Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / “Artıq “Müsavat”la tarixçilər məşğul olmalıdırlar”

“Artıq “Müsavat”la tarixçilər məşğul olmalıdırlar”

10.02.2015 [09:58]

Siyavuş Novruzov: Rusiya NATO-nun ona doğru yaxınlaşmasını qəbul etmir
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Teleqraf.com”-a müsahibə verib.
- Siyavuş müəllim, Ukraynada baş verən hadisələri necə qiymətləndirirsiniz? Bu, Rusiya-Ukrayna qarşıdurmasıdır, yoxsa prosesin görünməyən tərəfləri var?
- Ukrayna hadisələri neçə müddətdir davam edir. Artıq hadisələr müharibə, daxili qarşıdurma həddində inkişaf edir. Əlbəttə, hadisələrin bu mərhələyə gəlməsində maraqlı olan qüvvələr var. Bu, danılmazdır. Həmin qüvvələr ciddi qarşıdurma yaradıb. Üstəlik, burada problem yalnız Ukrayna deyil, əksinə, Rusiya-ABŞ-Avropa münasibətləridir. Ukrayna, sadəcə bəhanədir. Ukrayna bir tələdir. Rusiyanı bu tələyə salmaq istəyirlər. O baxımdan Ukrayna məsələsi hansısa tərəflərin məğlubiyyətinə gətirib çıxara bilər. Bu yöndə də müəyyən addımlar atılır, proseslər aparılır. Məhz Ukrayna məsələsindən sonra dünya bazarında neftin qiymətində kəskin azalma müşahidə edildi. Əlbəttə, dünya bazarında neftin qiymətinin süni formada aşağı salınması, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, ayrı-ayrı vəzifəli şəxslərə qarşı tətbiq edilən bank sanksiyaları, Rusiyanın özünün Avropaya tətbiq etdiyi embarqolar baş verir. Bu da göstərir ki, hazırda çox ciddi proseslər gedir. Xüsusilə, Krım hadisəsindən sonra və Donetsk, Luqanskda baş verən hadisələr Ukraynanın parçalanmasına gətirib çıxarmaqdadır. Sözsüz ki, bu, arzuolunan proseslər deyil.
- Ukrayna hadisələrinə Qərbin, xüsusilə ABŞ-ın reaksiyasını necə qiymətləndirirsiniz?
- Sözsüz ki, ABŞ Ukraynanı müdafiə edir. Həm də çalışırlar ki, Ukraynanı NATO və Avropa İttifaqına daxil etsinlər. Yəni, Baltikyanı ölkələrin praktikası var və bunu yenidən tətbiq etmək istəyindədirlər. NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsi prosesi neçə müddətdir aparılır. Ukrayna da bu prosesdə bir mərhələdir. Həmçinin çalışırlar ki, Ukraynanı Avropa Birliyinin sıralarına daxil etsinlər və beləcə həm də Avropa İttifaqının coğrafiyası genişləndirilsin. Hazırda bu istiqamətdə proseslər inkişaf edir, Rusiya da NATO-nun ona doğru yaxınlaşmasını qəbul etmir. Real vəziyyət bundan ibarətdir.
- ABŞ elan edir ki, Ukraynanı silahlandırmaq məsələsini nəzərdən keçirir. Bu, nə dərəcədə ciddi və mümkündür?
- Təbii ki, bu proses baş verə bilər. Hazırda bu məsələ müzakirə mövzusudur. Bunlar olacaq, üstəlik NATO hərbçiləri də Ukraynaya gələcək, orada yerli orduya təlim də keçəcək. Yəni, bu proseslər gedir, hər an yeni informasiyaların şahidi oluruq. Əslində, bunlar artıq iki ölkə arasında olan münasibətlərdir. Şübhəsiz ki, burada digər qüvvələrin də həm marağı, həm də müdaxiləsi var.
- Beynəlxalq hüquq bu məsələdə nə deyir?
- Beynəlxalq hüquqa görə, bu məsələlər qarşılıqlı şəkildə həll edilməlidir. Beynəlxalq təşkilatlar məsələyə müdaxilə etməli, birmənalı mövqe qoymalıdır. Ancaq təcrübə göstərir ki, çox zaman Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının qərarları qərəzli, birtərəfli olur, obyektiv əsaslara söykənmir. Məsələn, Dağlıq Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var, ancaq bu sənədlər deklorativ xarakter daşıyır. Bu qətnamələrin icra edilməsi ilə əlaqədar heç bir addım, qərar yoxdur. Ancaq İraq və ya Əfqanıstanla bağlı bu cür qətnamə qəbul edirlər və sənədin mürəkkəbi qurumamış onun icrası baş verir, dərhal qərar yerinə yetirilir. Odur ki, beynəlxalq təşkilatlar buna obyektiv şəkildə yanaşmasalar və obyektiv əsaslara söykənən qərarlar qəbul etməsələr, dünya çox ciddi fəsadlarla qarşılaşacaq.
- Ukrayna böhranı üçüncü dünya müharibəsinə səbəb ola bilərmi?
- Hər şey beynəlxalq təşkilatların düzgün, doğru, obyektiv və ya səhv verəcəyi qərardan asılıdır. Əgər obyektiv və reallığa söykənən qərarlar olmayacaqsa, dünya çox fəsadlar yaşayacaq. Bu da şübhəsiz arzuedilən proses deyil.
- Azərbaycan diplomatiyasının Ukrayna siyasəti bəzi yerli politoloqlar tərəfindən tənqid edilir. Buna münasibətiniz necədir?
- Azərbaycan tərəfi öz mövqeyini dəfələrlə ifadə edib. Avropa Şurası Parlament Assambleyasının qış sessiyası zamanı da bu məsələ qaldırıldı. Bildirildi ki, siz Ukrayna böhranına görə, Rusiyaya qarşı sanksiyalar tətbiq edirsiniz. Ermənistan isə Azərbaycan ərazilərinin 20 faizini işğal edib. Nədən Ermənistana qarşı sanksiyalar tətbiq etmirsiniz, hansı səbəbdən ikili standartlara rəvac verirsiniz? İki azərbaycanlı öz doğmalarının məzarını ziyarət etmək məqsədilə doğulduqları və BMT-nin qərarı ilə tanınan Azərbaycan ərazilərinə gedirlər. Lakin bu adamları terrorçular həbs edir və saxta məhkəmə qururlar. Gözümüzün qarşısında nə ATƏT, nə Minsk qrupu, nə də ABŞ Dövlət Departamenti heç bir məsələ qaldırmır. Ancaq hansısa bir jurnalistin və QHT nümayəndəsinin guya hüququ pozulanda dərhal səs-küy qaldırılır, “Azərbaycana sanksiyalar tətbiq edilə bilər”, - deyə ayrı-ayrı təşkilatların dilindən bəyanat səsləndirilir. Bunun özü də ikili standartdır. Bir sözlə, həmin beynəlxalq təşkilatların dişsizliyinin və ikili yanaşmasının nəticəsidir.
- Qarabağla bağlı Ermənistana sanksiyalar tətbiq edilmir, ancaq Krıma görə Rusiyaya sanksiyalar tətbiq edilir. Burada xristian təəssübkeşliyi rol oynayırmı?
- Burada daha çox maraqlar rol oynayır. Hər bir dövlətin öz maraqları var. Əsas da maraqdır. Çünki siyasət maraqlar üzərində qurulur.
- Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının münaqişəli zonalara dair panelində çıxış edərkən maraqlı mesajlar verdi, xüsusilə Qarabağla bağlı sərt bəyanatla çıxış etdi. Bunu necə qiymətləndirirsiniz?
- Cənab Prezident Münxendə Azərbaycanın maraqlarını qorudu, Ermənistanla bağlı sərt və doğru bəyanat verdi. Bir daha dünya ictimaiyyətinə Azərbaycan ərazilərinin işğal altında olmasını, Ermənistanın işğalçı dövlət olduğunu göstərdi. Cənab Prezident bildirdi ki, Ermənistan tərəfi təxribatlar və terror həyata keçirmək üçün cəhdlər göstərir. Lakin Azərbaycan bütün bu cəhdlərin və təxribatların qarşısını alacaq. Eləcə də, Prezident bildirdi ki, Azərbaycan istənilən təxribatın qarşısını almaq əzmindədir və buna tam hazırdır. Həm də açıq vurğuladı ki, erməni əsgərləri ölmək istəmirsə, Ağdam və işğal edilən Azərbaycan ərazilərinə gəlməsin. Prezident Dağlıq Qarabağ məsələsini bir daha gündəmə gətirməklə dedi ki, əgər vaxtında beynəlxalq birlik bu münaqişəyə dair obyektiv və qəti mövqe tutsaydı, indi Ukrayna münaqişəsi də yaranmazdı.
- Son zamanlar Ermənistan silahlı qüvvələri cəbhədə atəşkəsi fasiləsiz pozur. Sizcə, bu təxribatlar böyük miqyaslı hərbi əməliyyatlara çevrilə bilərmi?
- Sözsüz ki, bu, Ermənistan tərəfinin təxribatıdır. Onlar bunu bilərəkdən edir. Birinci Avropa Oyunları ərəfəsində ATƏT-in Minsk qrupu çalışmalıdır ki, cəbhə xəttində atəşkəs pozulmasın. Prezident İlham Əliyev də bəyan etdi ki, nəinki Ermənistan-Azərbaycan münaqişəsində, hətta Şərq regionunda və Ukraynada da bu ərəfədə sakitlik və əmin-amanlıq olsun. Çünki bu, idman yarışıdır.
- Müxalifət Azərbaycanın Ukraynaya ciddi dəstək vermədiyini iddia edir, xüsusilə AŞ PA-dakı səsvermənin doğru mövqe olmadığı haqqında fikirlər yayır...
- Bir daha vurğulayıram ki, Azərbaycan BMT-də Ukraynanın ərazi bütövlüyünə səs verib. Bu, birmənalı dəstək idi. Baxmayaraq ki, bir çox postsovet ölkələri Ukraynanı dəstəkləmədi. Azərbaycan, həmçinin, bəyan etdi ki, Rusiyaya qarşı sanksiyaların tətbiqinin əleyhinədir. Çünki sanksiyalar ilk növbədə Ermənistana qarşı tətbiq edilməlidir. Əgər ədalət axtarırsınızsa, bunu ilk olaraq Ermənistana qarşı edin. Çünki Ermənistan təcavüzkar dövlətdir və Azərbaycan ərazilərini işğal edib.
- Bir qrup insan var ki, sosial şəbəkələrdə, mətbuatda az qala Ukraynaya gedib ukraynalıların əvəzinə müharibə aparmaq istəyirlər və bu istiqamətdə də hər gün fikir tirajlayırlar. Sizcə, bu, siyasətdir?
- Əslində, həmin qrupun nə Ukraynaya, nə də Azərbaycana canı yanır. Sadəcə olaraq, onlar Avropa dövlətlərinin əlaltılarıdır. Bu cür bəyanatlar verməklə Azərbaycanla ayrı-ayrı dövlətlərin qarşıdurmasını yaratmaq istəyirlər. Ancaq Azərbaycan heç bir bloka qoşulmur, müstəqil xarici siyasət yürüdür. Azərbaycanın müstəqil xarici siyasət kursu yeritməsi də bəzi ölkələri sözsüz ki, narahat edir. Bu səbəbdən də Azərbaycanla bağlı belə təxribatçı yollara əl atırlar. Bir daha qeyd edirəm ki, Azərbaycan xarici siyasətini öz iradəsinə, dövləti maraqlarına uyğun qurur. Həmin şəxslərin verdikləri bəyanatlar isə əsassızdır.
- Müsavat Partiyasında baş verən son prosesləri necə qiymətləndirirsiniz?
- Müsavat Partiyası artıq tarixin arxivinə gedib.
- Qubad İbadoğlunun partiyadan çıxarılmasını necə qiymətləndirmək olar?
- Bunu özləri müəyyən etsinlər. Onların daxili işidir və məni maraqlandırmır. Bizim üçün Müsavat Partiyası maraqlı deyil. Artıq “Müsavat”la tarixçilər məşğul olmalıdırlar.
- Qarşıdan parlament seçkiləri gəlir. Hakim partiya seçkilərə necə hazırlaşır?
- Hazırda seçkilərə kifayət qədər zaman var. Siyasi partiyalar, şübhəsiz ki, hər zaman seçkilərə hazır olmalı, bu prosesdə iştirak etməlidirlər. Yeni Azərbaycan Partiyası daima seçkilərə hazırlaşır. Ancaq indi seçkilərə kifayət qədər vaxt var. Seçkilər yaxınlaşdıqca biz də münasibətimizi ifadə edəcəyik.

Paylaş:
Baxılıb: 889 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30