Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / İşğalçıya yardım göstərən dövlətin obyektivliyi hər zaman sual altında olacaq

İşğalçıya yardım göstərən dövlətin obyektivliyi hər zaman sual altında olacaq

13.04.2010 [09:15]

Azay Quliyev: Məsələni qəlizləşdirən indiyə qədər Azərbaycana qarşı yürüdülən ədalətsiz mövqe və Dağlıq Qarabağa ABŞ tərəfindən göstərilən birbaşa yardımlarla Azərbaycanın ərazi bütövlüyünün sual altına alınmasıdır
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev www.yap.org.az saytına müsahibə verib:
- Azay müəllim, biz son 10 ildə “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin ədalətsizliyi və belə məhdudlaşdırıcı qanun müddəasının ABŞ tərəfindən Azərbaycan kimi ciddi müttəfiq və strateji tərəfdaşa qarşı tətbiq olunmasının yolverilməzliyi haqqında bəyanatlara tez-tez rast gəlirik. ABŞ-Azərbaycan münasibətlərinə fikir bildirməzdən öncə istərdik ki, bu suala cavab tapaq: “Azadlığa Dəstək Aktı” nədir? Kimlər üçün nəzərdə tutulub, niyə qəbul olunub?
- 1992-ci il aprelin 3-də ABŞ prezidenti (ata) Corc Buş Konqresə müraciət edərək, yenicə dövlət müstəqilliyi əldə etmiş keçmiş sovet respublikalarına yardım göstərmək barədə qanun qəbul olunması təşəbbüsü ilə çıxış etmişdi. “Azadlığa Dəstək Aktı” adlanan qanun keçmiş SSRİ-nin 12 ölkəsinə (dövlət müstəqilliyi ABŞ tərəfindən dərhal tanınmış Baltikyanı respublikalar - Latviya, Litva, Estoniya - 1991-ci ildən başlayaraq bu ölkədən genişmiqyaslı yardımlar alırdılar) müstəqil dövlət quruculuğu, demokratiya və bazar iqtisadiyyatına keçidlə bağlı maliyyə yardımı göstərilməsini nəzərdə tuturdu. Amerika o vaxtadək dünyanın bir sıra ölkələrinə analoji yardımlar edirdi və bununla bağlı hər il Konqres tərəfindən xüsusi büdcə qanunu qəbul olunurdu. “Azadlığa Dəstək Aktı”nın müzakirəsi isə, həm də Amerika Konqresində keçmiş sovet respublikalarına yönəlik lobbiçilik yarışmasının (mübarizəsinin) başlanması demək idi.
- Bəs 907-ci düzəliş nədir? Bu düzəliş kim tərəfindən tətbiq olunub? Düzəlişin qəbul olunma səbəbləri haradan qaynaqlanıb?
- 907-ci düzəliş - 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən söz açdığımız “Azadlığa Dəstək” Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan çox ədalətsiz düzəlişdir. Düzəliş ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın “işğalı” və Ermənistana qarşı “blokada”sını dayandırmaq məqsədilə Senator Con Kerrinin və konqresmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən irəli sürülmüş və Konqres tərəfindən qəbul edilmişdir.
Ən böyük təzad ondadır ki, qanunun qüvvəyə mindiyi 1993-cü ilin yanvarına qədər isə, Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağda nəzarətdə saxladığı son şəhəri Şuşanı, vilayətdən kənardakı Laçın rayonunu işğal etmiş, Xocalı şəhərini tar-mar edərək dinc sakinlərə qarşı dəhşətli qırğın, soyqırım törətmişdilər.
üstündən 4 il keçməmiş, ABŞ Konqresindən daha bir zərbə gəldi. Demokrat Partiyasından olan senator Con Porterin təklifi ilə hazırlandığına görə “Porter əlavəsi” adlandırılan həmin qanun layihəsində 1997-ci il üçün Azərbaycana yardım nəzərdə tutulsa da, bu əlavədə Dağlıq Qarabağ ayrıca, müstəqil tərəf kimi qeyd olunurdu. Lakin Ulu öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində Konqresin Azərbaycana qarşı daha bir qərar qəbul etməsinin qarşısı alındı. Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün ABŞ Konqresi tərəfindən birbaşa şübhə altına alınması təhlükəsi aradan qalxdı.
ABŞ prezidentinin təmsilçiləri də bu layihə əleyhinə çıxışlar ediblər. Nəticədə, “Porter əlavəsinə” dəyişiklik edilərək, Dağlıq Qarabağı Azərbaycandan ayrı, müstəqil tərəf kimi göstərən ifadə dəyişdirilib. O, “Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycana yardım” formasına salınıb.
Zaman keçdikcə, daha doğrusu, Azərbaycanın xarici siyasəti öz konturlarını daha inamla cızdıqca, ölkəmizin ətrafında yaradılmış informasiya blokadası aradan qaldırıldıqca, vəziyyət bizim xeyrimizə dəyişməyə doğru vüsət aldı. 1997-2000-ci illər ərzində Klinton administrasiyası 907-ci düzəlişin Konqres tərəfindən ləğv olunması üçün cəhdlər göstərib. 2002-ci ilin yanvarında ABŞ prezidenti ilk dəfə 907-ci düzəlişin qüvvəsinin müvəqqəti dayandırılması haqqında qərar qəbul edib.
Yalnız 2005-ci ildə ABŞ prezidenti Corc Buş “Azadlığa Dəstək Aktı”na Azərbaycana Amerikanın dövlət yardımlarını qadağan edən 907-ci düzəlişin qüvvəsinin müvəqqəti dayandırılması barədə memorandum imzalayıb.
- Azərbaycan bundan nə itirib? Bu yardımlar bizə belə lazımdırmı? Bəlkə bundan, ümumiyyətlə, imtina edə bilərdik?
- Məsələ fikirləşdiyimiz kimi sadə deyil. 907 kimi sankisiyalarla Azərbaycanın itkiləri iki formada təsniflənir: birinci, iqtisadi aspektdə olan itkilərdir, yəni maliyyə dəstəyinin kəsilməsi, ölkənin yardımlardan kənarda qalmasıdır. İkinci, ən vacibi isə həmin ölkəyə qarşı beynəlxalq etimadın, ölkənin nüfuzunun zəifləndirilməsidir. Yəni mədəni və islahata can atan ölkələr siyahısından çıxarılma həmin ölkəyə olan demokratik inamın itirilməsidir. Bu, sonradan onunla müşahidə olunur ki, həmin ölkə ilə nəinki ABŞ hökuməti əməkdaşlıq etmir, eyni zamanda, digər əməkdaşlıq yollarının kəsilməsi üçün də təşəbbüslər formalaşdırılır. Həmin vəziyyətdə belə ölkələrə, adətən, birbaşa və portfel investisiyalar daxil olmur. Oraya maliyyə və texnoloji resursların axmasının qarşısı alınır, transmilli neft şirkətlərinin girişi məhdudlaşdırılır, islahatları dəstəkləyən proqramlar dayandırılır. Bu siyahını bir qədər də artırmaq olar.
- Yenə də həmin suala qayıdaq, amma başqa yöndən: bu yardımlar Ermənistana nə verdi?
- Məsələni qəlizləşdirən o deyil ki, ABŞ işğalçı dövləti maliyyələşdirir. Məsələ heç onda da deyil ki, işğalçı dövlətlə, işğala məruz qalan arasında bərabərlik işarəsi qoyulur. Məsələni qəlizləşdirən indiyə qədər Azərbaycana qarşı yürüdülən ədalətsiz mövqe və Dağlıq Qarabağa ABŞ tərəfindən göstərilən birbaşa yardımlarla Azərbaycanın ərazi bütövlüyünün sual altına alınmasıdır.
Amerikanın erməni diasporu və Konqresdəki erməni lobbisi Dağlıq Qarabağa ayrıca yardım göstərilməsi üçün hələ 1993-cü ildən fəaliyyətə başlamışdı. Bunun nəticəsi olaraq, 1998-ci ildə ermənilər ABŞ rəhbərliyini Dağlıq Qarabağa oradakı humanitar vəziyyəti öyrənmək üçün xüsusi missiya göndərilməsinə razı saldılar. 1999-cu ildən başlayaraq isə Konqresdə qəbul olunan xarici yardımlar paketinə Dağlıq Qarabağa dair maddə əlavə olundu.
Düzdür, Ağ Evdən Konqresə göndərilən büdcə layihələrində belə bir maddə olmurdu. Lakin sıraları ilbəil genişlənən ermənipərəst konqresmenlər həm Ermənistanın yardım payının artmasına, həm də Dağlıq Qarabağa yardım ayrılmasına müvəffəq oldular. 1999-2005-ci illərdə Qarabağ ermənilərinə ayrılan yardım 2-3 milyon dollar həcmində idi. 2006-cı ildən Dağlıq Qarabağa ayrılan yardımın məbləği artaraq 5 milyon, 2007-2008-ci illərdə 6 milyon, 2009-cu ildə isə 8 milyon dollar təşkil edib. Bu artım tendensiyası həm də Amerika Konqresində, bu ölkənin siyasi dairələrində erməni təəssübkeşliyinin dərəcəsini göstərir.
ümumilikdə, ABŞ qaynaqlarının rəsmi statistikasına görə 1993-2006-cı illərdə Ermənistan Amerikadan 1,717 milyard dollar yardım alıb ki, bunun da 1,222 milyard dolları “Freedom Support Act” çərçivəsində həyata keçirilib. Bu yardımı əhali üzrə böldükdə isə Ermənistan digər postsovet ölkələrini qat-qat üstələyir. Bu illərdə Azərbaycana ayrılan yardım payı 45 milyon dollardan çox olmayıb.
- Belə nəticə çıxır ki, ABŞ xarici siyasətində ikili standart hakimdir. Bu halda düzəlişin birdəfəlik aradan qaldırılmasına yaranan şübhələr getdikcə reallığa çevrilir.
- Bu fikirlə razılaşmamaq olmur. Doğrudan da belə vəziyyət enerji, regional təhlükəsizlik, beynəlxalq terrora, kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə, Əfqanıstandakı hərbi əməliyyatlar, İslam dünyası ilə dialoq və digər sahələrdə Azərbaycan-ABŞ əməkdaşlığının strateji tərəfdaşlıq müstəvisinə yüksəldiyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin həssas mərhələyə daxil olduğu, ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın ədalətli vasitəçi qismində çıxış etməsinə ən çox ehtiyac olduğu dövrdə Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətinin inkişafına xidmət etmir.

Paylaş:
Baxılıb: 1271 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30