Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Yanukoviçin Rusiyaya səfərinin nəticələri necə qiymətləndirilir?

Yanukoviçin Rusiyaya səfərinin nəticələri necə qiymətləndirilir?

18.03.2010 [10:14]

Ukrayna Beynəlxalq radiosunun ingilis dilli xidmətinin  baş siyasi müxbiri Dana Smolyakın “Yeni Azərbaycan” qəzetinə müsahibəsi
- Ukrayna prezidenti Viktor Yanukoviçin Rusiyaya son səfərini necə qiymətləndirirsiniz?
- Əslində, Ukraynanın yeni prezidenti Viktor Yanukoviçin Rusiyaya ilk səfərindən hər hansı böyük nəticələr gözləməyə dəyməz. Belə ki, mənim fikrimcə, bu səfər sadəcə deklorativ xarakter daşıyırdı. Moskvaya səfər etməklə, Viktor Yanukoviç, seçki kampaniyası zamanı öz seçicilərinə Ukrayna-Rusiya münasibətlərinə dair verdiyi vədini təsdiqləmiş oldu. Dövlət başçıları görüşdən sonra ikitərəfli münasibətlərdə “yeni səhifə”nin başlanması haqda bəyanatlar səsləndirdilər, bu səfərin mühüm əhəmiyyət daşıdığını hər iki ölkənin ictimaiyyətinə göstərməyə çalışdılar. Düşünürəm ki, hələlik tərəflər yalnız bir-birinə ümidli nəzərlərlə baxmaqla məşğuldurlar. Belə ki, Ukrayna-Rusiya münasibətlərinin real istiləşməsi haqda danışmaq hələ tezdir. Bu haqda o vaxt mühakimə yürütmək mümkün olar ki, iki ölkənin dövlət başçıları ölkələr arasında mövcud olan çətin və ziddiyyətli məsələlərin həllinə başlamış olsunlar. Bunlar isə az deyil: iki ölkə arasında təbii qazın Avropaya nəqlinə dair saziş, Ukraynada rus dilinin statusu, 2017-ci ildən sonra Rusiya Federasiyasına məxsus Qara dəniz hərbi donanmasının Ukrayna ərazisində qalıb-qalmaması, Ukraynanın Avropa İtiifaqı və NATO-ya inteqrasiyası, həmçinin, Ukraynanın Rusiya, Belarus və Qazaxıstanın daxil olduğu Gömrük İttifaqına qoşulması və s. İndi hər iki tərəf bu səfərdən daha səmərəli istifadə etməlidir, Ukrayna daha əlverişli şərtlərlə təbii qazın verilməsi məsələsində Rusiya ilə düzgün ticarət sövdələşməsi aparmağı bacarmalıdır. Rusiya isə öz növbəsində, Viktor Yanukoviçin əlini “dostcasına” sıxaraq, Ukraynanı özünün geosiyasi təsir dairəsinə qaytarmağa çalışacaq.
Düşünürəm ki, bütün bu məsələlərə Ukraynanın daxili siyasi prosesləri kontekstində baxmaq lazımdır. Eyni zamanda, yaddan çıxarmaq lazım deyil ki, “narıncı inqlab”dan sonra ölkə Konstitusiyasına dəyişikliklər edilərək, prezidentin səlahiyyətləri xeyli məhdudlaşdırılmış, bunun əksinə olaraq Nazirlər Kabineti hakimiyyət üzərində daha çox səlahiyyət əldə etmişdir. Odur ki, seçicilərinə verdiyi vədləri həyata keçirmək üçün Viktor Yanukoviçə Ali Radada özünə böyük səs çoxluğu qazanmaq lazımdır. Yeri gəlmişkən, qeyd edim ki, parlamentin ötən həftə keçirilən iclasında bu baş verdi, Ukraynada yeni hökumət formalaşdırıldı. Qeyd etmək lazımdır ki, mövcud Konstitusiyanın müddəaları baxımından, parlamentdəki yeni koalisiya çox müəmmalı şəkildə yarandı. Belə ki, Konstitusiyaya görə, parlament koalisiyası fraksiyalar əsasında formalaşmalıdır. Sonuncu isə fraksiyalar və koalisiyaya daxil olmayan başqa fraksiyalardan ayrı-ayrı deputatların buraya cəlb edilməsi hesabına formalaşdı. Bu, koalisiyanın fraksiyalar və ayrı-ayrı deputatlardan təşkil edilməsinə dair Ali Radanın reqlamentində edilən mübahisəli dəyişiklikdən sonra mümkün oldu. Bir daha qeyd edirəm ki, parlamentin qəbul etdiyi bu qərar ölkə Konstitusiyasına ziddir. Odur ki, Viktor Yanukoviçin vəziyyəti heç də qənaətbəxş deyil, indi onun hakimiyyəti yarılegitim və etibarsız parlament koalisiyasına söykənir.
Koalisiyanı ona görə etibarsız adlandırıram ki, buraya çoxlu “dəyişkən” mövqeli deputatlar daxildir və kiçik bir məsələnin parlamentdə müzakirəsi - məsələn, götürək elə Ukraynada rus dilinin statusu, yaxud Rusiyaya məxsus Qara dəniz hərbi donanmasının Ukraynada mövcudluğu məsələsini- bu parlament çoxluğunun sonu ilə nəticələnə bilər.
Burada digər bir mühüm faktor isə, Ukraynanın böyük şirkətlərinin iqtisadi maraqlarıdır ki, onların da arxasında Viktor Yanukoviç dayanır. Qeyd etmək istərdim ki, Ukrayna maqnatları Rusiyadan daha çox Avropa bazarlarına meyl göstərirlər. Odur ki, onlar üçün Avropa iqtisadiyyatına və Avropa İttifaqı Azad Ticarət Zonasına inteqrasiya prioritet təşkil edir. Bu isə, nəzəri olaraq, Ukraynanın Rusiya, Belarus və Qazaxıstanın qoşulduğu Gömrük İttifaqına daxil olmasını avtomatik şəkildə mümkünsüz edir. Odur ki, Viktor Yanukoviçin prezident kimi ilk səfərinə Rusiyadan deyil, Brüsseldən başlaması heç də təsadüfi deyildi.
- ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma “erməni soyqırımı”nın tanınmasına dair qətnamənin qəbul edilməsini necə qiymətləndirirsiz? Sizcə, bu qərar Türkiyə-Ermənistan münasibətlərinin daha da korlanmasına gətirib çıxarmayacaq ki?
- Bu məsələ münaqişə tərəfləri arasında münasibətlərin daha da gərginləşməsinə gətirib çıxara bilər. Sözsüz ki, Türkiyə kimi güclü bir geopolitik aktordan danışarkən, burada xüsusilə diqqətli olmaq lazımdır. Digər tərəfdən isə, belə məsələlərdə həmişə ikili standartlar, ikili yanaşmalar siyasəti, eləcə də, siyasi liderlərin məkrli niyyətləri tez-tez müşahidə olunur. Belə vəziyyətlə Ukrayna da rastlaşmışdı, Rusiya tərəfinə qəbul etdirməyə çalışırdı ki, 1932-33-cü illərdə Stalin rejimi tərəfindən Ukrayna ərazisində süni aclıq yaradılıb, “Qolodomor” hadisələrində milyonlarla günahsız insan aclıqla sınağa çəkilib, məhv edilib. Bütün hallarda insanların kütləvi şəkildə məhv edilməsi dəhşətli faciədir və düşünürəm ki, belə hərəkətlər dünya ictimaiyyəti tərəfindən mühakimə edilməlidir. Amma digər tərəfdən də, real həyatda siyasi məqsədəuyğunluq həmişə mənəviyyatdan üstun dayanır. Siyasi nöqteyi-nəzərdən Serebnitsada bosniyalılara qarşı soyqırımı, Ruandada insanların kütləvi surətdə qətlə yetirilməsini, yaxud 1930-cu illərdə rəsmi Moskvanın ukraynalılara qarşı genosidini qəbul etmək daha asandır, nəinki, Osmanlı imperiyası dönəmində ermənilərin qırılmasını. Digər tərəfdən isə, axı heç nəyi olmayan kiçik bir ölkə ilə küsülü olmaq daha asandır, nəinki strateji tərəfdaş ölkə ilə. Xatırlatmaq istərdim ki, seçki kampaniyası zamanı ABŞ prezidenti Barak Obamanın ermənilərə verdiyi vədinə baxmayaraq, onun administrasiyası belə bir qərarın qəbul olunmaması üçün bütün lazımi tədbirləri görməkdədir və Konqresin bu qətnaməni təsdiqləyəcəyi inandırıcı görünmür. ABŞ üçün İranın nüvə proqramlarını zənginləşdirməsinə münasibətdə Türkiyənin tutduğu mövqe çox önəmlidir. Digər tərəfdən Türkiyə NATO-ya üz dövlətdir.
O ki, qaldı bu qətnamənin qəbul olunmasının Türkiyə-Ermənistan münasibətlərinə təsirinə, düşünürəm ki, hər hansı ciddi dəyişikliklər baş verməyəcək. Hazırkı məqamda bu, daha çox iki ölkənin liderlərinin siyasi iradəsindən asılıdır, nəinki digər dövlətlərin mövqelərindən.
Rəsmi Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasına təsir edən digər bir amil isə, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Türkiyə üçün Azərbaycanla münasibətlər daha vacibdir və Ermənistanla əlaqələri bərpa etməyə çalışarkən, bu münasibətlərin korlanmasından ehtiyatlanır, risk etmək istəmir. Odur ki, Ermənistan və Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində razılığa gələcəyi təqdirdə, rəsmi Ankara ilə İrəvan arasında diplomatik əlaqələrin inkişafı da sürətlənməyə başlayacaq.
- Fevralın 26-da ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımın 18-ci ildönümü tamam oldu. Ukrayna ictimaiyyəti Xocalı soyqırımı haqda nə dərəcədə məlumatlıdır? Bilirlərmi ki, həmin gecə 20-ci əsrdə insanlıq tarixində ən dəhşətli qətliamlardan biri baş vermiş-ermənilər Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan etmişdi. Azərbaycana dost ölkə olan Ukraynanın Ali Radasında ermənilərin azərbaycanlılara qarşı Xocalıda törətdiyi genosidin müzakirəyə çıxarılaraq ona siyasi qiymət verilməsi nə dərəcədə mümkündür?
- ümumiyyətlə, Ukrayna mətbuatında mütəmadi olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair materiallara rast gəlmək mümkündür, amma bununla belə, Xocalı faciəsi demək olar ki, heç işıqlandırılmır. Etiraf edim ki, mən də Bakıya gəlməzdən öncə bu qətliamdan xəbərsiz idim. Güman edirəm ki, bu məsələ yaxın gələcəkdə Ukraynanın Ali Radasında müzakirə edilməyəcək. çünki bizim parlamentdə hazırda daha çox ölkədaxili məsələlərin həlli ilə məşğuldurlar. Digər tərəfdən isə, biz yenə də siyasi məqsədyönlülüklə qarşı-qarşıya qalırıq. Bizim ölkəmizdə çoxlu sayda həm azərbaycanlılar, həm də ermənilər yaşamaqdadırlar. Bizim ölkədə Azərbaycan diasporunun sayı təxminən 500 min nəfərədəkdir. Onlardan bəziləri Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra ölkəmizə pənah gətiriblər. Xocalı genosidinin tanınması ölkəmizdə yaşayan azərbaycanlılar və ermənilər arasında münaqişələrin yaranmasına gətirib çıxara bilər. Bu amilləri nəzərə alaraq, düşünürəm ki, Ukrayna Ali Radası bitərəf qalmağa çalışacaq.
- Bakıdan hansı təəssüratlarla ayrıldınız? Oxucularımız üçün də maraqlıdır, xalqımız haqda nə bilirdiniz, burada özünüzə nələri kəşf etdiniz, ölkəmiz xoşunuza gəldimi?
- ümumiyyətlə, Bakı məni özünə valeh etdi, şəhərin qeyri-adi atmosferi və koloriti var. Şəhərin mərkəzi hissəsi, deyərdim ki, Avropanın ən yaxşı şəhərləri- London, Paris, Barselona kimi şəhərlərlə rəqabət apara bilər, onlarla bir cərgədədir. Bakının incisi isə, sözsüz ki İçərişəhərdir. Qala divarları ilə əhatələnmiş orta əsrlərə aid İçərişəhər və onun xaricində modern üslublu yeni binaların vəhdəti şəhərə xüsusi gəzəllik verir. İçərişəhərə daxil olarkən o qalın divarlar səni səs-küydən, müasir şəhər ritmindən ayırır, sanki başqa bir aləmə düşürsən, başqa bir dövrə, başqa bir əsrə gedib çıxırsan. Ancaq, bir kənar müşahidəçi kimi, ofislərin artması hesabına burada ta qədim zamanlardan əcdadları yaşayan insanların qala divarları xaricinə köçürülməsi məni çox narahat etdi, fərqi yoxdur həmin insanlar könüllü olaraq öz mülklərini satıb buradan gedirlər ya yox. Mənə elə gəlir ki, bu prosesdə İçərişəhər öz simasını itərə bilər. Məsələn, Mərakeşin, Tunisin qədim ərəb şəhərlərində insanlar hələ də orada yaşamaqda davam edirlər, öz qədim el sənətlərini yaşatmaqdadırlar, həmin yerlərin koloritini daha da zənginləşdirirlər. Odur ki, İçərişəhərin əsrlər boyu mövcud olmuş tarixi görkəmini itirməsinə bir qədər təəssüflənirəm. Lakin buna baxmayaraq, Bakıya səfərimdən zəngin təəssüratlarla dönürəm. Azərbaycanlıların qonaqpərvərliyi, geniş ürəyə malik olması, ukraynalılara olan dost münasibətləri qəlbimdə hər zaman xoş xatirələr oyadacaq. Azərbaycanın mətbəx nümunələrinə gəlincə isə, düşünürəm ki, onlara ayrıca qiymət verilməlidir və düşbərə, kabab, dolma haqda danışmaq üçün xususilə bir müsahibə hazırlamalıyıq.
Səlim LOÄžMANOÄžLU

Paylaş:
Baxılıb: 1104 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30