Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycan BMT-də öz milli maraqları əsasında uğurla təmsil olunur

Azərbaycan BMT-də öz milli maraqları əsasında uğurla təmsil olunur

25.08.2020 [08:43]

Ölkəmiz sözügedən təşkilatın əsas orqanları, həmçinin ixtisaslaşmış və digər qurumları ilə yaxından əməkdaşlıq edir
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün dövlətlərlə və beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafında hər zaman maraqlıdır. Qeyd etmək lazımdır ki, ölkəmiz üzvü olduğu bütün beynəlxalq təşkilatlarda fəal şəkildə iştirak etməklə yanaşı, qlobal və regional əməkdaşlığın inkişafına da hər zaman müsbət töhfələrini verir. Bunun nəticəsidir ki, çoxtərəfli əməkdaşlıq plaftformaları çərçivəsində Azərbaycan bu gün beynəlxalq aləmin mühüm siyasi aktorlarından hesab edilir.
Ölkəmizin hər zaman müsbət və dinamik əlaqələrə malik olduğu beynəlxalq təşkilatlar sırasında Birləşmiş Millətlər Təşkilatı (BMT) xüsusilə fərqlənir desək, heç də yanılmarıq. Məlumat üçün bildirək ki, dünyanın ən böyük beynəlxalq təşkilatı olan, ali məqsədləri beynəlxalq sülh və təhlükəsizliyin qorunması, ölkələr arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi, iqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərin həlli istiqamətində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, həmçinin insan hüquqları və əsas azadlıqlara hörmətin təşviq edilməsi olan Birləşmiş Millətlər Təşkilatının təxminən 200-ə yaxın üzv dövləti var. 1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycan Respublikası bu təşkilata üzv seçilib. Təşkilatın 181-ci üzvü olan Azərbaycanın üçrəngli dövlət bayrağı həmin gün Nyu-Yorkda qaldırılıb, həmin il mayın 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılıb. Bu, Azərbaycan xalqının müstəqil və suveren dövlətə sahib olmasının dünya tərəfindən hüquqi tanınması demək idi.
Azərbaycan-BMT əlaqələrinin inkişafının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub
Ümumiyyətlə, BMT üzvlüyü Azərbaycana bərabərhüquqlu üzv kimi beynəlxalq ictimaiyyətə qovuşmaq və Təşkilatın Nizamnaməsində əks olunmuş mexanizmlərdən istifadə edərək, öz təhlükəsizliyi və rifahını təmin etmək, eləcə də beynəlxalq sülh və inkişafa töhfə vermək üçün əməkdaşlıq etmək imkanını yaradıb. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışının ardından ölkəmizin BMT ilə əlaqələrinin inkişaf etdirilməsi üçün mühüm addımlar atılıb. Müsbət və dinamik əlaqələrin qurulması və inkişaf etdirilməsinin nəticəsidir ki, Azərbaycan Respublikası bu nüfuzlu beynəlxalq təşkilatın bir çox xüsusi qurum və orqanları ilə fəal əməkdaşlıq əlaqələri yaradıb. 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan Respublikası ilə BMT arasında məzmunlu tərəfdaşlığın əsasını qoyub. Qeyd etmək yerinə düşər ki, Ulu Öndərin səyi nəticəsində respublikamız bu mötəbər qurumun platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb edib. Müstəqil Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə məhz Ümummilli Lider 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasında çıxış edərək Azərbaycan, Qafqaz regionu və ümumilikdə, dünya üçün həyati əhəmiyyət kəsb edən qlobal məsələlərlə bağlı ölkəmizin mövqeyini dünya ictimaiyyətinə çatdırıb. 1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən BMT Baş Məclisinin xüsusi təntənəli iclasında və 2000-ci ilin sentyabr ayında BMT-də minilliyin sammitində çıxışı zamanı da Ulu Öndər Heydər Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanın mövqeyini bir daha bəyan edib. Yeri gəlmişkən, xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə respublikamızın ərazi bütövlüyü və toxunulmazlığı bir daha təsdiqlənib və işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal çıxarılması tələb olunub.
Vurğulandığı kimi, Azərbaycan BMT-nin əsas orqanları, ixtisaslaşmış və digər qurumları ilə yaxından əməkdaşlıq edir. BMT-nin seçkili orqanlarında iştirak etməklə Azərbaycan BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin yerinə yetirilməsinə öz töhfəsini verir. Ölkəmiz bu vaxta kimi BMT-nin Uşaq Fondunun (UNİCEF) İcraiyyə Şurasına (1995-1997, 1998-2000, 2005-2009), Qadınların vəziyyəti üzrə Komissiyaya (2000-2002), Dayanıqlı İnkişaf üzrə Komissiyaya (2002-2004), İqtisadi və Sosial Şuraya (ECOSOC) (2003-2005, 2017-2019), İnsan Hüquqları Komissiyasına (2005-2006), İnsan Hüquqları Şurasına (2006-2009), Dünya Səhiyyə Təşkilatının İcraiyyə Şurasına (2006-2009), BMT-nin İnkişaf Proqramı/BMT-nin Əhali Fondunun İcraiyyə Şurasına (2008-2010), Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Müdirlər Şurasına (2009-2011, 2018-2020), Təhlükəsizlik Şurasına (2012-2013), Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasına (2013-2017), Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına (2015-2018, 2019-2022), Beynəlxalq Telekommunikasiya İttifaqının Radiotənzimləmə Komitəsinə (2019-2022) Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəyə (2019-2022), Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanına (2017-2020), Ümumdünya Poçt İttifaqının Poçt Əməliyyatları Şurasına (2017-2020) üzv seçilib.
“BMT hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyan və dəstəkləyən bir beynəlxalq təşkilatdır”
Qeyd etmək yerinə düşər ki, Azərbaycan ilə BMT arasındakı əlaqələr bir sıra istiqamətləri əhatə edir. Belə ki, BMT-nin fəaliyyətinin əsas istiqamətlərindən sayılan beynəlxalq sülh və təhlükəsizlik məsələsi Azərbaycan dövləti üçün də mühüm prioritetlərdəndir. Bilindiyi kimi, ölkəmizin tarixi əraziləri olan Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistan tərəfindən işğal edilib. Sülh və təhlükəsizlik istiqaməti üzrə Azərbaycan-BMT əməkdaşlığında ən ümdə məsələ də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı Ermənistanın davam edən işğalçılıq siyasətinə son qoyulmasına və ölkənin ərazi bütövlüyünün təmin olunmasına beynəlxalq dəstək əldə etməkdir. Məlum olduğu kimi, BMT beynəlxalq sülh və təhlükəsizliyin bərqərar edilməsi məqsədindən irəli gələrək, Ermənistan-Azərbaycan münaqişəsinə dair bir sıra qətnamələr və sənədlər qəbul edib. Yuxarıda da vurğulandığı kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ən mühüm BMT sənədləri Təhlükəsizlik Şurasının 1993-cü il ərzində qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrdir. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələb edilir. 1992-1996-cı illər ərzində BMT Təhlükəsizlik Şurasının sədrləri Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təsdiqləyən və münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmiş ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyən bəyanatlarla çıxış ediblər. BMT Baş Assambleyasında 2006-cı və 2008-ci illərdə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul olunub. Bu qətnamələrdə Azərbaycan ərazi bütövlüyünə dəstək ifadə edilib. Hazırda ölkəmiz “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı bəndi hər il Baş Assambleyanın gündəliyində saxlayır. Həmçinin “GUAM məkanında həlli uzanan münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” adlı bənd də Baş Assambleyanın gündəliyində qalmaqdadır.
Bununla bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, BMT hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyan və dəstəkləyən bir beynəlxalq təşkilatdır. Qurumun Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş ərazilərinin qeyd-şərtsiz azad edilməsi ilə bağlı 4 qətnaməsini xatırladan millət vəkili qeyd edib ki, işğalçı Ermənistan uzun illərdir ki, beynəldxalq hüququ kobud şəkildə pozur və BMT Təhlükəsizlik Şurasının müvafiq sənədlərinə məhəl qoymur: “Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi BMT-Azərbaycan əlaqələrində xüsusi bir xəttlə keçir. Belə ki, məlum 4 qətnamə ilə yanaşı qurumun bir sıra ali toplantılarında qəbul edilmiş qətnamələrində də ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsi ilə bağlı müvafiq bəndlər yer almaqdadır. Azərbaycan dövləti münaqişənin həlli ilə bağlı məşh BMT-nin qəbul etdiyi bu qərarları əsas götürür, sərhədlərin toxunulmazlığı prinsipinə əməl olunmasını tələb edir. İşğalçı ölkə bu gün beynəlxalq hüququn tələblərini kobud şəkildə pozmaqdadır. Torpaqlarımızın işğal edilməsi ilə yanaşı, bir milyona yaxın vətəndaşımızın öz doğma yurd-yuvalarında yaşamaq hüququ da pozulub. Təbii ki, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən bəzi qurumlar bu amilləri nəzərə almalı və təcavüzukar Ermənistana təzyiqlərini artırmalıdırlar”.
Azərbaycanda inkişaf məsələləri üzrə əhəmiyyətli əməkdaşlıq platforması formalaşdırılıb
BMT-Azərbaycan əlaqələrindən danışarkən qurumun əsas məqsədlərindən sayılan inkişaf və əməkdaşlıq məsələsi xüsusi olaraq vurğulanmalıdır. Belə ki, dünyada rifahın və əməkdaşlığın artmasının müharibələrin önlənməsi, həmçinin sülh və təhlükəsizliyin möhkəmlənməsində rolu nəzərə alınaraq, BMT çərçivəsində inkişaf və əməkdaşlığa dair əhəmiyyətli ölçüdə praktiki əməkdaşlıq imkanları formalaşdırılıb. Artıq iyirmi ildir ki, inkişaf məsələləri BMT-nin yüksək səviyyəli müzakirələrində ən əsas vəzifə kimi qarşıya qoyulub və bu istiqamətdə konkret zaman çərçivələrində müəyyən hədəflərə nail olunması qərarlaşdırılıb. Xatırladaq ki, 2015-ci il BMT sammitində 2000-ci il sammitində başladılmış bu səylərin növbəti 15 il ərzində, yəni 2030-cu ilə qədər davam etdirilməsi qərara alınıb və qlobal inkişafa dair bır sıra konkret hədəflər-17 “Dayanıqlı İnkişaf Məqsədi” üzrə 169 hədəf müəyyən edilib.

(davamı növbəti sayımızda)
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 657 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30