Türk xalqları Göy qübbəsinə, vahid Tanrıya hələ Miladdan öncədən sitayiş ediblər
14.04.2010 [09:14]
İnsan sözü yazıya çevirə bilmədiyi zamanlarda belə yaratdıqlarını yaşatmaq, təbliğ etmək və özündən sonra gələnlərə ötürmək üçün müxtəlif vasitələr düşünüb tapıb. Nağılçı nənələr, el-el, oymaq-oymaq gəzən dərvişlərə bənzər şəxslər zamanımızda da mövcuddur. Bizim alim, tədqiqatçı dediyimiz müasirlərimiz xalqın yaddaş saxlancına baş vurur, tapdıqlarını, arayıb-ərsəyə gətirdiklərini yazıya köçürür və tariximizin bilgi arxivini zənginləşdirirlər. Belə müasirlərimizdən biri isə uzun yolun YOLçUSU, filologiya elmləri namizədi, tarix elmləri doktoru, professor Güllü Yoloğludur. O, uzun illərdir ki, Türk dünyasının ilkin adət və ənənələri, tarixi və etnoqrafiyası ilə bağlı araşdırmalar aparır. Söhbətimiz də bu yönümdədir:
- Güllü xanım, qloballaşmanın qaçılmaz olduğu bir dövrdə milli dəyərlərimizi üzə çıxarmağın, onları təbliğ etməyin, gənc nəslə öyrətməyin, ötürməyin və bütün bunlar üçün çaba göstərməyin mənası varmı?
- Keçmişin özünə baş vurmaq, bizləri həmişə ayıq olmağa səsləyən bir tarixi məktubu xatırlatmaq istəyirəm. Osmanlını dağıtmağa yönəlmiş bu məktub 1821-ci ildə Sultan İkinci Mahmudun zamanında İstanbul patriki Qreqorios tərəfindən rus çarı Aleksandra ünvanlanıb. Məktubda patrik Qreqorios türklərin cəsurluğundan, birliyindən, dinə, milli adət-ənənələrinə, törələrinə bağlılıqlarından, maddiyyatdan uzaq olmalarından, açıq savaşın onları daha da birləşdirə, müqavimət güclərini artıra biləcəyindən bəhs edərək türkləri sarsıtmağın, mənəvi bağlarını parçalamağın, dözümlülüklərini zəiflətməyin ən qısa yolunu hiss etdirmədən “milli adət-ənənələrinə, mənəviyyatlarına uyğun olmayan xarici fikirlərə, hərəkətlərə, maddi vasitələrə” alışdırmaq olduğunu göstərir. Bu keçmişimizdən gələnləri köhnəlik hesab edənlərə tarixin cavabıdır. Amma bir sual da çıxır qarşımıza: Bu durumda necə edək ki, milli kimliyimizi, adət-ənənələrimizi, mənəviyyatımızı itirməyək? Bunun ən qısa yolu soyumuzu, soy-kökümüzü, adət-ənənələrimizi, ayinlərimizi, inamlarımızı, dinimizi aqressiv şəkildə deyil, sivil yolla qorumaqdır. Uzun illər ateizm, vahid “sovet xalqı” yaratmaq ideyası millinin üstünə kölgə salmağa, onu ləkələməyə çalışıb. Lakin nə yaxşı ki, qırıntılar şəklində də olsa, bir çox adətlərimiz, ayinlərimiz, mərasimlərimiz yaddaşlarda qalıb. Bizim işimiz sadəcə həmin qırıntıları məntiqlə bir-birinə yapışdıraraq bərpa etməkdir.
- Məsələ ondadır ki, məhz bundan sonra yaddaşlarda qalan adətlərimiz, ayinlərimiz, mərasimlərimiz yazarlarımız, tarixçi və etnoqraflarımız tərəfindən araşdırılmağa başlayandan sonra aləm qarışdı, yeni iddialar və fərziyyələr ortaya qoyuldu.
- Ayrı-ayrı ölkələrdə yaşayan türk xalqlarının mərasimlərilə, adət-ənənələrilə azərbaycanlıların, yəni ölkə əhalisinin mərasimlərinin, adət-ənənələrinin müqayisəli öyrənilməsi Azərbaycan etnoqrafiya elminin geniş araşdırmalar tələb edən problemlərindən biridir. Milli özünəqayıdış, özünüdərketmə prosesi gücləndikcə xalqlar arasındakı əlaqələr yeni keyfiyyət kəsb edir. Son zamanlar qloballaşma adı altında bir çox mədəniyyətlərin birləşdirilməsi prosesi nəzərdə tutulsa da, günümüzdə baş verən əksər hadisələr bəzi xalqların öz mədəniyyətlərinə, soy-köklərinə daha da sıx bağlandıqlarını, özünütəsdiqə çalışdıqlarını, etnik kökə qayıdış prosesinin də nəzərdən qaçırılmadığını göstərir.
Azərbaycan etnoqrafiya elminin qarşısında duran əsas problemlərdən biri də bu ərazidə yaşayan xalqların, etnik, etnoqrafik qrupların etnogenezinin, etnik tarixinin öyrənilməsidir. çox vaxt xalqların öyrənilməsi müəyyən bir ərazi çərçivəsində birləşdirilir. Coğrafi bölgünün iqtisadi əlaqələr, siyasi məqsədlər, bölgənin ortaq tarixinin araşdırılması yönündən doğru olduğu qənaətindəyik. Eyni zamanda, bir etnik kökə bağlı xalqların məsafəcə uzaq bölgələrdə yaşamalarına, ayrı-ayrı dinlərə qulluq etmələrinə baxmayaraq ortaq maddi, eləcə də, mənəvi mədəniyyət örnəklərinin müqayisəli araşdırılması tədqiqata cəlb olunan xalqın etnogenezinin öyrənilməsində mühüm rola malik olduğunu da düşünürük.
Araşdırmalar göstərir ki, azərbaycanlıların mövsüm, ailə-məişət mərasimlərinin ümumtürk konteksindən çıxardılaraq ayrıca öyrənilməsi məqsədəuyğun deyildir. Bu baxımdan, dini mənsubiyyətindən asılı olmayaraq müsəlman, ya qeyri-müsəlman türk xalqlarının, özəlliklə də azsaylı türklərin (baraba, dolqan, teleut, şor, saxa, xakas, tıva...) etnoqrafik baxımdan daha yaxşı qorunub saxlanılan mərasimlərinin, onlarla bağlı mənəvi mədəniyyət nümunələrinin müqayisəli şəkildə araşdırılmasının vacib olduğunu xüsusi olaraq qeyd etməliyik.
- Mənzərədən də aydın görünür ki, din faktoru bu işə ciddi şəkildə mane olur.
- Məlumdur ki, dinlərin təsiri xalqın həyatının bütün sahələrində-dilində, yaşayış tərzində, geyimində, etik normalarında, milli mətbəxində özünü göstərir. Lakin bu təsirin mərasimlərdə əksi daha qabarıqdır. Deyilənlər, əsasən, eyni dinə qulluq edən xalqların mərasimlərinə aiddir, yəni hansı etnik, dil qrupuna daxil olmasından asılı olmayaraq eyni dinə tapınan xalqların mərasimlərində ümumi cəhətlərin çoxluğu təbiidir. Belə ki, müsəlman tacik, ərəb, fars, müsəlman türk... xalqlarının kəbin, dəfn mərasimləri, bəzi fərqləri istisna etməklə, bir qayda olaraq, “Quran-i Kərim”ə əsaslanır. Ayrı-ayrı kökə, dil qrupuna daxil olan bu xalqları mərasimlərin, dini bayramların keçirilməsində aparıcı rol oynayan İslam dini birləşdirir.
- Türk xalqlarının yalnız din prizmasından araşdırılması, ümumiləşdirilməsi onları bir-birindən süni sürətdə ayırmağa gətirib çıxarır, bəzən də, yad mövqelərdə durmaq məcburiyyətində qoyur.
- ümumiyyətlə, mövsüm mərasimlərində icra olunan ayinlərin dinlə heç bir əlaqəsi yoxdur. Mövsüm mərasimlərinin bir parçası olan bu mərasimlərə millətin mənsub olduğu din güclü şəkildə öz təsirini göstərib, ən azından bu dinin müqəddəslərinin adları çəkilməklə onların xristianlığa və ya İslama aid olması illüziyası yaradılıb. Böyük çillə günlərində keçirdiyimiz Yeni il bayramı da bizim təqvim bayramımızdır. Əslində, dərinə getsək, görərik ki, elə bu bayram da Günəşin doğması ilə bağlı olan bir bayramdır... Azərbaycan xalqı üçün də günümüzdə ən önəmli milli bayram Novruz bayramı, İl başı, ilin, ayın axır gecəsidir. Biz, eləcə də, bizim kimi özünün milli bayramı olan xalqlar, 31 dekabrı təqvim dəyişikliyi, yeni təqvim ilinin başlanğıcı kimi keçiririk. 31 dekabr tarixinə müstəqilliyimizin, Şərq dünyasının, eləcə də, Türk dünyasının öz töhfəsi oldu. Ulu öndərimiz Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən ilk dəfə, 1991-ci il 16 dekabr tarixli Sərəncamı ilə 31 dekabrı dünya azərbaycanlılarının həmrəylik, milli birlik bayramı elan etdi... Bütün Şərqdə, eləcə də, Türk dünyasında geniş yayılmış, xristianlıqla heç bir əlaqəsi olmayan 12 heyvan sikli ilə bağlı növbəti ilin heyvanının müxtəlif fiqurları, ona aid olan hər nə varsa, artıq yeni ilin rəmzinə çevrilmişdir. Hətta dinindən asılı olmayaraq insanlar yeni ili həmin heyvanın xarakterinə, “istəyinə” uyğun keçirməyə, süfrəni ona görə bəzəməyə, geyimlərində onun rənglərini nəzərə almağa çalışırlar. Böyük həvəslə bəzədiyimiz küknar ağacının da, evlərimizə qonaq çağıraraq uşaqlarımızı sevindirdiyimiz Şaxta baba ilə Qar qızın da xristianlıqla heç bir əlaqəsi yoxdur...
Məlumdur ki, bitkilər aləmində şamlar fəsiləsindən olanlar özünəməxsusluqlarına görə, daim diqqət mərkəzindədirlər. Onların iynəyarpaqlı olmasının səbəblərini ətrafda yaşayan insanlar müxtəlif cür yozsalar da, həmişəyaşıl olmaları (qara şamdan başqa) birmənalı olaraq uzunömürlülük rəmzi sayılıb. Bu baxımdan, insanların yaşamaq arzularını bu ağacla bağlamaları təbiidir. Uzun illərdir dilimizdə Yeni il öncəsi “şam ağacının bəzədilməsi” ifadəsi qalsa da, əslində, biz şamlar fəsiləsindən olan küknar ağacını bəzəyirik... “Yolka” sözü “yel” sözündəndir, bizim dilə də “küknar” kimi tərcümə olunur. Maraqlıdır ki, tatar dilində “yel” - il deməkdir. Belə çıxır ki, “yel - küknar” elə il ağacı mənasını verir?!. Rusiya sərhədləri içərisində qalan türk torpaqlarındakı, özəlliklə də, Sibirdəki ucsuz-bucaqsız küknar meşələri (burada qara şam meşələri də üstünlük təşkil edir) bu ağacla bağlı saysız-hesabsız əfsanələrin, rəvayətlərin, miflərin, ayinlərin də yaranmasına, ona dilək ağacı kimi baxılmasına da səbəb olmuşdur. Belə olduğu halda rütubətə, kölgəyə həsrət, torpağı münbit olmayan isti Ərəbistan çöllərində küknar ağacı necə bitə bilərdi? Deməli, İsa peyğəmbər də o şəraitdə bitməyən küknar ağacı altında dünyaya gələ bilməzdi. Deməli, Gündoğanda, yəni yeni ildə küknar ağacları heç də İisus Xristosun doğumunun şərəfinə bəzədilmir... Qurban, Novruz bayramları, sünnət mərasimi kimi kökü daha qədimlərə gedən bayramlar, mərasimlər isə İslam dini ilə bağlanılır. Lakin araşdırmalar həmin mərasimlərin əski dinlə bağlılıqlarını, bu gün ayrı-ayrı dinlərə qulluq edən türklərin mərasimləri, adət-ənənələri sırasında özlərinin yerləri olduğunu göstərir.
- Güllü xanım, “Mövsüm mərasimləri” monoqrafiyanızda bütün bü məsəllələr ətraflı şəkildə işıqlandırılsa da, oxucularımıza bir qədər ətraflı məlumat vermənizi xahiş edirik.
- Mövsüm mərasimləri insan həyatının ayrılmaz hissəsidir. Onların bir çoxu əski türk şamanizmindəki dünya, aləm, ətraf mühit, təbiətlə bağlı təsəvvürlərdən yaranmışdır. Əgər ailə mərasimləri (toy, yas, doğum, ayaqaçdı, adqoyma, qırx saçının qırxılması...) insanın həyatında yalnız bir dəfə olursa (bəziləri, məsələn, toy, adqoyma... bir neçə dəfə də ola bilər), mövsüm mərasimləri bəşər övladını bütün ömrü boyu müşayiət edir, hər il təkrar olunur, yeniləri meydana çıxır, lakin əvvəlkilər də unudulmur. Belə mərasimlərin bir çoxu artıq bayram şənliklərinə çevrilib, əski mənalarında, məzmunlarında bir sıra dəyişikliklər edilib. Əlbəttə ki, sonradan qəbul edilmiş, ya etdirilmiş dinlərin təsiri də güclü hiss olunur. Bu mərasimlərin, ayinlərin bir çoxu dünya xalqlarının əksəriyyəti tərəfindən başqa-başqa adlar altında qeyd edilir. Belələrinə yeni ili, baharın gəlişini, qurban verməni, Günəşə qurban kəsməni, əkin, biçin bayramlarını... örnək göstərmək olar.
Keçmişdə insanlar əsasən açıq yerlərdə təbiətlə baş-başa çalışır, daim iqlim şəraitindən asılı olur, təsərrüfatlarını ona uyğun qurur, təbiətlə qarşılıqlı hörmət, anlaşma şəraitində yaşayırdılar.. İnsanlar heç bir bayramı sadəcə şənlik xatirinə keçirmirdilər. Bütün bu şənliklər, meydan tamaşaları, yemək dolu masalar, bayramın digər atributları kainat qüvvələrinə inamla, təbiətlə, atalar kultu ilə bağlıdır. İnsanlar müxtəlif ruhların könlünü xoş etmək məqsədilə qanlı, ya da qansız qurbanlar verirdilər. Əsas məqsəd isə bu yolla xoşbəxt gələcəyin, bol məhsulun, ailənin, tayfa üzvlərinin, qoyun-quzunun sağlamlığının təmini idi. Uzun illər Azərbaycanda mərasimlərdəki odla, ocaqla bağlı adətlər zərdüştlüklə bağlansa da, daha əvvəlki dövrlərdə yaranmış şamanizmdə də eyni inamın, ayinlərin, adətlərin mövcudluğu bu fikrin yanlışlığından xəbər verir. Ocağa, atəşə sitayiş olunan bir yerdə onun üstündən tullanmaq, üstəlik “ağırlığı, uğurluğu, qada-balanı” oda tökmək qəbulolunmazdır. Bu mərasim odun, ocağın, atəşin paklayıcı, saflaşdırıcı, sağaldıcı, təmizləyici gücünə inamla, yəni şaman təsəvvüründəki odla bağlıdır. Azərbaycan türklərinin mənəvi mədəniyyət nümunələri arasında odla, ocaqla bağlı bir çox etiqadlar, inamlar, alqışlar, qarğışlar, andlar mövcuddur. Od, ocaq həm də ailənin xoşbəxtliyinin, firavanlığının rəmzidir. Gecə vaxtı evdən od verməzlər. Bununla od verən şəxs ailənin xoşbəxtliyini vermiş, şər qüvvələrin fəallaşmasına şərait yaratmış olur. Od yiyəsi tıva ailələrinin xilaskarı, mühafizəçisi, ailə üzvlərinin məsləhət yeri, himayəçisi olub. Odun qoruyucu xüsusiyyətini nəzərə alaraq bəd nəzərin qarşısını almaq məqsədilə, Azərbaycanda çox vaxt uşağın, böyüyün, heyvanın başına duz dolayaraq oda atmaq, üzərlik yandırmaq geniş yayılıb. Od, ocaq türk xalqlarının inanc sistemində özünəməxsus yeri olan anlamdır. İlkin inkişaf dövründə od Günəşin yerdəki rəmzi sayılırdı. Göydən yerə şimşəklə gələn od təbiət hadisələrini izah etməkdə aciz olan insanlar arasında qeyri-adi gücə malik bir canlı kimi anlaşılırdı. Onlar oddan qorxur, onun önəmini (istisini, işığını) dərk edir, onu qoruyur, ona hörmət edirdilər. Təbii ki, bütün bunların Zərdüştlə, atəşpərəstliklə heç bir əlaqəsi yoxdur. Əksinə, insanların özündən əvvəlki inanc sistemini yaxşıca öyrənən Zərdüşt onlardan öz fəlsəfəsində geniş istifadə edib.
-İnsanın təbiətlə bağlılığı-dünyasını dəyişəndən sonra cisminin torpağa qayıtması, ruhunun göylərə çəkilməsinin fəlsəfəsinin də dinlərə aidiyyatı yoxdur?
- “Oğuz Kaqan” dastanında Oğuzun gölün ortasında nəhəng bir ağacın koğuşunda oturan gənc qızı görüb, onunla evlənməsi, Göy, Dağ, Dəniz adlı üç oğlunun olması təsadüfi deyil. Bizcə, həyat ağacının içərisində doğulan bir qızın dünyaya gətirdiyi üç oğul dünyanın üç qatını təmsil edir: Göy - yuxarı, Dağ - orta, Dəniz isə aşağı, yeraltı dünyanı. Hər üç qatı özündə əks etdirən ağacın (başı, gövdəsi, kökü) türk şamanizmində əsas rəmz kimi qəbul olunması, üç qatın, məfhumun yaranışında “iştirakı, rolu” danılmazdır.
Tədqiqatçılara görə, mavi Göy qübbəsinə hələ Miladdan öncə III əsrdə, hunlar zamanında sitayiş olunmuşdur. Tanrı öz hökmünü, iradəsini ona müraciət edən, yalvaran, üz tutan qədim türk hökmdarlarına diqtə etmiş, onların vasitəsilə bəndələrinə yetirmişdir. “Kitabi Dədə Qorqud” boylarında oğuz bəyləri qol götürüb diləklərini birbaşa Ulu Tanrıya ünvanlayırdılar. Bu da həmin boyların çox qədimliyindən, yəni Göyün hələ qatlara bölünmədiyi vaxtlarda yarandığından xəbər verir.
- Müsahibə üçün təşəkkür edirik.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxHadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14

