Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Aydın Hüseynov: Əldə etdiyim nailiyyətlərin əsasında YAP-dakı fəaliyyətim dayanır

Aydın Hüseynov: Əldə etdiyim nailiyyətlərin əsasında YAP-dakı fəaliyyətim dayanır

15.12.2015 [10:18]

“Möhtərəm Prezidentimiz İlham Əliyevin fəaliyyəti bizim üçün bir proqram, ən mühüm istiqamətdir”
Məlum olduğu kimi, noyabrın 1-də keçirilən beşinci çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) növbəti möhtəşəm qələbəyə imza atdı. YAP-ın irəli sürdüyü namizədlərdən 71 nəfəri seçicilərin etimadını qazanaraq Milli Məclisdə təmsil olunmaq hüququ əldə etdi. Təbii ki, YAP-dan seçilmiş millət vəkilləri sırasında bu haqqı ilk dəfə qazanmış üzvlər də var. Bu gündən başladığımız “Deputat kürsüsü” rubrikasında da Milli Məclisin yeni üzvlərini oxucularımıza təqdim edəcək, onların həyat və fəaliyyəti, hadisələrə baxışları, ictimai-siyasi proseslərdə rolu barədə məlumat verəcəyik. Rubrikamızın ilk qonağı isə 11 saylı Qaradağ Seçki Dairəsindən Milli Məclis üzvlüyünə seçilmiş, YAP-ın Siyasi Şurasının üzvü və partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovdur.
Yeni çağırışlar, yeni hədəflər...
- Aydın müəllim, artıq beşinci çağırış Milli Məclis öz işinə başlayıb. Milli Məclisin noyabrın 24-də keçirilən ilk iclasında Prezident İlham Əliyev geniş nitq söyləyərək qarşıda duran vəzifələr, yeni hədəflər haqqında mühüm fikirlər səsləndirdi. Sizcə, bu vəzifələr və millət vəkillərinin bu hədəflərin reallaşdırılmasında rolu nədən ibarətdir?
- Birmənalı olaraq qeyd etməliyik ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yeni dünya çağırışlarına və müasir trendlərə uyğunlaşdırılaraq həyata keçirilməsi sayəsində Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən, sabitliyin, sülh və əmin-amanlığın təmin olunduğu, beynəlxalq aləmdə ciddi və sözünə etimad olunan qüdrətli bir dövlət kimi qəbul olunur, ehtiram görür. Azərbaycan nəinki yerləşdiyi regionda, o cümlədən, dünyada təhlükəsizliyin təmin olunmasına, mədəniyyətlərarası və dinlərarası dialoqa önəmli töhfələr verən ölkə kimi də böyük nüfuza malikdir. Əlbəttə, bütün bu nailiyyətlərin qazanılmasında möhtərəm Prezidentimiz İlham Əliyevin yüksək nüfuzu, idarəçilik bacarığı və siyasi səriştəsi həlledici məqamlardan biridir. Prezident İlham Əliyevin şəxsi keyfiyyətləri dövlətin imicini formalaşdıran amildir. Onun nüfuzu, yüksək idarəçilik qabiliyyəti və qətiyyəti nəticəsində başqa dövlətlər Azərbaycanı etibarlı tərəfdaş kimi tanıyır. Eyni zamanda, Prezident İlham Əliyevlə vətəndaşlar arasında səmimi münasibət var. O, Azərbaycan vətəndaşını düşündürən məsələni açıq şəkildə ifadə edir, bu məsələlərin həllini fəaliyyətinin əsas prioriteti hesab edir. Möhtərəm Prezidentimiz həmçinin vətəndaşların böyük etimadını, sevgisini qazanmış, hər bir kəsin inandığı güclü liderdir.
Təbii ki, zaman dəyişir, qarşıya yeni, daha müasir çağırışlar çıxır. Ona görə də Azərbaycanın da qarşısında yeni hədəflər, yeni çağırışlar var. Əlbəttə ki, ilk növbədə, Azərbaycanın daha da inkişafına nail olmaq, əhalinin daha yaxşı yaşamını təmin etmək məqsədi qarşıya qoyulub. Möhtərəm Prezidentimiz bəyan edib ki, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini almalıdır. “Azərbaycan - 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da ölkəmizin qarşıdakı illərdə hədəfləri çox aydın şəkildə əksini tapıb. Azərbaycan elm və texnologiyanın inkişaf etdiyi, cəmiyyətin intellektual potensialının kifayət qədər yüksək olduğu, qeyri-neft sektorunun, xüsusilə sahibkarlıq və özəl sektorun iqtisadiyyatın lokomotivinə çevrildiyi, siyasi cəhətdən sabit, qüdrətli, güclü bir ölkə kimi dünyadakı yerini daha da möhkəmləndirməlidir. Bu hədəflərə doğru irəliləməkdə isə, təbii ki, hər birimizin üzərinə müxtəlif vəzifələr düşür. Möhtərəm Prezidentimizin Milli Məclisin iclasındakı çıxışında da məhz bu hədəflər, bu istiqamətlər ana xətti təşkil edirdi.
- Aydın müəllim, sizcə, millət vəkilinin vəzifələri, fəaliyyət sferası nədən ibarətdir?
- Bildiyimiz kimi, Milli Məclis ölkədə qanunvericilik fəaliyyətini həyata keçirir və millət vəkillərinin də birinci fəaliyyəti bu istiqamətdədir. Millət vəkili parlamentdə fəaliyyət göstərdiyi 5 il ərzində ilk olaraq məhz bu yöndə çalışmalı, qanunvericilik təşəbbüsü ilə çıxış etməli, qanunların daha mükəmməl formada qəbul olunmasına öz təklif və rəyləri ilə töhfə verməlidir. Eyni zamanda, millət vəkili seçildiyi ərazidə yaşayan seçicilərin maraq və mənafelərini qorumalı, onların təklif və fikirlərini dinləməli, problemlərinin həllinə yardımçı olmalıdır. Əlbəttə, bu gün Azərbaycanda dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün bölgələrimiz inkişaf edib, vətəndaşlarımızın sosial problemləri uğurla həll olunur, insanların yüksək həyat şəraitinin təmin olunması istiqamətində çox ciddi tədbirlər reallaşdırılır. Hansısa nöqsan, çatışmazlıq insanları narahat edirsə, millət vəkili bu məsələnin də həllinə yardımçı olmaqla, həm də uğurlu dövlət siyasətinə öz töhfəsini verir. Millət vəkilləri həmçinin ölkəmizin beynəlxalq arenada uğurla təmsil olunmasına, dövlətimizin xarici əlaqələrinin inkişafına, beynəlxalq tədbirlərdə Azərbaycan gerçəkliklərinin ifadə olunmasına da dəstək verməlidirlər. Mən hesab edirəm ki, millət vəkili həm də daşıdığı status etibarilə, müxtəlif məsələlərin müzakirəsində, o cümlədən ictimai müzakirələrdə fəal mövqeyini ortaya qoymalı, dövlət və vətəndaşların maraq və mənafelərini müdafiə etməlidir. Azərbaycan dövlətçiliyinin qorunması, möhtərəm Prezidentimiz İlham Əliyevin fəaliyyəti bizim üçün bir proqram, ən mühüm istiqamətdir.
- Aydın müəllim, son dövrlər dünyada və regionda baş verən hadisələr fonunda ən çox müzakirə olunan məsələlərdən biri də cəmiyyətin dinə münasibəti, dövlət-din münasibətləri, dini maarifləndirmənin əhəmiyyəti, dində təriqətlərdir. Sizin bu məsələyə münasibətiniz nədən ibarətdir?
- Bu gün artıq din məsələsi cəmiyyətlərin taleyində o qədər əhəmiyyətli bir faktora çevrilib ki, hər bir dövlətin, xalqın təhlükəsizliyi eyni dərəcədə o dövlətlərdə dini təhlükəsizliyin təmin olunmasından asılıdır. Ona görə də bu gün Azərbaycanda dini təhlükəsizliyin təmin olunması, dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi olduqca əhəmiyyətlidir. Bizi əhatə edən coğrafiyada, Qərbin bir sıra inkişaf etmiş ölkələrində hansı dağıdıcı hadisələrin yaşandığını hamımız görürük. Təəssüf ki, həmin ölkələrin siyasətçiləri baş verən hadisələrin obyektiv və subyektiv səbəblərini araşdırıb, onları aradan qaldırmaqdansa bunu məqsədli şəkildə başqa forma və səbəblərlə izah etməyə çalışırlar. Sirr deyil ki, müasir dövrdə dünyada bir çox mənfi tendensiyalar, o cümlədən dini zəmində qarşıdurmalar yaşanmaqdadır. Azərbaycan dövlətinə isə bu neqativ mənzərə yaddır, Azərbaycan xalqımızın bütün təbəqələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı, demokratik, dünyəvi dövlətdir. Azərbaycanda heç vaxt dini zəmində qarşıdurma baş verməyib. Eyni zamanda, Azərbaycanda İslam dəyərlərinə də böyük ehtiram var. Məscidlərin təmiri və yenidənqurulması, dini ayinlərin yerinə yetirilməsi üçün yaradılan şərait, dövlətin qanuni fəaliyyət göstərən dini icmalara dəstəyi və digər bu kimi amillər Azərbaycan dövlətinin İslam dininə və inanclı insanlara münasibətini ortaya qoyur. Amma çox təəssüflər olsun ki, ölkəmizdə din pərdəsi altında gizlənərək başqa məqsədlərə xidmət edən, ölkəmizdə mövcud olan sabitliyi pozmağa çalışan, insanların rifahına qarşı fəaliyyət göstərən, əslində isə dinlə heç bir əlaqəsi olmayan terrorçu qruplar da var ki, Nardaranda baş verən hadisələr bunu bir daha sübuta yetirdi. Amma hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı, hadisələrə çevik reaksiyası, eyni zamanda, cəmiyyətimizin bu hadisələrə adekvat münasibəti nəticəsində bu terrorçu qrup zərərsizləşdirildi və onların təxribat planlarının qarşısı alındı. Bu isə bir daha onu göstərir ki, Azərbaycan sabitliyə, xalqımızın rifahına qarşı yönəlmiş istənilən təxribat cəhdlərinin, terrorçu fəaliyyətin qarşısını almağa qadir olan güclü dövlətdir.
Şəxsən mənim münasibətimə gəlincə, mən İslam dinini bütün varlığımla qəbul edirəm, peyğəmbərimiz Məhəmməd peyğəmbər (S.Ə.S), kitabımız da “Qurani-Kərim”dir. Mənim fikrimcə, din hər bir insanın öz qəlbi ilə Allahı arasında olan vəhdətdir və bu, hər bir fərdin vicdan məsələsidir. Sənin hansı dinə aid olmağın, dini ayinləri necə icra etməyin bu sənin öz vicdan məsələndir, başqalarına da heç bir təsir edə bilməz. Dini heç kəs heç kəsə məcburi qəbul etdirməməlidir və dində də bu qadağandır.
“Özümü YAP-dan kənar təsəVvür etmirəm”
- YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri, YAP-dan seçilmiş millət vəkilisiniz. Rəsmi titullardan başqa YAP sizin üçün nəyi ifadə edir?
- Mən 30 yaşımdan YAP-ın sıralarındayam və həmin yaşda insanın dünyaya baxışı, qarşıya qoyduğu hədəflər formalaşır. Partiyamızla bağlı mənim üçün yaddaqalan, unudulmaz xatirələr var. Bilirsiniz ki, 1999-cu ildə YAP-ın birinci qurultayı keçirildi. İndiki Prezidentimiz cənab İlham Əliyev o zaman Qaradağdan millət vəkili seçilmişdi. Və qurultaya da YAP Qaradağ rayon təşkilatından seçilmişdi. Qurultay başlayanda nümayəndələr üçün əvvəldən yerlər müəyyənləşdirilir. Biz də dəvətimizi almışdıq, yerimiz də müəyyənləşmişdi. Qurultayımız başlayanda gördük ki, cənab İlham Əliyev gəlib Qaradağdan olan nümayəndələrlə bir sırada əyləşdi. Bu, bizim üçün qürurverici oldu.
Hansı ki, adətən dövlət tədbirlərində, eləcə də YAP-ın qurultayında həm parlament üzvləri, həm də dövlət adamları üçün ayrıca yerlər müəyyənləşir. Təbii ki, cənab İlham Əliyev də həmin yerlərdə əyləşə bilərdi, amma O, YAP Qaradağ rayon təşkilatının nümayəndələri ilə bir sırada əyləşməyə üstünlük verdi. Bu, bizim üçün tarixi hadisədir. Eyni zamanda, YAP-ın tarixi üçün maraqlı və yaddaqalan hadisədir. Qeyd edim ki, cənab İlham Əliyev 1999-cu və 2001-ci illərdə YAP Qaradağ rayon təşkilatının konfranslarında da iştirak edib. Bu hadisələr təkcə təşkilatımızın yox, partiyanın tarixinə yazılacaq hadisələrdir.
Ümumiyyətlə, mənim əldə etdiyim nailiyyətlərin əsasında YAP-dakı fəaliyyətim dayanır. Milli Məclisə YAP-ın nümayəndəsi olaraq seçilmişəm. Qaradağın seçicilərinin seçimi YAP oldu, sadəcə, partiyanın namizədi mən idim. Yəni əldə etdiyim uğurlara görə partiyamıza borcluyam. YAP sıralarında olmaqdan qürur duyuram. Ürəyimdən gələn səmimi sözdür ki, özümü YAP-dan kənar təsəvvür etmirəm.
- Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüsünüz. Ölkəmizdə iqtisadi qanunvericiliyin iqtisadiyyatın inkişafında rolu barədə fikirlərinizi bilmək istərdik...
- Bilirsiniz ki, Azərbaycan müstəqilliyini elan edəndə iqtisadiyyat tənəzzül vəziyyətində idi. O dövrü təhlil edəndə görürük ki, 1993-cü ildə Azərbaycanda təkcə siyasi böhran yox, kəskin, dərin iqtisadi böhran hökm sürürdü. Keçmiş SSRİ-yə daxil olan ölkələr arasında ən kəskin iqtisadi böhranı Azərbaycan yaşayırdı. 1993-cü ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın iqtisadiyyatının təməli qoyuldu. Belə ki, ölkədə liberal bazar iqtisadiyyatının inkişafı müəyyənləşdirildi. Burada ən başlıca addım ondan ibarət oldu ki, belə bir iqtisadi sistemə uyğun qanunlar qəbul edildi. İqtisadiyyat elə bir sistemdir ki, hər bir addımı qanuna söykənir. Yəni elə məsələlər var ki, onu cəmiyyət tənzimləyir. Ancaq iqtisadiyyatda hər bir sfera qanunla tənzimlənməlidir. İqtisadi sahədə qanunvericiliyə tələbat daha böyükdür. Azərbaycan iqtisadi modelini formalaşdırıbsa, iqtisadi nailiyyətlər əldə etmişiksə, təbii ki, bütün bunlar düzgün qanunların əsasında əldə edilib. İqtisadi nailiyyətlərin əsasında dayanan əsas amillərdən biri də budur.
Bu mənada deyə bilərik ki, iqtisadi qanunlarımız mükəmməldir, bu sahədə böyük işlər görülüb. Bir məqamı da demək istəyirəm ki, iqtisadiyyatın laboratoriyası yoxdur. İstənilən başqa bir sahənin, məsələn, kənd təsərrüfatının, tibb sahəsinin laboratoriyası var. Yəni müəyyən məsələlər sınaqdan uğurlu keçirsə, tətbiq olunur, amma iqtisadiyyatda bunu əvvəldən sınaq etmək mümkün deyil. Ona görə də əvvəlcədən düzgün iqtisadi siyasət müəyyənləşməlidir. Eləcə də çevik qanunlar olmalıdır. Həmçinin iqtisadiyyatla bağlı inkişaf tempinə, proqnozlara uyğun olaraq qanunlar təkmilləşməlidir. Bu mənada, mövcud iqtisadi qanunvericilik yüksək qiymətləndirilməlidir.
“İqtisadiyyatın qan-damar sistemi...”
- Siz uzun illər Maliyyə Nazirliyi sistemində çalışmısınız. İqtisadiyyatımızın inkişafında bu nazirliyin rolu barədə nə deyə bilərsiniz?
- Bəli, 20 il Maliyyə Nazirliyi sistemində çalışmışam. Maliyyənin özü iqtisadiyyatın qan-damar sistemidir. Maliyyə Nazirliyi Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanları arasında mühüm rola malik dövlət qurumudur. Nazirlik dövlətin vahid maliyyə, büdcə-fiskal və vergi siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanması və bu siyasətin həyata keçirilməsi, ölkənin ali maliyyə sənədi olan dövlət büdcəsi layihəsinin hazırlanması və icrasının təşkilində əsas rola malikdir. Nazirlik həmçinin ölkəmizin maliyyəsinin sabitliyinin təmin edilməsi və maliyyə sisteminin inkişafı ilə bağlı zəruri tədbirləri həyata keçirir, iqtisadiyyata xarici kreditlərin cəlb edilməsi, onların səmərəli xərclənməsi və ödənilməsi mənbələrinə dair təklifləri hazırlayır.
Maliyyə Nazirliyi ölkəmizin makroiqtisadi siyasətinin müəyyən olunmasında iştirak edən dövlət qurumu kimi Azərbaycan Respublikasının iqtisadi vəziyyətinin təhlili əsasında sosial-iqtisadi fəaliyyətinin tənzimlənməsi yollarını müəyyən edir. Sosial-iqtisadi göstəricilərin proqnozlaşdırılmasında, bu göstəricilərin təhlili əsasında büdcə mədaxilinin artırılmasına yönəldilmiş təkliflər hazırlayır. Dövlət investisiya proqramlarının tərtib olunmasında, dövlət investisiya siyasətinin, dövlət proqramlarının inkişaf konsepsiyası və strategiyalarının hazırlanmasında, pul-kredit siyasətinin müəyyən olunmasında və həyata keçirilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak edir.
Eyni zamanda, dövlət büdcəsi vəsaitlərinin səmərəli xərclənməsinə nəzarət edir, o cümlədən büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərinin, habelə dövlət zəmanəti ilə alınan daxili və xarici kreditlərin xərclənməsi üzərində maliyyə nəzarəti həyata keçirir.
Azərbaycanın beynəlxalq maliyyə-kredit, iqtisadi təşkilatlarla əlaqələrinin inkişafında Maliyyə Nazirliyinin həyata keçirdiyi siyasət mühüm əhəmiyyət kəsb edir. Belə ki, beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın qurulması sayəsində ən nüfuzlu bank və kredit təşkilatları Azərbaycan iqtisadiyyatına investisiyalar yatırır, eləcə də ölkəmizin beynəlxalq maliyyə bazarlarına çıxışı, potensial investor kimi təmsil olunması və digər maliyyə əməliyyatlarında iştirak edir.
Onu da qeyd edim ki, 10 ildən çoxdur nazirlikdə xəzinədarlıq sistemi fəaliyyət göstərir və bu sistem nümunəvi sistemdir. Xəzinədarlıq ən müasir proqramlarla təmin olunub. Eyni zamanda, təyinatı üzrə vəsaitlərin xərclənməsinə və effektli olmasına çox böyük nəzarət mexanizmi mövcuddur. Bir sözlə, ölkə iqtisadiyyatının ən böyük bazalarından biri Maliyyə Nazirliyində formalaşıb. Nazir Samir Şərifovun rəhbərliyi ilə Maliyyə Nazirliyində sağlam mühit yaradılıb və bu da maliyyə siyasətinin uğurla icra olunmasına çox müsbət təsirini göstərir.
- Qeyd etdiyiniz kimi, 20 ildən artıq maliyyə sistemində çalışmısınız. Eyni zamanda, fəal siyasi mövqeyiniz var. Bu gün artıq Milli Məclisdə fəaliyyətinizi davam etdirirsiniz. Bu qədər gərgin qrafikdə ədəbi mütaliəyə vaxt ayıra bilirsinizmi?
- Siyasi fəaliyyət insanı məcbur edir ki, mütaliə etsin, ən azı hər gün KİV-i izləsin. Bu, siyasi sferada təmsil olunan insanların fəaliyyətinin tərkib hissəsidir. Amma mənim poeziyaya böyük həvəsim var, bədii ədəbiyyatı həmişə oxuyuram. Həm klassiklərin, həm də müasir yazıcı-şairlərin əsərlərini oxuyuram.
“Gənc yaşlarımda boksla məşğul olmuşam”
- Bəs idmanla məşğul olursunuzmu?
- Gənc yaşlarımda, tələbəlik illərində boksla məşğul olmuşam, boks yarışlarına getmişəm. İndisə qaçışla, gimnastika ilə kifayətlənirəm. Həmçinin televiziyadan müxtəlif idman yarışlarını izləməyə çalışıram.
Yeri gəlmişkən, son dövrlər Azərbaycanda idmanın inkişafı, gənc nəslin bu sahəyə marağının artırılması, ölkəmizdə güclü idman infrastrukturunun yaradılması istiqamətində çox mühüm işlər görülüb. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində bu gün Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizin bu sahədə nailiyyətləri beynəlxalq idman ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir və böyük idman yarışlarının təşkilatçılıq hüququ məhz Azərbaycana verilir. Bu ilin yayında ölkəmizdə ilk Avropa Oyunlarının keçirilməsi isə həm ölkəmizin, həm də “qoca qitə”nin tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığı və fədakar fəaliyyəti nəticəsində Azərbaycan Avropa Oyunlarına ev sahibliyi etməyin yeni və mükəmməl standartlarını yaratdı. Bu, təkcə Azərbaycanda idmanın inkişafının təşviqinə xidmət etmir, eyni zamanda, yaxın və uzaq perspektivdə ölkəmizin iqtisadi sahədə də böyük nailiyyətlər qazanması üçün yeni üfüqlər yaratdı.
- Ailədə övladlarınız sizin yolunuz ilə gedir, yoxsa başqa sahələr üzrə çalışmaq istəyirlər?
- Oğlum Rüstəm Cenevrə Beynəlxalq Universitetində təhsil alır. Qızım Zərifə isə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsidir. Onlar seçim etməkdə sərbəstdirlər. Amma əlbəttə ki, bir valideyn olaraq, onların düzgün istiqamətləndirilməsi üçün mən də öz məsləhətlərimi verirəm.
“Gəzə bildiyin qədər gəz, gəzə bilmirsənsə, oxu...”
- Siz necə hesab edirsiniz: çox gəzməklə çox öyrənmək olur, yoxsa çox oxumaqla?
- Atalarımız deyib ki, çox gəzən çox bilər. Oxumaqla gəzməyin fərqi nədən ibarətdir? Oxuduğun başqalarının fikirləridir. Amma gəzəndə isə birbaşa özün hər şeyi görürsən. Bununla da, həm də təcrübən artır. Ona görə də çox gəzmək lazımdır. Amma istədiyin qədər də gəzə bilməzsən. Bu imkanın yoxdursa, oxumalısan. Yəni belədir ki, gəzə bildiyin qədər gəz, gəzə bilmirsənsə, oxu. Elə gəzəndə də oxumaq lazımdır. Beşikdən məzara qədər oxumalısan, öyrənməlisən.

Paylaş:
Baxılıb: 1124 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30