Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Bu parlament seçkilərində qazanacağımız yerlərin sayının 2005-ci ildəkindən çox olacağına ümid edirik

Bu parlament seçkilərində qazanacağımız yerlərin sayının 2005-ci ildəkindən çox olacağına ümid edirik

05.11.2010 [09:31]

Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, partiyanın 19 saylı Nərimanov I seçki dairəsindən Milli Məclisə namizədi Əli Əhmədovun APA-ya müsahibəsi:
- Artıq yekunlaşmaqda olan YAP-ın təşviqat kampaniyasını necə qiymətləndirirsiniz?
- Artıq YAP-ın namizədləri təşviqat kampaniyasını yekunlaşdırmaq üzrədir. Bizim tərəfimizdən irəli sürülən namizədlərin hər biri özlərinin uğurlu və səmərəli təşviqat kampaniyasını təşkil edə biliblər. Eyni zamanda, partiyamızın yerli rayon şöbələri YAP tərəfindən namizədlikləri irəli sürülən şəxslərin təşviqat kampaniyasının təşkil olunması və həyata keçirilməsində namizədlərimizə çox ciddi kömək göstəriblər. Partiyamızın rayon təşkilatlarının həm təşkilati, həm də insani resursları namizədlərimizin təşviqatına cəlb ediliblər. Digər tərəfdən, YAP-ın irəli sürdüyü namizədlər bu və ya digər bölgələrin hörmətli insanlarıdırlar. Onların təşviqat kampaniyasının uğurunu təşkil edən resurslardan biri də şəxsi hörmətləri və nüfuzlarıdır. Məmnuniyyətlə deyə bilərəm ki, bizim namizədlərimiz irəli sürüldükləri seçki dairəsinin ərazisinə getdikdə, kəndlərdə, qəsəbələrdə görüşlər keçirdikdə onlara göstərilən münasibət bu adamların kifayət qədər seçilmə şansının olmasından xəbər verir. Bütün bunların hamısı nəticə etibarilə bizim təşviqat kampaniyamızın həm səmərəliliyini, həm də uğurlu nəticələrini təmin edir. Digər bütün resurslar və amillərlə yanaşı, uğurlu təşviqat kampaniyası seçkilər zamanı namizədlərimizin daha çox səs qazanmasını təmin edəcək.
- Sizcə, YAP-ın 7 noyabr seçkilərində qalib gəlmək şansı neçə faizdir?
- Hesab edirəm ki, indi faiz haqqında danışmaq o qədər də düzgün olmazdı. Ancaq bütövlükdə seçkilərin nəticəsini kifayət qədər yüksək əhval-ruhiyyə ilə gözlədiyimizi deyə bilərəm. Bunun üçün çox ciddi əsaslar var. Bu əsaslar barəsində vaxtilə verdiyimiz müsahibələrimizdə demişik. Bir daha təkrar edirəm ki, Azərbaycan Prezidentinin ölkədə həyata keçirdiyi siyasət, onun uğurları, bu siyasətin Azərbaycanın inkişafı üçün çox ciddi təməl yaratması, ölkənin iqtisadiyyatının, sosial həyatının əhəmiyyətli dərəcədə dəyişməsi, simasının yenilənməsi, müasirləşməsi bugünkü iqtidarın insanlar tərəfindən dəstəklənməsi deməkdir. Təbii ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Sədri olması, Ona olan ictimai dəstək parlament seçkiləri zamanı rəhbərlik etdiyi partiyaya verilən səslərdə ifadəsini tapacaq. Digər tərəfdən, bayaq dediyim kimi, təmsilçilərimizin namizədliklərini irəli sürdüyümüz dairələrdə hörmət və nüfuza malik olması da bizim üstünlüyümüzdür. Nəhayət, uğurlu təşviqat apararaq insanları bizim namizədlərə səs verməyin onlar üçün və dövlətimiz üçün xeyirli olacağına inandıra bilməyimiz də uğurumuzdur. Bütün bunları ümumiləşdirərək biz ümid edirik ki, 2010-cu il parlament seçkilərində YAP-ın Milli Məclisdə əldə edəcəyi yerlərin sayı 2005-ci ildə parlamentə qazandığımız yerlərin sayından çox olacaq.
- İctimai Televiziyada yayımlanan namizədlərin debatları hansı mənzərəni ortaya qoydu? Söhbət həm, ümumiyyətlə, namizədlərin hamısının, həm də ayrı-ayrılıqda YAP və müxalifət təmsilçilərinin çıxışlarına münasibətdən gedir. Yəni, namizədlərin intellektual, savad səviyyəsi nə qədər qaneedicidir?
- Əvvəla qeyd edim ki, YAP-ın irəli sürdüyü namizədlərin böyük əksəriyyəti Azərbaycan cəmiyyətinin çox hörmətli, nüfuzlu, dövlət və xalq qarşısında əhəmiyyətli xidmətlər göstərmiş insanlarıdırlar. üstəlik, bu namizədlər Azərbaycanın ayrı-ayrı bölgələrinin çox hörmətli ailələrinin, nəsillərinin nümayəndələridir. Hesab edirəm ki, bu da seçkidə uğur qazanılmasının əsas göstəricilərindən sayıla bilər. Savad baxımından, hörmət baxımından, nüfuz prizmasından yanaşılsa, YAP-ın irəli sürdüyü namizədləri ön sıraya qoya bilərik, bunun üçün çox ciddi əsaslar mövcuddur. Bu seçki debatları seçkilərə qoşulmuş namizədlərlə bağlı ümumi mənzərəni yaratmağa kömək elədi. Azərbaycan cəmiyyəti, seçiciləri kimlərin deputat seçilmək istədiyini görə bildilər. Hər bir seçki dairəsində orta hesabla 70 min insan, o cümlədən, 40 min seçici yaşayır. Bu qədər insanın səsini almağa cürət edən bir insanın hörməti, nüfuzu, cəmiyyətdəki mövqeyi insanlar tərəfindən lazımınca qiymətləndirilməlidir. Deputat seçilmək üçün sadəcə olaraq seçilməyi istəmək kifayət etmir, dairədəki seçicilərin etimadını qazanmaq lazımdır. Bunun yolu malik olduğun hörmət, dövlətə və millətə göstərdiyin xidmət, əxlaqi və mənəvi dəyərlərin, ailən və bütövlükdə özünün göstərdiyin nümunədir. Bunlarsız 40 min seçicinin etimadını qazanmaq mümkün deyil. Həyatda heç nə etməyən, heç bir uğur qazana bilməyən insanların 40 min nəfərin deputatı olmaq iddiasına düşməsini məsuliyyətsizlik sayıram. Bu, seçicilərə qarşı hörmətsizlikdən başqa bir şey deyil. Təbii ki, belə adamların deputat seçilməsi də mümkün deyil. YAP-ın namizədləri bir yandan son 5 ildə ölkəmizdə həyata keçirilən işlərlə bağlı hesabatlarını verirlər. çünki onlar hakimiyyətdə olan partiyanın namizədləridir. Digər bir tərəfdən, öz proqramlarını - ya partiyanın proqramını, ya da partiyanın proqramı əsasında formalaşmış konsensus proqramlarını şərh etməyə çalışırlar. Debatlar nəticəsində məlum olur ki, bizim opponentlərimizin seçki kampaniyası inkarçılıq üzərində qurulub. Xüsusilə də, “AXCP-Müsavat” blokundan olan namizədlərin çıxışlarına fikir versəniz, bir şablon içərisində edilən çıxışlardan başqa bir şey görməyəcəksiniz: ancaq eyni şeylər təkrar edilir, hər şey inkar olunur, Azərbaycanda hər şeyin pis bir formada olmasının “sübutuna” çalışılır, cəhdlər göstərilir. Onlar özlərini cəmiyyətə tənqidçi ruhda təqdim edirlər. Deputat isə tənqidçi deyil. Təbii ki, əgər bir nöqsan varsa, onu üzə çıxarmaq lazımdır. Ancaq ölkəni yalnız tənqid etmək, özü də bunu əsaslı-əsassız səsləndirməklə seçicilərin etimadını qazanmaq olmaz. Xüsusilə də, bu tənqidi edənlər vaxtilə hakimiyyətdə olduğu dövrdə xalqın onlara göstərdiyi heç bir etimadı doğrulda bilmədiklərindən xalq tərəfindən hakimiyyətdən vaxtından əvvəl kənarlaşdırılıblar. Yəni, etimadı itiriblər. Belə insanların onların dövründən müsbət mənada tanınmayacaq dərəcədə fərqli qiyafədə olan Azərbaycanın reallıqlarını yumşaq şəkildə desək bəyənməmələri, əslində isə təhrif və inkar etmələri təbii ki, seçicilər tərəfindən yaxşı qarşılanmır. çünki bu həyat bu insanların qarşısında indiki qədər dəyişib. Ona görə də, hesab edirəm ki, opponentlərimiz seçki təşviqatı dövründə öz proqramlarını, öz fərqli mövqelərini ortaya qoymaqdan daha çox şantaj yolunu seçiblər. Amma şantajla, yalanlar uydurmaqla insanların etimadını qazanmaq çox çətindir.
- Siz təxminən bir ay əvvəl YAP-ın mərkəzi qərargahında keçirdiyiniz mətbuat konfransında müxalifət namizədlərinin çoxunun işsiz olduğunu, 15 il ərzində özlərinə iş tapa bilmədiklərini demişdiniz. Müxalifət mətbuatı isə bunu müzakirə edərək hakimiyyətin müxalifət nümayəndələrinə iş vermədiyini, çalışanların isə işdən çıxarıldığını yazdılar...
- Mən o fikri bir daha vurğulayıram ki, özlərinə iş tapa bilməyənlərin 40 min seçicinin vəkili olmaq iddiasına düşməsi bütövlükdə parlament seçkilərinə çox bəsit bir mövqedən yanaşma nümunəsidir. Mən bu adamların işsiz olduğunu demişəm, onlar isə sözlərimi tamamilə başqa yerə yozaraq, guya ki, hökumətin onları işsiz qoyduğunu əsas gətirməyə çalışıblar. Əvvəla bu, belə deyil. çünki kifayət qədər tanınmış müxalifət nümayəndələrinin ayrı-ayrı universitetlərdə müəllimlik etdiyini misal gətirə bilərəm. Belə olan halda, orta məktəbdə işləyən müxalifətçinin işdən kənarlaşdırılması haqqında səsləndirilən fikirlərə sərsəmlikdən başqa bir şey demək mümkün deyil. Yəni, məsələnin bu şəkildə müzakirəyə çıxarılmasını əsassız sayıram. Ancaq məsələnin başqa bir tərəfinə də diqqət yetirməyi zəruri sayıram. Bu da ondan ibarətdir ki, “mən filankəslər işsizdir” deyəndə heç də onu nəzərdə tutmuram ki, hökumət, dövlət onlara iş, vəzifə verməlidir. Görünür, müxalifət iş dedikdə ancaq vəzifəni nəzərdə tutur. çünki dövlət insana vəzifə verir. Ancaq hər kəsə vəzifə verilmir. Mən “işsizdir” dedikdə bu insanların ötən müddət ərzində özlərinin cəmiyyətə faydalı olduğunu sübut edə bilmədiklərini nəzərdə tuturdum. Əgər onlar cəmiyyətə, ayrı-ayrı qurumlar, o cümlədən, özəl sahələrə, heç olmasa biznes strukturlarına faydalı olduqlarını sübut edə bilsəydilər, yəqin ki, onlara işlər təklif olunardı. Axı iş yalnız dövlət işi, vəzifəsi deyil. Bu gün cəmiyyətdə işləyənlərin əksəriyyəti özəl sahələrdə çalışır. Ancaq o adamlar ötən müddət ərzində nə özlərinə iş qura biliblər, nə də kiməsə faydalı ola biləcəklərini sübut ediblər. Belə çıxıb ki, ötən 15 il ərzində bunlar nə cəmiyyətə, nə hansısa bir quruma, nə də bir biznes strukturlarına özlərini sübut edə bilməyiblər ki, kimsə iş təklif etsin, kimsə öz yanında iş götürsün, biliyindən, təcrübəsindən istifadə etsin. Belə adamların deputatlıq iddiasına düşməsini tamamilə məsuliyyətsizlik hesab edirəm. Belə insanların seçki kampaniyasına qoşulması, təəssüf hiss ilə qeyd edirəm ki, bütövlükdə bu prosesin üzərinə kölgə salır. Digər bir tərəfdən, seçki kampaniyasına əmək birjası kimi yanaşmaq olmaz. İşsiz adamın deputat seçilmək istəyi çox gülməli görünür.
- YAP-ın 19 saylı Nərimanov I seçki dairəsindən Milli Məclisə namizədi kimi sizin təşviqat kampaniyanız necə keçib?
- Mən bütövlükdə təşviqat kampaniyamın gedişindən razı olduğunu deyə bilərəm. Dairə ərazisində yaratdığım seçki qərargahı hesab edirəm ki, təşviqat müddətində çox səmərəli fəaliyyət göstərib və uğurlu fəaliyyət davam edir. Biz bu il yeni seçki texnologiyasını tətbiq etmişik, bu barədə mətbuata da açıqlanması mümkün olan qədər məlumat vermişik. Nəticəsini müsbət gözləyirəm. Hesab edirəm ki, bunun üçün ciddi əsaslar var. Bütövlükdə seçicilərlə çox ciddi iş apara bilmişik və bu iş sona çatmaq üzrədir. Mən 19 saylı Nərimanov I seçki dairəsinin seçicilərinin bütövlükdə əhval-ruhiyyəsini öyrənə bilmişəm. Buna bizim seçki qərargahımızın apardığı işlər, telefon sorğuları, keçirdiyimiz görüşlər və qanunvericiliyin imkan verdiyi çərçivədə gördüyümüz digər hərəkətlər nəticəsində nail ola bilmişik. Bu mənada, hesab edirəm ki, seçkinin nəticəsi bizim üçün uğurlu olacaq. Digər namizədlərdən hər hansı birinin ciddi seçki hərəkətləri müşahidə edilməyib, biz bunları görməmişik. Yəni, görüşlər keçirə bilməyiblər, ən azından mətbuatda belə bir görüşlərin keçirilməsi haqqında bir məlumat olmayıb. Ona görə də, bir daha təkrar deyirəm ki, seçkinin nəticələrinin bizim üçün müsbət olacağını gözləyirəm.

Paylaş:
Baxılıb: 1062 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30