Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Rüstəm İbrahimbəyov və Elşad Abdullayev bir medalın iki üzünə bənzəyir

Rüstəm İbrahimbəyov və Elşad Abdullayev bir medalın iki üzünə bənzəyir

04.05.2013 [10:24]

Mübariz Qurbanlı: İnanmıram ki, hər hansı bir ciddi siyasətçi Eldar Namazovla görüşsün, onunla söhbət etsin, Rusiya hökuməti səviyyəsində kimlərsə onunla görüşməyə təşəbbüs göstərsin
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı “Yeni Azərbaycan” qəzetinə müsahibə verib:
- Mübariz müəllim, ilk olaraq istərdik ki, son dövrlərdə aktual olan və bir sıra mətbu orqanlarda geniş diskussiyalara səbəb olmuş bir məsələyə münasibətinizi öyrənək. Azərbaycanın xarici siyasətində Rusiya ilə münasibətlərin yerini və rolunu necə qiymətləndirirsiniz?
- Azərbaycan hazırda müstəqil siyasət yeridir. Bizim xarici siyasətimizin konseptual əsasları Ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılıb. Bu konseptual əsaslar üzərində bu gün Azərbaycanın xarici siyasəti həyata keçirilməkdədir. Prezidentimiz cənab İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, bizim xarici siyasətimizin əsas xüsusiyyəti onun müstəqil olmasıdır. Yəni biz öz xarici siyasətimizi müstəqil prinsiplər əsasında qurmuşuq. Bizim xarici siyasətimiz Azərbaycanın milli maraqlarına yönəlib və milli maraqların qorunması bizim hədəfimiz, əsas vəzifəmiz, üzərində ciddi dayandığımız məsələdir. Azərbaycan dünya siyasətində getdikcə mövqeyini möhkəmləndirir, bölgənin lider dövlətidir və Azərbaycanın xarici siyasəti daha çox ölkələrlə münasibətlər qurmağa yönəlib. Hazırda Azərbaycan Ermənistan istisna olmaqla 145 ölkə ilə ticari-iqtisadi əlaqələr saxlayır. Bu istisnanın əsas səbəbi Ermənistanın təcavüzkar siyasətidir. Ölkəmiz demək olar ki, dünyanın əksər regionları, dövlətləri ilə, xüsusən də aparıcı ölkələrlə ticari-iqtisadi əlaqələri inkişaf etdirməkdədir. Məlumdur ki, dünyanın siyasətini müəyyənləşdirən “Böyük səkkizlər” var. Bundan başqa, dünya iqtisadiyyatını, maliyyə sistemini, dünyanın üzləşdiyi çətinlikləri həll etmək üçün “Böyük iyirmilər”in toplantıları keçirilir. “Böyük iyirmilər”ə daxil olan ölkələrin ümumi daxili məhsulu və iqtisadi gücü dünya siyasətinə təsir etmək, həlledici rol oynamaq imkanlarına malikdir. “Böyük iyirmilər”in sırasında Azərbaycanın müttəfiqi və dostu olan Türkiyə də vardır. “Böyük iyirmilər”ə həmçinin, Böyük səkkizlər daxildir və onun içərisində ABŞ, Fransa, Böyük Britaniya, Rusiya, İtaliya və digər ölkələr vardır. Bunları xatırlatmağımın səbəbi odur ki, Azərbaycan da “Böyük iyirmilər”in toplantılarına dəvət olunur. Həmin toplantılara o dövlətlər dəvət olunur ki, onlar dünya iqtisadiyyatına müəyyən dərəcədə təsir göstərə bilirlər. Ona görə də Azərbaycanın xarici siyasəti həm bir tərəfdən Ermənistanın təcavüzü nəticəsində yaranmış vəziyyətdə Azərbaycanın mövqelərini möhkəmləndirməyə, digər tərəfdən isə ticari-iqtisadi əlaqələri genişləndirməyə yönəlib.
Bu əlaqələrdə bizimlə qonşu olan Rusiyanın özünəməxsus yeri və rolu vardır. Rusiya Azərbaycanla tarixi ənənələrə və tarixi münasibətlərə malik olan ölkədir. Şimal qonşumuz olan Rusiya böyük iqtisadi potensiala malikdir, eyni zamanda, Rusiyanın bu bölgədə siyasi təsir dairəsi və iqtisadi imkanları böyükdür. Bizim Rusiya ilə münasibətlərimizin əsaslarında bu ölkə ilə imzaladığımız müqavilələr dayanır. Bu müqavilələr əsasında münasibətlərimiz tənzimlənir. Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq, strateji partnyorluq səviyyəsindədir və bu səviyyədə qorunmaqdadır. Prezidentimiz cənab İlham Əliyev bu yaxınlarda Rusiya telekanallarından birinə verdiyi müsahibəsində Rusiya-Azərbaycan münasibətlərinə xüsusi diqqət yetirmiş və bu münasibətlərin inkişafında Azərbaycanın maraqlı olduğunu qeyd etmişdir. Əlbəttə, Rusiya siyasətinin yekcins olduğunu söyləmək olmaz. Rusiyanın Dövlət Duması var, Rusiya siyasətində, iqtisadi həyatında ayrı-ayrı maraqları ifadə edən dairələr var. Lakin bütövlükdə, dövlət səviyyəsində Rusiyanın prezidenti, hökuməti səviyyəsində Azərbaycanla münasibətlər yüksək səviyyədədir. Onu da qeyd edim ki, Rusiyada azərbaycanlılar yaşayır, onların yaratdığı qurumlar var, Azərbaycanlıların Ümumrusiya Konqresi fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanla Rusiyanın bölgələri arasında da əlaqələr mövcuddur. Məsələn, Bakının bir neçə rayonu Rusiyanın ayrı-ayrı bölgələri ilə əlaqələrə malikdir. Bütün bunlar onu göstərir ki, dövlətlərarası münasibətlərimiz kifayət qədər sanballı əsaslara söykənir və bu münasibətlər inkişaf edir. Rusiya hakimiyyəti də Azərbaycanla münasibətlərə xüsusi önəm verir və beynəlxalq təşkilatlarda da bizim, humanitar, iqtisadi əlaqələrimiz yüksələn xətt üzrə inkişaf edir.
- Azərbaycandakı bəzi antimilli qüvvələrin, Rüstəm İbrahimbəyov və onun ətrafının, Eldar Namazov və digərlərinin məhz Rusiyadan dəstəklənməsi ilə bağlı mətbuatda yayılan fikirlərə münasibətiniz necədir?
- Həqiqətən də, Azərbaycan mətbuatında belə fikirlər yer alır ki, guya Eldar Namazov və onun çevrəsi, yaxud Rüstəm İbrahimbəyov Rusiya tərəfindən dəstəklənirlər, onlar Rusiyanın adamlarıdır və s. E.Namazov da, R.İbrahimbəyov da bu fikirlərin yayılmasında olduqca maraqlıdırlar. Çünki onlar Rusiyanın adamı olduqlarını hansısa bir formada cəmiyyətə sızdırmaq və bununla da müəyyən mənada Rusiya dövləti, hakimiyyəti səviyyəsində müdafiə olunduqlarını cəmiyyətə çatdırmaq istəyirlər. Əlbəttə, bu, tamamilə yanlışdır. Əvvəlcə də qeyd etdiyim kimi, Azərbaycanda hansısa siyasi dairəni, qrupu, yaxud şəxsi dövlət səviyyəsində nə Rusiya, nə ABŞ, nə də Avropa dövlətləri müdafiə edir. Radikal müxalifət nümayəndələri bəzən belə bir təəssürat yaratmağa çalışırlar ki, guya onları ABŞ hökuməti, yaxud Avropa dövlətləri səviyyəsində müdafiə edirlər. Bu da yanlışdır. Bizim Avropa İttifaqı, ABŞ, Asiya ölkələri, o cümlədən, Rusiya ilə dövlətlərarası münasibətlər səviyyəsində heç bir problemimiz yoxdur. Bu cür təəssürat yaratmaq istəyən şəxslərin, dairələrin məqsədi odur ki, onlar özlərinin guya “qiymətli”, “yararlı” olduqlarını nümayiş etdirsinlər, insanlara belə bir fikir aşılasınlar ki, “gör nə qədər böyüyük ki, bizi hansısa dövlətin rəhbərliyi səviyyəsində dəstəkləyirlər”. R.İbrahimbəyov Rusiyada yaşayır və bu ölkənin müəyyən incəsənət xadimləri ilə münasibətləri olan bir adamdır. Ancaq R.İbrahimbəyovu Rusiyanın siyasi dairələrində kimsə müdafiə edə bilməz. Çünki Rusiya siyasi dairələri hökumət səviyyəsində Azərbaycanla olan münasibətlərə böyük önəm verir. Ola bilər ki, R.İbrahimbəyovu Rusiyada hansısa qruplar müdafiə etsin, iqtisadi və başqa maraqlar səbəbindən həmin qruplar tərəfindən dəstəklənsin. Rusiya mətbuatı yekcins deyil. Bu ölkə mətbuatında da R.İbrahimbəyovun söylədiyi fikirləri kimlərsə yaya bilər. Dərindən yanaşdıqda, R.İbrahimbəyovla əlaqə saxlayan qrupların hansısa erməni qrupları ilə sıx bağlı olduğunu da görə bilərik. Ona görə də, R.İbrahimbəyovun və E.Namazovun guya Rusiyadan böyük dəstək almaları haqqında iddialarının heç bir əsası yoxdur. Bu yaxınlarda mətbuatda oxudum ki, guya E.Namazov Rusiyaya gedib, orada görüşlər keçirib. E.Namazovun orada olub-olmamasını deyə bilmərəm. Lakin inanmıram ki, hər hansı bir ciddi siyasətçi E.Namazovla görüşsün, onunla söhbət etsin, Rusiya hökuməti səviyyəsində kimlərsə onunla görüşməyə təşəbbüs göstərsin. E.Namazov Rusiyaya getsə, orada hansısa politoloqla, mətbuat nümayəndəsi ilə söhbət edə bilər. Hesab edirəm ki, onlar bu cür təəssürat yaymaqda çox maraqlıdırlar və bununla da Azərbaycan cəmiyyətində, müəyyən dairələrdə belə bir fikir yaratmaq istəyirlər ki, guya onlar müdafiə olunurlar. Sizi əmin edirəm ki, bəlkə də Rusiyanın siyasi elitasında, rəhbərliyində olan adamların böyük əksəriyyəti E.Namazovun mövcudluğu haqqında məlumata malik deyil. Ola bilsin ki, R.İbrahimbəyovu bir rejissor kimi tanısınlar, ancaq E.Namazovu orada kiminsə ciddi bir siyasətçi kimi tanıması haqqında fikir söyləmək bir az sadəlövlük olardı. R.İbrahimbəyov kinorejissor kimi fəaliyyət göstərir. Bildiyiniz kimi, onun Rusiyanın tanınmış kinorejissoru Mixalkovla problemləri olub, onların məhkəmə çəkişmələri olub. Mixalkovun özü Rusiyada “derjavniki”, yəni dövlətçilər adlandırılan bir qrupa daxildir. Bu qrup isə dövlət səviyyəsində dəstəklənir. Əgər R.İbrahimbəyovun N.Mixalkovla ciddi problemləri varsa, onda o, Rusiyanın mötəbər dairələrində necə qəbul edilə bilər. Bunun özü də bir daha göstərir ki, Rusiyanın dövlət siyasətçisi səviyyəsində nümayəndələri R.İbrahimbəyovla münasibətdə ola, onu hansısa bir formada müdafiə edə bilməz. R.İbrahimbəyovun əlaqələri yalnız o dairələrlə, media qrupları ilə ola bilər ki, onlar anti-Azərbaycan mövqeyində dayanıblar, bütövlükdə neoimperialist siyasət yeritmək istəyirdir. Eyni zamanda, Cənubi Qafqazda yaranmış olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin ziyanına çalışan dairələrdir. Bu cür qruplarla R.İbrahimbəyovun əlaqələrinin olduğunu söyləmək tamamilə mümkündür və onun çıxışları, müsahibələri, açıqlamaları bunu deməyə əsas verir.
- R.İbrahimbəyov bugünkü Azərbaycan ictimaiyyətində özünün “vətənpərvər” obrazını yaratmağa çalışır və “Ultimatum” adlı pyesi vasitəsilə ilk dəfə Azərbaycan Demokratik Cümhuriyyəti ilə bağlı həqiqətləri ictimaiyyətə çatdırdığını iddia edir. Sizin bu məsələyə münasibətiniz necədir?
- Azərbaycan ədəbiyyatında, incəsənətində, mədəniyyətində ötən əsrin 70-80-ci illərində Sovet sistemini, rejimini tənqid edən yazılar, vətənpərvər ruhlu şeirlər və s. olub, mərhum şairimiz Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması kimi bir əsər, “Qobustan” jurnalı kimi nəşrlər ortada olub, mərhum akademikimiz Ziya Bünyadovun tarixi əsərləri olub. Belə nümunələrimiz vardır. Amma ümumən götürəndə, Azərbaycanda dissidentlik hərəkatı olmayıb. Ona görə ki, o dövrlərdə Azərbaycana Ulu öndər Heydər Əliyev rəhbərlik edirdi. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda mədəniyyətin, incəsənətin inkişafına böyük təkan verilib, milli ruhun, milli şüurun, milli özünüdərkin möhkəmlənməsi istiqamətində yazılan əsərlərə görə kimlərisə təqib etməyiblər. Məhz Heydər Əliyevin sayəsində o dövrdə Azərbaycanda milli tariximizi öyrənmək, öz keçmişinə qayıtmaq, özünü dərk etmək istiqamətində böyük işlər görüldü. Hətta Ulu öndər Heydər Əliyevə sonralar Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra belə bir sual verdilər ki, Azərbaycanda niyə Sovet illərində dissident yox idi? O da cavabında dedi ki, ona görə yox idi ki, biz dissident ovuna çıxmamışdıq. Heydər Əliyev milli ruhlu şəxslərimizi, ziyalılarımızı müdafiə edib, onları qoruyub, hər zaman himayə edib. Bunun sayəsində o dövrdə milli ədəbiyyatımızda, kinomuzda və s. çox dəyərli əsərlər meydana gəlib. Amma o dövrdə biz R.İbrahimbəyovun çəkdiyi filmlərdə, yaxud yazdığı ssenarilərdə sovet rejimini aşağılayan, tənqid edən bir əsər ortada görmürük. Onun “Ultimatum” pyesi haqqında son günlərdə mətbuatda yazılar getməkdədir. O pyes 1980-ci illərin əvvəllərində tamaşaya qoyulub. Guya bu pyes tamamilə dissident ruhunda yazılıb. O pyesi kim oxusa görər ki, tezis tamamilə yanlışdır və bunun arxasında yenə də R.İbrahimbəyovun personasını başqa bir rəngdə cəmiyyətə təqdim etmək istəyi dayanır. Əslində, “Ultimatum” pyesində Azərbaycan Xalq Cümhuriyəti, onun liderləri ələ salınır. “Ultimatum” pyesinin qayəsini 28 apreldə Cümhuriyyət hökumətinə verilən ultimatumun Çingiz İldırım tərəfindən təqdim edilməsinin, ondan əvvəlki hadisələrin təsviri dayanır. Sadəcə olaraq, pyesi oxuyan adam görə bilər ki, orada Cümhuriyyət liderləri aşağılanır. “Ultimatum” pyesi “26 Bakı komissarı” filminə oxşar bir pyesdir və onu bu cür şişirtmək, R.İbrahimbəyovun simasında “dissident” obrazı yaratmaq və s. yanlışdır və bunların arxasında cəmiyyətin müəyyən hissəsində R.İbrahimbəyov haqqında mif yaratmaq məqsədi dayanır. R.İbrahimbəyovun çəkdiyi filmlərdə Sovet sistemi, Sovet qaydaları təbliğ olunub. Bu filmlərin içərisində məsələn, “Səhranın bəyaz günəşi” filmi var. R.İbrahimbəyov həmin filmin ssenari müəllifidir. “Səhranın bəyaz günəşi” filmində bolşevizm təbliğ olunur, bu, Orta Asiyada bolşevizmin özünü təsdiqləməsinə həsr olunmuş macəra filmidir. Heç kim dana bilməz ki, bu film o dövrdə bir macəra filmi kimi maraqla seyr olunurdu. Lakin ideyaya gəldikdə, burada hansısa dissidentlik yoxdur. Yaxud “Bir cənub şəhərində” filminin ideyasına baxsaq, burada Bakının spesifikasına diqqət çəkilir. Burada da hansısa dissidentlik yoxdur. Əgər filmdə baş verən hadisələr zamanı orada olan milis işçisinin - həmin dövrdə “milis” ifadəsi işlədilirdi - biganəliyini sovet rejiminin tənqidi kimi yozmaq istəyirlərsə, bu da anormaldır. Çünki həmin dövrdə milisin, hökumət üzvünün, partiya işçisinin tənqid olunduğu belə filmlər kifayət qədər idi. Əlbəttə ki, R.İbrahimbəyovun filmlərinin təhlili üzərində dayanmaq istəmirəm. Sadəcə demək istəyirəm ki, indi Azərbaycan cəmiyyətində belə bir yanlış təəssüratlar yaratmaq istəyilər ki, bu adamlar Sovet dövründə də guya Sovet sisteminə qarşı olublar, sistemi tənqid ediblər. Əgər sovet sistemini tənqid ediblərsə, niyə təqibə məruz qalmayıblar? Azərbaycanda R.İbrahimbəyovu Heydər Əliyev himayə edib və Moskvada çalışdığı dövrdə orada niyə təqib olunmayıb? O özü də etiraf edib ki, bəli onu Heydər Əliyev himayə edib, hətta “Bir cənub şəhərində” filminin ekranlara çıxması birbaşa Heydər Əliyevin tapşıığı ilə olub. Bunların üzərinə niyə qayıdırıq? İndi R.İbrahimbəyov və onun yanındakılar ortaya çıxaraq Azərbaycan hakimiyyəti, hökuməti haqqında olmazın yalanlar danışırlar. Bu yalanlar isə mətbuatda yayılır. Bu yalanları yayaraq bir tərəfdən, özlərini elə göstərirlər ki, guya Azərbaycan hökuməti, hakimiyyəti xarici ölkələrdən təcrid olunub, guya bizim hansısa ölkələrlə münasibətlərimiz pisləşir və s. İranla münasibətlərimiz normal məcrada inkişaf edir. Qərbi Avropa, Rusiya, ABŞ ilə dövlət, hökumət səviyyəsində yüksək əlaqələr qurmuşuq. Nə radikal müxalifətin partiyalarını, onların rəhbərlərini, nə də onların xəttini müdafiə edən var. Müdafiə istiqamətində hansısa cəhdlər varsa, araşdırıldıqda onların müəyyən qruplar olduğu ortaya çıxır. O qruplar ki, onların Azərbaycanda hansısa maraqları var, müəyyən işi görmək istəyirlər. Yaxud da erməni təşkilatları ilə bağlı olan qruplar, bütövlükdə Azərbaycanın əleyhinə olan dairələr var. Ayrı-ayrı ölkələrin parlamentlərində bizi istəməyən deputatlar da ola bilər, məsələn, Rusiya Dumasında, Fransa parlamentində Azərbaycanın əleyhinə olan, bizi tənqid edən adamlar ola bilər. Söhbət hökumətlər səviyyəsində olan münasibətlərdən gedir. Hökumət səviyyəsindəki münasibətlərdə, xüsusən də, Rusiya ilə bizim hər hansı problemimiz yoxdur, bizim strateji münasibətlərimiz uğurla davam edir.
- R.İbrahimbəyov son müsahibələrinin birində bildirib ki, guya belə bir təsəvvür yaradılmağa çalışılır ki, Azərbaycan hakimiyyəti ilə Rusiya rəhbərliyinin münasibətləri pisdir, lakin, əslində, onların arası çox yaxşıdır. Sizcə, onun bu məyusluğu nədən irəli gəlir?
- Tamamilə razıyam ki, o burada məyusluğunu göstərir. O deyir ki, “Azərbaycan hakimiyyəti ilə Rusiya rəhbərliyinin münasibətləri sazdır”. Bu onu xəyal qırıqlığına gətirib çıxarıb. Görünür, o, istəməzdi ki, bizim münasibətlərimiz yaxşı olsun. Siz onun son müsahibəsinə toxundunuz. Orada həddindən artıq yalana bürünmüş və Gebbelsin təbliğatına bənzər ifadələr vardır. Guya Azərbaycandan kimsə pul aparır, Rusiyada paylayır və s. Bunu oxuduqda insanlar R.İbrahimbəyovun özünə gülməyə başlayır. Bu qədər ağ yalan ola bilməz. R.İbrahimbəyovun bu cür ağ yalanları Elşad Abdullayevin yalanlarına bənzəyir və onlar artıq bir medalın iki üzünə bənzəyir. Ancaq R.İbrahimbəyovla E.Abdullayevi bir tərəziyə qoysaq, gərək R.İbrahimbəyov ondan bir az ağır gələydi. Lakin çox təəssüf ki, R.İbrahimbəyov söylədiyi yalanların xarakterinə görə, heç də ondan fərqlənmir. İndiki zamanda çamadanlarla pul daşımaq, onu aparıb paylamaq çox gülünc görünür. Ola bilsin ki, R.İbrahimbəyov yeni macəra, yaxud detektiv filmin ssenarisi üzərində işləyir və həmin ssenarilərdən hansınısa təhtəlşüur olaraq təkrar edir. Hesab edirəm ki, bu, çox gülüncdür. Azərbaycan hakimiyyəti ilə Rusiya hakimiyyətinin münasibətlərinin yaxşı olmasından təəssüfünü gizlədə bilməməsi onun özünün xəyal qırıqlığına uğradığını göstərir. Bəli, Azərbaycan mətbuatında fikirlər səslənir ki, onlar Rusiyanın müəyyən dairələrindən hansısa dəstək almağa çalışırlar, yaxud dəstək almaqdadırlar. Onların dəstək aldığı müəyyən dairələr ola bilər, ancaq vətəndaşlarımız bilməlidir ki, onları Rusiya dövləti səviyyəsində kimsə müdafiə etməz. Əli Kərimli ilə İsa Qəmbəri ABŞ, Qərbi Avropa dövlətləri səviyyəsində kimsə müdafiə edə bilməz. Bizi hansısa parlamentarilər tənqid edirsə, bu, o demək deyil ki, onlar Ə.Kərimlini və ya İ.Qəmbəri müdafiə edir. Rusiyada kimsə hansısa mətbuat orqanında Azərbaycan hakimiyyəti haqqında hər hansı mənfi yazı yazırsa, bu, o demək deyil ki, bunlar dövlət səviyyəsindədir. Sizi əmin edirəm ki, ABŞ və Avropa siyasətinin tanınmış şəxslərindən Ə.Kərimli və İ.Qəmbərin kim olduğunu soruşsanız, onlar cavab verə bilməzlər. Həmçinin, Almaniya mətbuatında müəyyən yazılar gedirsə, bu, Almaniya dövlətinin, kanslerinin münasibəti demək deyil. Qeyd etdiyim kimi, enerji ilə bağlı maraqları olan müəyyən qruplar var. Müxtəlif layihələr var ki, həmin layihələrin reallaşmasında Azərbaycan dəstək vermədikdə narazı qruplar mətbuatda Azərbaycanla bağlı basqılar etmək istəyir. Yaxud da Azərbaycanın geopolitik durumu, coğrafi mövqeyi, bölgədə yeritdiyi siyasət, qonşu ölkələrlə münasibətlərində qurduğu siyasət ilə bağlı bir sıra maraqlı dairələr çalışırlar ki, Azərbaycan siyasətini bir qədər başqa cür aparsın. Lakin Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, biz müstəqil siyasət aparırıq və bizə heç kim təzyiq göstərə bilməz, biz təzyiq altında qərar qəbul etmirik və etməyəcəyik. Azərbaycan ən böyük dövlətlərin belə ölkəmizlə bağlı siyasətində bərabərhüquqlu siyasət tərəfdarıdır. Biz əlimizin üstünə əl qoyulmasına imkan verməyəcəyik. Biz dövlətüstü qurum olan hər hansı təşkilata daxil olmayacağıq və olmamışıq da. Ulu öndər Heydər Əliyevin məşhur bir tezisi var ki, biz dövlətüstü qurum olan hansısa təşkilata üzv olmayacağıq. Azərbaycan BMT-nin, Avropa Şurasının, ATƏT-in, İƏT-in, digər regional və beynəlxalq qurumların üzvüdür. Həmin təşkilatlarda biz bərabərhüquqlu tərəf kimi çıxış edirik. Hansısa təşkilata üzv olub orada maliyyə məsələsi, daxili, xarici siyasət, geostrateji siyasət ilə bağlı tapşırıqlar alsaq, onda biz müstəqil ola bilmərik. Ermənistan bu gün kiminsə forpostudur, vassalıdır. Amma biz istər Qərbdən, istər Şərqdən, istər şimaldan, istərsə də cənubdan olsun, hansısa bir dövlətin marağını deyil, Azərbaycanın maraqlarını qoruyuruq. Xarici siyasətimizin də məqsədi budur. Azərbaycan Asiya ölkələri, Qərb dövlətləri ilə də çox ciddi əlaqələrə malikdir. Asiyanın dünya siyasət tərəzisində çəkisi getdikcə artmaqdadır. Ona görə də, siyasətimizi yalnız üzümüzü Qərbə tutaraq, Qərb dünyası ilə əlaqələr quraraq, Asiyaya arxamızı çevirə bilmərik. Asiyada Çin, Yaponiya, Hindistan, Pakistan, Türkiyə, İran kimi böyük dövlətlər var. Dünyanın iqtisadi potensialının, insan ehtiyatlarının böyük hissəsi burada cəmləşib. Ona görə də, bizim siyasətimiz bütövlükdə milli maraqlarımıza uyğun şəkildə qurulub və birtərəfli deyildir. Sonda, bir daha demək istəyirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünya siyasətçiləri arasında özünəməxsus yeri və rolu vardır. Qarşıdan gələn seçkilərdə də Azərbaycanda gedən proseslərə hansısa kənar müdaxilə imkanları sıfıra bərabərdir, çünki hər bir hakimiyyət xalqa söykənməlidir. Azərbaycan hakimiyyəti də xalqa söykənir, Azərbaycanda xalqla hakimiyyətin vəhdəti vardır.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 1140 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30