“Ukraynadakı dəhşətləri Azərbaycanda təkrarlamaq istəyirlər”
18.07.2014 [09:55]
Siyavuş Novruzov: “Müxalifət zəif olduğuna görə bələdiyyə seçkilərində iştirak edə bilmir”
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun “aznews.az” saytına müsahibəsi:
- Ölkədə niyə seçkiləröncəsi sakitlik hökm sürür?
- Seçkiləröncəsi süstlük bələdiyyə seçkiləri ilə bağlı deyil. Seçkilər dekabra nəzərdə tutulub. Rəsmi olaraq, oktyabrın ortalarından seçkilərə start verilir. Partiyaların xeyli hissəsi də bunu gözləyir. Ümumiyyətlə, seçkilərə hazırlıq 1 il öncədən başlanır, tədricən müəyyən məsələlər həll olunur. Partiya olaraq, seçki ilə bağlı qərarımızı vermişik, İdarə Heyəti yeni seçki proqramını təsdiq etdi. Bilirsiz ki, YAP ötən bələdiyyə seçkilərində üstünlük qazanmışdı. Bundan əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də gənclərin və qadınların seçkidə fəal iştirakını təmin edəcəyik.
- Müxalifət düşərgəsi deyir ki, bələdiyyələrin statusu yoxdur, ona görə seçkidə iştirak etmək əhəmiyyətsizdir. Onların iştirak etməməsi boşluq yaratmırmı?
- Alternativ seçim məsələsi var. Müxtəlif bitərəf vətəndaşlar var ki, seçkidə iştirak edirlər. Yaşadığı ərazidə yüksək hörmətə sahib olanlar, ad-san qazanmışlar seçkidə asanlıqla qalib gəlirlər. Burada hər bir şey təmin olunur. Əslində, müxalifətin zəifliyi burada özünü göstərir. Fakt odur ki, onların namizəd irəli sürməyə potensialları yoxdur.
- Siz onların elektoratının olmadığını bildirdiniz. Müxalifət isə elektoratın zəifliyini hakimiyyətin təzyiqləri ilə əlaqələndirir...
- Hər bir partiyanın qarşıya qoyduğu məqsəd və vəzifələri var. Burada partiyalar arasında siyasi mübarizə gedir. Bu mübarizədə güzəşt yoxdur. Elə fikirləşirlər ki, onlar ölkənin ərköyün uşaqlarıdır və bunlara qayğı göstərməlidirlər. Belə olan halda, yerimizdən çəkilməliyik və bunları oturtmalıyıq. Adama deyərlər, sən hakimiyyətə gəlmək istəyirsən, mən də getmək istəmirəm. Təbii ki, mübarizəni sivil formada aparırıq. Müxalifət getdikcə geri gedirsə, burada qeyri-qanuni, ədalətsiz nə var ki? Bunun səbəbi odur ki, həmin partiyalar daxilində islahatlar aparılmır. Partiya rəhbərliyində eyni adam görməkdən insanların gözü yara olub. Dəfələrlə seçkidə uduzublar, amma geri çəkilmək istəmirlər. Dünya praktikasında belədir ki, partiya sədri seçkidə uduzursa, geri çəkilir və növbəti dəfə namizədliyini irəli sürmür. YAP qurultayında partiya strukturlarında dəyişiklikliklər olunur. Müxalifət partiyalarında isə bu dəyişiklər baş vermir.
- Partiyalararası dialoq məsələsi nə yerdədir?
- Dialoqa həmişə hazırıq. Amma onlar bundan yayınırlar. Çünki potensialları yoxdur. Bilirsiz ki, YAP-da partiyalararası əlaqə və dialoq komissiyası yaradılıb. Bir neçə dəfə tədbir keçirilib, parlamentdə təmsil olunan partiyalar bir araya gələrək, müzakirə aparıblar. Yəni bir qrup müxalifət partiyası ilə dialoq aparılır.
- Bəs parlamentdə təmsil olunmayan partiyalar nə etsin?
- Onları müxtəlif tədbirlərimizə dəvət edirik, amma gəlmirlər. İctimai Palatanın vaxtında bir dəfə toplandıq. Sonra dedilər ki, bu partiyalar hakimiyyətlə dialoqa gediblər, ona görə də İP-dən çıxarılmalıdır. Bunların təfəkkürü dəyişməyincə, dialoq baş tutmayacaq. Müxalifət özü dialoqa əngəl olur.
- Azərbaycanda bir neçə mühüm beynəlxalq tədbir keçirildi. Bu tədbirlərin əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Son illər Azərbaycanda bir sıra beynəlxalq tədbirlər keçirilib. Bu, Azərbaycanın iqtisadi inkişafı, ölkədə aparılan abadlıq-quruculuq işlərinin göstəricisidir. Ölkədə sabitliyin olması beynəlxalq təşkilatları da cəlb edir. Ona görə bu cür tədbirlərin keçirilməsində heç bir problem olmur. Azərbaycan hazırda AŞ-nın Nazirlər Komitəsinə sədrlik edir, bundan əvvəl ölkəmiz BMT Təhlükəsizlik Şurasına sədrlik edirdi. Bəzi ölkələr Azərbaycanı təhlükəli region kimi qələmə verirlər. Bunun da nəticəsi olaraq, turistlərin və digər şəxslərin buraya gəlməsinə əngəl törədilir. Bu da Azərbaycan turizminə ciddi ziyan vurur.
Bunlar Azərbaycandakı bəzi səfirlərin “xidməti”dir. Ona görə belə edirlər ki, əməkhaqları 2-3 dəfə artsın. Yəni bu diplomatlar təhlükəli ərazilərdə fəaliyyət göstərirlərsə, əməkhaqları yüksək olur. Məsələn, əvvəllər Əfqanıstanda qulluq edən hərbiçilərin 1 ili 3 il hesab olunurdu. Amerika əsgərləri Əfqanıstanda, İraqda 3 qat əməkhaqqı alırlar. Bu səfirlər də əməkhaqlarının artırılması üçün belə edirlər.
Amma ölkəmizə gələn başqa dövlətin nümayəndələri görürlər ki, Azərbaycanda olan təhlükəsizlik heç onların ölkələrində yoxdur.
- AŞ PA-nın, ATƏT-in toplantılarında Azərbaycandakı demokratiya və insan haqları məsələsinə görə bəzi deputatlar tərəfindən sərt tənqidlər oldu. Bu barədə nə deyə bilərsiz?
- Bunlar Azərbaycana qarşı qərəzli olan deputatlardır, bilavasitə erməni lobbilərinin təsiri altında olanlardır. Onlar Azərbaycandakı inkişafa qıcıq olurlar, yanaşma tərzləri tamam başqadır. Həzm edə bilmirlər ki, Azərbaycan necə inkişaf edə bilər. Azərbaycan müqayisəyəgəlməz dərəcədə inkişaf edib. Onlar bunu görürlər, sadəcə, qəbul etmək istəmirlər. Niyə kimsə Azərbaycandakı müəllimin, həkimin, fəhlənin hüququ ilə bağlı nəsə demir? Bunlar yalnız erməni mənşəli, terror törədən, etnik, dini münaqişə yaradan, separatçılıqla məşğul olan adamların hüquqlarını müdafiə edirlər. Heç onları tanımırlar, amma müdafiə edirlər. Onlar, həmçinin, qrant verdikləri şəxslərin müdafiəsinə qalxırlar. Niyə 1 milyondan artıq qaçqının hüquqları müdafiə olunmur? Bir müxalifətçinin yarımçıq naməsi Avropaya çatan kimi dərhal onu müdafiə edirlər.
- Leyla Yunus deyir ki, həbs olunacaqdı, amma Fransa prezidenti Fransua Ollandın səfəri bunun qarşısını aldı. Doğrudanmı belə olub?
- O, törətdiyi cinayəti, kimləri bu prosesə cəlb etdiyini yaxşı bilir. Həmin adamlar artıq ifadə veriblər ki, belə işlərlə Leyla Yunus məşğul olur. Ona görə də o, ölkədən qaçmaq istəyirdi. Fransa ona 5 illik viza verib. Milli Məclisin deputatıyam, onlara müraciət edim, mənə viza verərlərmi? 1 illik viza verərlər, 5 illik mümkün deyil. Amma Yunusovlar ailəsinə 2 saat içində 5 illik viza veriblər. Bu da onu sübut edir ki, onlara casusluq edir.
- Deməli, xalq diplomatiyasının perspektivini görmürsünüz...
- Xalq diplomatiyasında xalqın arasında nüfuzu olan şəxslər iştirak etməlidirlər. Azərbaycanda dövlət çevrilişləri olanda xalqın qarşısına ağsaqqallar çıxırdılar. İman Mustafayev, İsmayıl Şıxlı, Fərəməz Maqsudov və başqa tanınmış insanlar. Ziyalı belə olar, Leyla Yunus bu işlə necə məşğul ola bilər? Bunlar casusluq fəaliyyəti ilə məşğul olurlar. Leyla Yunus nə deyəcək? Bu, Azərbaycanda ermənilərin hüquqlarını müdafiə edirsə, görün, Ermənistana getsə, nə edər. Gizli yolla hansı diplomatiyadan söhbət gedə bilər?
- Ümumiyyətlə, xalq diplomatiyası davam etdiriləcək?
- Təbii ki, dediyim işlər görüləcək. Beynəlxalq səviyyədə işlər davam etdirilir. Yəni, tədbirlər çərçivəsində gediş-gəliş olur. Ziyalılar, tanınmış insanlar bu prosesdə aktiv iştirak edirlər. Nə lazımdırsa, onu da edirik.
- Vaxtaşırı Amerikada Azərbaycanla bağlı dinləmələr keçirilir və ölkədəki demokratiya və insan haqları məsələsi sərt tənqid olunur. Bunu Amerikanın Azərbaycana təzyiqi kimi qəbul etmək olarmı?
- Təbii ki, bunlar təzyiqdir. Azərbaycanda Ukraynada olanları təkrarlamaq istəyirlər. Ukrayna bu məsələdən xeyli ziyan çəkdi, ərazisinin bir hissəsini itirdi, hələ müharibə səngiməyib. Bunu təkamül yolu ilə də etmək olardı. Qərb dövlətləri özlərinə lazım olan ölkələri sınaq meydanına çevirirlər. Məcburi şəkildə dövləti Avropaya tərəf yönləndirirlər. Bu, düzgün deyil. Burada seçim xalqındır. Xalq hansı yolu istəyəcəksə, o yolu da gedəcək. İndi də Azərbaycandan xəbəri olmayanlar orada dinləmə keçirirlər. Tədbiri təşkil edirlərsə, oraya hökumət nümayəndələri və QHT-lər də dəvət olunmalı idi. Amerikanın bu addımları düzgün deyil, bu səlahiyyətləri necə əldə ediblər? ATƏT-in, AŞ PA-nın, BMT-nin tənqidləri başadüşüləndir, çünki həmin qurumlar qarşısında öhdəlik götürmüşük, amma Amerikanın hansı səlahiyyətləri var ki, dinləmələr keçirir? Dövlətlərin daxili işlərinə qarışmaq olmaz.
- Amma demokratiya və insan haqları heç bir dövlətin daxili işi hesab olunmur...
- Bu məsələ ilə bağlı BMT-nin institutları var. Harada insan hüquqları pozulursa, BMT bununla məşğul olmalıdır. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə bağlı BMT-nin 4 qətnaməsi var, amma yerinə yetirilmir. Belə şeylərə diqqət etmək lazımdır...
- Azərbaycan BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəklədi, amma ATƏT-in yay sessiyasında Rusiya əleyhinə qəbul olunan qətnamənin səsverməsində iştirak etmədi. Bunu necə izah edərdiniz?
- Azərbaycan BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəklədi. ATƏT PA-nın Azərbaycanda keçirilən sessiyasında ölkəmiz Rusiya əleyhinə qəbul olunan qətnamənin qəbulunda iştirak etmədi. Bu, o demək deyil ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləmədi. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, amma qonşu dövlətlə bağlı qətnamənin qəbulunda iştirak etmədi. Bu, bizim hüququmuzdur.
- Belə bir fikir var ki, Azərbaycan Qərbə qarşı sərt mövqe sərgiləyir, Rusiya ilə isə ehtiyatlı davranır...
- Bir ölkənin başqa bir ölkənin daxili işlərinə qarışmasına haqqı çatmır. Öz gözlərində tiri görmürlər, başqalarında tük axtarırlar. Həmin ölkələrdə müqəddəs kitablarla necə davranırlar, hər kəsə məlumdur, biz bununla bağlı onlara irad tuturuqmu? Əvvəlcə özlərindəkiləri qaydasına salsınlar, sonra başqa dövlətlərin işinə qarışarlar. Müxtəlif ictimai təşkilatlar var ki, onların diktəsi ilə hərəkət edirlər. 20 ildir, Azərbaycan haqqında eyni şeyi deyirlər. Ermənistanın da, Gürcüstanın da insan haqları ilə bağlı durumu bizdən qat-qat aşağı səviyyədədir. Amma onların haqqında müsbət fikir bildirirlər. Bilirsiz ki, Ermənistanda keçirilən son prezident seçkisində namizədin birini yaraladılar, iki şəxsiyyət vəsiqəsi ilə - köhnə və yeni sənədlə səsvermədə iştirak etdilər.
Avropa Şurasında bununla bağlı dedilər ki, bilirlər, amma müzakirəyə çıxarmırlar. Bu da onu göstərir ki, onlar Azərbaycana qarşı qərəzlidirlər. Rusiya da daxili işimizə o cür müdaxilə etsə, dərhal fikrimizi bildirəcəyik. Kim Azərbaycanın daxili işinə qarışacaqsa və nəyisə diktə etməyə çalışacaqsa, qarşısını alacağıq.
- Rusiya dövləti bunu birbaşa deməsə də, ayrı-ayrı siyasətçilərin dilindən deyir. Məsələn, bəzi məqamlarda Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Azərbaycanla bağlı sərt açıqlamalar verir...
- O, Rusiyanın təlxəyidir. Çeçenistan haqqında da fikirlər bildirirdi. Düzdür, belə adamlar var, düşündüklərini deyirlər. Onlar deyirsə, biz də kəskin şəkildə cavab veririk. Bir daha deyirəm, Azərbaycanın daxili işinə heç bir dövlət qarışa bilməz. Hansı dövlət qarışacaqsa, cavabını alacaq.
- Necə düşünürsüz, ölkədə rusiyameyilli qüvvələr varmı?
- Bilirsiz, bəzi yaşlı şəxslər sovet dövründə ölkənin siyasi həyatında yüksəliblər. İndi elə bilirlər ki, sovet dövrü qayıtsa, bunu yenə də hansısa rayona katib təyin edəcəklər. Yəni, yeni sistemə uyğunlaşa bilmirlər. Bu, o demək deyil ki, onlar Azərbaycanın müstəqilliyinin əleyhinədirlər. Fəallıq dövrləri sovet dövründə olduğuna görə hələ də o dövrün xiffətini çəkirlər. Amma deyim ki, bu insanların sayı çox azdır.
- Bu barədə Abbas Abbasov danışmışdı. Belə bir gərgin məqamda baş nazirin sabiq müavininin belə bir açıqlaması sıradan bir açıqlama sayıla bilməz...
- Təbii ki, o da sovet dövrünün xiffətini çəkir. Düşünür ki, həmin dövr olsaydı, daha yaxşı olardı. Azərbaycan heç bir bloka qoşulmur, balanslı siyasət yürüdür. Kimsə bunu bizə təlqin edirsə, deməli, o, Azərbaycan xalqını istəmir. Müstəqilliyin əleyhinə çıxmaq xalqın əleyhinə çıxmaq deməkdir. Hər kəs düşünüb danışmalıdır. Rusiyadan külək necə əsir-əssin, əsl vətəndaş ölkənin müstəqilliyini düşünməlidir. Hamı müstəqillik üçün çalışmalıdır.
- Mətbuatda Dağlıq Qarabağın ətraf ərazilərinin qaytarılması ilə bağlı informasiyalar yayılır. Bu işdə Rusiya da maraqlı görünür. 7 rayonun qaytarılması mümkündürmü?
- Belə bir məsələni mətbuata sızdırırlar ki, cəmiyyətin fikrini öyrənsinlər. Cənab Prezident də qeyd edib ki, Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Hazırda heç bir qurumda perspektiv görmürük. Həmçinin, biz ərazimizi işğal edən dövlətlə bir qurumda ola bilmərik. Təbii ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra bu məsələlərə baxıla bilər.
- Yəni, balanslı siyasət təhlükəli deyil? Azərbaycan hər iki tərəfin təzyiqinə məruz qala bilər...
- Azərbaycan hər bir dövlətlə qarşılıqlı münasibətləri davam etdirir. Yaranan ittifaqlara qoşulmayan dövlət çoxdur, onlar öz müstəqil siyasətlərini yürüdürlər. Azərbaycan da müstəqil siyasət yürüdür və hansısa təzyiqin olması mümkün deyil.
- Qarabağ problemini tərəflərdən biri - Qərb və ya Rusiya həll etsə, Azərbaycan siyasətini həmin cəbhəyə tərəf yönləndirə bilərmi?
- Bu, yanlış fikirdir. Bəzən deputatlar da deyirlər ki, Rusiya məsələni həll etsə, onun yaratdığı quruma qoşulmaq olar. Belə yanaşma düzgün deyil, Qarabağ ərazisi Azərbaycanın torpağıdır, bunun qaytarılmaması mümkün deyil, sadəcə, zamana ehtiyacı var.
Zaman hər dəqiqə Azərbaycanın xeyrinə işləyir. Qarabağ məsələsində Qərbin və ya Rusiyanın rolunu qabartmaq doğru deyil. Təbii ki, onlar məsələnin həllini istəmirlər. Məsələn, Amerika münaqişənin həllinə çalışır, amma necə olur-olsun, həllini istəyir. Ədalət məsələsi bunlar üçün önəmli deyil. Onlar Ermənistanı xilas etməyə çalışırlar. Fransa da münaqişənin həllində ermənilərin qalib gəlməsinə çalışır. Rusiya isə, ümumiyyətlə, bu məsələnin həllinə qarşıdır. Çünki hər iki dövlət bu məsələ ilə bağlı Rusiyanın fikirləri ilə razılaşmalıdır. Ermənistan Rusiyanın əyalətlərindən biri hesab olunur. Rusiya Azərbaycana təzyiq etmək üçün Qarabağdan istifadə edə bilər.
- Erməni mətbuatında belə məlumatlar yayılır ki, Dağlıq Qarabağla bağlı Azərbaycanla Rusiya arasında gizli danışıqlar gedir. Məlumatlar nə dərəcədə həqiqətdir?
- Onların dedikləri şantajdır. Ermənilər müəyyən məsələlərlə əlaqədar şantaj etməyi bacarırlar. Azərbaycanla Rusiya münasibətləri inkişaf etdikcə, onlar narahat olurlar. Regionda İranla Rusiyadan başqa, Ermənistanla normal münasibəti olan dövlət yoxdur. Bilirsiz ki, onların gürcüstanlılarla da problemləri var.
Demək olar, Ermənistanın təchizatı İranla bağlıdır. Ermənistan düşünməlidir ki, 4 tərəfdən azərbaycanlılarla əhatə olunub, İran tərəfdən cənubi azərbaycanlılar, Türkiyə ilə sərhəddə də azərbaycanlılar çoxluq təşkil edir, Gürcüstan sərhədində də azərbaycanlılar yaşayırlar, bu tərəfdə də Azərbaycan dövlətidir. Yəni, ermənilər çalışıb azərbaycanlılarla münasibətlərini normallaşdırmalıdırlar.
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17

