Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Qadağalardan şöhrət qazanan içki...

Qadağalardan şöhrət qazanan içki...

24.08.2023 [12:05]

Qəhvəni kim kəşf edib?

Gündəlik həyatımızda içki növlərindən biri olan qəhvəyə maraq son dönəmlər olduqca artıb. Statistikaya görə, hər iyirmi nəfərdən biri öz səhərini ətirli qəhvə ilə açır. Qəhvə dünyada neftdən sonra ən çox ixrac olunan məhsuldur. Yuxudan oyanmağa kömək edir, insanın bütün gün ərzində enerjili olmağına şərait yaradır.

Qəhvə sağlamlığa təsir baxımından haqqında ən ziddiyyətli fikirlərin dolaşdığı içki növlərindən bəlkə də birincisidir. Çünki həm zərərli, həm xeyirli olması barədə saysız-hesabsız iddialar var.

Qəhvənin tarixi

Bu gün dünyada çoxlarının ən sevimli içkilərindən birinə çevrilən qəhvənin maraqlı yaranma tarixi var. Məlumatlara görə, qəhvə ilk dəfə Həbəşistanın cənub-qərbində yerləşən Qaffa bölgəsində aşkar olunub. Sonralar Mərkəzi Ərəbistana gətirilib.

Belə bir əfsanə də mövcuddur ki, uzun illər əvvəl Efiopiyada bir çoban təsadüfən qəhvə bitkisinin qeyri-adi təsirlərini aşkar edib. O, fikir verib ki, qəhvə giləmeyvələrini yeyən keçilər yatmırlar və bütün gecəni hoppanıb dəcəllik edirlər. Təəccüblənən çoban bu barədə mollaya danışır və molla qəhvə ağacının meyvələrinin təsirini öz üzərində yoxlayır. O vaxtdan bəri qəhvə öz şöhrətini qazanır.

Qəbul edilib ki, qəhvənin vətəni Afrika, xüsusən Efiopiyadır. Qəhvə öz adını Efiopiyanın cənub əyalətlərinin birinin adından - “kaffa”dan götürüb. Bir müddət keçdikdən sonra qəhvə ağacı Ərəbistana - indiki Yəmənə gətirilib və beləliklə, “kaxva” adını alan qəhvə ərəblərin də sevimli içkisinə çevrilib.

İlk qəhvə mağazası

Dünyada ilk qəhvə mağazası 1475-ci ildə Osmanlı İmperiyasının Konstantinopol, yəni indiki İstanbul şəhərində “Kiva Han” adı ilə açılıb. Həmçinin ilk bilinən qəhvə evi də həmin şəhərdə 1564-cü ildə fəaliyyətə başlayıb. Dünyanın hər yerində işlədilən kofe sözü Osmanlı türkcəsində olan “kahve” sözündən götürülüb. Bu söz özü isə qədim ərəbcə müvafiq bitkinin adından gəlir. Osmanlı sultanı Yavuz Sultan Səlim kofeni çox sevərmiş. 1511-ci ildə Məkkə əmiri şəxsi səbəblər üzündən kofeni qadağan etsə də, bundan xəbər tutan Sultan əmiri edam etdirib və kofenin müqəddəs içki olduğunu bildirib. Lakin ondan sonra hakimiyyətə gələn oğlu Osmanlı sultanı Qanuni Süleyman 1564-cü ildə İstanbuldakı kofe evlərini bağlatdırmaq əmri verib. Səbəb isə əhalinin orada hakimiyyət əleyhinə dedi-qodu etməsi faktları olub.

Bundan başqa Avropada kofenin kütləvi yayılmasının da maraqlı tarixçəsi var. 1683-cü ildə Osmanlı İmperiyası Vyana şəhərinə 2-ci böyük hücum təşkil edir. Osmanlılar hədəfə çata bilməyib geri qayıdan zaman onlardan qalan və müdafiə tərəfinin əlinə keçən malların içində 300 kiçik kisə kofe olur. Bölüşdürmə zamanı bu kisələrə sahib çıxan Yuriy Kulsikskiy sonra onun satışına başlayır. Əhalinin kofeni alması üçün maarifləndirici, reklam xarakterli məlumatlar yayan Yuriy kofeni Vyanada əməllicə məşhurlaşdırır. Bunun ardından növbəti il o, Vyanada Qərbdə ilk kofe evini yaradır. Bir neçə il sonra ikinci kofe klub Parisdə açıldı, daha sonra sürətlə Avropada açılmağa başladı. Qonşu Rusiyada isə kofe 18-ci əsrdə islahatçı dövlət xadimi imperator I Pyotrun təşəbbüsü ilə yayılmağa başlayıb.

Ən çox qəhvə içən ölkələr...

Kofeni ən çox içənlər skandinaviyalılardır. Orta Avropa vətəndaşı illik olaraq 5 kq  kofe istehlak edir. Beynəlxalq Qəhvə Təşkilatının (İCO) məlumatına görə, finlər ən çox kofe istehlak edən millətdir. Finlandiyanın hər bir yetkin vətəndaşı illik 12 kiloqram kofe istehlak edir. İkinci yer Norveçə məxsusdur - 8.85 kq, Danimarka -8.358 kq və İsveç - 8 kq. ABŞ reytinqdə 16-cı yeri tutur. Amerikalılar içində cüzi miqdarda kofe olan içkiləri xoşlayırlar. Maraqlısı odur ki, dünyanın ən çox kofe istehsalçısı Braziliyadır, amma istehlakına görə ABŞ-dan aşağı pillədədir. Digər tərəfdən, kofe sevən kimi tanınan italyanlar bir nəfərə 5.1 kq ilə 10-cu yerdədir. Onların yanında İsveçrə, Hollandiya, Almaniya, Avstriya və Fransa var.

Arabika və Robusta

Qeyd edək ki, kofe dənləri quruluşuna görə iki növə ayrılır: Arabika və Robusta. Arabika daha populyar növdür. Mağazalarda satılan və suda əriyən, üçü birində və s. kimi qəhvələr isə təbii deyil. Əsl kofe suda həll olmur, çöküntü verir. Kofenin bir çox qovurulma, çəkilmə və bişirilmə-hazırlama metodu var. Bu metodlar içkinin dadına da təsir göstərir. Bu növlərə bir sıra misallar çəkə bilərik: türk qəhvəsi, espresso, amerikano, frenç press, aeropress, moka və s. Hər bir metoddan alınan içkinin özünəməxsus dadları olur.

Ən bahalı qəhvə...

“Kopi Luwak”-dünyanın ən az istehsal edilən və ən bahalı qəhvəsidir. Bu məhsul, İndoneziyanın Sumatra adasında yaşayan Misk pişiklərinin həmin qəhvə meyvələrini yeyib sonra ifraz edərək ortaya çıxardıqları qəhvə toxumlarından əldə olunur. Qəribə və təəccüblü olsa da bu vasitə ilə daha aromatik və ləzzətli qəhvə ortaya çıxmış olur. Bu isə Misk pişiyinin mədəsinin qəhvə dənələrinə kimyəvi təsiri ilə əlaqədardır.

“Kopi Luwak”ın bir kiloqramı 700 dollara satılmaqdadır. Bir fincanının dadına baxmaq istəsəniz, 35-100 dollar arası xərci gözə almalısınız. Bu qəhvə çeşidi ildə sadəcə 250-500 kq istehsal edilməkdədir.

Qəhvənin faydaları

Sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseynova qəhvənin xeyirləri və zərərləri barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşüb. Onun sözlərinə görə, gündə 2 fincandan çox olmayaraq qəhvə içmək sağlamlığa bir çox komponentlər üzrə xeyirlidir və gümrahlığı artırır, başağrı, yorğunluq olduqda aradan qaldırmaqda köməkçi olur: “Qəhvə eyni zamanda metabolizmanı az da olsa sürətləndirir. İnsanlarda enerjinin bərpasını həyat keçirir, daha ayıq düşünməyə və fikir yürütməyə əhəmiyyətli dərəcədə təsir edə bilir.

Eyni zamanda yaşlılarda yaddaşın gücləndirilməsinə yardım edir, miqren problemini azaldır. İmmuniteti artırır və xəstəliklərə qarşı mübarizənin güclənməsinə yardım edir. Lakin mütəmadi istifadədən sonra qəhvənin rasiondan çıxarılması, miqren ataklarının artmasına yol aça bilər”.

5 fincandan çox içsəniz...

M.Hüseynova qəhvənin ziyanlarından da danışıb. Onun sözlərinə görə, həddindən çox kofe içmək asılılıq yaratmaqla yanaşı, qan təzyiqinə mənfi təsir göstərə bilər: “İstisna hallar da var. Məsələn, fransız filosofu Volter gündə 50 fincana yaxın kofe içərmiş, amma buna rəğmən 83 il yaşayıb.

Alimlərin araşdırmalarına görə, gün ərzində 6 stəkan kofe içən adamlarda ürək-damar sistemi xəstəliklərinə digər adamlara nisbətən 71% çox rast gəlinir. Ürəyində xəstəlik olan insanlara kofe içməyin zərərli olduğu aparılan araşdırmalarda təsdiqini tapıb.

Qəhvənin axşam saatlarında istifadəsi yuxusuzluq, səbrsizlik və əsəbilik duyğularını artırır. Ürək-damar sistemində ritm problemi olanların infarkt riskini az da olsa, artıra bilər. Gün ərzində 5 fincandan çox istifadə isə sümük əriməsinə, yəni Osteoporoza gətirib çıxara bilər. Ümumiyyətlə, qəhvə maye qovucu təsirə malikdir deyə qəbulundan bir qədər sonra su içmək düzgün olar”.

Uşaqlara verməyin...

Ekspert qəhvənin uşaq orqanizminə zərər verdiyini qeyd edib: “Çünki qəhvə uşaqlarda ürəkdöyünməni və aktivliyi artırır. Kofe içən uşaqlarda həddindən artıq oyanıqlıq və emosiyalarında gərginlik müşahidə edilir. Onlarda ya həddindən artıq şənlənmə və ya əskinə, kefsizlik müşahidə edilir”.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 519 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30