Azərbaycanın regionlarında yeni su layihələrinin icrası uğurla davam etdirilir
17.12.2020 [08:55]
İndiyədək yüksək səviyyədə qurulan müasir infrastruktur respublikamızda su ehtiyatlarından daha səmərəli istifadə olunması imkanlarını əhəmiyyətli dərəcədə artırıb
(əvvəli ötən sayımızda)
Tikini-quraşdırma işləri başa çatdıqdan sonra kəmər yuyulub-dezinfeksiya edilərək Neftçala şəhərinin mövcud paylayıcı şəbəkəsinə birləşdirilib və noyabr ayının əvvəllərində suyun verilməsi təmin edilib. Artıq Neftçala şəhərinin sakinlərinin içməli su təchizatı mərkəzləşdirilmiş şəbəkə vasitəsilə yeni mənbədən aparılır. Neftçala şəhəri və ətraf kəndlərin dayanıqlı su təchizatı məqsədilə kəmərin tikintisi ilə paralel olaraq həcmi 7500 kubmetr olan su anbarı da inşa edilib. Salyan rayonu ərazisində relyef baxımından yüksəklikdə inşa edilən anbar suyun Neftçala rayonuna özüaxımlı rejimdə çatdırılmasına imkan verir. Salyan-Neftçala magistral kəmərinin istismara verilməsi modul tipli su təmizləyici qurğulara suyun maşınlar vasitəsilə daha yaxın məsafədən çatdırılmasına da imkan yaradıb.
Neftçala rayonunun kənd və qəsəbələrinin dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə növbəti mərhələdə Şirvan-Muğan qrupu su kəmərindən rayon ərazisinə ikinci magistral su kəmərinin inşası layihələndirilib. Yeni yaradılacaq infrastruktur hesabına Neftçala rayonunda 80 mindən çox sakinin keyfiyyətli və dayanıqlı içməli suya çıxışı təmin olunacaq.
Gələcəkdə Neftçala şəhərinin sovet dövründə tikilmiş və istismar müddətini başa vurmuş içməli və tullantı su şəbəkələrinin yenidən qurulması da nəzərdə tutulur. Layihəyə əsasən, Neftçala şəhəri, eləcə də şəhər mərkəzinə bitişik Bankə və Kürkənd qəsəbələrində 118 km-lik içməli, 116 km-lik tullantı su şəbəkələri yaradılacaq, məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğu inşa olunacaq.
Qeyd edək ki, son illər müşahidə olunan quraqlıq səbəbindən 2020-ci ilin yay aylarında Kür çayında su səviyyəsinin azalması və Xəzər dənizi suyunun çay suyuna qarışması nəticəsində Neftçala şəhəri və rayonun 30-dan artıq kəndinə Kür mənbəyindən içməli suyun verilməsi dayandırılıb. Yaranmış problemin həlli məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və Neftçala Rayon İcra Hakimiyyətinin birgə həyata keçirdiyi təxirəsalınmaz tədbirlər çərçivəsində əhalinin içməli suya olan tələbatı alternativ yolla ödənilirdi. Bu məqsədlə Salyan şəhərindən suyun daşınması üçün nəqliyyat vasitələri cəlb edilib və yaşayış məntəqələrində müvəqqəti su çənləri quraşdırılmışdır. Yeni kəmər istismara verildikdən sonra Neftçala şəhərinə maşınlarla suyun daşınması dayandırılıb.
Gəncə şəhərində 35 mindən artıq abonent fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunub
Respublikanın ikinci böyük şəhəri, geniş sənaye potensialına malik Gəncədə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihə real bəhrəsini verməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2020-ci ilin mart ayında Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin istismara verilməsi, eləcə də Göygöl və Qızılqaya mənbələrinin yaradılması, magistral kəmərlərin, anbarların və şəbəkələrin tikilməsi Gəncə sakinlərinin dayanıqlı və təhlükəsiz içməli su təminatına imkan verib.
Yeni su mənbələrinin və su təchizatı infrastrukturunun yaradılması hesabına Gəncə şəhərində gün ərzində qrafikli rejimlə və günaşırı su alan 35 mindən artıq abonent fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunub. Şəhərdə tikintisi başa çatan şəbəkələrin istismara verilməsi nəticəsində əvvələr əhalini su ilə təmin edən 45 subartezian quyusunun fəaliyyyəti dayandırılıb. Yaxın aylarda daha 17 subartezian quyusunun istismardan çıxarılması nəzərdə tutulur. Subartezian quyularının fəaliyyətinin dayandırılması istismar və elektrik enerjisi xərclərinə qənaətə imkan verir.
Qeyd edək ki, Azərbaycan Hökumətinin Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi layihə çərçivəsində Gəncə şəhərində inşası nəzərdə tutulan 855 km uzunluqlu içməli su şəbəkəsinin 360 km-lik, 813 km uzunluqlu tullantı su xətlərinin 270 km-lik hissəsinin inşası yekunlaşıb.
İşğaldan azad edilmiş Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən noyabrın 8-də işğaldan azad edilən Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb. Dövlət başçısının xüsusi tapşırığına əsasən, işğaldan azad edilmiş bir sıra digər ərazilərdə olduğu kimi, üç onillik ərzində həsrətini çəkdiyimiz Şuşa şəhərində də həyat əhəmiyyətli infrastrukturların, o cümlədən içməli su təchizatı sisteminin bərpası işləri həyata keçirilir. Bununla əlaqədar “Azərsu” ASC-nin mütəxəssislərindən ibarət qrup Şuşa şəhərinə və işğaldan azad olunmuş digər rayonlara ezam olunublar. Mütəxəssislər tərəfindən su mənbələri, magistral xətlər, anbarlar və paylayıcı şəbəkələrin mövcud vəziyyəti araşdırılıb. İlkin dəyərləndirmələrə əsasən, işğaldan azad edilən hər bölgənin xüsusiyyətlərinə uyğun su layihələrinin həyata keçirilməsi daha məqsədəuyğundur.
Qeyd edək ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra şəhərə içməli suyun verilməsi tam dayandırılmışdı. Belə ki, düşmən tərəf şəhəri tərk edərkən Şuşanı içməli su ilə təmin edən magistral su kəmərini də sıradan çıxarmışdı.
İlkin olaraq Daşaltı kəndinin içməli su təchizatı sistemi araşdırılıb. Aparılan təftiş işləri nəticəsində su təchizatı sistemində baş vermiş qəzalar aradan qaldırılıb və 12 noyabr 2020-ci il tarixində kəndə suyun verilişi təmin edilib. Eyni zamanda, Şuşa şəhərini müvəqqəti olaraq maşınlarla su ilə təmin etmək üçün Daşaltı kəndində sudoldurucu məntəqə yaradılıb. Bununla paralel olaraq Müdafiə Nazirliyinin müvafiq bölmələri ilə birgə təhlükəsizlik tədbirləri görülməklə diametri 325 mm olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin texniki vəziyyəti təftiş olunub. Ərazidə aparılan hərbi əməliyyatlar zamanı mərmi partlayışları nəticəsində şəhəri içməli su ilə təmin edən 9,4 km uzunluğunda polad borulardan ibarət magistral su kəməri üzərində 12 nöqtədə böyük qəzalar aşkarlanıb. Qəzaların qısa müddətdə aradan qaldırılması üçün lazım olan texniki avadanlıq və mal-material tələbatı müəyyən edilib, həmçinin “Azərsu” ASC tərəfindən əlavə mühəndis-mütəxəssis heyəti, qəza-bərpa briqadası Şuşa şəhərinə ezam edilib.
Qəza-bərpa işlərinə cəlb olunmuş texnikaların maneəsiz hərəkəti üçün kəmərin marşrutu boyu mümkün olan yerlərdə istismar yolu salınıb, texnikaların hərəkətinin mümkün olmadığı yerlərə isə mal-materiallar əllə daşınaraq təmir işlərinə başlanılıb. Mürəkkəb relyefə malik ərazilərdə, meşə və dağ şəraitində magistral su kəmərinin qəzalı hissələri təmir edilib və 25 noyabr 2020-ci il tarixində Şuşa şəhərinə suyun verilişi təmin olunub.
Şuşa şəhərinə ezam edilmiş “Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadur Kəngərli şəhərdə görülən işlər barədə məlumat verərək bildirib ki, mərmi partlayışları səbəbindən Şuşa şəhərinin daxili paylayıcı şəbəkəsinin qəzalı vəziyyətə düşmüş hissələri hazırda təmir edilir, şəbəkədə hidravlik tənzimləmə işləri aparılır. Görülmüş işlər nəticəsində Şuşa şəhərinin böyük bir hissəsi içməli su ilə təmin olunub. Relyef baxımından yüksəklikdə yerləşən əraziləri su ilə təmin edən nasosları işə salmaq üçün isə anbar kompleksində generator quraşdırılacaq.
Ötən müddətdə magistral kəmərin təmiri ilə yanaşı, Kiçik Kirs dağının ətəyində dəniz səviyyəsindən 1580 m yüksəklikdə yerləşən suqəbuledici qurğuda da müvafiq işlər görülüb və mənbədən şəhərə verilən suyun həcmi artırılıb. “Azərsu” ASC tərəfindən Şuşa şəhərini içməli su ilə təmin edən digər mənbənin və magistral kəmərin bərpası istiqamətində də müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
Müştəri məmnunluğunu artırmaq üçün Elektron Su Portalı istifadəyə verilib
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Fərmanından irəli gələn vəzifələrin icrasını təmin etmək, vətəndaşlara göstərilən xidmətlərdə əlçatanlığın, operativliyin, şəffaflığın və səmərəliliyin artırılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Elektron Su Portalı (http://e-su.az) istifadəyə verilib. “Azərsu” ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəisi Emil Əhmədov bildirib ki, bu sistem kommunal sektorda ilk dəfədir tətbiq olunur. Portal cari ilin sentyabrından ilkin versiyada vətəndaşların istifadəsinə verilib. Portalda “Azərsu” ASC-nin tətbiq etdiyi bir çox elektron xidmətlər vahid platformada birləşdirilib.
Elektron Su Portalına giriş “Asanlogin” üzərindən həyata keçirilir. Sistemə daxil olduqdan sonra abonent kodu, telefon nömrəsi və elektron poçt ünvanı qeyd olunur. Sistem Elektron Hökumət Portalına inteqrasiya olunduğundan qeydiyyat zamanı istifadəçi barədə məlumatlar dərhal sistemdə görünür.
Portalda istifadəçilərə 5 abonent kodunu idarə etmək imkanı yaradılıb və vətəndaşlar həmin kodlara uyğun abonent məlumatlarını dərhal əldə edirlər. Burada içməli su və tullantı su xidmətlərinə görə formalaşmış bildirişlər əldə etmək və ödənişlər aparmaq mümkündür. Eyni zamanda, abonentlər ödənişləri ilə bağlı bütün məlumatları da sistem vasitəsilə əldə edə bilərlər. Bu da gələcəkdə ödənişlərlə bağlı mübahisəli məsələləri aydınlaşdırmağa imkan verir. Portal üzərindən əhali qrupu üzrə istehlakçılar mexaniki sayğacların göstəricilərini təqdim edib bildirişləri əldə edə bilərlər. Gələcəkdə vətəndaşlar portal vasitəsilə, həmçinin texniki şərtin alınması, su nümunələrinin yoxlanılması, yeni istifadəçinin qeydiyyata götürülməsi xidmətlərindən də yararlana biləcəklər.
Bu sistem “Azərsu” ASC-yə ünvanlanan müraciətlərin icra vəziyyətini izləməyə də imkan verir. Belə ki, vətəndaşlar müraciət etdiyi gündən müraciətin icra vəziyyətini portal üzərindən izləyə bilirlər. Vətəndaşlar müraciətin hazırkı icra mərhələsi, son icra tarixi və məsul şəxslər barədə məlumatlar əldə etmək imkanına malikdirlər. Müraciətlərin araşdırılması üçün əlavə vaxt tələb olunduqda bu barədə vətəndaşa onlayn qaydada məlumat verilir.
Portalda vətəndaşlar üçün “online çat” imkanı da yaradılıb və istifadəçilər 24 saat bu imkandan yararlana bilərlər. Hazırda istifadədə olan ilkin versiyada bəzi xidmətlər aktivdir. Portalda təqdim edilən xidmətlərin çeşidinin genişləndirilməsi üzərində mütəmadi işlər aparılır. Gələn ildən portalın mobil versiyası da istifadəyə veriləcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

