Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / 80 illik şərəfli ömrün akkordları

80 illik şərəfli ömrün akkordları

22.09.2015 [10:12]

Miri Qəmbərov: Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan hələ qarşıda daha böyük nailiyyətlər qazanacaq, daha uca zirvələri fəth edəcəkdir
Sabah Lerik rayon İcra Hakimiyyəti tərəfindən ağsaqqal ziyalılarımızdan biri, cənub bölgəsində adı daim hörmətlə anılan, ictimai-siyasi proseslərdə fəallığı ilə seçilən, Ümummilli liderimiz Heydər Əliyevin yaxın silahdaşı, “Şöhrət” ordeni, “Azərbaycan Respublikası Prezidentinin Fəxri Fərmanı” ilə təltif olunmuş Miri Qəmbərovun anadan olmasının 80 illiyi münasibətilə təntənəli tədbir keçiriləcək. Fürsətdən istifadə edib, biz də bu mərasim öncəsi Miri müəllimlə görüşüb, onun keçdiyi şərəfli ömür yoluna birlikdə qısaca nəzər saldıq.
- Miri müəllim, öncə icazə verin qəzetimizin kollektivi, eləcə də oxucularımız adından sizi 80 illik yubileyiniz münasibətilə təbrik edək. Ömür yolunuz kifayət qədər zəngin olub. Adi fəhləlikdən tutmuş dövlət naziri vəzifəsinədək yüksəlmisiniz. Ötən illərə qayıtsaq, keçdiyiniz bu şərəfli ömür yolunun hansı məqamlarını qeyd etmək istərdiniz?
- Mən də, icazə verin, əvvəlcə qəzetinizin kollektivinə, eləcə də oxucularınıza - çoxminli Yeni Azərbaycan Partiyasının üzvlərinə öz dərin təşəkkürümü bildirim. Qeyd edim ki, Yeni Azərbaycan Partiyası, onun rəhbərliyi tərəfindən daim diqqət və qayğı hiss etmişəm. Eləcə də Ulu öndərimizin siyasi kursunun davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən dövlətə xidmətim yüksək qiymətləndirilib. 2005-ci ildə “Şöhrət” ordeni, 2010-cu ildə isə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Fərmanı” ilə təltif olunmuşam. Bir sıra digər mükafatlar da almışam. Odur ki, geriyə boylanıb, keçdiyim ömür yoluna nəzər salsam, ötən illərimin heç də boş-boşuna keçmədiyini, yalnız dövlətçiliyə xidmət etdiyini görmək mümkündür.
Çətin uşaqlıq dövrü
Yaşıdlarım kimi, mənim də uşaqlığım müharibə dövrünə təsadüf edir. Yəqin ki, o illər haqda məlumatınız var. Bir gözü ac, bir gözü tox böyümüşük. Amma bu, bizim xoş gələcəyə olan inamımızı qıra bilmədi. Təhsil almaq, Vətənə layiqli övlad kimi yetişmək arzumuzu söndürə bilmədi. O illərdə, indiki kimi, heç də respublikanın kəndlərinin hamısında orta məktəblər yox idi. Elə rayonlar var idi ki, uşaqlar təhsil almaq üçün bir neçə kəndi keçib məktəbə getməli olurdular. Anadan olduğum Lerik rayonunun Siyov kəndi rayonun ən ucqar dağ kəndi olsa da, xoşbəxtlikdən burada məktəb var idi. İndiki kimi yadımdadır, Sovet dövründə tikilmiş bu məktəbdə siniflərin ortaq divarlarında böyük odun sobaları qurulmuşdu ki, hər iki otağı isidə bilsin. Çətin illər olsa da, müəllimlərimiz gələcəyə böyük ümidlərlə bizləri yetişdirdilər, elə biz də onların ümidlərini heçə endirmir, dərslərə ciddi yanaşırdıq. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, çox nizam-intizamlı və çalışqan şagird olmuşam. O dövrdə kənd məktəblərinin heç də hamısı onillik təhsil vermirdi. Odur ki, mən də orta təhsilimin son iki ilini Lerik rayon mərkəzində davam etdirəsi oldum.
Yarım əsrdən sonra ilk sinif müəllimi ilə görüş
Burada bir haşiyə çıxmaq istərdim. Məmmədağa müəllim mənim 1-ci sinif müəllimim olub. Onun dərslərindən həmişə 5 alırdım. O illərdə yazı dəftərləri indiki kimi ağ vərəqli deyildi, çox keyfiyyətsiz olurdular, azacıq mürəkkəb dəyən kimi yayılırdı. O illərdə “Lenin perosu” ilə yazırdıq. Amma mənim çox səliqəli xəttim var idi. Müəllimlərim məni həmişə nümunə göstərirdilər. Necə olubsa, sinif müəllimim həmin dəftərlərimdən birini xatirə kimi özündə saxlayar. Sonradan illər ötdü, mən Bakıda müxtəlif vəzifələrdə çalışdım. Ticarət naziri işləyəndə bir gün köməkçim zəng vurdu ki, sizin qəbulunuza müəlliminiz gəlib. Soruşdum nə müəllim, hansı müəllim? Dedi ki, sizin 1-ci sinif müəlliminiz. Düzü, çaşıb qaldım. Təsəvvür edirsiniz, üstündən 53 il keçib, müəllimim 1-ci sinifdəki yazı dəftərimi hələ də özündə saxlayıb. Sanki ürəyinə damıbmış ki, mən nə vaxtsa böyüyüb nazir olacağam. Qucaqlaşdıq, ikimiz də bir xeyli ağladıq - o illəri yada saldıq. Məmmədağa müəllim etiraf etdi ki, həqiqətən də, o, bu günü hələ 50 il öncədən görürmüş - əlindən tutub ana dilində ilk kəlmələri yazmağı öyrətdiyi şagirdinin bir gün nazir olacağına, dövlət işində çalışacağına inanırmış. İndi isə o arzusuna çatmışdı. Bir gün televizora baxanda xəbərlər proqramında məni görüb, eləməyib tənbəllik, həmin dəftərimi də götürüb gəlib Bakıya. Bir neçə il bundan əvvəl Məmmədağa müəllim vəfat etdi. Elə mən də borcumdan çıxmaq üçün rayona getdim, onun yas məclisində iştirak etdim.
Yarımçıq qalmış hərbçi arzuları
Orta məktəbi bitirdiyim vaxtlarda ailəmiz Lənkəran şəhərinə köçdü. Artıq ali məktəblərə qəbul başlayırdı. Əvvəllər arzum hərbçi olmaq idi. Düzü, atam yaşlı olduğundan, qardaşımın başı ailəni dolandırmaq işlərinə qarışdığından, bir kimsə yox idi ki, mənim ali təhsil almağımla maraqlansın. Məqsədim isə hərbçi olmaq idi. Çünki əmim oğlu hərbçi idi. Məhz o məni həvəsə salmışdı ki, gəl sən də bu sənəti seç. Bir gün qatara minib yollandım Bakıya, respublika hərbi komissarlığına gəldim. Burada məni çox səmimi qarşıladılar. Leninqrad ali hərbi tibb məktəbinə qəbul olmaq istədiyimi bildirdim. Lazımi sənədləri aldılar, ev ünvanımı götürdülər ki, qəbul başlayan zaman özləri xəbər edəcəklər. Sən demə, teleqram səhv ünvana gedib. Bir də xəbər tutdum ki, bəs ali məktəblərə qəbul başlanıb və hətta bitib də. Yenidən Bakıya gəldim, hərbi komissarlıqda oldum. Gördülər ki, çox pərişanam, hətta ağlayırdım da. Dedilər ki, artıq ali məktəblər üçün gecdir, amma hərbi məktəbə daxil olmaq şansın hələ var. Beləliklə, Bakıdakı piyada qoşunlarının hərbi məktəbinə daxil oldum. 2 il hərbi məktəbdə oxudum. Sonra təyinatla Naxçıvanda xidmətə yollandım. Üstündən 6 ay keçmişdi. Moskvadan yoxlama gəlmişdi, burada sənədlərimizi yoxlayan zaman bəlli olur ki, hərbi məktəbə daxil olan zaman mənim əsgərlik yaşım tamam olmayıbmış. Odur ki, dərhal ordu sıralarından xaric edilməyim göstərişi verildi. Amma hərbi qulluqda keçirdiyim illəri həqiqi hərbi xidmət müddətinə yazdılar. Beləliklə, yarımçıq qalmış hərbçi olmaq arzularımla yenidən döndüm Lənkərana.
Komsomol sıralarından başlanan yüksəliş
Qardaşım kərpic zavodunda mağaza müdiri işləyirdi. Onun vasitəsilə zavodda fəhlə kimi işləməyə başladım. Burada da fəallıq göstərirdim, vaxtlı-vaxtında işə gəlir, verilən tapşırıqları vaxtında yerinə yetirirdim. Bir gün zavod direktoru məni yanına çağırıb dedi ki, tezliklə zavodda komsomol təşkilatının yığıncağı olacaq və biz yeni komsomol katibini fəhlələr arasından seçmək istəyirik. Gənclərin arasında isə ən fəalı, eləcə də namizədlərdən biri sənsən. Beləliklə, seçki oldu və məni zavodda komsomol təşkilat katibi seçdilər. Amma ali təhsil almaq arzusu içimdə hələ sonməmişdi. Bir gün qəzetdə “Sentrasoyuz”un (Moskvadakı Mərkəzi İttifaq) Bakı Kooperativ Texnikumunda ərzaq və sənaye malları üzrə əmtəəşünas ixtisası üzrə qəbul aparmasına dair elanını gördüm. İşdən icazə alıb, yollandım Bakıya. Sənədlərimi təqdim etdim və qəbul olundum. İş elə gətirdi ki, az müddət sonra burada da texnikumun komsomol təşkilatı komitəsinə seçki keçirildi. Görünür, şəxsi işimlə tanış olmuşdular, rəhbərliyin təklifi ilə burada da mənim komsomol təşkilatı katibliyinə namizədliyim irəli sürüldü. Beləliklə, həm texnikumun komsomol təşkilatının katibi oldum, eyni zamanda, paytaxtın Djerzinski (indiki Nərimanov) rayon komsomol bürosunun üzvü seçildim. Texnikumu bitirərkən artıq təyinatımız da bəlli idi - məni Lerik rayonuna əmtəəşünas göndərəcəkdilər. Amma, sən demə, “Azərittifaq”ın sədr müavini Baba Əliyev bizim dövlət imtahan komissiyasının sədri imiş. O, təhsil illərimdəki qiymətlərimlə, komsomol təşkilat katibi kimi fəaliyyətimlə maraqlanıb və beləliklə də, təyinatımı dəyişdirərək “Azərittifaq”a yönləndiriblər. Odur ki, texnikumu bitirərkən təyinatımı da “Azərittifaq”a aldım. Uzun illər - təqribən 23 il bu sistemdə çalışdım. İşləyə-işləyə həm də ali təhsil aldım, İqtisadiyyat İnstitutunu da bitirdim. Vəzifə pillələrində yavaş-yavaş yüksəlməyə başladım - əmtəəşünas, şöbə müdiri, idarə rəisi...
Heydər Əliyev fitri istedada, mükəmməl yaddaşa malik dahi şəxsiyyət idi
- Miri müəllim, bəs Ulu öndər Heydər Əliyevlə ilk tanışlığınız necə baş verdi?
- Bu, təqribən 1974-cü ildə oldu. Ulu öndər Heydər Əliyev artıq 5 il idi ki, respublikaya birinci katib təyin edilmişdi. Bildiyiniz kimi, o illərdə Heydər Əliyev çox ciddi şəkildə respublikada dövlət əmlakını mənimsəyənlərə qarşı mübarizəyə başlamışdı. Həmin yoxlamalar “Azərittifaq”da da aparılmışdı. Necə olmuşdusa, yoxlamaların nəticələri Mərkəzi Komitədə Ulu öndər Heydər Əliyevin yanında müzakirə ediləndə təkcə mənim müdir müavini vəzifəsində çalışdığım idarənin adı bu siyahıda çəkilməmişdi. Müdir olmadığı üçün iclasa məni dəvət etmişdilər. Heydər Əliyev sual etdi ki, necə olur ki, təkcə bu idarədə hər şey qaydasındadır? Demək, burada kadr seçimi düzgün aparılıb. Beləliklə, illər keçdi... SSRİ dağıldı, müstəqil dövlətlər yarandı. Məlum hadisələrdən sonra Heydər Əliyev yenidən xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi rəhbərliyə dəvət olundu. Siz Heydər Əliyevdəki fitri istedada, mükəmməl yaddaşa bir fikir verin. Üstündən o qədər müddət keçəndən sonra, bu qədər qanlı-qadalı hadisələr baş verdikdən sonra O, cəmi bir dəfə üzünü gördüyü adamı belə yadında saxlamışdı. 1994-cü il idi. O zamanlar, bildiyiniz kimi, respublikamız üçün çox ağır bir dövr idi. Ölkə vətəndaş müharibəsinin astanasında idi. Məhz Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkədəki bütün iğtişaşlar yatırıldı və Azərbaycan özünün inkişaf yoluna qədəm qoydu. O zaman “İdman və Mədəni Mallar Birliyi”nin baş direktoru vəzifəsində çalışırdım. Bir gün məni Aparata çağırdılar, dedilər ki, Prezidentlə görüşəcəksən. Düzü, çox həyəcanlı idim. O isə məni gülə-gülə qarşıladı, dedi ki, uzun müddət sənin fəaliyyətini izləmişəm, əvvəlki illərdəki işlərin də yadımdadır. Bilirəm ki, Azərbaycanın azadlığı uğrunda mübarizədə də fəal olmusan. Odur ki, yeni hökumətdə sənin kimi kadrlara ehtiyacımız var. Beləliklə, ticarət naziri vəzifəsinə təyinat aldım.
- Uzun müddət Ulu öndər Heydər Əliyevlə birgə çalışmısız. Onunla işləmək çətin deyildi ki? Məsələn, Heydər Əliyev kadrlarda hansı keyfiyyətlərə üstünlük verirdi?
- Ümummilli lider Heydər Əliyev yalanı heç sevməzdi və yalan danışan adamı da heç vaxt bağışlamazdı. Ümumiyyətlə, Ulu öndər kadrlara çox böyük önəm verirdi. Bildiyiniz kimi, hələ Sovet dövründə, O, SSRİ-nin ali məktəblərində təhsil almaq üçün hər il yüzlərlə tələbə göndərirdi, onların təhsilinin qayğısına qalırdı. Bilirdi ki, vaxt gələcək, illər sonra həmin tələbələr artıq kadr kimi ölkənin idarə olunmasına cəlb olunacaqlar. Bu, Heydər Əliyevin uzaqgörən siyasəti idi. O həmçinin hərbçi kadrların hazırlanmasına da çox böyük önəm verirdi. Əbəs yerə deyil ki, bu gün dövlət idarəçiliyində mühüm postlar tutan kadrların böyük əksəriyyətini məhz həmin illərdə Heydər Əliyevin xeyir-duası ilə İttifaqın ali məkbətlərində təhsil almağa göndərilən həmin tələbələr təşkil edirlər. Heydər Əliyevin çox güclü yaddaşı var idi. O, seçdiyi kadrları dəyərləndirirdi, eyni zamanda, onlardakı Vətənə, dövlətçiliyə sədaqət hisslərinin yüksək olmasına da böyük önəm verirdi. 1997-ci ildə hökumətdə aparılan struktur islahatlarından sonra Ticarət Nazirliyi ləğv edildi. Görünür, məhz elə bu səbəbdən də Heydər Əliyevin göstərişi ilə fəaliyyətimi “Azərkontrakt” SC-də rəhbər kimi davam etdirməli oldum. Artıq 20 ilə yaxındır ki, bu vəzifədə çalışıram. Bilirsiz, indiyədək çox dünyaca məşhur, görkəmli şəxsiyyətlərin fəaliyyətləri ilə maraqlanmışam. Çörçil, Şarl de Qol və başqaları haqda yazılan əsərləri oxumuşam. Amma Heydər Əliyev kimi DAHİ, FENOMEN bir şəxsiyyətə rast gəlməmişəm. O, fitri istedada malik bir ŞƏXSİYYƏT idi. Onun dövləti idarə etmək bacarığı çox yüksək idi. Hələ indiyədək dünyada ikinci belə bir şəxsiyyətə rast gəlməmişəm. Sözsüz ki, hər bir xalqın öz milli lideri var. Amma Heydər Əliyevdə olan üstün keyfiyyətlər digərlərindən daha çoxdur. Heydər Əliyev düzgünlüyü sevərdi, ağsaqqal sözünə hörmətlə yanaşardı. Onun üstün keyfiyyətlərini sadalamaq üçün gərək saatlarla danışasan. Sözsüz ki, bunlar da bir qəzet yazısına sığan deyil (gülür)...
Hər dəfə “Miri körpüsü”ndən keçəndə...
- Miri müəllim, iki çağırış Milli Məclisin deputatı olmusunuz. Bu müddət ərzində fəaliyyətinizi qənaətbəxş hesab edirsinizmi?
- İkinci və üçüncü çağırış Milli Məclisə deputat seçilmişəm. Namizədliyim Lerik-Lənkəran qarışıq seçki dairəsindən irəli sürülmüşdü. Parlamentdəki fəaliyyətimi seçicilərim daha düzgün qiymətləndirərlər. Onu deyim ki, millət vəkili olduğum dövrdə əvvəlcə İqtisadiyyat, sonra isə Aqrar siyasət daimi komissiyalarının üzvü olmuşam. Bundan əlavə, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Estoniya və Azərbaycan-Kanada işçi qruplarının üzvü, İKT Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü olmuşam. Qanunvericilik bazasının təkmilləşdirilməsində fəal iştirak etmişəm. Ən əsası, seçildiyim Lerik və Lənkəran rayonlarında bir sıra sosial layihələrin həyata keçirilməsinə nail olmuşam. Bilirsiz ki, Lerik rayonu yüksək dağlıq ərazilərdən ibarətdir. Uzun illər idi ki, rayon sakinləri içməli su sarıdan korluq çəkirdilər. Nəhayət, bu problemi həll edə bildik. Bundan əlavə, Lerik rayonunun 15-dək kəndini birləşdirən yol çay hövzəsindən keçirdi. Bura daşqınlar zamanı əhali üçün çox təhlükəli olurdu. Çayın üstündən körpü inşa etdirdik. Elə indinin özündə də xalq arasında bu körpüyə “Miri körpüsü” deyirlər. Hər dəfə rayona gedəndə bu körpüdən keçəndə ürəyimdə bir fərəh hiss edirəm. Yerli sakinlərin alqışları - keçirdiyim bu xoş hisslər elə ömrümün sonunadək mənə bəs edər. Bundan artıq heç nədə gözüm yoxdur.
Azərbaycanın iqtisadi inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır
- Elə dövlətimiz tərəfindən də əməyiniz yüksək qiymətləndirilib. Prezident İlham Əliyev tərəfindən iki dəfə fəxri adla təltif olunmusunuz. Məgər bunlar azdır?
- Doğrudur. Prezident İlham Əliyev tərəfindən iki dəfə fəxri adlara layiq görülmüşəm. 2005-ci ildə “Şöhrət” ordeni, 2010-cu ildə isə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Fərmanı” ilə təltif olunmuşam. Bunlar Azərbaycan dövlətinin, onun rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin əməyimə verdiyi böyük qiymətdir. Az öncə Heydər Əliyevin üstün keyfiyyətləri barədə danışırdım. Onun siyasi kursunun layiqli davamçısı olan İlham Əliyev cənablarında da eyni keyfiyyətlər cəmlənib. O da Ümummilli liderimiz kimi, işində dürüst olan kadrlarla çalışmağa üstünlük verir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq birliyin ən sayılıb-seçilən üzvlərindən biridir. Ölkəmizin bugünkü iqtisadi inkişafı, Azərbaycanın regionun aparıcı dövlətinə çevrilməsi, regionda söz sahibi olması məhz cənab İlham Əliyevin adı ilə bağlıdır. Onun bu istiqamətdəki yorulmaz fəaliyyəti xalq tərəfindən də dəstəklənir. Hesab edirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan hələ qarşıda daha böyük nailiyyətlər qazanacaq, daha uca zirvələri fəth edəcəkdir.
Səlim LOĞMANOĞLU

Paylaş:
Baxılıb: 946 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30