Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Oktyabr ayı Azərbaycan mədəniyyət ocaqlarında ilklərlə yadda qalacaq

Oktyabr ayı Azərbaycan mədəniyyət ocaqlarında ilklərlə yadda qalacaq

06.10.2018 [10:35]

Bu ay ərzində paytaxtımızda birinci Xalq Mahnıları Festivalı, ilk “Rock Hits Show” konserti və digər maraqlı tədbirlər keçiriləcək
Bu gün inkişafına görə dünyadakı paytaxt şəhərləri arasında özünəməxsus yerə malik olan Bakı, eyni zamanda, mədəni-kütləvi tədbirlərin keçirildiyi məkan kimi tanınır. Həmin tədbirlər isə istər yerli sakinlərin, istərsə də paytaxtımıza gələn qonaqların asudə vaxtlarını maraqlı keçirmələrinə imkan yaradır. Bu baxımdan oktyabr ayı da istisna deyil. Belə ki, yenicə qədəm qoyduğumuz ay da mədəni-kütləvi tədbirlər baxımından zəngin olacaq. Daha doğrusu, paytaxtımızdakı bir sıra teatr və konsert salonlarımız ay ərzində tamaşaçılara maraqlı anlar vəd edir.
Azərbaycanda birinci Xalq Mahnıları Festivalı keçiriləcək
Beləliklə, bu ayda Azərbaycanda birinci Xalq Mahnıları Festivalı keçiriləcək. Oktyabrın 8-dən 12-dək davam edəcək festival çərçivəsində xalq mahnıları üzərində illərlə tədqiqatlar aparan musiqişünasların çıxışlarından ibarət elmi simpozium, xalq çalğı alətləri ansambllarının çıxışı, vokal gecəsi, sərbəst caz axşamının keçirilməsi nəzərdə tutulur.
Festivalda məşhur musiqiçilərlə yanaşı, gənc və peşəkar ifaçıların da çıxışları nəzərdə tutulur. Xalq Mahnıları Festivalının tamaşaçıları trio və televiziyanın “Xatirə” ansamblının müşayiəti ilə mərhum və müasir bəstəkarların mahnılarını dinləmək imkanı qazanacaqlar. Bu mahnılar həm də Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xorunun ifasında səslənəcək. Festival çərçivəsində müasir caz, instrumental improvizasiyaların səsləndirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, festival “Mədəniyyət” kanalının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşəbbüsü ilə keçiriləcək.
“Muğam axşamları” layihəsi yenidən qayıdır
Eyni zamanda, Beynəlxalq Muğam Mərkəzində keçirilən “Muğam axşamları” layihəsi çərçivəsində növbəti dəfə muğamsevərlərə maraqlı konsert proqramı təqdim olunacaq. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq Muğam Mərkəzində reallaşacaq layihənin yeni mövsümdə ilk konsert proqramı oktyabrın 11-də “Mahur-hindi” və “Bayatı-kürd” muğamlarına həsr olunacaq. Konsertdə respublikanın tanınmış xanəndələri Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa etməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də yer verəcəklər.
Xatırladaq ki, ötən mövsüm mayın 16-dan iyunun 30-na qədər layihə çərçivəsində tanınmış muğam ustalarının və gənc xanəndələrin ifasında “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Humayun” muğamları səsləndirilmişdi. Xanəndələr və musiqiçilər tərəfindən böyük məharətlə, ustalıqla təqdim olunan ifalar salonda güclü emosional ovqat yaradaraq, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmış və dəfələrlə alqışlarla müşayiət olunmuşdu.
Qeyd edək ki, möhtəşəm layihənin növbəti konserti noyabrın 1-də “Orta mahur” və “Rahab” muğamlarının səslənməsi ilə davam edəcək.
Bakıda ilk dəfə “Rock Hits Show” konserti keçiriləcək
Yeri gəlmişkən, oktyabrın 13-də respublikanın mərkəzi konsert salonu olan Heydər Əliyev Sarayında “Rock Hits Show” konserti keçiriləcək. Sarayın mətbuat xidmətindən bildirilib ki, Bakıda ilk dəfə baş tutacaq konsertdə məşhur rus dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun rəhbərliyi ilə “İP Orchestra”nın təqdimatında dünyaca məşhur rok hitlər səsləndiriləcək.
Bütün əfsanəvi kompozisiyalar bir konsertdə cəmlənib. Belə ki, gecədə “The Beatles”, “Deep Purple”, “The Doors”, “Scorpions”, “Pink Floyd”, “Michael Jackson” “The Rolling Stones”, “Nirvana”, AC/DC, “Radiohead”, “The Eagles”, “Bon Jovi”, “Metallica”, “Black Sabbath”, “Depeche Mode”, “Europe”, “Muse”, “Uriah”, “Led Zeppelin”, “Queen” kimi əfsanəvi qrupların və ifaçıların mahnıları, həmçinin “Victor Tsoy”, DDT, “Leninqrad” kimi məşhur rus qruplarının mahnıları da tamaşaçılara təqdim olunacaq.
O cümlədən oktyabrın 18-də sarayda “Musiqi dünyamız” adlı bayram konserti təşkil olunacaq. Qurumdan bildirilib ki, konsertdə Xalq artistləri Aftandil İsrafilov, Faiq Ağayev, Əməkdar artistlər Elza Seyidcahan, Sevil Sarıyeva, Səlim Abbasov (skripka), Nuriyyə Hüseynova, Rəşad İlyasov, Cavanşir Məmmədov, Firuzə İbadova, Əməkdar mədəniyyət işçisi Aşıq Əhliman, ifaçılar Firuz Səxavət, Günay İbrahimli, Emil Bədəlov, Vüqar Əbdülov və başqaları iştirak edəcəklər.
Paytaxtımız növbəti Beynəlxalq Caz Festivalına ev sahibliyi edəcək
Oktyabrın 14-dən 28-dək isə paytaxtımız növbəti Beynəlxalq Caz Festivalına ev sahibliyi edəcək. Azərbaycan Mədəniyyət Nazirliyinin və “Jazz Dünyası” jurnalının dəstəyi ilə təşkil edilən ənənəvi bayram proqramı oktyabrın 14-də “Elektra Events Hall” məkanında soul musiqi və fank ustası Omar Lye-Fukun solo konserti ilə başlanacaq. İfaçı həmin gün öz 50 illik yubileyini qeyd edəcək. Oktyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində hazırda xaricdə yaşayan məşhur bakılılar - populyar pianoçu Leonid Ptaşka və virtuoz gitaraçı Həsən Bağırov çıxış edəcək. “Rotunda Jazz Club (Landmark)” səhnəsində 14 ölkədən gəlmiş qruplar cazın müxtəlif janrlarında açıq məkanda öz ustalıqlarını nümayiş etdirəcəklər. Axşam konsertlərindən sonra adlı-sanlı cazmenlərin və gənc ifaçıların iştirakı ilə cem-seyşnlər təşkil olunacaq. Festival çərçivəsində Azərbaycan cazmenləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrinin məşhur caz ifaçıları konsert proqramı ilə çıxış edəcəklər.
Bir sözlə, “Baku International Jazz Festival 2018” - 14 parlaq gün, caz musiqisi ustalarının peşəkar konsertləri və yüngül çıxışlar həm səriştəli intellektual tamaşaçılar, həm də dinamik musiqi həvəskarları üçün əsl mənəvi qida olacaq.
Dünyaca məşhur opera ulduzları yerli səhnəmizdə
Aparıcı sənət ocaqlarımızdan olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı isə sənətsevərlərə oktyabrın 20-də Cakomo Puççininin “Toska” operasını, oktyabrın 27-də Pyotr Çaykovskinin “Qu gölü” baletini təqdim etməyi planlaşdırır. Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyevadan aldığımız məlumata görə, tamaşada Toska partiyasını ifa etmək üçün Türkiyənin populyar vokalçısı, tanınmış opera müğənnisi Mine Kurtoğlu şəhərimizə dəvət olunub. Xatırladaq ki, Mine Samsun Dövlət Opera və Balet Teatrının aparıcı solisti, bir sıra beynəlxalq vokal müsabiqələrinin qalibidir. Həmçinin Ukrayna Milli Operasının aparıcı solisti Andrey Romanenko əsas partiyalardan birini - Kavaradossi partiyasını ifa edəcək. Bakılı operasevərlərin dəfələrlə parlaq ifasına şahid olduqları digər bir ulduz vokalçı - Belarus Milli Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belarusun Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Vladimir Qromov isə operada Skarpia rolunda çıxış edəcək.
Dünyaca məşhur olan “Qu gölü” səhnə əsərində isə əsas rolları Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Alyona Kovalyova (Odetta-Odilliya) və Yakopo Tissi (Şahzadə Ziqfrid) ifa edəcəklər.
Rusiyalı balet ustaları ilə yanaşı, teatrın solistləri - Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artistlər Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, aparıcı solistlər Elmira Süleymanova, Cəmilə Kərimova, Ayan Eyvazova da baletdə rol alacaq, solo partiyalar və rəqslər ifa edəcəklər.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 916 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30