Çin-Azərbaycan münasibətlərinin böyük perspektivləri var
01.04.2016 [10:26]
Səfir Hong Jiuyin: Prezident İlham Əliyevin Çinə səfəri ölkələrimiz arasında əməkdaşlıqda yeni tarixi səhifə açmış oldu
Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı səfiri Hong Jiuyinin “Yeni Azərbaycan” qəzetinə eksklüziv müsahibəsi:
- Cənab səfir, Çin Xalq Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ötən dövr ərzində iki ölkə arasında münasibətlərin inkişafından məmnunsunuzmu?
- Doğru qeyd etdiniz, Çin Xalq Respublikası Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Bu il Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü tamam olur. Bundan əlavə, 1992-ci il 2 aprel tarixində iki ölkənin hökumət nümayəndələri arasında “Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike” imzalanmış və həmin gündən etibarən iki ölkə arasında səfirlik səviyyəsində münasibətlər qurulmuşdur. Çin-Azərbaycan münasibətlərinin 24 illik inkişafına nəzər salsaq, iki ölkə arasında əldə olunmuş nailiyyətlərdən məmnunluq hissi duyur və əlaqələrimizin gələcək inkişafına böyük inam bəsləyirəm. Diplomatik münasibətlərin qurulmasından ötən 24 il ərzində Çin-Azərbaycan münasibətləri siyasi, iqtisadi və humanitar sahələrdə böyük uğurlar qazanmışdır. Əminliklə deyə bilərəm ki, ölkələrimiz arasında heç bir həll olunmamış məsələ yoxdur, hər iki ölkə dövlət suverenliyi, müstəqillik və ərazi bütövlüyü kimi məsələlərdə bir-birini yaxşı başa düşür və dəstəkləyir. Bir çox mühüm beynəlxalq və regional məsələlərdə ölkələrimiz eyni və ya oxşar mövqedən çıxış edirlər. Hökumətlərarası, parlamentlərarası və siyasi partiyalar arasında müxtəlif səviyyələrdə dostluq mübadiləsi uğurla həyata keçirilir, iki ölkə arasında siyasi qarşılıqlı inam və ənənəvi dostluq möhkəmlənir, ticarət, mədəniyyət, təhsil və digər sahələrdə də əməkdaşlıq əlaqələri genişlənməkdədir.
Qeyd edim ki, hazırda Çin-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Xüsusilə ötən ildən etibarən Çin-Azərbaycan münasibətləri yeni və sürətli inkişaf dövrünə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinə uğurlu dövlət səfəri baş tutmuş və iki dövlət rəhbərinin qayğısı sayəsində ölkələrimiz arasında dostluq münasibətləri daha da dərinləşmiş və gələcək inkişaf üçün böyük stimul yaratmışdır.
Xatırlatmaq yerinə düşər ki, hazırda Çin dünyada ən böyük inkişaf etməkdə olan ölkə olmaqla yanaşı, həm də dünyada iqtisadiyyatında ümumi daxili məhsulun həcminə görə ikinci yer tutur, eyni zamanda, planetimizin ən böyük ixracatçı ölkəsidir. Azərbaycan da Cənubi Qafqazda rəqabət bacarığına görə ən güclü və həmçinin MDB regionunda ən sürətlə inkişaf edən ölkələrdən biridir. Çin və Azərbaycan arasında uzunmüddətli və sabit dostluq münasibətlərinin inkişafı iki ölkənin maraqlarına və xalqlarımızın ümumi istəklərinə cavab verir. Tarix boyu Azərbaycan qədim İpək Yolunun üzərində mühüm qovşaq olmuş, bu gün də Çin və Azərbaycan iqtisadi inkişaf tempinə görə sürətlə inkişaf edən ölkələr sırasındadır. Düşünürəm ki, Çin-Azərbaycan münasibətlərinin böyük inkişaf potensialına malik perspektivləri var. Bundan əlavə, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı və Asiya İnkişaf Bankının təsisçi ölkəsi kimi çıxış edir ki, bu da ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivlərini daha da genişləndirir. Odur ki, səfir olaraq, Çin və Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə böyük inamla baxıram.
- Əlaqələrimizdən söz düşmüşkən, ötən ilin sonunda Prezident İlham Əliyevin Çinə rəsmi səfərini necə qiymətləndirirsiz?
- Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən ilin dekabrında Çinə dövlət səfəri uğurla baş tutmuşdur və bu səfər Çin-Azərbaycan münasibətlərinin tarixində əlamətdar məna daşıyan, ölkələr arasında münasibətlərin gələcək inkişafına təkan verən mühüm bir hadisəyə çevrilmişdir. Prezident cənab İlham Əliyevin ÇXR-ə səfəri zamanı ÇXR-in Sədri cənab Xi Jinping, ölkənin Baş naziri cənab Li Ketsyan, eləcə də Ümumçin Xalq Nümayəndələrinin Məclisi Daimi Komitəsinin Sədri cənab Can Detsyanla ayrılıqda görüşlər keçirilmişdir. Görüşlər zamanı tərəflər arasında “Çin Xalq Respublikasının və Azərbaycan Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə”, “Çin Xalq Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”, eləcə də digər on vacib sənəd imzalanmış, həmçinin siyasi və praqmatik əməkdaşlığın dərinləşməsi haqqında bir sıra mühüm razılaşmalar əldə olunmuşdur.
ÇXR və Azərbaycan arasında strateji dialoqun möhkəmlənməsi və praqmatik əməkdaşlığın dərinləşməsini yeni tarixi imkanların yaranması üçün əlverişli məqam hesab etmək olar. Sözügedən səfəri Çin tərəfindən müşayiət edən əsas şəxs kimi deyə bilərəm ki, Azərbaycanın dövlət başçısının Pekinə gerçəkləşən rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafı baxımından böyük hərəkətverici qüvvəyə çevrildi. Odur ki, əminliklə deyə bilərəm ki, Prezident İlham Əliyevin Çinə səfəri ölkələrimiz arasında əməkdaşlıqda yeni tarixi səhifə açmış oldu.
- Cənab səfir, ölkələrimiz arasındakı belə yüksək əməkdaşlıq, yəqin ki, hakim partiyalar arasındakı münasibətlərə də öz müsbət təsirini göstərir...
- İki ölkənin iqtidar partiyaları arasında mövcud olan əməkdaşlıq əslində, Çin-Azərbaycan münasibətlərinin mühüm tərkib hissəsini təşkil edir və bunun ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının daha da dərinləşməsinə çox böyük faydası var. Son illər ərzində iki tərəfin birgə səyləri nəticəsində Çin Kommunist Partiyası (ÇKP) və Yeni Azərbaycan Partiyası (YAP) arasında çoxsəviyyəli mübadilə və əməkdaşlıq işləri aparılmışdır ki, bu da birbaşa ölkələrimiz arasında münasibətlərin inkişafının dərinləşməsi və möhkəmləndirilməsində mühüm rol oynamışdır. ÇXR və Azərbaycan arasında dostluq əlaqələrinin və əməkdaşlıq münasibətlərinin inkişafı, eyni zamanda, ÇKP- YAP əməkdaşlığı üçün də böyük perspektivlər açmış olur. Çin Kommunist Partiyası böyük məmnuniyyətlə Yeni Azərbaycan Partiyası ilə ölkənin idarə olunması siyasətinə dair öz təcrübəsini bölüşməyə hər zaman hazırdır.
- Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından danışdınız. Bəs Çinlə Azərbaycan arasında iqtisadi münasibətlər haqqında da bunu demək olarmı?
- Qeyd etdiyim kimi, son illər ərzində Çin və Azərbaycanın rəhbərlərinin göstərdiyi diqqət və səylər nəticəsində ölkələrimiz arasında yaranan yüksək siyasi münasibətlər iqtisadi sahədəki əməkdaşlığımıza da öz müsbət təsirini göstərə bilmişdir. Başqa sözlə, Çin və Azərbaycan arasında iqtisadi inkişafda nəzərəçarpacaq dərəcədə uğurlara imza atılmışdır.
İlk növbədə, bildirmək istəyirəm ki, ikitərəfli əməkdaşlığın hüquqi bazası daim möhkəmlənməkdədir və ölkələrimiz arasında ticarət, investisiya, vergi, gömrük və digər sahələrdə bir sıra dövlətlərarası müqavilələr imzalanmışdır. İkincisi, əməkdaşlıq mexanizmi durmadan təkmilləşir. 1999-cu ildə ölkələrimiz arasında Çin-Azərbaycan Ticari-İqtisadi Əməkdaşlıq üzrə birgə Komissiyası yaradılmışdır, 2011-ci ildə isə Ticari-İqtisadi Əməkdaşlıq üzrə “Sintsyan-Azərbaycan” işçi qrupu təsis edilmişdir. Üçüncüsü, iki tərəfin ticari strukturu daha da təkmilləşdirilməkdədir, Çin və Azərbaycan arasında mal dövriyyəsi sabit və dinamik dərəcədə inkişaf edir. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata əsasən, 2015-ci ilin yekunlarına görə ÇXR Azərbaycanın on iri ticarət tərəfdaşlarından biri olmuşdur. Çin və Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq sahəsində böyük uğurların əldə olunmasına baxmayaraq, dünya iqtisadiyyatındakı bir sıra geriləmələr iki ölkə arasında ticari əlaqələrə də təsirsiz ötüşməyib. Bu səbəbdən Çin və Azərbaycan arasında mal dövriyyəsi bir qədər azalmış, ikitərəfli iqtisadi əməkdaşlığı genişləndirmək üçün nəzərdə tutulan hədəflərə hələ tam nail olunmamışdır.
Düşünürəm ki, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq üçün çox böyük potensial imkanlar mövcuddur. Bu əməkdaşlığı daha da genişləndirmək üçün birgə səylərimizi əsirgəməməliyik.
- Sizcə, bu ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün, ilk növbədə, hansı addımlar atılmalıdır?
- Birinci növbədə, bu, Çin və Azərbaycan arasında qarşılıqlı siyasi inamın inkişafı və gücləndirilməsinin davam etdirilməsidir. İkincisi, Çin və Azərbaycan arasında ticari-iqtisadi, sərmayə, energetika və nəqliyyat sahələrində qarşılıqlı mənfəət baxımından əməkdaşlığı daha da dərinləşdirmək məqsədəuyğundur. Üçüncüsü, humanitar sahədə mübadilənin və əməkdaşlığın genişləndirilməsidir. Çində deyildiyi kimi, iki dövlət arasında dostluq əlaqələri hər iki ölkənin xalqlarının yaxınlığı əsasında qurulur. Humanitar sahədə mübadilə və əməkdaşlıq Çin-Azərbaycan əməkdaşlığının əsas tərkib hissəsi sayılır, eyni zamanda, Çin-Azərbaycan münasibətlərinin inkişafının mühüm bazasıdır. Düşünürəm ki, ölkələrimiz arasındakı humanitar sahədə mübadilənin və əməkdaşlığın daha da genişlənməsi davam etdirilməlidir. 2015-ci ildə Çin və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşməsi üçün yeni meydan yaranmışdır. Məhz hər iki tərəf bu meydandan istifadə edərək gələcəkdə qarşılıqlı mənfəət prinsipləri əsasında əməkdaşlığı dərinləşdirməlidirlər.
- Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq perspektivləri haqqında nə demək olar?
- Azərbaycan dünyada neft sənayesinin beşiyi və Avrasiya regionunda mühüm enerji ixracatçısıdır. Çin isə dünyada ən iri enerji idxalçısıdır. İki ölkənin energetika sahəsində geniş ümumi maraqları var, bu, onların əməkdaşlığı üçün tükənməz potensial imkanlardan xəbər verir. Doğrudur, son illər ərzində, Çin tərəfindən yeni alternativ enerji mənbələrinin aşkarlanması istiqamətində böyük işlər görülür. Məsələn, Çin külək energetikasının inkişafı baxımından dünyada öncül mövqedədir. Yuxarıda qeyd etdiyim kimi, ötən ilin sonunda Prezident İlham Əliyevin Çinə səfəri zamanı iki ölkə arasında bir sıra sənədlər imzalanmışdı ki, bunlardan biri də “Çin Xalq Respublikası Energetika İdarəsi və Azərbaycan Respublikasının Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi arasında Anlaşma Memorandumu” idi. Həmin sənəd iki ölkə arasında energetika sahəsində əməkdaşlığın möhkəmlənməsi üçün hüquqi baza rolunu oynayacaq. Bundan əlavə, Çin hazırda “Bir kəmər, bir yol” adlanan strateji konsepsiyasının yaradılmasını həyata keçirir, eyni zamanda da, Avrasiya regionunda energetika qovşağı olan Azərbaycan da öz mövqeyini inkişaf etdirir və möhkəmləndirir. Başqa sözlə, energetika sənayesinin inkişafı üçün fəal addımların atılması, bir dost ölkə kimi, bizi çox sevindirir. Belə ki, iki ölkə arasında ümumi strateji maraqlar üst-üstə düşür, Çin və Azərbaycan arasında energetika sahəsində böyük perspektivlərin olmasından xəbər verir.
- Bəs ölkələrimizin ali qanunverici orqanları arasında əlaqələri necə qiymətləndirirsiniz?
- Çin və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin mühüm tərkib hissəsini təşkil edən amillərdən biri də iki ölkə arasında mövcud olan parlamentlərarası mübadilədir. Diplomatik əlaqələrin qurulmasından ötən 24 il ərzində Çin və Azərbaycan arasında parlamentlərarası dostluq və əməkdaşlıq münasibətləri sabit və uğurla inkişaf etmişdir. Bundan əlavə, hazırda digər müxtəlif səviyyələrdə də sıx əlaqələr və mübadilə işləri aparılmaqdadır. Elə bu günlərdə, Milli Məclisin Regional məsələlər üzrə komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü cənab Arif Rəhimzadənin başçılıq etdiyi böyük bir nümayəndə heyəti Çinə səfər edib. Hesab edirəm ki, bu səfər ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın daha da genişlənməsinə öz töhfəsini verəcəkdir. Ümumiyyətlə, Çin Xalq Respublikasının Azərbaycandakı səfiri kimi, ölkələrimizin ali qanunverici orqanları arasında əməkdaşlığın daha da irəliləməsi üçün həmişə səy göstərməyə hazıram.
- Cənab səfir, ÇXR-in bir dost ölkə olaraq, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həllinə dair mövqeyi oxucularımız üçün də maraqlı olardı...
- Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həlli haqqında Çin tərəfinin mövqeyi aydın və birmənalıdır. Cənab Prezident İlham Əliyevin ÇXR-ə səfəri zamanı tərəflər arasında imzalanmış “Çin-Azərbaycan dostluq münasibətlərinin gələcək inkişafı və dərinləşməsi haqqında Birgə Bəyanat”da Çin tərəfinin mövqeyi bir daha təkrar olunmuşdur. Bir sözlə, Çin hökuməti Azərbaycan Respublikasının dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini dəstəkləyir, münaqişənin sülh yolu ilə həllinə çağırır, beynəlxalq təşkilatların bu məsələyə dair göstərdiyi bütün səyləri alqışlayır və dəstəkləyir.
- İqtisadi münasibətlərin inkişafında hökumətlərarası birgə komissiyanın rolu da əvəzsizdir. Komissiyanın növbəti iclasının vaxtı bəllidirmi? Çin və Azərbaycanın qarşılıqlı investisiya yatırılması perspektivləri haqda nə demək olar? Ümumiyyətlə, Çin sahibkarları üçün Azərbaycan nə dərəcədə maraqlıdır?
- 1999-cu ildə iki ölkə arasında Çin-Azərbaycan Ticari-İqtisadi Əməkdaşlıq üzrə Komissiya yaradılmışdır və bu günə kimi artıq beş iclası keçirilmişdir. 2011-ci ildə həmin birgə Komissiya çərçivəsində Ticari-İqtisadi Əməkdaşlıq üzrə “Sintsyan-Azərbaycan” işçi qrupu yaradılmışdır. 2015-ci ildə Pekin şəhərində Çin-Azərbaycan Hökumətlərarası Ticari-İqtisadi Əməkdaşlıq üzrə Komissiyanın beşinci iclası keçirilmiş, Çin və Azərbaycan arasında ikitərəfli münasibətlərin dərinləşməsi, ölkələrin nəqliyyat sahəsində əməkdaşlığın güclənməsi, Çin müəssisələri tərəfindən kimya sənayesi parkının tikintisi və inkişafa cəlb olunması haqqında mübadilə işləri aparılmışdır. İclasın ruhuna müvafiq olaraq, tərəflər Komissiyanın 6-cı iclasının bu il Bakı şəhərində keçirilməsi haqqında razılığa gəlmişlər. Hazırda diplomatik kanallarla Komissiyanın iclasının vaxtı dəqiqləşdirilir. O ki qaldı qarşılıqlı sərmayələrə, Çin tərəfinin məlumatına əsasən, 2015-ci il iyun ayınadək Çinin Azərbaycana yatırdığı investisiyaların həcmi 39 milyon ABŞ dollarına çatmışdır. Səmimi desək, iki ölkənin qarşılıqlı investisiyaları bir o qədər də böyük deyildir. 2014-cü il dünya bazarlarında neftin satış qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına mənfi təsir etmiş və nəticədə Çin və Azərbaycan arasında mal dövriyyəsi bir xeyli aşağı düşmüşdür. Çin tərəfinin məlumatına əsasən, 2015-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 666 milyon ABŞ dollarına çatmışdır və 2014-cü illə müqayisədə 29,3 faizə qədər enmişdir. Mən inanıram ki, iki ölkənin birgə böyük səyləri nəticəsində Çin və Azərbaycan arasında ticari-iqtisadi münasibətlər yeni-yeni uğurlara imza atacaq və bu cür əməkdaşlıq hər iki ölkə xalqlarının rifah halının yüksəlməsinə xidmət edəcəkdir.
Çinli sahibkarların Azərbaycandakı maraqlarına gəlincə isə, deyə bilərəm ki, hazırda Çinin Azərbaycandakı əsas layihələrini bir sıra şirkətlər, o cümlədən “CNPC” , “HUWEİ”, “ZTE” , “LİFAN” və sair kimi şirkətlər energetika, telekommunikasiya, maşınqayırma və inşaat sahəsində həyata keçirirlər. Düşünürəm ki, iqtisadi əlaqələrin daha da dərinləşməsi baxımından, hər iki tərəf üçün yeni ümumi əməkdaşlıq sahələrinin axtarışı vacibdir.
Sonda bir daha vurğulamaq istəyirəm ki, Çin Xalq Respublikasının Azərbaycandakı səfiri kimi, yeganə vəzifəm iki ölkənin xalqları arasında ənənəvi dostluğun inkişafı və dərinləşdirilməsi işlərinə, eləcə də müxtəlif sahələrdə ölkələrimizin qarşılıqlı mənfəətə əsaslanan əməkdaşlığına yardım etməkdir. Ötən il cənab Prezident İlham Əliyevin ÇXR səfəri zamanı iki ölkə rəhbərləri tərəfindən Çin və Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına yeni istiqamətlər verilmişdir. Hazırda əsas vəzifəm Azərbaycan tərəfindən olan həmkarlarımla birgə cənab Prezidentin Pekinə səfəri zamanı əldə olunmuş razılıqları və sazişləri iki ölkə və xalqlarımızın rifahı naminə həyata keçirməkdən ibarətdir. Düşünürəm ki, nəzərdə tutulan sazişlərin və layihələrin həyata keçirilməsi ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verəcəkdir.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18

