Novruz Məmmədov: Azərbaycan xalqının taleyini Büro müəyyən etmir
19.10.2013 [13:35]
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun müsahibəsi:
- Novruz müəllim, beynəlxalq aləmin Azərbaycana qarşı ikili münasibəti nədən irəli gəlir? Sizcə, burada məqsəd nədən ibarətdir?
- Əgər Azərbaycan müstəqilliyini qazandığı ilk gündən Qərbdə və Avropada ona olan münasibət ədalətli olsaydı, yəni, bütün proseslər beynəlxalq hüquq çərçivəsində, onun norma və prinsipləri çərçivəsində getsəydi, bu günə qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi belə qalmazdı, çoxdan həll olunardı. Ərazilərimizin 20 faizi 20 ildən artıq bir müddətdə işğal altında qalmazdı. Bu günün reallığı bundan ibarətdir.
Beynəlxalq aləmdə artıq neçə illərdir ki, çox mühüm bir böhran hökm sürür. Bu böhran ədalət böhranıdır. Bu böhran beynəlxalq hüquq böhranıdır. Bu beynəlxalq hüquq böhranı daha sonra bu gün Avropanın, Qərbin dilindən düşməyən iqtisadi və maliyyə böhranını törədib. Yəni, bir böhran başqa bir böhrana gətirib çıxarıb. Bunların da bir səbəbi var. Varşava müqaviləsi-SSRİ dağılandan sonra Qərb və Avropa öz nailiyyətlərindən o qədər aludə oldular ki, bizdə belə bir ifadə var - “müvəffəqiyyətdən baş gicəlləndirdilər”. Ona görə də, artıq son illərdə onlar öz atdıqları addımların məsuliyyətini daşımaq haqqında belə düşünmürlər.
Onlar öz atdıqları addımlara nə vaxtsa cavab verməli olacaqlar. Lakin bu haqda düşünmürlər. Mən bunun hara gətirib çıxaracağı haqda da deyə bilərəm. Amma əsas məsələ bundan ibarətdir ki, biz qərəzli münasibəti tək bu gün, yaxud dünən yox, ilk günlərdən görmüşük. Yoxsa ki, Azərbaycanın ərazilərini bir ölkə işğal edir, amma ona qarşı 907-ci düzəliş qəbul edilir. Bu da neçə illərdir ki, Azərbaycanın elə Qərblə əməkdaşlığında həmin o tərəf üçün bir damğa kimi yapışıb qalıb.
Bilirsiniz, mən bunu ona görə bir nümunə kimi gətirdim ki, bütün bu illər ərzində biz həmişə Qərblə, eləcə də, Avropa ilə ən sıx, ən yaxından və bütün sahələrdə əməkdaşlıq edərək ən böyük nailiyyətləri qazanmışıq. Beynəlxalq əməkdaşlıq sahəsində ən böyük uğurları biz qazanmışıq. Bəzən də, bilmirəm hansı bir faktordan istifadə edərək, ya məcbur olaraq Qərb nümayəndələri “Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə qalxıb” ifadəsini işlədiblər. Bunu enerji sahəsində, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində, İraqda, Kosovoda, Əfqanıstanda gedən sülhməramlı əməliyyatların aparılması və digər sahələrdə əməkdaşlığa aid etmək olar. Lakin bütün bunlara baxmayaraq, Azərbaycana qarşı biz həmişə birtərəfli, qərəzli mövqenin olduğunu görmüşük.
Təəssüflər olsun ki, bu özünü çox tez-tez göstərib. Biz demirik ki, dünyada müxtəlif proseslərdə həmişə mütləq ədalət olmalıdır. Yox, ədalət nisbi anlayışdır. Amma bütün proseslərdə həmişə Azərbaycana qarşı, onun atdığı addımları qərəzli mövqe ilə qiymətləndirmək ikili standartın qabarıq nümunəsidir. Bizim yanımızda işğalçı dövlət Ermənistan olmasaydı, biz bunları deyə bilməzdik, amma onun bütün addımlarına dəstək, xoşməramlı mövqe nümayiş etdirməyin özü, mən sizə deyim ki, dediklərimə çox mühüm sübutdur.
- ABŞ Dövlət Departamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçirilmiş prezident seçkilərinə münasibəti ilə bağlı hansı məqamları vurğulamaq istərdiniz?
- Ümumiyyətlə, son vaxtlarda Azərbaycanın həyatında baş verən çox mühüm hadisə - bütün ölkələr üçün bu belədir - prezident seçkilərinə bu cür ədalətsiz, birtərəfli, qərəzli mövqe nümayiş etdirmək və bunu açıq-açığına bu səviyyədə bildirmək həmin o mən dediyim haqsızlığın, ədalətsizliyin, beynəlxalq hüquq böhranının çox qabarıq bir nümunəsidir. Bilirsiniz, qəribə bir situasiya yaranır. Amerika prezidenti Barak Obamanın belə bir ifadəsi var - “qırmızı xətti keçmək lazım deyil”, amma bu “qırmızı xətt”i həmişə keçirlər. Bu “qırmızı xətt” həmişə keçilir.
Azərbaycanda əvvəlkilərdən daha uğurlu, daha yaxşı, bütün Şərqi Avropa, postsovet məkanında olan dövlətlərdən və digər dövlətlərin hamısından, müqayisə etsək, daha yaxşı seçki keçirildi. Nə üçün sakit, bütün beynəlxalq standartlara uyğun, ölkə qanunvericiliyi çərçivəsində namizədlərin geniş qeydiyyata alınması, onların bütün imkanlardan istifadə etməsi, təbliğat kampaniyaları aparması və bu seçki prosesini həm qısamüddətli müşahidə missiyalarının, həm uzunmüddətli müşahidə missiyalarının, 1500-ə yaxın beynəlxalq müşahidəçinin və yerli müşahidəçilərlə birlikdə 50 minə yaxın müşahidəçinin yoxladığı proseslərdə Qərbin birdən-birə bir Bürosunun (mən artıq ona büro deyəcəyəm) göndərdiyi məmurun (Tana de Zulueta) qərəzli, əsassız, mövqeyini Azərbaycanda keçirilən seçkilər haqqında dünyaya bir mövqe kimi təqdim edirlər. Bu məmur xanımın da öz maraqları olduğunu əla bilirik. Təqaüddən sonrakı həyatını təmin etmək istəyir. Biz bu mövqeni qəbul etmirik və biz deyirik ki, bu, ümumiyyətlə, indiyə qədər olan bütün proseslərin, Azərbaycana qarşı olan ədalətsiz, haqsız yanaşmaların nümunəsidir, göstəricisidir.
Mən çox təəssüf edirəm ki, bu gün beynəlxalq aləmdə çox mürəkkəb proseslər gedir və o proseslər hansı xarakterdədir, hansı məzmundadır, hansı geosiyasi iddiaları özündə əks etdirir, biz bunları yaxşı bilirik. Azərbaycan bu gün gənc, müstəqil, sabitlik, təhlükəsizlik adası olan Avrasiya dövlətidir. Yəqin buna görə Qərbin, Avropanın Azərbaycana olan münasibətinə Şərq-Qərb müstəvisində baxıldı, Şərq-Qərb müstəvisində yanaşıldı. Amma düşünürəm ki, bu çox böyük səhv addımdır. Ümumiyyətlə, səhv addım atmaq olar, amma hər bir səhvin xarakterinə görə bir miqyası olmalıdır. Təəssüflər olsun ki, buna fikir verən yoxdur.
Amma konkret nə baş verdi? Azərbaycan xalqı öz iradəsini ortaya qoydu. Azərbaycan əhalisinin 70 faizindən çoxu seçki məntəqələrinə gəlib özünə prezident seçərək öz iradəsini nümayiş etdirdi və bu da tamamilə təbiidir.
Bilirsiniz, son 10 ildə Azərbaycanın keçdiyi yolu, qazandığı nailiyyətləri həm ölkə daxilində, həm ölkə xaricində, həm xarici siyasət sahəsində, beynəlxalq əməkdaşlıq sahəsində, terrorizmlə mübarizədə, enerji sahəsində, həm ölkə daxilində iqtisadi inkişaf, sosial inkişaf, mədəni inkişaf, idman sahəsində inkişaf, yəni, əhalinin rifahının yüksəlməsi, işsizliyin azalması, yoxsulluğun minimum səviyyəyə endirilməsi - bütün bunların hamısına, qiyməti mən vermirəm, bu gün buna qiyməti beynəlxalq qurumlar, beynəlxalq banklar, beynəlxalq iqtisadi forumlar, beynəlxalq beyin mərkəzləri verir. Bunları nəzərə almamaq demokratiya deməkdirmi? Azərbaycanda bu seçkilər ərəfəsində seçkilər günü yaxınlaşana qədər 5 beynəlxalq sorğu qrupu “exit-poll” apardı. Onların nəticələrini nəzərə almamaq demokratiyadırmı? Bunların hər biri bir-birinə çox yaxın mövqe bildirdilər. Ümumiyyətlə, mən sizə deyim ki, bu seçki kampaniyası dövründə seçki gününə qədər bütün Qərb nümayəndələri, elə Büronun da bura göndərdiyi 300-ə qədər nümayəndənin əksəriyyəti burada seçki prosesinin, təbliğat kampaniyasının normal aparıldığını deyirdilər. Bunu Bakıda da, Avropada da, digər yerlərdə də açıq-aydın demişdilər. Üzümü onlara tutub deyirəm: siz bu günə qədər bunu qeyd edirdinizsə, niyə birdən-birə mövqeyinizi tamamilə dəyişdiniz? Hansı faktor sizi buna vadar etdi?
Digər tərəfdən, 1500-ə yaxın Qərb, Avropa müşahidəçisi, yəni, beynəlxalq müşahidəçi bu seçkiləri izləyirdi. Onların 90 faizi bu seçkilərin yüksək səviyyədə, səfərbərlik şəraitində ədalətli keçdiyini və ümumiyyətlə, Azərbaycanda xalqın, seçicilərin iradəsini nümayiş etdirdiyini göstərdilər. Bunları deyənlər hətta o büronun bura göndərdiyi müşahidə missiyasının tərkibində də çox idi. Lakin buna baxmayaraq, büronun bir qərəzli nümayəndəsinin, xanım Tana de Zuluetanın mövqeyi, belə çıxır ki, bu gün bütün dünyaya yayılmalıdır.
Necə olur, universal dəyərləri qorumağı özündə ən yüksək vəzifə hesab edən AŞPA nümayəndələri açıq-aydın göstərdilər ki, seçkilər çox yaxşı keçib. Avropa Parlamentinin nümayəndələrinin seçkilərə verdiyi qiymət müsbət qiymətdir. Avropadan digər qurumlar, Asiya ölkələrindən qurumlar, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatından, İslam Əməkdaşlıq Təşkilatından, MDB-dən, Türkiyədən qurumlar, Pakistandan, digər ölkələrdən gələn müşahidəçilər bu seçkilərin yüksək səviyyədə, mütəşəkkil, ədalətli keçirildiyini və xalqın, seçicilərin iradəsini nümayiş etdirdiyini bildirdilər. Amma necə ola bilər? Bütün bunların hamısının əsas götürülməməsi demokratiyadırmı? Demokratiya birinin nə istəyir desin, onun nəzərə alınması deməkdirmi? Sizə deyim ki, çox qəribə bir vəziyyət yaranıb. Tutaq ki, Avropa İttifaqının nümayəndələri xanım Kətrin Eşton və cənab komissar Ştefan Füle Avropa Parlamentinin mövqeyini nəzərə almırlar və büronun mövqeyini nəzərə almağı özlərinə vacib hesab edirlər. Məgər bu demokratiyadırmı? 100-dən artıq xarici mətbuat nümayəndəsi burada olub. Onların mövqeyi bir tərəfdə qalıb, amma birdən-birə Avropanın bir sıra dövlətlərindən burada olmayan, buradan xəbəri olmayan jurnalistlər özlərindən xəbərlər yazmağa başlayırlar. Məgər demokratiya budurmu?
- Bu yanaşma Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa necə təsir edir?
- Bilirsiniz, bu çox mürəkkəb məsələdir, amma təəssüf ki, belə işlər görürlər, belə addımlar atırlar. Ümumiyyətlə, mən qeyd etmək istəyirəm ki, bu Azərbaycanla Aİ arasında əməkdaşlığa xidmət etmir. Mən bunu ona görə deyirəm ki, Azərbaycan bu 22 illik müstəqillik dövrü ərzində postsovet məkanında Qərblə, Avropa ilə ən sıx, ən uğurlu, ən böyük nailiyyətlər qazanmağa yönəlmiş addımlar atıb, əməkdaşlıq edib və nailiyyətlər də göz qabağındadır. Azərbaycan Şərqlə Qərbi birləşdirdi, enerji dəhlizi açdı, “Böyük İpək Yolu”nu reallaşdırdı. Eyni zamanda, bu gün Əfqanıstanda gedən proseslərdə Azərbaycanın göstərdiyi rolu həmişə qeyd edirlər. Bəs, bu əməkdaşlıq harada qaldı? Necə olur ki, Avropa, Qərb dövlətləri bəzən feodal dövləti xarakteri daşıyan, orta əsrlər dövləti səviyyəsində olan dövlətlərlə strateji tərəfdaşlıq edirlər, amma burada Azərbaycanla bağlı belə mövqe nümayiş etdirirlər.
Məlumdur ki, Azərbaycan postsovet məkanından Avropa Şurasına daxil olmuş yeganə müsəlman dövlətidir. Onun gördüyü işlər, atdığı addımlar da əslində Qərblə Şərqin bir-birini daha yaxşı anlamasına, eləcə də, Şimalla Cənubun, xristian dünyası ilə İslam aləmi arasında körpü olmasına yönəlib. Bu gün buna heç fikir verən yoxdur. Bunu heç saya salan yoxdur. Belə addımların atılması çox böyük təəccüb və təəssüf doğurur. Bütün bunlar olmalı deyil. Bəzən düşünürsən ki, Qərb siyasətçiləri, nümayəndələri beynəlxalq münasibətləri, beynəlxalq aləmdə gedən prosesləri qiymətləndirə bilmirlər, səthi yanaşırlar, onlara fikir vermirlər, saymazlıq edirlər? Bir xalqın seçiminə, 3 milyondan artıq seçicinin mövqeyinə belə hörmətsizlik göstərmək, belə çıxır ki, eyni zamanda, dünyada gedən proseslərə saymazlıq, haqsızlıq, qərəzli münasibət bildirmək deməkdir. Bu isə göstərir ki, səhv addımlar atılır.
Amma indi səhv addımlar atmaq dövrü deyil. İndi bütün işlərdə ciddi olmaq lazımdır. Çünki beynəlxalq aləm, bütün ölkələr dünyada və müxtəlif yerlərdə gedən prosesləri izləyirlər. Burada özləri üçün nəticələr çıxarırlar. Bu çox vacib məsələdir. Bizim bu qarşıdan gələn dövrlərdə Aİ ilə əməkdaşlığımızın mühüm mərhələlərindən biri -Vilnüs sammiti keçirilməlidir. İndi biz düşünürük, ora nə üçün getməliyik? Bu günə qədər Avropa Azərbaycan üçün nə edib? Bu günə qədər Qərb Azərbaycan üçün nə edib?
- Qərbin ikili münasibəti Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edirmi?
- Biz Qərbin ədalətli mövqeyini görə bilmirik. Avropa İttifaqının ədalətli mövqeyini görə bilmirik. Ona görə də, 20 ildən artıq bir müddətdə Dağlıq Qarabağ münaqişəsinin həllində böyük problemlər əmələ gəlib. Çünki gizli və açıq formada Avropa dövlətləri də, Aİ də, Qərb də Ermənistanın mövqeyini dəstəkləyirlər, baxmayaraq ki, açıq-aydın beynəlxalq hüquq bizim tərəfimizdədir. Əgər ədalətli olub nə isə etməli olsaydılar, bunu birinci növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən danışıqlarda edərdilər. Yəni Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında 7 rayon 20 ildən artıqdır ki, işğal altındadır. 760 min azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində bu gün öz fundamental hüquqlarından məhrum olub yaşayırlar. Amma Qərb bunun haqqında bir dəfə də bir ədalətli söz demir. Bilirsiniz, Azərbaycana qarşı ədalətli mövqe nümayiş etdirməyi bacarsaydılar, burada edərdilər. Amma bununla bağlı lazım olmayan yerdə, haqsız, ədalətsiz şəkildə Azərbaycanı tənqid etməyi özlərinin borcu bilirlər. Bunu ancaq bu cür qəbul etmək olar.
Mən yenə deyirəm, Aİ ilə neçə illərdir bu cür əməkdaşlıq edirik. Amma Aİ, Qərb Azərbaycanın ərazi bütövlüyünün tanınması istiqamətində özünün əvvəlki verdiyi vədlərdən, əvvəlki verdiyi sözlərdən, bildirdiyi mövqelərdən, bəyanatlardan, sənədlərdən yavaş-yavaş çəkinmək üçün addımlar atırdılar. Bunu elə bu gün də edirlər. Bu nə deməkdir? Yaxşı, siz hansısa bir dövləti, xristian dövlətini dəstəkləmək istəyirsinizsə, onu bir qədər başqa formada edin. Bu qədər ədalətsiz, haqsız addım atmaq mümkün deyil. Bunu bu qədər açıq və kobud formada etmək düzgün deyil.
Azərbaycanla bağlı mən deyəndə ki, biz öz torpaqlarımızı BMT Xartiyasına, Nizamnaməsinə uyğun olaraq, orada göstərilir ki, hər bir ölkənin öz işğal edilmiş ərazilərini azad etmək hüququ var, bütün bunlar haqqında deyən kimi Qərb qalxır ki, baxın, Azərbaycan müharibə ritorikası ilə addım atır, söz deyir. Necə ola bilir, bu işğalçı dövlətin rəhbəri, prezidenti Sarkisyan gedib universal dəyərlərdən həmişə dəm vuran bir qurumda (AŞPA-da) işğalçı siyasətini açıq ortaya qoyur. Azərbaycan ərazilərini işğal altında saxladığını təsdiq edir. Deyir ki, hətta lazım gələrsə, biz sizin ərazilərin daha 25 faizini, sonra deyir, yox, 30 faizini işğal edərik. Amma buna heç bir mövqe bildirmirlər. Bu nə deməkdir? Açıq-aydın qərəzli, ədalətsiz və geosiyasi xarakterli mövqedir. Biz bunları görürük. Təəssüflər olsun ki, biz bunlarla rastlaşırıq. Təəssüflər olsun ki, bu qədər sıx əməkdaşlığımızın əvəzində bunları görürük.
Qərbdə 1980-ci illərdən bu yana bir yeni “nəzəriyyə” hökm sürür. (mən ona dırnaq arasında nəzəriyyə deyirəm, çünki o nəzəriyyə deyil) Bunun adını bu gün “idarə olunan xaos” adlandırırlar. “İdarəolunan xaos” dünyada gedən proseslərə yeni bir yanaşma metodudur. Yəni, gəlin çalışaq idarə edək və oradan özümüz üçün bütün istədiyimizi əldə edək, bütün məqsədlərimizə çataq. Bu gün islam dünyasında həmin o “idarəolunan xaos” nəzəriyyəsi tətbiq edilir. Bir fikir verin, nə baş verir islam ölkələrində - İraqda, Əfqanıstanda, Suriyada, Misirdə, Liviyada? Onlarla daha belə ölkə saya bilərəm. Məgər bu “idarəolunan xaos” insan hüquqları məsələsinə bir balaca da olsa yardım edir? Yüzlərlə yox, minlərlə yox, 10 milərlə insanlar həyatlarını itiriblər, yüz minlərlə insanlar qaçqın olublar, köçkün olublar. Həm fundamental dəyərlərdən, həm ən elementar hüquqlarından məhrum olublar. Məgər budurmu bu gün bəşəriyyətə göstərilən xidmət? Xeyr, bu cür “idarəolunan xaos”, bu cür “nəzəriyyə” heç cür əsaslandırılmayıb.
Adi bir şeyi bilmək lazımdır, xaos əslində idarə olunmayan prosesdir. Xaosu idarə etmək olmaz. Amma Qərbin bu gün bütün imkanları var - radio, televiziya, mətbuat, internet şəbəkələri, nəyi istəsələr, onlar bir qanun səviyyəsinə qaldırmağı bacarırlar. Amma bir şeyi bilmək lazımdır. Atılan addımların məsuliyyətini hiss etmək lazımdır. Ölçüb, biçib nəzərə almaq lazımdır. Bu cür səhvlərin nəticəsi bir neçə 10 illikdən sonra özünü göstərə bilər. “İdarəolunan xaos” nəzəriyyəsinin mahiyyəti haqqında Qərbə mən bir mesaj göndərirəm. Əslində, bunun mahiyyəti bundan ibrətdir ki, güclü nə istəsə, edə bilər, zəifi isə həmişə asılı vəziyyətdə saxlamaq lazımdır ki, güclüyə tabe olsun, onun dediklərini etsin. Amma bu, bu gün beynəlxalq aləmdə tətbiq edilən ən səhv yanaşmadır.
- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə münasibətlərin dayandırılması mümkündürmü?
- Bununla bağlı bir məsələni qeyd etmək lazımdır. Ola bilsin ki, bundan sonra bu Büronun Azərbaycanda keçiriləcək seçkilərə dəvət edilməsinə bir ehtiyac qalmayacaq. Onun nə dərəcədə məqsədəuyğun olub-olmaması haqqında düşünməliyik. Azərbaycanda bu xalqın taleyini Avropa həll etmir. Bu xalqın taleyini Qərb müəyyən etmir. Bu xalqın taleyini özü, özünün seçdiyi rəhbəri müəyyən edir. Bizim gücümüz də, iradəmiz də ondadır ki, biz güclüyük - biz bu cür güclüyük. Onsuz da, müxtəlif vaxtlarda müxtəlif addımlar atılıb, təxribatlar olunub, həmin o “idarəolunan xaos” “nəzəriyyəsi”nin müəyyən elementlərini tətbiq eləmək istəyiblər, amma buna nail ola bilməyiblər. Mən bu gün bir də bəyan edirəm, heç bir vaxt buna nail ola bilməyəcəklər. Çünki Azərbaycanda xalq, seçicilər onların düşündüklərindən daha ağıllıdır. Gələcəyi daha yaxşı görürlər. Bu xalqın rəhbəri onların düşündüyü çərçivədə olan rəhbər deyil. Planetar miqyasda böyük bir rəhbərdir. O böyük Heydər Əliyevin - dünyanın ən böyük liderlərindən birinin yolunu davam edir. Bu yol uzun yoldur və əbədi yoldur.
- Novruz müəllim, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyini necə dəyərləndirərdiniz?
- Ümumiyyətlə, dünya iki qütbə bölünəndən sonra Qərb ilə ən uğurlu, ən böyük nailiyyətlərə yönəlmiş beynəlxalq əməkdaşlığı Azərbaycan edib. Bununla bağlı ikinci bir dövlət göstərə bilməzsiniz. Bu əməkdaşlığın bir nümunəsi də elə Azərbaycanın BMT Təhlükəsizlik Şurasında fəaliyyətidir. BMT TŞ-yə Azərbaycanın üzv seçildiyi bu iki il müddətində Azərbaycan Qərblə çox uğurlu əməkdaşlıq etdi. Bunu qiymətləndirmək lazım idi. Bəli, bu ay da Azərbaycan ikinci dəfə BMT TŞ-nin sessiyasına sədrlik edəcək. İki il ərzində Azərbaycanın çox uğurlu əməkdaşlığını bütün Qərb ölkələri qeyd ediblər. Amma birdən-birə bunu nəzərə almamaq necə mümkündür? Qərb onu da bilməlidir ki, BMT TŞ-yə üzv seçilmək üçün 17 tur gedən mübarizədə Qərb ölkələri, həmin bu Avropa ölkələri, büronun sözü ilə durub-oturan ölkələr Azərbaycanın seçilməməsi üçün mübarizə apardılar. Bax, onların bizə münasibəti, “ədalətli” münasibəti budur, mən bunu qeyd etmək istəyirəm. Lakin buna baxmayaraq Azərbaycan bu ay ərzində orada sədrlik edir, edəcək və düşünürəm ki, Azərbaycanın BMT TŞ çərçivəsində əməkdaşlığı, üzvlüyü onun tarixinə qızıl hərflərlə yazılmış bir dövrdür. Azərbaycan hələ beynəlxalq aləmdə çox böyük işlər görəcək. Buna heç kimin şübhəsi olmasın.
newtimes.az
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13

