Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ulu öndər Heydər Əliyev fikirləri, sözləri və əməlləri ilə insanları tərbiyə edirdi

Ulu öndər Heydər Əliyev fikirləri, sözləri və əməlləri ilə insanları tərbiyə edirdi

22.01.2010 [13:44]

Zahid Qaralov: ümummilli liderimiz Heydər Əliyevin fəaliyyəti ilə detallı tanış olan ictimaiyyət, həmçinin, vəzifə başında olan insanlar, görüləsi işlərin öhdəsindən məhz Liderin nümayiş etdirdiyi təcrübə əsasında gəlmək niyyətlərini sərgiləməyə başlayırdılar
1969-82-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq ölkəmizə rəhbərlik etmiş Ulu öndər Heydər Əliyev bu dövrlər ərzində Azərbaycanda bütün sahələrin böyük sıçrayışla inkişafını təmin etmiş, qəbul etdiyi qərarlar və atdığı addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən qabaqcıl inkişaf edən respublikalarından birinə çevirmişdir. 1993-2003-cü illərdə də öz tarixi missiyasını yerinə yetirən Ulu öndər müstəqil Azərbaycan dövlətçiliyinin həqiqi memarına çevrilmişdir.
“Yeni Azərbaycan” qəzeti 1969-2003-cü illər ərzində Ulu öndərimizin xalqımız, dövlətimiz üçün gördüyü işləri, Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərini geniş auditoriyaya daha ətraflı çatdırmaq, dahi şəxsiyyətin zəngin irsini təbliğ etmək məqsədilə ümummilli liderimizlə birgə çalışmış, Onun dövlət quruculuğu işlərinin canlı şahidi olmuş ölkəmizin görkəmli ictimai-siyasi xadimləri ilə müsahibələri, söhbətləri dərc etdirir. Rubrikamızın növbəti qonağı isə “Şöhrət” ordenli YAP İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri, Əməkdar müəllim, professor Zahid Qaralovdur:
- Zahid müəllim, ümummilli lider Heydər Əliyevlə ilk görüşünüz nə zaman olub?
- Mənim Ulu öndər Heydər Əliyevlə ilk görüşüm 1973-cü ildə olub. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi seçiləndən sonra təhsillə bağlı çıxışlarında respublikada təhsilin səviyyəsinin qaldırılması istiqamətində işlərin həyata keçirilməsinin vacibliyini irəli sürürdü. Digər tərəfdən, Heydər Əliyev bacarıqlı tələbələrin dövlətimiz üçün savadlı kadrlar kimi yetişdirilməsi məsələsini bir vəzifə kimi qarşıya qoyurdu. Məhz bu iki məsələ ilə bağlı Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun elmi işlər üzrə direktor müavini kimi məni Mərkəzi Komitəyə (MK) dəvət etdilər. Əvvəlcə, MK-nın Elm və təhsil şöbəsinin müdiri Fikrət Əhmədov məni təlimatlandıraraq dedi ki, I katib səni qəbul edəcək. Sonra Heydər Əliyev məni qəbul etdi və təhsilin vəziyyətilə bağlı xeyli suallar verdi. Sonda isə  bu suallar əsasında vəziyyətlə bağlı hesabat hazırlamağı tapşırdı. Alimlərimizlə birlikdə 10 gün ərzində arayışı hazırlayaraq Mərkəzi Komitəyə təqdim etdim. Bir aydan sonra Mərkəzi Komitədən bildirdilər ki, Heydər Əliyev səni yenidən qəbul edəcək. Həmin gün Heydər Əliyev məni saat ikidə qəbul etdi. Hazırladığımız arayış Ulu öndərimizin stolunun üstündə idi. Heydər Əliyev arayışla tanış olduğunu bildirdi və dedi ki, özünün də təklifləri var. Onu da qeyd edim ki, Ulu öndər məsələlərin vacibliyindən asılı olaraq həmin kağız üzərində müxtəlif rəngli karandaşlarla qeydlər etmişdi.
Ulu öndər Heydər Əliyevlə ən uzun söhbətimiz 1976-cı ildə məni Mərkəzi Komitəyə işlədiyim institutun direktoru təyin etməyə çağırarkən oldu. Heydər Əliyev məni Akif Əlizadə ilə birlikdə qəbul etmişdi. İçəri girərkən gördüm ki, ikimizin də şəxsi işləri Ulu öndərin stolunun üzərindədir. Heydər Əliyev ilk görüşümüzü xatırladaraq “sənin işlədiyin sahə üzrə elmi və təcrübi savadın kifayət edər ki, instituta rəhbərlik edəsən”-dedi.
Aparılan uzun söhbət zamanı Heydər Əliyev təhsilin keyfiyyətinin artırılması üçün hansı işlərin görülməsi ilə bağlı suallar verdi. Həmin suallara cavab olaraq bir neçə məsələni qeyd etdim. Söylənilən təkliflərə uyğun olaraq, müəyyən tədbirlərin reallaşdırılmasını, həmçinin, vəzifə dəyişikliklərinin  edilməsini mümkün sayan Ulu öndər “Təhsil sistemində tədrisin və tərbiyənin keyfiyyətinin artırılması üçün rüşvətin kökünün kəsilməsini təklif edirəm. Orta və ali məktəblərdə rüşvətin olması faktları mənə məlumdur” sözlərini də əlavə etdi.
Biz Ulu öndər Heydər Əliyevlə həmfikir olduğumuzu və bu məsələdə Onu dəstəklədiyimizi bildirdik. Sonra Heydər Əliyev bizim ikimizin də təyinatını verdi və uğurlar arzuladı.
Bu qəbuldan sonra Heydər Əliyev korrupsiya ilə bağlı məsələ qaldırdı. Görünür Ulu öndər məsələ ilə əlaqədar çoxdan hazırlaşırmış. Sadəcə olaraq, dahi şəxsiyyət alimlərin fikrini öyrənmək istəyir, ictimai nəbzi tutmağa çalışırdı.
1981-ci ildə isə indiki Ali Məhkəmənin binasında partiyanın təbliğat institutunda keçirilmiş görüşdə Heydər Əliyev mənə Qırmızı Bayraq Ordeni təqdim etdi. Sonradan Heydər Əliyev Moskvaya gedənə qədər Onunla ümumi yığıncaqlarda görüşmüşdük. Bundan başqa, Heydər Əliyev Moskvada olarkən, məktəb islahatları ilə bağlı görüşümüz olmuşdu.
Müstəqillik dövründə-1994-cü ildə isə ölkədə tərbiyə prosesinin keyfiyyətinin artırılması və mənəviyyatın yüksəldilməsi məsələlərinə həsr edilmiş görüş keçirildi. Heydər Əliyev müxtəlif profilli ixtisaslar üzrə alimləri çağırmışdı. ümummilli lider həmin görüşdə ortaya qoyulmuş məsələlərin aktuallaşdırılması istiqamətində göstəriş və tapşırıqlarını verdi. Bir ay sonra yenidən bizi qəbul etdi. Alimlər tərəfindən verilmiş təklifləri incələmiş Ulu öndər iradları ilə yanaşı, bəzi müsbət fikirlərini də diqqətimizə çatdırdı. Mən o zaman başa düşdüm ki, Heydər Əliyev hər bir məsələnin elmi əsasları ilə maraqlanır.
- Məlumdur ki, Ulu öndərimizin şəxsiyyəti və fəaliyyəti ilə bağlı bir neçə kitablarınız var. Sizin ixtisas profiliniz fərqli olsa da, Heydər Əliyev şəxsiyyətinin tədqiqatçısı kimi də tanınırsınız. ümummilli liderimizin fəaliyyətinin tədqiqatına nə zaman başlamısınız? Bu fəaliyyətinizə təkan verən səbəblər hansılardır?
- Faktiki olaraq, 1971-ci ildən Heydər Əliyev şəxsiyyətinin əməli-praktik fəaliyyətinin araşdırılması ilə məşğul olmuşam. Əlbəttə, bu mənim elmi fəaliyyətimlə bağlı bir müdafiə və ya tədqiqat mövzusu deyildi. Sadəcə olaraq, Heydər Əliyev şəxsiyyətinin tədqiq edilməsini özümə bir vəzifə, borc bilirdim. çünki, o zaman Heydər Əliyev Azərbaycan KP MK-nın I katibi kimi respublikanın rəhbəri idi. Mən isə Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda həm partiya təşkilatının sədri, həm də elmi işlər üzrə direktor müavini idim. Bu baxımdan da, mənim vəzifəm idi ki, Azərbaycan KP MK-nın I katibinin ölkəni inkişaf etdirmək istiqamətində həyata keçirdiyi siyasəti tədqiq edim və bu siyasi kursla bağlı digər partiya üzvlərinə ətraflı məlumat verim. Digər tərəfdən, respublikada təhsil siyasəti ilə bağlı perspektivlər 5 illik planlar əsasında müəyyənləşdirilirdi. Burada təhsil, tərbiyə məsələləri üzrə problemlər ortaya qoyulur, elmi işçilərə, aspirantlara tədqiqat mövzuları verilirdi. Beləliklə də, ölkədə yuxarıda göstərilən məsələlər istiqamətində konsepsiya işlənilirdi. Məhz bu iki vacib məsələ həmin vəzifəni yerinə yetirmək üçün mənə böyük stimul verirdi. Təbii ki, vəzifəmin öhdəsindən gəlmək üçün Heydər Əliyevin plenumlarda, görüşlərdə etdiyi çıxışları yığır və toplu halına salırdım...
Heydər Əliyevin hadisələri, məsələləri incələməsini, işlərin görülməsi istiqamətində düzgün qərar verməsini Onun çıxışları, fikirləri əsasında ictimaiyyətə çatdırırdıq. ümummilli liderimizin fəaliyyəti ilə detallı tanış olan ictimaiyyət, həmçinin, vəzifə başında olan insanlar, görüləsi işlərin öhdəsindən məhz Liderin nümayiş etdirdiyi təcrübə əsasında gəlmək niyyətlərini sərgiləməyə başlayırdılar. Biz pedaqoqlar buna tərbiyə prosesi deyirdik. Yəni, Heydər Əliyev gördüyü işlərlə, etdiyi çıxışlarla insanları tərbiyə edirdi.
O zaman Heydər Əliyev xüsusi cədvəl əsasında yerlərdə görüşlər keçirərdi. Bu görüşlərin 80 faizindən çoxu isə aqrar məsələlərlə bağlı idi. çünki hələ 1969-cu ildə Heydər Əliyev respublikada rəhbərliyə gələnədək ölkədə həm aqrar, həm də sənaye sahəsində vəziyyət olduqca ağır idi. SSRİ-yə daxil olan respublikalar içərisində Azərbaycan demək olar ki, sonuncu yerdə qərarlaşmışdı. Bir çox respublikalarda aqrar sahənin sənaye ilə pay nisbəti 50/50 idi. Amma Azərbaycanda nəinki sənaye sektoru inkişaf etmişdi, hətta aqrar sahə də bərbad vəziyyətdə idi. Bununla yanaşı, bir çox rayonlarda planlaşdırılmış məhsul yığımı olmadığından “pripiskalar” olurdu...
Məhz Heydər Əliyev respublikaya rəhbərliyə gəldikdən sonra nəzarət gücləndirildi və məlum oldu ki, bəzi rayonlarda məhsuldarlıq olduğundan artıq göstərilir. Yəni, planla müəyyənləşdirilmiş işləri başa çatdırmayan rayonlar “pripiska”ya gedir. Heydər Əliyev, məhz bu kimi halları qəti qadağan etdi. Ulu öndər aqrar sahə üzrə mütəxəssisləri yığaraq onlardan soruşurdu ki, Azərbaycanda, SSRİ və dünyada müəyyən məhsul üzrə məhsuldarlıq hansı səviyyədədir. Bütün məsələləri öyrəndikdən, götür-qoy etdikdən sonra isə işləri müəyyənləşdirən və planlaşdıran Heydər Əliyev qısa müddət ərzində respublikada vəziyyətin tamamilə dəyişməsinə nail oldu...
Amma Heydər Əliyev Moskvaya getdikdən sonra respublikada sanki boşluq yaranmışdı. Əlbəttə, bir azərbaycanlı kimi fəxr edirdik ki, Heydər Əliyev SSRİ-nin rəhbərliyindədir. Lakin hər bir halda bu boşluq özünü büruzə verirdi...
Xüsusilə qeyd edim ki, Heydər Əliyevlə bağlı araşdırmalarımın dərinləşməsinə təsir edən səbəblərdən biri də 1987-ci ildən sonra baş verənlər oldu.
- ümummilli lider haqqında ilk tədqiqat işiniz, Onunla bağlı fikirləriniz nə zaman çap olunub? ümumiyyətlə, Ulu öndərlə bağlı çap olunan kitabların müəllifləri daha çox hansı məsələlərə üstünlük verməlidirlər?
- Bilirsiniz, tarixi şəxsiyyətlərin özlərində ehtiva etdikləri keyfiyyətlər böyük mütəfəkkirlərin əsərlərində öz əksini tapıb. Nəsirəddin Tusiyə qədər və ondan sonra şəxsiyyətlərin, liderlərin xüsusiyyətləri barədə qiymətli fikirlər irəli sürülüb. Məhz, yazılan kitablar şəxsiyyətlərin malik olduqları keyfiyyətləri üzə çıxarmalıdır. Böyük mütəfəkkirlərin fikirlərinə görə, şəxsiyyətin dərəcələri var. Heydər Əliyev məhz dahi şəxsiyyət olaraq, şəxsiyyət pilləsinin zirvəsində dayanır. 20 Yanvar hadisələrindən sonra səhhətində problemlərin olmasına baxmayaraq, Moskvanın belə bir faciə törətməsinə etiraz etməsi Onun yüksək keyfiyyətlərə malik bir şəxsiyyət olduğuna işarədir. 1990-cı ildə Bakıda qanlı faciə törədilərkən, ölkədə bir nəfər də olsun rəsmi şəxs ortaya çıxaraq öz sözünü demədi. Bununla yanaşı, Heydər Əliyevin diqqət və qayğısı, nəzarəti altında təhsil alan, vəzifəyə irəli sürülən adamların bir çoxu Ona qarşı çıxdılar. Əlbəttə, bu kimi addımlar şəxsiyyətlərə aid deyil. Araşdırmalarımda məhz bu məsələyə üstünlük vermişəm. Tədqiqatlarımı ilk dəfə ötən əsrin 90-cı illərinin əvvəllərində qruplaşdıraraq “Heydər dağına kölgə salmaq olmaz” adı altında qəzetlərdə dərc etdirdim. Bu yazı ilk dəfə olaraq, “İki sahil”, bir gün sonra isə “Səs” qəzetində çap olundu. Bu yazı ilə bağlı mənə Heydər Əliyev də öz münasibətini bildirmişdi...
Xüsusilə qeyd edim ki, 1992-ci ilin yayında Naxçıvana Heydər Əliyevlə görüşə getmişdik. Görüşdə yeni partiyanın yaradılması ilə bağlı danışıqlarımız oldu. Sonradan partiya yaradıldı və 6 ay sonra Heydər Əliyev hakimiyyətə gəldi. Məhz bundan sonra Heydər Əliyevlə bağlı kitablar yazıldı.
Amma son vaxtlar bu kitabların sayı çoxalıb. Təbii, əvvəllər Heydər Əliyevlə birgə işləmiş, Ona inanmış insanlar bu gün də kitab yazırlar. Onlar həqiqəti, düzünü yazırlar. Amma iş o yerə çatıb ki, bir çox yazarlar artıq möhtəkirliyə keçiblər. Yəni, Heydər Əliyevin çıxışlarını, nitqlərini bir yerə toplayaraq, üz qabığına şəkil yerləşdirərək və imza ataraq çap edirlər. Burada hər hansı bir təbliğat yoxdur, bu, sadəcə, toplanmış materiallardır. Material toplamaq isə araşdırma işinin ilkin mərhələsi sayılır. Dahi şəxsiyyət barədə kitab yazmaq istəyənlər, materialları topladıqdan sonra onları dərindən tədqiq etməli, ümumiləşdirməli və təhlil etməklə kitab halına salmalıdırlar. Qeyd etdiyim kimi, bu möhtəkirlikdir, plagiatlıqdır. Cəmiyyətimizə Heydər Əliyev şəxsiyyətini, Onun fikirlərinin fəlsəfəsini açan, təbliğ edən əsərlər lazımdır. Düşünürəm ki, Heydər Əliyevlə bağlı yazılmış əsərlər, kitablar nəzarətdə olmalıdır, onların hamısı çap olunmamalıdır. çünki yazılmış kitablar Heydər Əliyev şəxsiyyətinə layiq olmalıdır. Onsuz da tarix, zaman bu kitabları səviyyəsinə görə, ələkdən keçirəcək. Amma biz də gərək vəziyyəti nəzarətə götürək.
- Zahid müəllim, bu gün ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Siz bugünkü Azərbaycanı necə görürsünüz?
- Prezident İlham Əliyev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti elə bir şəkildə davam etdirir ki, hər bir addımda Azərbaycan nailiyyətlər əldə edir. İqtisadi, sosial və digər sahələrdə əldə edilmiş uğurlar intellekt, tərbiyə sferasına köçürülməkdədir. Düşünürəm ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan işıqlı gələcəyə doğru inamla addımlayır.
Ramil VƏLİBƏYOV
Paylaş:
Baxılıb: 1478 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30