Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Milli Məclisdə YAP-ı təmsil etməkdən qürur duyuram

Milli Məclisdə YAP-ı təmsil etməkdən qürur duyuram

26.12.2015 [11:35]

Mahir Abbaszadə: Həm yuxularımıza girəndə, həm xatirələrimizdə canlananda qəhərlənirik və bizim üçün Laçın unudulmazdır
Məlum olduğu kimi, noyabrın 1-də keçirilən beşinci çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) növbəti möhtəşəm qələbəyə imza atdı. YAP-ın irəli sürdüyü namizədlərdən 71 nəfəri seçicilərin etimadını qazanaraq Milli Məclisdə təmsil olunmaq hüququ əldə etdi. Təbii ki, YAP-dan seçilmiş millət vəkilləri sırasında bu haqqı ilk dəfə qazanmış üzvlər də var. “Deputat kürsüsü” rubrikasında da Milli Məclisin yeni üzvlərini oxucularımıza təqdim edir, onların həyat və fəaliyyəti, hadisələrə baxışları, ictimai-siyasi proseslərdə rolu barədə məlumat veririk. Rubrikamızın növbəti qonağı 121 saylı Laçın Seçki Dairəsindən Milli Məclis üzvlüyünə seçilmiş Mahir Abbaszadədir.
YAP-da yüksək intellektli, nüfuzlu şəxslər, cəmiyyətdə tanınan insanlar birləşib
- Mahir müəllim, Yeni Azərbaycan Partiyasının nümayəndəsi olaraq beşinci çağırış Milli Məclisdə təmsil olunursunuz. YAP ölkəmizin ən güclü siyasi qüvvəsidir və öz ətrafında 700 minə yaxın insanı birləşdirir. Belə bir güclü partiyanın parlament seçkilərində sizin də namizədliyinizi irəli sürməsi sizin üçün gözlənilməz olmadı ki?
- İlk növbədə, mənə göstərilən etimada görə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və partiyanın İdarə Heyətinə təşəkkürümü bildirirəm. YAP Azərbaycan siyasi sisteminin ən güclü siyasi təşkilatıdır və gücünü Ümummilli lider Heydər Əliyevin ideyalarından alır. Təsadüfi deyil ki, bu gün 700 minə yaxın insan YAP-ın sıralarında birləşib və partiyamız Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Belə bir partiya tərəfindən namizədliyimin irəli sürülməsi mənim üçün böyük qürurdur, fəxrdir və hazırda Milli Məclisdə YAP-ı təmsil etməkdən qürur duyuram. Sualınıza gəlincə demək istəyirəm ki, bu, həm gözlənilən, həm də gözlənilməz idi. Ona görə gözlənilən idi ki, mən daim YAP-ın fəallarından olmağa çalışmışam, partiya çərçivəsində öz fəaliyyətimi ardıcıl davam etdirmişəm. Həmçinin ona görə gözlənilməz idi ki, 700 minə yaxın insanın birləşdiyi bir partiyada 117 nəfərin arasında olmaq elə də asan məsələ deyildi. Çünki belə bir etimada layiq görüləsi insanlar xeyli çoxdur. Partiyada yüksək intellektli, nüfuzlu şəxslər, cəmiyyətdə tanınan insanlar birləşib. Onların sayı yüzminlərlədir. İftixar hissi ilə demək istəyirəm ki, partiya mənə belə bir etimad göstərdi. Bu, olduqca böyük bir etimaddır.
- Bəs millət vəkili adı sizin üçün hansı anlamı ifadə edir?
- Parlamentdə vətəndaşları, seçiciləri təmsil edən millət vəkili qanun yaradıcılığında yaxından iştirak etdiyi üçün cəmiyyətin özündə də qanunlara riayət baxımından bir nümunə olmalıdır. İnsanlar millət vəkillərinin həm nitqində, həm davranışında, həm düşüncələrində - həyata baxışlarında nümunəvilik hiss etməlidir. Millət vəkilinin statusu ümumi olaraq qanunçuluq işində, hüquqi bazanın formalaşmasında, vətəndaşların istək və arzularının reallaşmasında yaxından iştirak etmək anlamını verir. Eyni zamanda, o, seçiciləri layiqincə təmsil etməlidir, onların sözünü parlamentin yüksək tribunasından səsləndirməlidir.
Azərbaycan dinamik iqtisadi inkişafa malikdir
- Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüsünüz. Ölkəmizdə iqtisadi qanunvericiliyi necə qiymətləndirirsiniz?
- Azərbaycan dinamik iqtisadi inkişafa malikdir, həmçinin dünya iqtisadiyyatında layiqli yer tutur. Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır, regionda elə layihə yoxdur ki, ölkəmizin iştirakı olmadan həyata keçirilsin. Bu mənada, həm Azərbaycanın coğrafi mövqeyi, həm də Prezident İlham Əliyevin apardığı düzgün iqtisadi siyasətin nəticəsi imkan verir ki, bu iqtisadi güc davamlı olaraq artsın və yeni inkişaf istiqamətləri müəyyənləşdirilsin. Təbii ki, iqtisadi qanunvericilik sahəsində atılan addımlar da bu istiqamətdə həyata keçirilən siyasətə dəstək rolunu oynayır. Və zaman keçdikcə iqtisadi müstəvidə dəyişikliklər olur, dünya yenilənir, innovasiya tələb edir, müxtəlif çağırışlar ortaya çıxır. Beləliklə, iqtisadi sahədə baş verən proseslər də qanunvericilik bazasının yenilənməsini zərurətə çevirir. Bu baxımdan, komitənin üzərinə böyük vəzifələr və məsuliyyət düşür.
- Azərbaycanın inkişafının indiki mərhələsində ölkəmizin qarşısında yeni çağırışlar dayanır və bu çağırışların fonunda sənayenin, həmçinin sahibkarlığın inkişafı baxımından hansı yeni addımlar atılmalıdır? Bu barədə təklifləriniz varmı?
- Əlbəttə, parlamentdə fəaliyyətim iqtisadi düşüncələrimin cəmiyyətə daha geniş çatdırılması üçün şans yaradıb. İqtisad elmləri üzrə fəlsəfə doktoru olduğuma görə iqtisadi qanunvericiliyin işində yaxından iştirak edəcəm, o cümlədən praktik olaraq iqtisadiyyatla məşğulam. Təxminən fəaliyyətimin 15 ili bank sektorunda olub. 12 il müddətində bankın idarəetmə orqanlarında təmsil olunmuşam. Komitəmizin adına sahibkarlıq və sənaye sözünün artırılması bizə həm əlavə səlahiyyət verir, həm də məsuliyyətimizi artırır. Sahibkarlıq fəaliyyəti bu gün Azərbaycanda iqtisadi sahədə xüsusi məsələlərdən biridir. Prezident İlham Əliyev sahibkarlığın inkişafını, sahibkarlara dövlət qayğısını diqqət mərkəzində saxlayır.
Onu da qeyd edim ki, komitədə artıq bir sıra məsələləri müzakirə etmişik. Müzakirəyə çıxarılan qanun layihələri aktualdır.
- Siz iqtisadçısınız, amma, eyni zamanda, YAP-ın parlamentdəki nümayəndələrindən biri kimi fəal siyasətlə məşğul olmalısınız. Nə zamansa fikirləşirdinizmi ki, siyasətin mərkəzində ola bilərsiniz?
- İndiki mərhələdə cəmiyyətimiz elə səviyyəyə gəlib çatıb ki, həyatımızı siyasətsiz, iqtisadiyyatsız təsəvvür edə bilmərik. Bu məsələ barədə bir sıra məqamlara toxunmaq istəyirəm. Mən 1992-ci ildə universitetə qəbul olunmuşam. O zaman ölkədə gərginlik pik həddə idi. AXC hakimiyyəti dönəmində ölkədə tənəzzül hökm sürürdü, hər gün mitinqlər olurdu, insanların sabaha ümidi yox idi. Amma 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə “qara buludlar” üzərimizdən getdi. Sabitlik təmin edildikdən sonra bütün sahələrdə inkişaf başladı. Beləliklə, zaman-zaman siyasətin içərisinə gəldik. Əlbəttə, hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar. Mən də iqtisadiyyatla məşğul oldum. Amma siyasət həmişə məni maraqlandırıb. Bu gün yaxşı imkanlar açılıb, siyasətin mərkəzindəyəm, siyasi proseslərdə yaxından iştirak etmək imkanlarım var.
Parlamentdə həm YAP-ı, həm də məcburi köçkünləri təmsil etmək böyük etimad və məsuliyyətdir
- Mahir müəllim, həm YAP-ın nümayəndəsisiniz, həm də parlamentdə köçkün rayonunu təmsil edirsiniz. Bu iki məsuliyyətli işin öhdəsindən gəlmək sizə ağır gəlmir ki?
- Həm YAP-ın nümayəndəsi, həm də millət vəkili kimi qarşımda iki böyük məsuliyyət var. Birincisi ondan ibarətdir ki, hakim partiyanın nümayəndəsiyəm, bu partiyanın sıralarında olmaq böyük şərəf və qürurdur. Qeyd etdiyim kimi, bu partiyanın sıralarından deputat seçilmək böyük etimad və məsuliyyətdir.
İkinci böyük məsuliyyəti öz yurd-yuvalarından köçkün düşmüş insanların qarşısında daşıyıram. Onların səsini alaraq parlamentdə təmsil olunuram. Millət vəkili kimi onların qarşısına çıxmaq, onları təmsil etmək böyük məsuliyyətdir.
10 il 7 nəfər ailə üzvümüzlə 2 nəfərlik otaqda yaşamışıq
Bir şeyi də nəzərinizə çatdırmaq istəyirəm ki, əvvəllər içimdə çox böyük tərəddüdlər vardı. Düzünü deyim, hətta partiya mənim namizədliyimi irəli sürdükdən sonra da düşünürdüm ki, seçicilərlə ilk görüşlər çox çətin olacaq. Çünki onlar evindən, obasından didərgin düşmüş insanlardır. Amma bir də düşündüm ki, mən də bu insanlardan biriyəm. Mən də erməni təcavüzünün nəticəsi olaraq Laçın rayonunun Güləbird kəndindən məcburi köçkün düşən ailələrdən birinin üzvüyəm. Biz ailəmizlə bir yerdə Sumqayıt şəhərindəki 41-ci məhəllədə 8 nömrəli yataqxanada, özü də 2 nəfərlik otaqda 7 nəfər yaşamışıq. Həyatımızın 10 ili bu evdə keçib. Lakin Azərbaycanın iqtisadi yüksəlişi, büdcə gəlirlərinin artması, ən əsası isə ölkə rəhbərinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı siyasətinin nəticəsində mən də yataqxana həyatını tərk etmiş laçınlılardan biriyəm. Allaha şükürlər olsun ki, bu gün özümüzün evimiz var. Necə ki, məcburi köçkünlərin böyük bir hissəsi evlərlə təmin edilib. Beləliklə, düşünəndə ki mən də bu insanlardan biriyəm, bu insanların gözü qarşısında böyümüşəm, təhsil almışam, ali məktəbi bitirmişəm, o zaman öz-özümə “Gedib onlardan səs istəyəcəm. Deyəcəm ki, sizin gözünüzün qabağında böyümüşəm. Siz mənə səs verin, məni millət vəkili seçin, mən də sizin Milli Məclisdə ən layiqli təmsilçiniz olum. Siz bu səsvermə ilə bir növ öz yaxınınıza, öz qohumunuza, necə deyərlər, özünüzə səs verəcəksiniz. Çünki sizin istək, arzu və problemlərinizi sizin qədər dərindən bilənlərdən biri də mənəm. Çünki mən də sizin kimi məcburi köçkün həyatı yaşamış biriyəm” - dedim. Və sağ olsunlar ki, laçınlı seçicilər səsimə səs verdilər. İnşallah qarşımızda 5 il var. Mənim Laçınla bağlı arzu və istəklərim çox böyükdür. Millət vəkilliyi bu arzu və istəklərimi reallaşdırmaq üçün mənə müəyyən qədər səlahiyyət verib. Çalışacağam ki, gücüm, imkanım, səlahiyyətlərim çatacaq dərəcədə qəlbimdə olan arzuları da həyata keçirim.
Milli Məclisin deputatları arasında mənə “laçınlı balası” deyirlər
- Laçından söz düşmüşkən, işğaldan öncə sonuncu dəfə Laçında nə vaxt olmusunuz və bir də doğma yurdunuz yuxularınıza gəlirmi?
- 1992-ci il mayın 17-də Laçın ermənilər tərəfindən işğal olunub. Amma bir faktı deyim ki, bizim kəndimiz - Laçın rayonunun Güləbird kəndi rayonumuzun Qubadlıya tərəf olan axırıncı sərhəd kəndidir. Laçın rayonu Ermənistan, Dağlıq Qarabağ, Şuşa-Kəlbəcər və Qubadlı ilə həmsərhəddir. Nəzərinizə çatdırım ki, orta məktəbdə biz Laçında oxuyan axırıncı buraxılış olduq. Amma çox təəssüflər olsun ki, biz attestatı Laçından ala bilmədik. Mən attestatımı Qubadlı rayonunun Balasoltanlı kəndində aldım. O zaman Təhsil Nazirliyi tərəfindən belə bir əmr verilmişdi ki, məcburi köçkünlər hansı rayonlarda məskunlaşıbsa, o məktəblərdə oxumamalarına baxmayaraq, həmin məktəblərdə imtahan verməyə buraxılsınlar. Bunu ona görə xatırlatdım ki, biz 1992-ci ilin mayında Laçını tərk etsək də, sonradan kəndimizə qayıtdıq. Çünki Laçının Qubadlı ilə həmsərhəd kəndlərinin bir çoxu hələ ki, ordumuzun nəzarətində idi və 1993-cü ilin avqustuna, yəni Qubadlı işğal olunana qədər kəndimizdə, bir sözlə, Laçında olmuşuq.
Sualınızın ikinci hissəsinə gəlincə, bilirsiniz, quş quşdur, onun üçün də əziz yeri yuva qurduğu yerdir. Burada nə qədər rahat yerlərdə yaşasaq da, nə qədər yaxşı ofislərdə otursaq da, nə qədər müasir maşınlarda gəzsək də, bizim hamımızın içində bir Vətən nisgili, torpaq nisgili var. Elə bir gün olmur ki, mən özüm, ya çevrəm, ya ailəm Laçınla bağlı nə isə bir şeyi yadımıza salmayaq. Milli Məclisin deputatları arasında mənə “laçınlı balası” deyirlər. Yəni elə gün olmur ki, Laçınla bağlı nəsə bir şey eşitməyim. O nöqteyi-nəzərdən çox çətindir və həm yuxularımıza girəndə, həm xatirələrimizdə canlananda qəhərlənirik və bizim üçün Laçın unudulmazdır. Eyni zamanda, biz laçınlılar əminik ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət və xarici diplomatiya sahəsində atılan addımlar nəticəsində öz torpaqlarımıza qayıdacağıq. Əgər sülh danışıqları nəticə verməsə, o zaman Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edəcək.
Mən bir məsələni də qeyd etmək istəyirəm: Ulu öndər Heydər Əliyevin hər zaman Laçına xüsusi diqqət və qayğısı olub. Bu gün Azərbaycanda çəkilən asfalt yollar hələ sovet dövründə Ulu öndərin tapşırığı ilə Laçında çəkilmişdi. Laçın rayonunun elə bir kəndi yox idi ki, telefonlaşmasın, yaxud qazlaşma başa çatmasın. Ulu öndər sovet dövründə 2 dəfə Laçın rayonuna səfər etmişdi. 1994-cü ildə Laçın rayonunun işğalının ildönümü ərəfəsində Ulu öndər bir qrup laçınlını qəbul etdi və həmin görüşdəki çıxışında dedi ki, siz mərd, ziyalı, torpağını, vətənini sevən insanlarsınız.
Eyni zamanda, Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev də laçınlılara xüsusi diqqət və qayğı ilə yanaşır. Bunun bariz nümunələrindən biri cənab Prezidentin 50 yaşının tamam olduğu gün Ağcabədidə rayonun Taxtakörpü ərazisində məskunlaşmış məcburi köçkünlərlə - laçınlılarla görüşməsidir. Cənab Prezident həmin görüşdə çox geniş və dərin məzmunlu çıxış etdi və çıxışının sonunda “Mən demək istəyirəm ki, adətən Öz ad günlərimi qeyd etmirəm. Ancaq bu il belə qərara gəldim ki, Öz ailəmlə bunu qeyd edim və bu gün mən öz ailəmlə birlikdəyəm, mənim ailəm sizsiniz. Eyni zamanda, mən çox şadam ki, bu günü hamımız üçün müqəddəs olan Qarabağ torpağında qeyd edirəm” - dedi. Bu, Prezident İlham Əliyev tərəfindən Laçın rayonuna verilmiş çox böyük qiymətdir. Laçınlılar cənab Prezidentin bu münasibətini heç zaman unutmur və dövlət başçısının bu diqqətinə cavab olaraq seçkilərdə çox fəal iştirak edərək Yeni Azərbaycan Partiyasının namizədinə səs verdilər. Yəni laçınlı seçicilərin 75,2 faizinin partiyamızın namizədinə səs verməsi laçınlıların cənab Prezident İlham Əliyevə və dövlət başçısının rəhbərlik etdiyi YAP-a dəstəyinin daha bir bariz nümunəsidir.
Boş vaxtlarımda xarici dil öyrənməyi, futbol oynamağı və at çapmağı xoşlayıram
- Asudə vaxtlarınızda nə ilə məşğul olursunuz, hobbiniz nədir?
- Əslində, asudə vaxtım çox az olur. Mən elm adamıyam. Hazırda AMEA-nın doktoranturasında oxuyuram. Doktorluq müdafiə etmək fikrindəyəm. Ona görə də məqalələri, monoqrafiyaları yazmaq bir az vaxtımı alır. Amma bununla belə vaxt taparaq xarici dil öyrənməyə çalışıram. Mən ingilis və rus dilini çox mükəmməl bilirəm, hazırda isə fransız dilini öyrənməyə başlamışam. Eyni zamanda, idmanla çox yaxından məşğul oluram. Futbolu çox sevirəm. Bildiyimə görə, parlamentin futbol klubu var və müraciət etmişəm ki, məni də həmin kluba üzv qəbul etsinlər. Həmçinin at çapmağı xoşlayıram. Təxminən üç ildir ki, atçılıq klubuna gedirəm.
- Bəs bədii ədəbiyyata vaxt ayırırsınızmı və ən çox kimləri oxuyursunuz?
- Sualınıza cavab olaraq deyim ki, ailəmiz böyük bir müəllim ordusunu xatırladır. Atam Azərbaycanın Əməkdar müəllimidir. 45 ildən çoxdur müəllimlik fəaliyyəti ilə məşğul olur. Qardaşım Zahir Abbas Azərbaycanın məşhur şairlərindən biridir. O, təxminən 7-8 kitabın müəllifidir. Eyni zamanda, təxminən 300-ə yaxın şeirinə mahnı bəstələnib. Anam dil-ədəbiyyat müəlliməsidir. Bu baxımdan, biz ədəbiyyatla çox maraqlanırıq. Ən çox sevdiyim və oxuduğum şairlər içərisində müasirlərdən Zəlimxan Yaqubu, Ramiz Rövşəni, Musa Yaqubu oxuyuram. Klassiklərdən ən çox sevdiyim Səməd Vurğundur. Təbii ki, vaxt tapanda qardaşımın da kitablarını oxuyuram. Son vaxtlar isə xarici ədəbiyyat məni daha çox cəlb etməyə başlayıb və vaxt tapanda çalışıram oxuyam.
Nadir AZƏRİ
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 2126 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30