Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Ölümdən sonra qalan cəsədimiz...

Ölümdən sonra qalan cəsədimiz...

04.04.2023 [11:09]

Yoxsa yenidən doğulacağıq?

Şahanə XANKİŞİYEVA

Bir isveç diplomatının dediyi kimi, “Ölümü axtarmayın, o özü gəlib sizi tapacaq”. Bəli, insanlar doğulur, yaşayır və ölür. Bu, təbiətin qanunudur. Ancaq bəzi dini görüşlərdə zənn edilir ki, ölümdən sonra yenidən varlıq yaranır. Ölən şəxsin eyni bədənlə, amma fərqli dünyada yaşayacağı iddia olunur. Bu səbəbdən cəsədin çürüməməsi üçün keçmişdə, hətta bugünümüzə qədər gəlib çıxmış vasitə var - mumiyalamaq.

“Əbədi həyata qovuşanlar”

İnsan cəsədini mumiyalamaq qədim zamanlardan   başlayaraq Çili, Peru, Misir, Çin, Yaponiya, İtaliya, Altay Respublikası, Rusiya, Polşa, Danimarka kimi dünyanın bir çox ölkələrində həyata keçirilib. “Mumiya” sözü avropa dillərində 1000-ci illərdə geniş yayılmışdı. Bu sözün hərfi mənası ərəbcədən tərcümədə möhkəm süni maddə olan “Bitum” mənasını verir. Qədim misirlilər isə mumiyanı “sax” adlandırırdılar. Vaxtilə ərəb və avropa tacirləri mumiyadan dərman kimi istifadə edirdilər. XVI əsrdə yaşamış məşhur fransız yazıçısı və filosofu Mişel de Monten xəstələri sağaltmaq məqsədilə bu dərmanlardan istifadə edilməsi metodunu “Hannibalizm” adlandırmışdı.

Mumiyalama ilk dəfə olaraq b.e.ə. IX minillik və b.e.ə. IV minillik ərzində yaşamış Çinçorro qəbiləsinin üzvləri tərəfindən kəşf olunub. Qəbilə üzvləri yaxınlarının və əzizlərinin ölümü ilə barışmadığı üçün onları əbədi həyata qovuşdurmaq istəyi ilə mumiyalayıblar.  Çinçorro qəbiləsi hər təbəqədən ölən insanları mumiyalanırdı. Onlar ölən insanın üzərindən bütün yumşaq parçaları ayırır və gilli formalarla əvəz edirdilər. Sonra bədənə dəri yerləşdirirdilər. Beləliklə, onun dərisini qırmızı boya ilə tez-tez boyayır, başına parik və üzünə isə gildən hazırlanmış maska taxırdılar. Bu baxımdan onların mumiyalama adətləri Misir adətlərindən xeyli fərqlidir.

Misirdə isə mumifikasiya prosesi b.e.ə. 35000-ci illərdən, yunan-roma dövrünə kimi davam edib. Qədim misirlilərin hakimləri inanırdılar ki, əbədi həyata qovuşmaq yalnız fironlara aiddir. Lakin b.e.ə. 2000-ci illərdən etibarən mumiyalama prosesi bütün insanlara aid edildi. Ancaq Mumifikasiya prosesini yerinə yetirmək hər insana nəsib olmurdu. Çünki bu proses böyük xərc tələb edirdi. Bəs sosial təbəqənın fərqi mumiyalanmada öz əksini necə tapırdı? Mumiyaların əgər qolları sinələri üzərində durursa, bu, həmin adamın firon ailəsindən olduğuna işarədir. Daha qədim mumiyalarda isə qollar dirsəkdən bükülərək əlləri ilə üzlərini örtüb. Firon ailəsindən olmayanlarda isə əllər yanlara və ya qarın üzərinə qoyulurdu. Maraqlısı odur ki, insanlarla bərabər Qədim Misirin tanrı kimi böyük rəğbət bəslədiyi bir çox pişiklər də mumiyalanırdı. Mumiyalama prosesində “Ölülər” kitabından xüsusi dualar oxunulurdu. B.e.ə. 1070-712-ci illərdə isə mumiyalama prosesi daha da inkişaf etdirilib.

Hazırda mumifikasiya prosesi təbii və süni olmaqla iki yerə ayrılır. Kiçik Asiyanın ölkələrində insan cəsədlərini mumiyalamaq geniş yayılıb.

Horun dörd oğlu

Mumiyalanma 7 mərhələdən ibarət idi. 1) Cəsədi ilk olaraq şərab və ədviyyatla yuyurlar. Bədənin parçaları çürümədən çıxarılır. Xüsusi bir alət ilə beyin çıxarılır. Daha sonra qarın yarılaraq daxili orqanlar çölə atılır. 2) Duz bənzəri bir maddə olan natron ilə ölünün içi doldurulur, beləliklə, bədən içində qalan mayelərin çölə axması təmin edilir. Çünki mumiyalama əməliyyatı üçün bədənin tamamilə qurumuş olması lazımdır. 3) Çıxarılan iç orqanlar da ölən adam ilə birlikdə basdırılacağına görə quru olması lazımdır və orqanlar da natron ilə qorunur. Daxili orqanlar çıxarılıb, yuyulub təmizləndikdən sonra kanob balzamı doldurulmuş qablara yığılaraq saxlanılır. Əsasən kanop qapaqları Horun dörd oğlunun - insan başlı Amset, çaqqal başlı Duamutef, pavian başlı Hapi və şahin başlı Kebexsenuf şərəfinə hazırlanırdı. 4) Ölünün yaxşı quruması üçün 70 gün gözləyirlər. Bu mərhələdə bədənin daxili və xarici xoş qoxulu yağ və ədviyyatlarla yuyulur. 5) İlk olaraq mumiyanın başı kətan parçalar ilə yağlanıb sıx sarılır. Bunun səbəbi isə ölən adamın həyatdakı görünüşünü yenidən əldə etməkdir. Mumiyalanan ölü o dünyaya apara bilməyəcəyi qiymətli daş-qaşla ilə sarılır. 6) Ölünün bütün bədəni yaşadığı zamankı forma olana qədər kətan parça ilə bükülür. Mumiyalama əməliyyatı olduqca kompleks bir işdir və bir həftəyə qədər davam edir. 7) Bədənin kətan parçalar ilə tamamilə sarılması bitdikdən sonra ölən adamın üz qisimi bir maska ilə örtülür. Maskalanan mumiya yaldızla (gümüş və ya qızıl suyu) örtülmüş taxta bir tabuta yerləşdirilərək “Sarcophagus” adı verilən Sarkofaqa yerləşdirilir. Beləliklə, mumyalama prossesi başa çatırdı.

Kökü Osmanlıya qədər uzandı

Mumiyalanmanın geniş yayıldığı Misirdə “King Userkaf” pramida kompleksində davam edən arxeoloji qazıntılar zamanı arxeoloqları təəccübləndirən bir kəşf olub. Fərqli ölçülərdə pişiklərin mumiyalanması bir yana,  ərazidə qazıntı işləri zamanı bürüncdən hazırlanmış yaralı pişik heykəli arxeoloqların marağına səbəb olub. Ən maraqlısı da odur ki, axtarış zamanı misirlilərin müqəddəs hesab etdikləri gübrə böcəyinin mumiyası da tapılıb. Digər bir hadisə isə 1975-ci ildə İsveçrənin Bazel şəhərində Barfüsser kilsəsindən tapılan  qadın mumyasının kimə aid olmasıdır. Mumiyanın sağ ayağındakı baş barmağından nümunə götürməklə DNT analizi nəticəsində mumiyanın 99,8 faiz Anna Katarina Bişofa məxsus olduğu dəqiqləşib. Qeyd edək ki, Bişof İngiltərənin keçmiş Xarici İşlər naziri Boris Consonun 8-ci nəsildən nənəsidir. Bu isə 256-da 1 faiz genlərinin ondan gəldiyi deməkdir. B.Conson Osmanlı İmperiyasının sonuncu Daxili İşlər naziri Əli Kamalın nəvəsi Stenli Consonun oğludur.

Başqa bir tapıntı  Qahirədə 19-cu əsrdə ortalığa çıxarılan və DNT testləri nəticəsində III Ramzesin oğlu olduğu təsdiqlənən mumiyadır. Mumiyanı digərlərindən fərqləndirən isə yaxşı mühafizə olunması və ağrıdan qışqırırmış kimi görünən üz ifadəsi idi. Tarixçilər mumiyanın Kraliça Tayın oğlu olduğunu və anası ilə birlikdə atası  III Ramzesə sui-qəsd etmək istədiyini bildirib. Bir çox tarixçiyə görə, Ramzes bu sui-qəsd nəticəsində ölüb.  “Qışqıran mumiya”nın Şahzadə Pentavör olduğunu bildirən alimlər, mumiyanın asıldıqdan sonra qoyun dərisinə bükülməsinin səbəbini onun aşağılanması və təhqir olunması məqsədi daşıdığını bildiriblər.

Mumiyaların araşdırılması hələ də davam edir.

Paylaş:
Baxılıb: 542 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30