləvi informasiya vasitələrinin nümayəndələri ilə söhbətində deyib: “Keçən il 12 hektarda əkin aparmışdıq. Hər hektardan 24,5 sentner pambıq götürdük. Bu il sahələri 7 hektar artırdıq. Məhsuldarlığı 30 sentnerə çatdırmağı nəzərdə tutmuşuq. Bunun üçün real imkanlar var. Necə deyərlər, pambıq yetişdirməyin “dilini” yaxşı bilirik. Aqrotexniki tədbirlər zamanı rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri də bizə lazımi məsləhətlərini verirlər”.

Ailə fermer təsərrüfatı genişləndikcə əlavə işçi qüvvəsinə də ehtiyac yaranır. Ötən il becərmə və məhsul yığımına 10 nəfərədək işçi cəlb olunubsa, bu il azı 15 nəfərə ehtiyac yaranacaq. Hazırda əkin sahələrinin birinci kompleks becərilməsinə hazırlıq işləri aparılır.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 600 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30