Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Gələn il Bakıda regionda analoqu olmayan zooparkın inşasına başlanacaq

Gələn il Bakıda regionda analoqu olmayan zooparkın inşasına başlanacaq

18.09.2010 [10:00]

Zeynəb Yöntəm: Yeni zoopark əhalini maarifləndirməklə yanaşı, eyni zamanda, ölkədə turizmin inkişafına ciddi təkan verəcək
ötən gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində işini davam etdirən “Azərbaycan-Yaşıl Dünya Naminə” ekoloji sərgisində nümayiş olunan və böyük maraqla qarşılanan stendlərdən biri də Türkiyənin “Ekodəngə LTD” şirkətinə məxsus stend oldu. Şirkətin baş direktoru Zeynəb Yöntəm bildirdi ki, yeni zoopark istifadəyə verildikdən sonra  bura paytaxt sakinlərinin, eləcə də, şəhərimizin qonaqlarının ən sevimli istirahət mərkəzinə çevriləcək.
Zeynəb xanım, həmçinin, layihə ilə bağlı təəssüratlarını ilk dəfə olaraq, qəzetimizə açıqladı...
-Zeynəb xanım, yeni Bakı zooparkının tikintisi şirkətinizin Azərbaycanda həyata keçirdiyi ilk layihədir?
-öncə, icazə verin, qəzetiniz vasitəsi ilə sevimli, qardaş Azərbaycan xalqını salamlayım, onların keçmiş Ramazan bayramlarını təbrik edim, sevgi və sayqıları çatdırım. O ki qaldı sualın cavabına, əvvəlcə qeyd etmək istərdim ki, “Ekodəngə LTD” Türkiyədə təqribən 20 ilə yaxındır fəaliyyət göstərir. Şirkət Ankara şəhərində, Hacəttəpə Universitetində yaradılan texnoparkın ərazisində yerləşir. Mən özüm ötən əsrin 90-cı illərinədək Türkiyənin Ətraf Mühüt və Meşə Nazirliyinin baş direktoru vəzifəsində çalışmışam. Bu vəzifədən gedəndən sonra, ekologiya sahəsində ixtisaslaşan bir qrup tanınmış alim və mütəxəssislərlə birlikdə “Ekodəngə LTD” şirkətini yaratdım. Eyni zamanda, Hacəttəpə Universitetində müəllim kimi də fəaliyyət göstərirəm. Amma əsas  gücümü təbii ki, şirkətin həyata keçirdiyi layihələrə yönəldirəm.
“Ekodəngə” konsaltinq şirkəti olmaqla yanaşı, həm də ekoloji memarlıq və estetik dizayn  kimi layihələr də hazırlamaqla məşğuldur.
Dünyanın ekologiya sahəsində tanınmış alimləri, aparıcı mütəxəssislər bizim şirkətlə əməkdaşlıq edir. Odur ki, “Ekodəngə”  bu müddət ərzində dünyada özünə kifayət qədər nüfuz qazana bilib. Bizim layihələrə Dünya Bankı kimi nüfuzlu maliyyə qurumu dəstək verir. Bundan əlavə, şirkətimiz Avropa İttifaqının layihələrini həyata keçirməkdədir. Bir sıra Balkan yarımadası ölkələrində, Almaniyada, İngiltərədə layihələr həyata keçirmişik. Türkiyədə son 10 ildə həyata keçirilən bütün ekoloji layihələrin müəllifi məhz bizim şirkət olub. Biz layihələri hazırlamaqla kifayətlənmir, eyni zamanda, onların həyata keçirilməsinə də nəzarət edirik. Azərbaycana gəlincə isə, bu, bizim ilk işimiz deyil. Artıq 7 ildir buradayıq və Ankaradan sonra, ikinci ofisimiz məhz bu şəhərdə açılıb.  Məlum olduğu kimi, 2006-cı ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycanda “Şahdağ” və “Ordubad” Milli parklarının yaradılması layihəsinin hazırlanmasına dair tender elan olundu. Biz bu tenderdə iştirak edib, qalib gəldik. 2007-2009-cu ildə bu layihələri hazırlayıb tamamladıq. Eyni zamanda, bu milli parkların turizm strategiyasını da hazırlamaq bizə həvalə olunmuşdu. Layihələrin yüksək keyfiyyətlə hazırlanması Azərbaycan tərəfindən də təqdir olundu. Odur ki, növbəti ekoloji layihənin hazırlanması da bizə həvalə olundu. Bu,  Dünya Bankı tərəfindən maliyyələşdirilən bir layihədir və “2010-2030-cu illərdə Bakıda məişət tullantılarının toplanması və emal olunması layihəsi” adlanır. Layihənin əsas məqsədi toplanılan məişət tullantılarının, Avropa ölkələrində və ABŞ-da olduğu kimi, yandırılmazdan əvvəl qeyri-üzvü və üzvü maddələrə (şüşə qablar, polietilen maddələr və s.) ayrılaraq çeşidlənməsi və təkrar emala göndərilməsini özündə əks etdirir. Layihədə, həmçinin, bu həcmdə tullantıların emalı üçün Bakıda əlavə neçə məişət tullantısı emalı zavodunun tikilməsi məsələsi də öz əksini tapacaq. Və nəhayət, son işimiz  isə yeni Bakı zooparkının yaradılması layihəsi oldu.
-Yeni zooparkın inşasına nə vaxt başlanılacaq?
-Bu haqda danışmaq hələ tezdir. Belə ki, “Ekodəngə”nin ötən ilin sonundan başladığı “master-plan” üzrə işlər yalnız gələn ilin mayında başa çatacaq. Bundan sonra, tikinti işlərini həyata keçirəcək şirkətin müəyyən edilməsi üçün tender elan olunacaq. Və yalnız bundan  sonra tikinti müddətinin nə vaxt başa çatacağı haqda danışmaq olar. Onu da qeyd edim ki, yeni zooparkın yerləşəcəyi məkanın seçilməsi bir qədər vaxt apardı. Bu ilin iyun ayında, nəhayət, zooparkın inşa edilməsi üçün Qobu qəsəbəsində 55 hektar torpaq sahəsi ayrıldı. Bu ərazi həm də Güzdək qəsəbəsindəki gölə də yaxındır ki, gələcəkdə bu gölün suyundan da istifadə etmək mümkün olacaq.
Yeri gəlmişkən, qeyd edim ki,  bu layihə indiyədək  Qafqaz və Orta Asiya regionunda mövcud olmayan bir zooparkın yaradılmasını özündə əks etdirir.
Hesab edirəm ki, yeni zoopark Azərbaycanda turizmin inkişafına güclü təkan verəcək. Bu, dünyanın ən yeni texnologiyaları, eləcə də ən son elmi yanaşmalar əsasında qurulacaq, heyvanların sayı və burada göstəriləcək xidmətlər baxımından dünyanın ən zəngin zooparkı olacaq.
Yeri gəlmişkən, qeyd edim ki, yeni Bakı zooparkının tikintisi layihəsini hazırlamaq üçün ekologiya sahəsində dünyada tanınmış mütəxəssislər- Avstraliya, Sinqapur, Cənubi Afrika, İngiltərə, Avstriya, Almaniya və digər ölkələrdən olan alimlər bu layihənin işlənməsinə cəlb olunub. Məqsəd isə Azərbaycana dünyanın ən gözəl heyvanat parkını ərməğan etməkdir.
-Bəs elə isə, yeni zoopark  paytaxtdakı mövcud heyvanxanadan hansı özəllikləri ilə fərqlənəcək?
- Ən başlıcası, heyvanlar burada təbii şəkildə-vəhşi təbiətdə olduğu kimi, yaşayacaqlar. Doğrudur, zooparkın ümumi ərazisi hasarlanacaq, bundan əlavə, bəzi yırtıcı quşlar-məsələn, qartallar üçün nəhəng qəfəslər quraşdırılacaq. Amma bu, onların sərbəst hərəkətlərinə heç bir məhdudiyyət yaratmayacaq. Zooparkın ərazisində yeni ağaclar əkiləcək, süni göllər və şəlalələr yaradılacaq, nəhəng akvariumlar qurulacaq. Akvariumların sakinləri isə dünya okeanlarında, dənizlərdə yaşayan nadir heyvanlar olacaq. Burada dəniz  heyvanlarının yaşaması üçün süni olaraq dəniz suyunun analoqu da yaradılacaq.
Ziyarətçilər əraziyə daxil olduqdan sonra xüsusi marşrutla hərəkət edən səyahət qatarları vasitəsi ilə gəzəcəklər. Ərazinin daxili dizaynı Yer kürəsinin qitələrinə uyğun hazırlanacaq.
Məsələn, ziyarətçilər zooparka Azərbaycan bölümündən daxil olacaqlar. Bu bölümdə dünyanın 11 iqlim qurşağından 9-na malik olan Azərbaycanın ayrı-ayrı bölgələrində yaşayan, həmçinin,  “Qırmızı Kitab”a düşmüş heyvanlar saxlanılacaq. Sonra  ziyarətçilər Asiya qitəsinə, buradan Afrikaya, daha sonra isə Atlantik okeana adlayıb,  Amerika qitəsinə “yollanacaqlar”. Hər qitə özünəməxsusluğu ilə bir-birindən fərqlənəcək. Məsələn, Afrika qitəsində ziyarətçilər, nəhəng zürafələri, filləri, kərgədanları, timsahları lap yaxın məsafədən izləmək şansı əldə edəcəklər. Bir qədər irəliləyərək Afrika səhralarına çatan ziyarətçilər burada ilanlar, kərtənkələlər və s.  görə biləcəklər.
Onu da qeyd edim ki, ümumiyyətlə,  hər bir ölkədə zooparkların yaradılmasında əsas məqsəd, sadəcə, insanların istirahətini təşkil etmək deyil, eyni zamanda gənc nəsli ekologiyanın qorunması və təbiətin mühafizəsinə dair maarifləndirməkdir. Odur ki, zooparkın ərazisində muzey də yaradılacaq. Burada uşaqlar və məktəblilərə  təbiətin mühafizəsinə dair biliklər aşılanacaq. Yeni zooparkın ərazisində, həmçinin, mehmanxananın da inşası nəzərdə tutulur.  Zooparkın ərazisi kifayət qədər böyük olduğundan onu tam olaraq bir gün ərzində gəzmək mümkün olmayacaq. Odur ki, buraya gələn turistlər istədikləri qədər mehmanxanada qalmaq şansı əldə edəcəklər.
Burada, həmçinin, heyvanların müalicəsi üçün mərkəzlər də yaradılacaq. Təbiətdən tutulan xəstə heyvanlar-məsələn, yaralı ceyran, ovçu gülləsinə tuş gəlmiş çöl quşları və s. buraya gətirilərək müalicə olunacaq və yaşamaq üçün zooparkın ərazisinə buraxılacaq.
-Bu  layihə “Ekodəngə”nin Azərbaycanda son işi olacaq?
- Düşünmürəm. Biz artıq xeyli müddətdir qardaş Azərbaycan xalqının rifahı naminə xidmət edirik və bundan sonra da işimizi davam etdirəcəyik.
Digər tərəfdən isə, tenderin şərtlərinə görə, yeni zooparkın tikinti işlərinə nəzarəti də “Ekodəngə” həyata keçirəcək.
Bundan əlavə, digər bir önəmli məqam zooparkda çalışacaq işçilər üçün treninqlərin keçirilməsidir. Biz hazırda bu proqram üzərində də çalışırıq. Hesab edirəm ki, “Ekodəngə”nin Azərbaycanla olan uğurlu əməkdaşlığı hələ uzun müddət davam edəcək. Və biz uğurlu layihələrimizlə qardaş Azərbaycan xalqına  sevincli, unudulmaz anlar bəxş edəcəyik.
Səlim LOÄžMANOÄžLU
Paylaş:
Baxılıb: 1122 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30