Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Siyavuş Novruzov: Gültəkin Hacıbəyli Əli Kərimlini bazara çıxarıb, alan yoxdur

Siyavuş Novruzov: Gültəkin Hacıbəyli Əli Kərimlini bazara çıxarıb, alan yoxdur

04.09.2015 [10:16]

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsi
- Siyavuş müəllim, bildiyimiz kimi, ölkəmiz növbəti siyasi hadisə - parlament seçkiləri ərəfəsindədir. Hazırda seçkiöncəsi proseslər barədə nə deyə bilərsiniz və Yeni Azərbaycan Partiyasının (YAP) bu prosesdəki hazırlıqları hansı istiqamətdə qurulub?
- Parlament seçkiləri hər bir ölkənin tarixində mühüm əhəmiyyət kəsb edən bir hadisədir. Xalq öz hakimiyyətini parlament yolu ilə həyata keçirir, seçilmiş nümayəndələri vasitəsilə öz arzularının, istəklərinin reallaşmasına, rəyinin qanunvericilik formasında həyata keçməsinə müvəffəq olur. Bildiyimiz kimi, parlament seçkiləri bələdiyyə və prezident seçkilərindən bir sıra özəllikləri ilə fərqlənir. Yəni parlament seçkilərindən fərqli olaraq, bələdiyyə və prezident seçkiləri başqa sferaları əhatə edir. Parlament seçkiləri isə bu iki seçkinin ortasında olan və aparıcı qollarından biridir. Bu baxımdan, burada partiyalar, ayrı-ayrı şəxslər, müstəqil insanlar, QHT təmsilçiləri, tanınmış ziyalılar, incəsənət və mədəniyyət xadimləri, ümumiyyətlə, hər bir şəxs istəyir ki, ölkəsinin parlamentində təmsil olunsun, seçilsin və parlamentin bir üzvü kimi orada seçicilərini təmsil etsin. Ona görə də bu seçkidə rəqabət daha çox olur. Məsələn, prezident seçkilərini götürdükdə burada 10-15 nəfərə qədər namizəd iştirak edir. Bələdiyyə seçkilərində isə həmin nisbətdən fərlqi olaraq, daha çox namizəd yerli özünüidarə orqanlarında təmsil olunmaq üçün iştirak edir. Parlament seçkiləri isə bu baxımdan digər iki seçkidən öz xüsusiyyətləri ilə fərqlənir. Bu səbəbdən, ölkədə fəaliyyət göstərən siyasi partiyalar da çalışırlar ki, parlament seçkilərində daha çox yer qazansınlar.
Qarşıdan gələn parlament seçkilərində iştirak edəcək siyasi partiyalarda aktivlik müşahidə olunur. 50-dən artıq partiya bu seçkilərə ya ayrı-ayrılıqda, ya QHT-lərlə bir yerdə, ya da digər partiyalarla birgə, blok şəklində qoşulmaq qərarını verib. Artıq Mərkəzi Seçki Komissiyasına (MSK) da bu barədə müraciətlər daxil olmaqdadır.
Təbii ki, Yeni Azərbaycan Partiyası da bu seçkilərdə, ötən seçkilərdə olduğu kimi, öz aktivliyi ilə seçilir. YAP 1993-cü ildən başlayaraq hər zaman parlament seçkilərində qələbələr əldə edib. Ümumiyyətlə, istər bələdiyyə seçkiləri olsun, istər prezident seçkiləri olsun, YAP daim bu proseslərdə öncüllüyü əldə saxlayıb. Bu həm də ondan irəli gəlir ki, YAP daim xalqın arzu və istəklərini həyata keçirən bir siyasi təşkilatdır. Çünki partiyanın fəaliyyət prinsipi sözə deyil, əmələ əsaslanıb. Məhz buna görə də insanlar hər dəfə YAP-a səs veriblər və həmişə seçimlərində yanılmadıqlarının şahidi olublar. Digər tərəfdən, YAP-ın nümayəndələri Azərbaycanı xarici təşkilatlarda, beynəlxalq arenada ən yüksək səviyyədə təmsil ediblər. Eyni zamanda, partiya tərəfindən seçki prosesində qanunvericilik praktikasına daxil olan yeniliklər, təkmilləşmələr aparılıb ki, sonradan bu amil də növbəti uğurların əldə olunmasına şərait yaradıb. Ona görə biz bu seçkilərə də çox aktiv şəkildə hazırlaşırıq. Biz bir seçki başa çatdıqdan sonra qarşıdan gələn digər seçkiyə hazırlaşırıq. Çünki hakimiyyətə gəlməyin yollarından biri də sivil və demokratik yolla seçkilərdə iştirak edib, qələbə qazanmaqdır. Partiyamız bununla da yolla ölkədaxili proseslərdə öz yolunu getməkdə davam edir. YAP parlament seçkilərinə hazırlıqlara bu ilin fevral ayından başlayıb. Partiyanın İdarə Heyətinin qərarına uyğun olaraq, taktiki və strateji məsələlərin proqramını quraraq Mərkəzi Seçki Qərargahının strateji hədəflərini müəyyənləşdirib ki, bu proqram həm də rayon və şəhərlərdə fəaliyyət göstərən seçki qərargahlarında icra olunmaqdadır. Biz seçki prosesini 3 mərhələyə bölmüşük. İlkin mərhələ seçkilər elan olunan dövrə qədərdir. İkinci mərhələ seçkilərin elan olunmasından sonrakı dövr, yəni seçkilər, sonuncu mərhələ isə seçkilərin yekunlarıdır. Hazırda biz birinci mərhələdəyik. Bilirsiniz ki, avqustun 28-də cənab Prezident İlham Əliyev seçkilərlə bağlı Sərəncam imzalayıb və ayın 29-dan etibarən həmin Sərəncam qüvvəyə minib. YAP bu mərhələlərə qədər bütün tədqiqat işlərini yekunlaşdırıb və dairələrdə, məntəqələrdə öz müşahidələrini aparıb, orada təhlillərini aparıb, seçiciləri barədə yeni məlumatlar əldə edib. Seçicilərin kateqoriyalara bölünməsi, fəaliyyət istiqamətləri, siyasi baxışları öyrənilib. O cümlədən, Mərkəzi Seçki Qərargahının və yerli seçki qərargahlarının yaranması, müvafiq treninqlərin keçirilməsi, partiya fəalları ilə iş, təbliğat və təşviqatla məşğul olacaq insanlar müəyyənləşdirilib. Bütün bunlar məhz qanunvericiliyin tələblərinə uyğun olaraq reallaşdırılıb.
Məlumat üçün bildirim ki, YAP olaraq 125 dairədən namizəd irəli sürməyi nəzərdə tutmuşuq, hər dairədən 10 nəfər imzatoplayan şəxs müəyyənləşdirmişik. Çünki hər deputatlığa namizəd üçün 450 imza tələb olunur. 10% də artıq imza vərəqələri götürülərək doldurulub ki, bu da qanunvericilyin tələblərinə uyğun şəkildə həyata keçirilib. Beləliklə, biz 500 imza toplayaraq, bu imzaları MSK-ya təqdim edəcəyik.
Bundan başqa, hər bir dairəyə səlahiyyətli nümayəndələr təyin olunub. Artıq MSK-nın və YAP-ın İdarə Heyətinin qərarı ilə 158 nəfər şəxs bununla bağlı prosesə cəlb olunub. Onlardan bir nəfər maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə, bir nəfər ümumrespublika üzrə səlahiyyətli nümayəndə, 156 nəfər isə dairələr üzrə səlahiyyətli nümayəndələrdir.
Bundan sonrakı mərhələdə isə YAP öz namizədlərini müəyyənləşdirib və bu həftə ərzində partiyanın İdarə Heyəti tərəfindən həmin şəxslərin namizədlikləri rəsmən irəli sürüləcək. Bu baxımdan, bir daha xüsusilə vurğulamaq istərdim ki, partiya seçki kampaniyası ərəfəsində öz fəallığı ilə seçilir və hədəflərini müəyyənləşdirib. Qeyd edim ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi özündə çox demokratik və şəffaf standartları ehtiva etməkdədir. Hətta deyərdim ki, bir çox Avropa ölkələrində bu qədər demokratik dəyərlərə önəm verən seçki məcəllələri yoxdur. Bu seçkilər də öz demokratikliyi və şəffaflığı ilə uğurla yekunlaşacaq.
Lakin bəzi hallarda görürük ki, sosial bazası, elektoratı olmayan və ümumiyyətlə, heç bir seçki anlayışı olmayan adamlar Seçki Məcəlləsi ilə bağlı, yaxud da hansısa beynəlxalq qurumların təhriki ilə, guya, Azərbaycan qanunvericiliyində Seçki Məcəlləsinin demokratik dəyərlərə cavab vermədiyini iddia edirlər. Ancaq bunun heç də belə olmadığını biz hər dəfə sübuta yetirmişik. Biz indi də bu məsələ ilə bağlı istənilən adamla debatlara hazırıq.
Eyni zamanda, Seçki Məcəlləsinə görə, siyasi partiyalar seçkilərə qatılmaq üçün kifayət qədər imkanlara malikdirlər. Siyasi təşkilatlar öz müraciətlərini edirlər və namizədlərini irəli sürərək, seçki prosesinə qoşulurlar. Partiyalar öz namizədlərinin təbliğatlarını demokratik şəraitdə apara bilər, onların maliyyələşməsini apara bilər, imzatoplama kampaniyasında iştirak edərək namizədinin xeyrinə imza toplaya bilərlər. Baxmayaraq ki, Azərbaycanda seçki prosesi majoritar qaydada həyata keçirilir, partiyaların seçkilərdəki iştirakları, bu seçkidəki rolu proporsional seçki sistemindən də üstündür. Partiya öz namizədlərinin funksiyasını demək olar ki, öz üzərinə götürür və namizədinin seçilməsi üçün öz nüfuzundan, gücündən tam olaraq istifadə edə bilir. Bu baxımdan, Azərbaycanın Seçki Məcəlləsi demokratiyanın bütün dəyərlərinə cavab verməkdədir. Təbii ki, burada Azərbaycandakı siyasi mühitin də əhəmiyyəti var. Azərbaycanda olan siyasi sabitlik, inkişaf prosesi də öz sözünü deməkdədir. Həyata keçirilən sosial-iqtisadi islahatlar bu gün ölkəmizdə demokratik seçkilərin keçirilməsinə kifayət qədər zəmin yaradır. Ümumiyyətlə, Azərbaycanın beynəlxalq miqyasda yüksəlməsi, dünyanın mərkəzinə çevrilməsi, imicinin artması bütün bunlara öz töhfəsini verməkdədir. Azərbaycan, eyni zamanda, çox az dövlətlərdən biridir ki, öz müstəqil siyasəti ilə dünya arenasında inamla addımlayır. Ölkəmizin vətəndaşları da bu uğurlu siyasət fonunda öz azad seçimini edir.
Ancaq bəzi mətbuat orqanları, müxalifətyönlü təşkilatlar Azərbaycanda söz azadlığının, sərbəst toplaşma azadlığının olmadığını iddia edirlər. Halbuki, Azərbaycanda müxalifətin istənilən tədbir keçirməsi üçün şəhərin ən müxtəlif yerlərində bütün standartlara cavab verən yerlər təklif olunur. İnsanlar metro stansiyalarına yaxın, nəqliyyatın gur işlədiyi yerlərə yaxın olan ərazilərdə öz tədbirlərini keçirmək imkanına malikdirlər. Lakin kimlərinsə sosial bazaları, elektoratları yoxdursa, bu zaman dövlət nə etməlidir bunlar üçün? Belələri həmin günahları başqalarında deyil, məhz özlərində axtarmalıdırlar. Tutaq ki, təbbir keçirilən yer bir az uzaqda yerləşir. Əgər təbdir keçirmək istəyən müxalifət təşkilatı həmin tədbirini keçirməyə israr edirsə və onun tərəfdarları, əqidə yoldaşları onu dəstəkləyirlərsə, onlar uzaq ərazilərdə də həmin tədbirlərini keçirə bilərlər. Hətta Ərdəbildə öz tədbirlərini keçirsələr, tərəfdarları oraya getməlidirlər. Ancaq görünən budur ki, onların elektoratları da yoxdur. Ona görə də bu şəkildə bəhanələr gətirərək, necə deyərlər, çullarını sudan quru çıxarmağa çalışırlar.
Seçki dövründə isə açıq, ya da qapalı görüşlərin keçirilməsi üçün yerlər müəyyənləşdirilib və yaxın günlərdə mətbuatda dərc ediləcəkdir. İstənilən namizəd, istənilən təşkilat həmin yerlərə öz seçiciləri ilə görüşlər keçirəcəkdir. Yəni bununla bağlı beynəlxalq təşkilatların gələcəkdə öz hesabatlarını yaymaq üçün bir sıra adlarını müxalifət qoymuş təşkilatlar canfəşanlıq nümayiş etdirirlər. Xüsusilə, Xalq Cəbhəsi deyilən bir dərnək qurumu bu işlərdə fəal görünməyə cəhdlər göstərir. Hansı ki, bu quruma artıq partiya demək mümkün deyil. Vaxtilə bütöv olmuş bu qurumun parçalanmasından sonra 8-ə yaxın müxalifət partiyası yaranıb ki, onların fəaliyyətləri bu qurumun fəaliyyətindən qat-qat üstündür. Orada isə “Yurd” adlı təşkilat və 3-4 nəfər adam qalıb. Həmin 3-4 nəfər də ortaya düşərək, Azərbaycanın seçki mühitinə kölgə salmaqla məşğuldurlar.
Bildiyimiz kimi, bu seçkilərdə də beynəlxalq və yerli müşahidəçilər iştirak edəcəklər. Keçən prezident seçkilərində 40 mindən yuxarı yerli, 1500-dən yuxarı isə beynəlxalq müşahidəçi iştirak etmişdi. Yalnız Avropa strukturlarından deyil, eyni zamanda, dünyanın ayrı-ayrı aparıcı dövlətləri tərəfindən də göndərilən müşahidəçilər Azərbaycandakı seçki prosesini izləyirdi.
İndi də AŞPA, ATƏT-in Parlament Assambleyası, Avropa Parlamenti, ATƏT-in İnsan haqları bürosu, MDB Parlament Assambleyası, o cümlədən, Qara dəniz Ölkələrinin Parlament Assambleyasının nümayəndələri bu seçkilərə öz müşahidəçilərini göndərəcəklər. Bu baxımdan, Azərbaycan tərəfi də müraciət edir ki, hansı ölkə və ya qurum burada seçkiləri qərəzli deyil, tam tərəfsiz, ədalətli şəkildə müşahidə etmək istəyirsə, buyurub gələ bilərlər. Yəni onlar fikirləşməməlidirlər ki, kimsə seçilmədisə, onun seçilməməsinin arxasında hansısa qeyri-demokratik proses dayanıb. Bilməlidirlər ki, burada seçimi xalq edir. Seçici öz seçmək hüququndan yararlanaraq seçimini edir.
- Bu gün Əli Kərimlinin ətrafı, guya, onun əsl müxalifət lideri olduğunu və heç vaxt satılmadığını iddia edir. Sizcə, bu iddia nə qədər real görünür?
- Bilirsiniz, bunun heç bir əsası yoxdur. Kimsə hansısa xarici təşkilatdan maliyyələşərək, Azərbaycan xalqının, Azərbaycan dövlətçilik maraqlarının əleyhinə fikirlər səsləndirirsə, erməni lobbisi ilə iş birliyi qurursa, Ermənistanın ərazisinə keçib orada ermənilərin xüsusi xidmət orqanlarının əməkdaşları ilə gizli görüşlər keçirirsə, qrantlar alıb onu layihəyə deyil, Azərbaycanda iğtişaşlar törətməyə, sabitliyi pozmağa xərcləyirsə, nəticədə isə özlərini müxalifətçi hesab edirlərsə, bu belə deyil. Çünki müxalifətçiliyin anlayışı, forması, düsturu var və bunların heç birinin AXCP adlı dərnəyə, onun filialı olan “Milli şura”ya aidiyyəti ümumiyyətlə yoxdur.
Məsələn, vaxtilə “Milli şura” deyilən quruma üzv olmuş partiyalara nəzər salsaq, sonradan həmin partiyaların oradan nəyə görə çıxdıqlarını da görmüş olarıq. Onlar sonradan dərk etdilər ki, “Milli şura”, AXCP bilavasitə Azərbaycana qarşı düşmən mövqeyi sərgiləyən qaranlıq siyasi dairələrlə iş birliyinə gedir. Məsələn, həmin ərəfələrdə Müsavat Partiyası bəyanat verdi ki, “Milli şura”nın prezident seçkilərindəki namizədi əvvəlki prezident seçkilərində iştirak edən digər müxalifət namizədindən qat-qat az səs toplayıb.
Nəinki “Milli şura”dan, eləcə də, AXCP-dən kifayət qədər çox adam istefa verdi. Ümumiyyətlə, belə istefalar hər zaman olub. Hətta bu gün “Milli şura”ya sədrlik edən Cəmil Həsənli 10 il bundan öncə parlament seçkiləri ərəfəsində AXCP üzvlüyündən istefa verdi. Yəni mən bu gün mətbuatdan oxuyuram ki, Razi Nurullayevə, eləcə də, oradan çıxan digər insanlara satqın, xain, hakimiyyətə işləyən damğası vurmağa çalışırlar, onları təhqir edirlər. Hansı ki, onlardan imtina edən insanlar öz istəklərini nümayiş etdirirlər, səsləndirirlər. Əgər biz demokratiyadan, söz azadlığından, fikir plüralizmindən danışırıqsa, onda bu insanlar da azad şəkildə öz fikirlərini bildirirlər. Yox, əgər qarşı tərəfin istefaya gedənlərə qarşı kifayət qədər tutarlı arqumentləri varsa, onda bunu ortaya qoysunlar. Yox, əgər arqumentləri yoxdursa, onda o insanları xain, satqın, iqtidara işləyənlər kimi adlandırmasınlar.
Əli Kərimlinin fəaliyyətinə gəlincə, eləcə də, Gültəkin Hacıbəylinin iddialarına münasibət bildirərkən onu da deyə bilərik ki, əslində, onun siyasət donu altındakı fəaliyyətini Azərbaycan xalqı yaxşı xatırlayır. Vaxtilə o, Bakı Dövlət Universitetində təhsil alarkən, komsomola katib seçilməkdən ötrü bütün dostlarını satdı. O, 90-cı illərdə də satqınçılıqla məşğul olub. Xalq Cəbhəsini ələ almaqdan ötrü “Yurd” təşkilatını quraraq, partiyanın ortaya qoyduğu siyasi mahiyyətini bütünlüklə pozmuş oldu, Elçibəyə xəyanət etdi və nədir ki, orada sədr vəzifəsini tutacaq.
Və yaxud 2000-ci ildə parlamentə qatılmaq üçün “Müsavat”la birləşdiyi bloka xəyanət etdi. Bu gün ona yaxın olan mətbuat yazır ki, Əli Kərimli satılmayıb. Əslində, Əli Kərimli çoxdan satılıb, sadəcə onu hazırkı məqamda alan yoxdur. Hətta Gültəkin Hacıbəyli Əli Kərimlini bazara çıxarsa da, onu alan tapılmır.
Əli Kərimli zamanında da, indi də erməni lobbisinə, erməni lobbisinin maliyyələşdirdiyi beynəlxalq təşkilatların pullarına o qədər çox satılıb ki, bu satılmaların sayı-hesabı belə, öz çoxluğundan itib. Belə ki, Əli Kərimlinin “siyasi fəaliyyəti” milçəyin vızıltısından o tərəfə keçmir. Nə Əli Kərimlinin AXCP-si, nə Əli Kərimlinin “Milli Şura”sı, nə də ki, Əli Kərimlinin yan-yörəsi Azərbaycandakı proseslərə təsir etmək gücündə deyil. Bu gün onun haqqında düşünən ancaq ona pul verən, onu satın almaq istəyənlərdir ki, onların da məqsədləri bəllidir. Əli Kərimli özünü satışa çıxarmaqdansa, gəlsin, seçkilərə qatılsın. Xalq da görsün ki, bu adam seçkilərə qatılmaq imkanını itirməyib. Ancaq onun elektorat qıtlığı yaşaması, sosial bazasının olmaması hər şeyi tam açıqlığı ilə ortaya qoymuş olub. Hətta seçkilərə bu vəziyyətdə qatılsa belə, o kimi irəli sürəcək? Baxsınlar ki, onların seçkilərdə iştirak etməyə layiq olan adamları varmı? Heç olmasa, 10 adamının adını ardıcıl şəkildə qeyd etsinlər. Hətta adam tapıb seçkilərdə iştirak etsələr belə, ən zəif namizəd bunların “güclü” namizədi üzərində qələbə çalacaq. Bunların potensialları tükənib və yerlərində saymaqla məşğuldurlar. Ona görə də, bəlkə, başlarına gələcək biabırçılıqları anlayaraq, rüsvay olmamaq üçün bəhanələr gətirməklə məşğuldurlar. Onlar, həmçinin, Azərbaycan haqqında mənfi imic formalaşdırmaq istəyən xarici qüvvələrin əlində dəstəvuzluq edirlər ki, guya ölkəmizdə siyasi partiyalar ictimai-siyasi proseslərdən uzaq qalır, onlara seçkilərə qatılmağa imkanlar verilmir və s. Onlar həm də anlamırlar ki, mandat təyinatla deyil, seçki ilə verilir. Bu gün Əli Kərimlinin yanında olan bəziləri deputat olduqları zamanı xatırlamalıdırlar ki, onlar vaxtilə YAP-ın dəstəyi ilə deputat seçilmişdilər. İndi də əgər özlərinə inamları varsa, Əli Kərimlinin dəstəyi ilə deputat seçilsinlər.
- Siyavuş müəllim, “HRW” təşkilatı Azərbaycanın Avropa Şurası sıralarından çıxmasını tələb edib və bunu Xədicə İsmayıla qarşı çıxarılmış hökmlə əlaqələndirib. Sizcə, xarici təşkilatların Azərbaycan barədə hər hansı bir hökm vermək hüququ varmı?
- Baxın, bunlar bir müddət öncə Avropa Oyunlarını boykot etməyə çağırışlar etdilər. Halbuki, idmanın siyasətə heç bir aidiyyəti yoxdur. Hətta BMT-nin tövsiyələri, qətnaməsi var ki, idman siyasət deyil. Hətta düşmən olan ölkənin nümayəndəsi digər dövlətin ərazisində keçirilən idman yarışlarında iştirak edə bilər. Məsələn, baxmayaraq ki, Ermənistanla müharibə vəziyyətindəyik, demək olar ki, gündə atəşkəs rejimi onlar tərəfindən pozulur, torpaqlarımız işğal altındadır, onların idmançıları Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycana gəldilər. Bizim də idmançılarımız dəfələrlə Ermənistanda keçirilən idman yarışlarında iştirak ediblər.
Ancaq bu gün HRW, “Freedom House”, Soros Fondu, Reportyorların Azadlığı kimi təşkilatlar indi də seçki mühitindən istifadə edərək Azərbaycanın təmsil olunduğu nüfuzlu təşkilatlardan, həmçinin, Avropa Şurasından çıxarılmasını istəyirlər. Nə qədər məntiqsizlik var burada?! Nədir ki, cinayət törətmiş şəxslər qeyd-şərtsiz azadlığa buraxılmalıdırlar. Burada iki məqam var. Birincisi, bunlar həmin qrantların mənimsənilməsində birgə iştirak ediblər. Yəni istintaq açıb ortaya qoyub ki, nəzərdə tutulan qrant həmin fərdə, həmin quruma verilməyib. Orada məbləğ göstərilməsinə baxmayaraq, beynəlxalq təşkilat tərəfindən mənimsənilib. Bu isə Avropanın özündə çox ciddi bir faktdır. Məsələn, bir müddət öncə FİFA ilə bağlı verilən qərarları götürək. Bu gün həmin təşkilatın rəhbərləri başda Blatter olmaqla, qorxu və təlaş içindədirlər.
Azərbaycanda bənzər işlər açıldıqdan sonra onların nə qədər pul mənimsəmələri ifşa olundu. Bu səbəbdən, özünü ağıllı hesab edən bir insan heç vaxt belə çirkin işlərə getməz. Ona görə də həmin beynəlxalq təşkilatlar özlərinə elə adamlar seçirlər ki, əslində, həmin adamlar ibtidaidən bu cür çirkin işlərlə məşğul olurlar. Ona görə də bu adamlar həmin pulları alıb bir hissəsini həmin təşkilatın özünün mənimsəməsinə şərait yaradır, yerdə qalanını isə nəzərdə tutulan istiqamətə deyil, tamamilə başqa istiqamətə yönəldirlər.
Məsələn, yəqin ki, Emin Hüseynlini xatırlayırsınız. O, bir müddət İsveçrə səfirliyində gizləndi. O, bir il içində 1,5 milyon dollar vəsait almışdı və vergidən 160 min manat gizlətmişdi. Mən kimə sual etdim ki, Emin Hüseynlinin qrant tədbirlərində hansısa jurnalist, vətəndaş cəmiyyəti institutunun nümayəndələri iştirak edibmi? Bu suala cavab verən tapılmadı. Çünki qrantlar müqabilində heç bir tədbir keçirilməyib. Sonradan isə məlum olub ki, o bir ofis tutub və orada vaxt keçirmək üçün yığışıblar, çay içməklə məşğul olublar. Nəticədə, bu cinayətin üstü açılmasın deyə, Emin Hüseynli neytral bir ölkənin səfirliyində gizləndi. Sonradan isə xahiş-minnətlə ölkədən çıxarıldı.
Bu gün məsuliyyətə cəlb olunan Xədicə İsmayılın da cinayəti, demək olar ki, ona bənzərdir. Bu insanlar qanunsuz vergidən yayınmaqda, Vətənə xəyanətdə ittiham olunmaqdadırlar. Söz yox ki, burada da erməni lobbisinin kifayət qədər rolu var ki, onları bu işlərə cəlb edən də məhz bu lobbidir. Leyla və Arif Yunusların, eləcə də, digərlərinin də bu kimi işlərdə əllərinin olması sübuta yetirilib. Onlar Ermənistana həm Azərbaycan haqqında düşmənə lazım olan informasiyaları ötürür, düşmən mətbuatında həmin informasiyaların yaylmasını təmin edir, həm də ölkənin maraqlarını satırlar. Üstəlik, guya, Ermənistanın dünyada “demokratik ölkə” kimi mövcud olması reklamını aparırlar. Nəticədə, qanun qarşısında cavab vermək məqamı gələndə bunların yadlarına Azərbaycandakı “antidemokratiya” düşür.
İndi bunları müdafiə edənlər məhz Əli Kərimli və ətrafıdır. Baxın, Leyla və Arif Yunusları bir balaca “silkələməklə” hansı faktlar ortaya çıxdı. Bunlar heç bir yerdə işləməyə-işləməyə, bir QHT adı altında dörd Avropa ölkəsində sənədli-sübutlu xüsusi villaya sahibləniblər. Bunların Qərb banklarında, eləcə də Azərbaycan banklarında hesabları müəyyən olunub. İndi baxın, Əli Kərimlini “xidmətlərinə” görə “silkələsələr”, nələr ortaya çıxacaq!
Bu baxımdan da həmin xarici təşkilatlar taleyüklü məsələlər gələndə, seçkilər ərəfəsində düşürlər ortaya və köhnə havalarını çalmağa başlayırlar. Ancaq bunlara deyən yoxdur ki, bu gün Azərbaycanla bağlı hər hansı nüfuzlu quruma müraciət edərkən sənə bu ixtiyarı kim verib? Sən məhkəməsən, yoxsa Azərbaycanı ittiham edən prokuror, ya da müstəntiq? Ümumiyyətlə, sənin məsələnin mahiyyətindən xəbərin var, ya yoxdur və bəlkə, ittiham olunan şəxs etiraf edib ki, “mən bu cinayəti törətmişəm” və s. Baxın, artıq bunlar bir göstəriş verirlər. Ancaq onlar öz saydıqlarını saymaqla məşğul olurlar. Azərbaycan demokratiya yolu ilə gedir. Ölkəmizə qarşı qarayaxma kampaniyası aparanlar növbəti dəfə fiaskoya uğrayacaqlar, uğursuzluqla baş-başa qalacaqlar.
Fikirlərimi qədim bir atalar sözümüzlə bitirmək istərdim: “Məscidin günbəzinə nə qədər daş atsan, o daş sürüşüb düşər”. Azərbaycana nə qədər daş atmağa çalışsalar da, onların şər-böhtanları bizim ölkəmizə yapışmayacaq. Çünki Azərbaycan öz qətiyyətli yolu ilə gedir və onu bu yoldan əsla kimsə döndərə bilməyəcək.

Paylaş:
Baxılıb: 941 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30