Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycan-Gürcüstan əməkdaşlığı mehriban qonşuluq, dostluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır

Azərbaycan-Gürcüstan əməkdaşlığı mehriban qonşuluq, dostluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır

25.11.2020 [08:59]

İki ölkə arasında diplomatik əlaqələrin yaranmasından 28 il ötür

(əvvəli ötən sayımızda)

Yeri gəlmişkən, qeyd edək ki, bu il noyabrın 17-də “Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolları” SC arasında yükdaşıma sahəsində ikitərəfli əməkdaşlığa dair sənəd imzalanıb. “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, bundan əvvəl “Gürcüstan Dəmir Yolları” SC-nin sədri David Peradze və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov arasında görüş keçirilib. Görüşdə hər iki ölkənin dəmir yolları arasında əməkdaşlıq əlaqələrinin perspektivləri, yüklərin daşınması və əməliyyat effektivliyinin artırılması ilə bağlı müzakirələr aparılıb. Ümumiyyətlə, son illərdə Azərbaycan və Gürcüstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Cənub-Qərb və digər beynəlxalq tranzit dəhlizlərinin inkişafında fəal əməkdaşlıq edir. Səmərəli əməkdaşlığın nəticəsində hər iki ölkənin ərazisindən keçən tranzit yükdaşımaların həcmi də artır.

Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarındandır
Bu gün qətiyyətlə demək olar ki, Azərbaycan Gürcüstanın ən böyük investoru və əsas ticarət tərəfdaşlarından biridir. Belə ki, son illər ölkəmizin iqtisadi qüdrətinin artması dövlət və özəl şirkətlərin Gürcüstana böyük həcmdə investisiyalar yatırmasına da imkan verir. İndiyədək Gürcüstan Azərbaycan iqtisadiyyatına 93,8 milyon, Azərbaycan isə Gürcüstana 3,2 milyard ABŞ dollarından çox investisiya yatırıb. Eyni zamanda, Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti qeydiyyata alınıb, 700-dən çox Azərbaycan şirkətinin, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstanda sərmayə qoyulması yönündə uğurla fəaliyyətini xüsusi qeyd etmək lazımdır.
Gürcüstanın ən böyük vergi ödəyicilərindən olan SOCAR indiyədək Gürcüstan iqtisadiyyatına 1,5 milyard dollardan artıq sərmayə qoyub. Eyni zamanda, şirkətin Gürcüstan dəniz limanlarındakı fəaliyyəti, açılan yanacaqdoldurma məntəqələri və bu istiqamətdə görülən digər işlər bu ölkənin iqtisadiyyatına böyük töhfə verir. “SOCAR Energy Georgia” MMC-nin əsas fəaliyyət sahəsi Gürcüstanda neftin topdan və pərakəndə satışı, neft və neft məhsullarının, həmçinin mayeləşdirilmiş qazın ölkəyə idxalı, neft terminalı və anbarlarının tikintisidir. Şirkət Gürcüstandakı neft satışının 72 faizinə, dizel satışının isə 61 faizinə nəzarət edir. ARDNŞ Gürcüstana hər ay 20.000 ton neft məhsulu, həmçinin 15.000 ton benzin idxal edir.
“SOCAR Energy Georgia” MMC Gürcüstanın qazla təmin edilməsində də mühüm rol oynayır. 2006-cı ildə qurulan bu şirkət yalnız Gürcüstan ərazisində fəaliyyət göstərir. Onu da qeyd edək ki, hazırda Gürcüstanın qaza olan tələbatının təxminən 70 faizi Azərbaycan qazı hesabına ödənilir. Bu ilin yanvar-oktyabr aylarında Türkiyə və Gürcüstana ixrac edilən təbii qazın həcmini açıqlayan Azərbaycanın Energetika Nazirliyindən bildirilib ki, son 10 ayda Gürcüstana ixrac edilən qazın həcmi 1,8 milyard kubmetr təşkil edib.
Azərbaycan Gürcüstana elektrik enerjisinin idxalında da mühüm rol oynayır. Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava bu yaxınlarda mətbuata açıqlamasında bəyan edib ki, Azərbaycandan elektrik enerjisinin idxalı Gürcüstanın digər ölkələrdən asılılığını azaldıb: “Azərbaycan bu gün bizim elektrik enerjisi ilə təminatımızda çox vacib rol oynayır. Energetika sahəsində həyata keçirilən islahatların nəticəsində Gürcüstan bütün qonşu ölkələrdən elektrik enerjisi idxal edə bilir və heç bir ölkə dominant deyil”.
Xüsusi olaraq qeyd edək ki, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və qarşılıqlı sərmayə hesabına müxtəlif layihələrin həyata keçirilməsinin təşviqi məqsədilə birgə tədbirlər davam etdirilir.
Yuxarıda qeyd edilən tədbirlərin nəticəsidir ki, Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşları sırasında dördüncü yerə çıxıb. Belə ki, ötən on ayda, yəni cari ilin yanvar-oktyabr aylarında Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 746,3 milyon ABŞ dolları təşkil edib. Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir ki, cari ilin on ayı ərzində Azərbaycan Gürcüstanın ticarət dövriyyəsində 8,1 faiz paya malik olmaqla qonşu ölkənin ticarət tərəfdaşları sırasında Türkiyə, Rusiya və Çindən sonra dördüncü yerdə qərarlaşıb. Eyni zamanda, Azərbaycan Gürcüstanın əsas idxal tərəfdaşları arasında Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra 5,9 faizlik payla 5-ci yerdə qərarlaşıb. Yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana 364,6 milyon dollarlıq məhsul ixrac olunub. Bu göstərici ilə Azərbaycan Gürcüstanın ixrac tərəfdaşları sırasında 13,4 faizlik payla Çindən sonra 2-ci olub.
Eyni zamanda, qeyd etmək yerinə düşər ki, Azərbaycan şirkətləri Gürcüstanda digər sahələrə də böyük məbləğdə investisiya qoymaqla məşğul olurlar. Azərbaycan sahibkarları Gürcüstanın Batumi və digər şəhərlərində öz işlərini qururlar. Qeyd edək ki, gürcüstanlı iş adamları da Azərbaycan iqtisadiyyatına böyük maraq göstərir, ölkəmizdə müxtəlif layihələrin həyata keçirilməsində iştirak edirlər.
Ölkələrimiz arasında mədəni əlaqələr də genişlənməkdədir
Yuxarıda qeyd edildiyi kimi, müstəqillik əldə etdikdən sonra iki ölkə arasında mədəniyyət və humanitar sahələrdə də əlaqələr özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Eyni zamanda, sözügedən sahələrdə Azərbaycanı Gürcüstanla yaxınlaşdıran ən mühüm məqamlardan biri yüzminlərlə soydaşımızın bu ölkədə kompakt yaşamasıdır. Bu səbəbdən Gürcüstan azərbaycanlılarının dil, mədəniyyət, təhsil və s. sahələrdə mövcud problemlərinin həllindən ötrü həm rəsmi, həm də ictimai vasitələrlə zəruri işlər həyata keçirilməkdədir. Belə ki, Gürcüstanda ARDNŞ və Heydər Əliyev Fondu xeyriyyəçilik və sosial-mədəni layihələri həyata keçirir. 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi nəticəsində Tbilisi şəhərində M.F.Axundzadənin adını daşıyan 73 saylı, Marneuli şəhərində 7 saylı, Qardabani şəhərində 3 saylı, Dmanisi rayon mərkəzindəki 2 saylı məktəblər əsaslı şəkildə təmir olunub. Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən Qardabani rayonunun Qaracalar kəndində, Bolnisi rayonunun Hasanxocalı və Cəfərli kəndlərində, Dmanisi rayonunun Kirovis kəndində müasirtipli yeni məktəb binaları tikilib.
Bununla yanaşı, ARDNŞ-nin Gürcüstan nümayəndəliyi tərəfindən Marneuli rayonunun Alget və Lecbəddin kənd orta məktəbləri, Qardabani rayonunda uşaq bağçası və Nəzərli kənd orta məktəbi təmir edilib, Tbilisi şəhərində yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyi və görkəmli ictimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovun ev muzeyi təmir edilib.
Onu da qeyd edək ki, Gürcüstanda azərbaycan dilində “Gürcüstan”, “Müəllim”, “Maarif”, “Təhsil”, “Aydın Yol” kimi qəzetlər nəşr olunur. Tbilisidə H.Əliyev adına Azərbaycan Dram Teatrı, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və N.Nərimanovun ev muzeyi fəaliyyət göstərir.
Xatırladaq ki, bu illərdə Azərbaycanın Naxçıvan və Gürcüstanın Batumi, Gəncə şəhəri ilə Kutaisi və Rustavi, Sumqayıt ilə Rustavi, Şəki ilə Telavi şəhərləri arasında qardaşlaşma haqqında memorandumlar imzalanıb. Bu şəhərlərin rəhbərləri və ictimaiyyət nümayəndələri arasında görüşlər keçirilir, qarşılıqlı maraq doğuran məsələlər ətraflı müzakirə olunur, birgə layihələr reallaşdırılır.
Təbii ki, hər iki dövlət arasında siyasi, iqtisadi, mədəni və humanitar münasibətlərin indiki səviyyəyə gəlib çatmasında Azərbaycan və Gürcüstan xalqları arasında tarixən mövcud olan sıx əlaqələr, mehriban qonşuluq münasibətləri mühüm rolu oynayıb. Son illərdə ölkələrimiz arasında mehriban qonşuluq və dostluq münasibətlərinin daha da möhkəmlənməsi hər iki ölkənin gələcəyi və milli maraqlarının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Gürcüstan-Azərbaycan münasibətləri strateji xarakter daşıyır
Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan və Gürcüstan arasında çox mühüm layihələrin hazırlanması və həyata keçirilməsi siyasi və təhlükəsizlik məsələləri üzrə daha geniş əməkdaşlığa, ən sonda isə strateji əməkdaşlığa gətirib çıxarıb. Ümumiyyətlə, tarixən qonşu, həmçinin strateji tərəfdaş sayılan Azərbaycan və Gürcüstan dövlətləri hər zaman öz nümunəvi qonşuluq münasibətləri ilə seçiliblər.
Xüsusi olaraq qeyd edək ki, Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olaraq çıxış edir. Ona görə ki, qonşu ölkədə sabitliyin hökm sürməsi Gürcüstanda yaşayan çoxminli soydaşlarımızın da təhülkəsizliyi və rifahı üçün mühüm əhəmiyyət daşıyır. Məhz bu səbəbdən də Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olub. Bu baxımdan, Gürcüstanda bu ilin oktyabrın 31-də keçirilən parlament seçkiləri nəinki dünya, eyni zamanda, Azərbaycan ictimaiyyətinin də diqqət mərkəzində olub. Məlum olduğu kimi, son 8 ildə ölkəni idarə edən “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası bu seçkilərdə yenidən qələbə qazanıb. Xatırladaq ki, noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri Giorgi Qaxariyaya telefonla zəng edərək Onu hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib. Telefon söhbəti zamanı Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin gələcək perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Bir daha vurğulamaq yerinə düşər ki, Gürcüstan və Azərbaycan münasibətləri strateji xarakter daşıyır. Ölkələrimiz arasındakı əlaqələrin daim yüksək səviyyədə olması Gürcüstanın və Azərbaycanın liderlərinin xarici siyasətində prioritetdir. Azərbaycan və Gürcüstan arasında iqtisadi əlaqələrin inkişafının qardaş Türkiyəni əhatə etməsi regionda üçtərəfli əməkdaşlığın unikal formatını təmin edir. Azərbaycandan və digər dövlətlərdən neft və təbii qazın dünya bazarlarına çıxarılması üçün nəqliyyat-kommunikasiya xətlərinin yaradılması sahəsində hər üç ölkənin səmərəli əməkdaşlıq etməsini buna misal olaraq göstərmək olar.
Bu reallığı nəzərə alan mütəxəssislərin qənaətinə görə, Azərbaycan və Gürcüstanın regiondakı geostrateji tərəfdaşlığı Cənubi Qafqazın təhlükəsizliyinə töhfə verir. Belə ki, iki ölkə arasındakı münasibətlərin daha yeni formatlarda davam etdirilməsi və uğurların əldə edilməsi təkcə Azərbaycan və Gürcüstanın deyil, regionun digər xalqlarının rifah halının yaxşılaşmasına, qonşu ölkələrdəki sabitliyə və təhlükəsizliyə xidmət edir.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 716 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30