Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Dövlət Proqramının təsdiq olunması ilə dəmir yolunun tarixində yeni dönəm başladı

Dövlət Proqramının təsdiq olunması ilə dəmir yolunun tarixində yeni dönəm başladı

29.07.2010 [03:26]

Arif Əsgərov: ölkə başçısı cənab İlham Əliyev dəmir yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq standartlar səviyyəsinə çatdırılması məqsədilə bir sıra mühüm qərarlar qəbul etmişdir
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov www.yap.org.az saytına müsahibə verib:
- Arif müəllim, Azərbaycan Respublikasının Prezidentinin 2010-cu il 6 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” təsdiq olunub. Dövlət Proqramının əsas istiqamətləri barədə nə deyə bilərsiniz?
- Mən, ilk növbədə, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq olunması haqqında Sərəncam imzaladığına görə, ölkə başçısı cənab İlham Əliyevə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin çoxminli kollektivi adından və şəxsən öz adımdan dərin minnətdarlığımızı bildirirəm. ölkəmizin dəmir yolu nəqliyyatının inkişafı strategiyasının parametrləri Ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyən olunub. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırsaq, yanılmarıq. ümummilli lider həm respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə, həm də keçmiş SSRİ hökuməti rəhbərliyində fəaliyyətində olduğu 1983-1987-ci illər ərzində, dəmir yolunun inkişafı istiqamətində əvəzolunmaz xidmətlər göstərmişdir. Böyük siyasət adamının rəhbərliyi ilə yaradılmış nəqliyyat sahəsinin inkişaf etdirilməsi prosesi ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan beynəlxalq və regional layihələrin reallaşması prosesində aktiv iştirak edir.
ölkə başçısı cənab İlham Əliyev dəmir yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq standartlar səviyyəsinə çatdırılması məqsədilə bir sıra mühüm qərarlar qəbul etmişdir. 6 iyul 2010-cu ildə “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzalanmış Sərəncam bu sahənin inkişafını təmin edəcək ən mühüm sənəddir. Proqramda Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün məqamlar öz əksini tapıb. Vaqon və lokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət Proqramının icrası üçün Tədbirlər Planında öz əksini tapmışdır.
Sənəddə göstərildiyi kimi, Dövlət Proqramının əsas məqsədi əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə artan tələbatının və dövlətin müdafiə ehtiyaclarının təmin olunması, Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini və onun ölkənin sosial-iqtisadi tərəqqisində daha fəal iştirakını təmin etməkdir.
2010 - 2014-cü illərdə Dövlət Proqramı dəmir yolu sahəsində bir sıra mühüm vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur. Onların sırasında,
- Dəmir yolu nəqliyyatının infrastrukturunun və hərəkət heyəti parkının müasir tələblərə uyğun yeniləşdirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi;
- Bakı - Tbilisi - Qars yeni dəmir yolu xəttinin istismara buraxılması nəticəsində Asiya ölkələrini Avropa ilə birləşdirən birbaşa dəmir yolu dəhlizində artacaq beynəlxalq tranzit yük axınlarının ahəngdar və fasiləsiz nəql edilməsinin təmin edilməsi;
- sərnişin və yük daşımalarının keyfiyyətinin artırılması və təhlükəsizliyinin təmin edilməsi;
- elmi-texniki nailiyyətlərin və yeni texnologiyaların dəmir yolu nəqliyyatı infrastrukturunda tətbiq edilməsi;
- dəmir yolu nəqliyyatında sərnişin daşımalarının keyfiyyətinin və gəlirliyinin artırılmasını təmin edəcək strategiyanın müəyyən edilməsi və həyata keçirilməsi və s.vəzifələr var.
“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın ölkə başçısı tərəfindən imzalanması dəmir yolunda aparılan islahatların sürətlə başa çatdırılması geniş imkanlar yaradır. Proqramda nəqliyyat sisteminin əsas sahələrindən olan dəmir yolunun bütün təsərrüfatlarının inkişaf etdirilməsi, modernləşdirilməsi nəzərə alınıb. Məsələn:
- Dəmir yolu nəqliyyatı haqqında qanun layihəsinin işlənib hazırlanması;
- Yalama və Böyük-Kəsik sərhəd-keçid stansiyalarında yolların, enerji təchizatı və rabitə qurğularının, xidməti binaların yenidən qurulması;
- Sürətin artırılması və təhlükəsiz hərəkətin təmin olunması məqsədi ilə 317 km uzunluğunda baş yolların əsaslı təmiri;
- Bir neçə körpünün rekonstruksiyası;
- 50 ədəd yeni dəyişən cərəyanlı elektrovozun alınması;
- 13 ədəd TE10 tipli teplovozun əsaslı təmir edilməklə modernləşdirilməsi;
- Biləcəri lokomotiv deposunun əsasında lokomotivlərin əsaslı təmiri bazasının yaradılması;
- Neft və neft məhsullarının daşınması üçün 300 ədəd yeni çən vaqonlarının alınması;
- Quru yüklərin daşınması üçün vaqonların alınması;
- Ələt vaqon deposunun və vaqonların yuyulması məntəqəsinin yenidən qurulması;
- 25 ədəd yeni sərnişin vaqonunun alınması;
- Azərbaycan dəmir yolunun Yalama - Biləcəri hissəsində optik-lifli rabitə xəttinin yaradılması;
- Osmanlı-Astara sahəsində optik lifli rabitə xəttinin yaradılması;
- Azərbaycan dəmir yolunda yük və sərnişin daşımalarının avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması;
- Azərbaycan dəmir yolunun işarəetmə və bloklama sisteminin dispetçer mərkəzləşdirilməsi idarəetməsinin yaradılması;
- Dəmir yolunun Bakı - Böyük-Kəsik sahəsində 27,5 kvt-lıq dəyişən cərəyanlı dartı sisteminə keçməsinin təmin edilməsi;
- 10 ədəd ADM tipli texniki istismar və təmir maşınlarının (drezinlərin) alınması;
- Dəmir yolu nəqliyyat sisteminin ixtisaslı fəhlə, ali və orta ixtisas təhsilli kadrlarla təmin edilməsi və digər tədbirlər nəzərdə tutulur.
Göründüyü kimi, Dövlət Proqramında dəmir yolunun bütün təsərrüfatlarının inkişaf etdirilməsi nəzərdə tutulur. Bütün bu görüləcək işlər nəticəsində qatarların hərəkətinin təhlükəsizliyi təmin ediləcək və hərəkət sürətinin yüksəldilməsi təmin olunacaqdır. Dövlət Proqramının preampulasında bu, çox dəqiq ifadə olunub: “ölkədə dəmir yolu nəqliyyat xidmətlərinə olan tələbatın tam ödənilməsi və ölkənin dəmir yollarının beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası üçün daha müasir nəqliyyat infrastrukturunun yaradılması, daşımalarda yük vahidinə nəqliyyat xərclərinin azalması, çevik tarif siyasətinin müəyyən edilməsi, Azərbaycanın tranzit potensialının artırılması, institusional islahatların aparılması, dəmir yolu nəqliyyatının fəaliyyətinə dair təkmil qanunvericilik bazasının formalaşdırılması, dəmir yolu sahəsi üçün yüksəkixtisaslı kadrların hazırlanması və onların sosial müdafiəsi təmin olunacaqdır”. “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” bizim üçün
- Dəmir yolu nəqliyyatında avtomatlaşdırılmış sistemin tətbiqi ilə bağlı görülən işlər barədə nə deyə bilərsiniz?
- Dəmir yolu çoxşaxəli bir nəqliyyat növü olduğundan burada avtomatlaşdırılmış sistemin tətbiqi mərhələlərlə həyata keçirilən bir proses olmalıdır. 1997-ci ildən etibarən sərnişin təsərrüfatında kompüterləşmiş bilet satışının tətbiqinə start verilib. Təkcə Bakı və Biləcəri qovşaqlarında deyil, artıq xətt boyu yerləşən sərnişin vağzallarında kompüterləşmə başa çatmaq üzrədir. 2010-cu il ərzində biz bu işləri tamam yekunlaşdırmaq, tam avtomatlaşdırılmış bilet satışına keçmək əzmindəyik.
Dəmir yolunun digər sahələrində avtomatlaşdırılmış sistemin tətbiq olunması üçün yaxın və uzaq xarici partnyorların təcrübəsi öyrənilir, müvafiq ali təhsil ocaqları və elmi-tədqiqat mərkəzləri ilə ikitərəfli əlaqələri daha da intensivləşdirilir, qarşılıqlı təcrübə mübadilələrinin aparılması sürətləndirilmişdir. Cari il aprel ayının 7-də Rostov Dövlət Dəmir Yolları Universitetinin rektoru, akademik Vladimir İvanoviç Kolesnikovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri elmi-tədqiqat məsələlərində əməkdaşlıq məsələləri müzakirə olunmuş, əlaqələrin daha da genişləndirilməsi, yeni texnologiyaların tətbiqi barədə və digər müzakirələr aparılmışdır. Görüşdə, həmçinin, Rostov Dövlət Dəmir Yolları Universiteti mütəxəssisləri tərəfindən hazırlanan “Qatarların hərəkəti zamanı dispetçer nəzarəti və idarəetməsi” sisteminin təqdimatı olmuşdur. Bu sahədə də araşdırmalarımız davam edir. Dövlət Proqramında sərnişin və yük qatarlarının təhlükəsiz hərəkətinin təmin olunması üçün bütün normalar öz əksini tapıb.
- Arif müəllim, Kür çayının daşması ilə müşayiət olunan təbii fəlakət zamanı Azərbaycanın dəmir yolu sisteminə də böyük ziyan dəydi. Hal-hazırda dəymiş ziyanın və itkilərin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər hansı mərhələdədir?
- May ayında Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması ilə əlaqədar daşqınların əmələ gəlməsi səbəbindən dəmir yolunun işində də ciddi problemlər yaranmışdır. Bilirsiniz ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Şirvan-Astara sahəsində 9 may saat 16. 30-dan etibarən qatarların hərəkəti dayandırılmışdır. Suyun bir istiqamətdən digər istiqamətə ötürülməsi üçün Osmanlı-Azadkənd mənzilinin 15-ci, Azadkənd-Salmanlı mənzilinin 19-cu, 21-ci ( iki yerdə) və 24-cü kilometrlərində yarğanlar açılmışdır. Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması və gələcəkdə belə halların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 19 may 2010-cu ildə “Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Hökumət Komissiyasının yaradılması” haqqında Sərəncam imzalamışdır. Sərəncama müvafiq olaraq təxirəsalınmaz işlərə start verildi.
13 iyun 2010-cu ildə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirovun rəhbərliyi ilə Şirvan-Astara sahəsində təmir-bərpa işlərinə başlanıldı. Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov dəfələrlə təbii fəlakət zonasında oldu və təmir-bərpa işlərinin sürətlə aparılması üçün hər cür qayğı göstərdi. Mürəkkəb iş şəraitində, dəmiryolçuların gərgin zəhməti nəticəsində yarğanların hamısı bərpa olundu və 4 iyul 2010-cu ildə, müəyyən sürət məhdudiyyəti ilə Şirvan-Astara sahəsində qatarların hərəkəti bərpa olundu. Ərazidə tamamlama işləri aparılır.
Bir faktı da deyim ki, Kür çayında daşqınların qarşısını almaq üçün Araz çayından yeni qolun ayrılması gündəmə gəlmişdi. Bununla bağlı bir sıra qabaqlayıcı tədbirlərin həyata keçirilməsi zərurəti yarandı. Dəmir yolunun Qırmızıkənd-Cəlilabad mənzilinin 86-cı kilometrində yol yatağının altından beş ötürücü bəndin (diametri 2 metr olan 15 ədəd metal borunun) qoyulmasını həyata keçirdik. Bu, saniyədə 300 kub-metr suyun ötürülməsinə imkan yaradacaq.
- Vaxtaşırı olaraq dəmir yolu nəqliyyatında tariflərin artırılacağı ilə bağlı məlumatlar yayılır. Bu məlumatlar nə dərəcədə realdır və əgər tariflər artırılarsa, hansı istiqamətləri əhatə edəcək?
- Cəmiyyət arasında dəmir yolu nəqliyyatında tariflərin artırılacağı ilə bağlı məlumatların yayılmasını təbii qarşılamaq lazımdır. çünki vətəndaşlarımız, ucuz və rahat nəqliyyat növü kimi, dəmir yolunun xidmətlərindən daha çox istifadə edirlər. Faktdır ki, dəmir yolunda daşıma tarifləri aşağıdır. Amma ölkədə tarifləri əlaqədar qurumlar müəyyən edir. Biz, xüsusilə də, sərnişin daşınmasında tariflərin artırılması ilə bağlı təkliflərimizi vermişik və reallaşacağı təqdirdə bu təkliflər bütün istiqamətləri əhatə edəcək.
Son olaraq, qeyd etmək istəyirəm ki, dəmiryolçular əldə olunan nailiyyətləri bundan sonra daha da artıracaq, dövlətimizin və hökumətimizin qarşımızda irəli sürdüyü vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün potensial imkanlardan səmərəli istifadə edəcək, onlara göstərilən etimadı əməli işlərlə doğruldacaqlar. “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı dəmir yolunun inkişafı üçün geniş imkanlar açır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında özünün layiqli yerini tutacaqdır.

Paylaş:
Baxılıb: 1130 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30