Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ermənistan Astana sammitində Madrid prinsiplərinə münasibətini ortaya qoymalıdır

Ermənistan Astana sammitində Madrid prinsiplərinə münasibətini ortaya qoymalıdır

26.11.2010 [09:18]

Bahar Muradova: ATƏT-in Astana sammitindən gözləntimiz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi qərarların qəbul olunmasından ibarətdir
Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova www.yap.org.az saytına müsahibə verib:
- Bahar xanım, hazırda Azərbaycanda gündəmin əsas mövzularından biri noyabrın 7-də keçirilmiş parlament seçkiləridir. Artıq Mərkəzi Seçki Komissiyası seçki ilə əlaqədar yekun protokolu təsdiq edərək müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib. Amma hələ də seçkilərin nəticələri haqqında müxtəlif fikirlər səslənməkdədir. Bu fikirlərə münasibətiniz necədir?
- Mən Azərbaycanın hər bir vətəndaşını, o cümlədən, bu seçkidə iştirak edən insanları seçki kampaniyasının bitməsi və ölkəmizin IV çağırış parlamentinin formalaşması münasibətilə təbrik edirəm.
MSK-ya edilən şikayətlərin araşdırılması prosesi bir daha sübut etdi ki, seçki keçirilən dairələrin hamısında nəticələri şübhə altına ala biləcək hər hansı bir addıma yol verilməyib. Baş verən bəzi qanun pozuntuları öz qanuni qiymətini alıb və bir sıra məntəqələrdə seçkinin nəticələri ləğv olunub. Yəqin ki, bu məsələ ilə bağlı cavabdehlik daşıyan insanlar da məsuliyyətlərini dərk edirlər. Bu seçkidə iştirak edib uğur qazanmayanların məhdud sayda bir qismi fərqli düşüncədə ola bilər. Onlar düşünə bilərlər ki, məğlubiyyətləri fərqli bir fəaliyyətin nəticəsidir. Amma bu düşüncə sahibləri hər zaman olduqları kimi bu dəfə də yanlış yoldadırlar. Azərbaycanda demokratik, azad cəmiyyət mövcuddur. Hər bir kəs öz mövqeyini istədiyi formada ifadə edə bilər və ifadə azadlığı hər kəsə verilib. Bu səbəbdən belə fərqli düşüncələrin olmasını normal qəbul edirəm. Amma hesab edirəm ki, bu, parlamentin bundan sonrakı fəaliyyətinə kölgə sala biləcək hər hansı bir təsirə malik deyil. Kimlərsə, məsələnin qanuni yolla araşdırılmasını istəyirsə, qarşıda qanunla araşdırma aparacaq instansiyalar var və buyurub həmin instansiyalara müraciətlər edə bilərlər.
- Siz ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbərisiniz. Assambleya çərçivəsində ölkəmizdə keçirilən parlament seçkilərinin müzakirə olunması gözlənilirmi?
- ATƏT-in Parlament Assambleyasının Daimi və Siyasi komitələrində seçkinin nəticələri ilə bağlı hər zaman hesabatlar dinlənilir, müzakirələr təşkil olunur, bu və ya digər tövsiyələr qəbul edilir. Mən ATƏT-in seçki ilə bağlı ilkin rəyinin bəzi məqamları ilə razılaşa bilmərəm. Bununla bağlı mövqeyimi də açıqlamışam. Xaricdən seçkini izləməyə gələn müşahidə missiyalarının ilkin hesabatlarında bir sıra məqamlarda üst-üstə düşən oxşar cəhətlər çoxdur. Bu da faktdır. Azərbaycanda seçkiyə hazırlıq prosesinə cavabdeh qurumlar olduqca yüksək səviyyədə iş görüblər və bu fakt hesabatlarda qeyd olunub. Burada istər texniki, istər təminat, istərsə də digər məsələlər öz əksini tapıb. Debatların təşkili, bütün namizədlərin bərabər mübarizə aparmaları üçün şəraitin yaradılması, pulsuz efir vaxtının ayrılması, seçkini müşahidə etmək üçün insanlara yaradılan şərait bu seçkilərin yüksək səviyyədə təşkilindən xəbər verir. Amma bəzi hesabatlarda belə məqamlar da yer alıb ki, bu seçkilər guya Azərbaycanda demokratiyanın inkişafı üçün qaneedici səviyyədə olmayıb. Bilirsinizmi, demokratiyanın dərəcəsini ölçmək üçün hər hansı bir cihaz kəşf olunmayıb və ya bu, dərəcə vahidi elan olunmayıb. Seçkinin obyektiv şəkildə dəyərləndirildiyi müşahidə missiyalarının hesabatları daha çoxdur.
Mən düşünürəm ki, seçki prosesinin bütövlükdə dəyərləndirilməsinin müsbət aspektlərinə daha çox diqqət yetirməliyik. Əlbəttə ki, əgər deyilən nöqsanlar obyektivdirsə, hansısa fəaliyyətin nəticəsidirsə, bunu mütləq nəzərə almaq lazımdır. Subyektiv baxışların nəticəsində yaranan dəyərləndirmələr isə obyektiv sayıla bilməz. Bu artıq onların öz problemidir. ATƏT PA-da da müzakirələr zamanı belə fikirlər səslənərsə, Azərbaycan nümayəndə heyəti olaraq bununla bağlı öz mövqeyimizi ortaya qoyacağıq. Hesab edirəm ki, bizim mövqeyimiz faktlarla, arqumentlərlə kifayət qədər möhkəmləndirilmiş olacaq. Əlbəttə, biz, Azərbaycanda keçirilən seçkilərə bəzi dairələrin subyektiv yanaşmasının hər dəfə şahidi olmuşuq. Bununla bağlı Azərbaycan rəsmilərinin də mövqeləri səslənib. Xüsusilə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli missiyanın mövqeyində bu cür məqamlar yer almışdı. Qeyd edim ki, ATƏT-in ayrı-ayrı təsisatı olmaqla Parlament Assambleyası ilə Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatlarında kəskin fərq hər zaman özünü büruzə verib. Bu tək Azərbaycandakı seçkilərdə yox, dünyanın digər ölkələrində keçirilən seçkilərə münasibətdə də özünü göstərir. Uzunmüddətli missiya həqiqətən də hansısa bir mənbədən aldığı göstərişləri icra etmək yönündə fikirlərini ifadə edir. Ona görə də, belə hesabatlar ciddi qəbul olunmur. Amma ümumilikdə digər hesabatların mütləq əksəriyyəti Azərbaycanda keçirilən seçkilərin demokratik, şəffaf, azad və Azərbaycan qanunvericiliyinə, o cümlədən, dünya standartlarına uyğun olduğunu göstərdi və seçkiləri Azərbaycanda demokratiyanın inkişafında irəliyə doğru addım adlandırdı. Bu seçki təkcə hansısa siyasi qüvvələrə, hansısa şəxslərə uğur qazandırmadı, həm də Azərbaycanda seçki təcrübəsinin genişlənməsinə və seçki qurumlarının inamlı işinin nəticəsi olduğuna münasibəti möhkəmləndirdi.
- Hazırki dövrdə seçki ilə yanaşı, Azərbaycan üçün digər önəmli hadisələr baş verməkdədir. Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilən zirvə toplantısı, NATO-nun sammitində ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsini bu sıraya aid etmək olar. Eyni zamanda, yaxın günlərdə ATƏT-in Astanada keçiriləcək sammiti də dünyanın diqqət mərkəzindədir. Azərbaycanın bu sammitdən gözləntiləri nədən ibarətdir?
- Azərbaycanda hər bir vətəndaşın gözləntisi bundan ibarətdir ki, ATƏT-in Astana sammitində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi qərarlar qəbul olunsun. Hətta Minsk qrupunun həmsədrləri də bunu istədiklərini sübut etmək üçün fəaliyyətlərini daha da sürətləndirirlər. Təbii ki, tərəflərin öz maraqlarına uyğun gözləntiləri var. Əlbəttə ki, Azərbaycanın mövqeyi daha obyektiv, daha ədalətli və daha haqlı olduğu üçün gözlənilir ki, bu sammit özündən əvvəlki sammitlərin göstərdiyi mövqeyin davamı olaraq çox ciddi bir sənədin qəbuluna nail olsun. Bu da ən azı baza prinsiplərinin razılaşdırılması sənədi ola bilər. Bu məsələnin qəbul olunacağı ilə bağlı Rusiya prezidentinin də, Minsk qrupunun həmsədrlərinin də səyi ortadadır. Amma vəziyyətin necə olacağını əvvəlcədən söyləmək mümkün deyil. Düşünürəm ki, Astana sammitinin bu sənədi qəbul etməsi üçün bütün imkanları var.
Bu yaxınlarda Lissabonda NATO-nun zirvə toplantısında münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll edilməsi ilə bağlı sənədin qəbul olunması və Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi vacib hadisədir. Bu amil isə ATƏT-in Astana sammitində bu sənədin qəbul olunmasına şərait yaradan bir amil kimi də qəbul oluna bilər. çünki bütün beynəlxalq təşkilatlar bir-birinin ardınca bu problemlə bağlı ədalətli qərarlar qəbul etməyə başlayıblar. Bu həqiqət bir çoxları tərəfindən dərk olunur ki, məsələ beynəlxalq hüquq prinsipləri çərçivəsində həll olunmalıdır. Əsas prinsip isə dövlətlərin ərazi bütövlüyü məsələsidir. Bütün dövlətlər bu prinsiplərin qorunmasında maraqlı olmalıdır.
NATO-nun üzvü kimi Fransa və ABŞ bu sənədin qəbuluna səs verib, Dmitri Medvedevin timsalında Rusiya son dövrlərdə öz fəallığı ilə seçilir. Belədə, onların üçünün bir yerdə Minsk qrupunun həmsədrləri kimi Ermənistanı konstruktiv yola gətirmək üçün daha geriyə yolları qalmır. çünki bu dövlətlər NATO sammitində ərazi bütövlüyü məsələsini əsas götürürsə, Astana sammitində də bu məsələ əsas götürülməlidir. çox istərdik ki, sammitdə iştirak edəcək ölkələrin rəhbərləri Ermənistana qarşı sülhə məcbur etmək istiqamətində addımlar atsınlar. Fikrimcə, bundan sonra biz sülh sazişi çərçivəsində danışıqlar prosesinə keçə bilərik. çünki ilkin sənəd qəbul olunmadığı üçün vaxt da uzanır və sülh sazişinin müddəaları müzakirə predmeti ola bilmir. Bizim belə bir mövqeyimiz də var ki, danışıqların baza prinsipləri üzərində aparılmasına yox, sülh sazişinin hazırlanması prosesinə keçmək olar. çünki eyni məsələləri bu prosesdə də razılaşdırmaq mümkündür. Düzdür, erməni tərəfi bu variantı hələlik qəbul etmək istəmir, Azərbaycan tərəfi isə məsələnin mümkünlüyünü qəbul edir. Biz Madrid prinsiplərini qəbul etmişik, qarşı tərəf də sözdə bu prinsipləri qəbul etdiyini desə də, bu istiqamətdə hər hansı bir hərəkət etmir. Düşünürəm ki, ən azı Madrid prinsipləri çərçivəsində danışıqların davam etdirilməsi üçün Ermənistanı sülhə məcbur etmək lazımdır.
- Astana sammiti ərəfəsində Lissabonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü oldu. Bunun ardınca Rusiya xarici işlər nazirinin iştirakı ilə üçtərəfli görüş keçirildi. Sizcə, bu görüşlər münaqişə ilə bağlı hansısa ciddi addımların atılacağının göstəricisi ola bilərmi?
- Biri var bu görüşlər, sadəcə prosesin davam etdirildiyini nümayiş etdirmək xatirinə keçirilsin, biri də var ki, konkret nəticəyə hesablanmış və ona köklənmiş görüşlər keçirilsin. Azərbaycan Prezidenti də dəfələrlə vurğulayıb ki, biz danışıqlar xatirinə danışıqlarda iştirak etməyəcəyik. Müəyyən bir hədd var ki, o həddən sonra mövqelər dəqiqləşdirilməlidir. Mən düşünürəm ki, Madrid prinsiplərinə münasibətini Ermənistan Astana sammitində ən azı ortaya qoymalıdır. Biz məsələnin sülh danışıqları vasitəsilə həllini qəbul etdiyimizi bəyan edirik və Astana sammitində də bunu ortaya qoyacağıq. Yox, əgər Ermənistan lazımi addımı atmayacaqsa, ondan sonrakı addımlarını müəyyənləşdirməkdə Azərbaycan tam haqlıdır. Heç kimin də bizə hansısa yolu göstərməyə yeri qalmayacaq. Mən deyə bilmərəm ki, keçirilən görüşlərdə hansısa nəticələr əldə olunub, yoxsa yox. Amma sülhə məcburetmə yollarını Rusiya bir çoxlarından daha yaxşı bilir. Bu nümunəni də vaxtilə göstərib. Əgər istəsəydi, Ermənistana da qarşı bunu edərdi. Görünür, Rusiya hələlik yumşaq məcburetmə yolundan istifadə edir.
- Bahar xanım, ATƏT-in Astana sammitini sülh danışıqlarının son şansı, hərb variantının isə başlanğıcı hesab etmək mümkündürmü?
- Mən istəməzdim ki, ATƏT-in Astana sammiti belə bir seçim etmək məcburiyyətində qaldığımız hadisə olsun. Fikrimcə, həm tərəflər, həm də Minsk qrupunun həmsədrləri də bunu istəmir. Amma hər bir halda Astana sammiti gündə keçirilən bir tədbir deyil, on ildən sonra keçirilən bir sammitdir. Və sammitin qəbul etdiyi qərarlar da bütün beynəlxalq təşkilatların sonrakı fəaliyyəti üçün bir proqram xarakteri daşıyır. Ona görə də, burada hansısa bir qərar qəbul ediləcəksə, bu qərar çox vacib qərar olmalıdır. Yox, əgər bu, sadəcə yekun bəyanatda hansısa fikir ifadə olunaraq ciddi məsuliyyət qoyacaq şəkildə olmayacaqsa, o, əhəmiyyətli təsirə malik olmayacaq. çox istərdim ki, Astana sammiti tərəflərin üzərinə ən azı müəyyən bir dövr ərzində hansısa bir vəzifəni ciddi şəkildə qoysun. Biz öz tərəfimizdən üzərimizə düşən vəzifəni yerinə yetirəcəyik. Bu günə qədər olan mövqeyimiz də bunu sübut edir. Amma Ermənistan tərəfinin üzərinə hansısa bir məsuliyyətin-konkret olaraq hansısa bir prinsiplərin qəbulu, ərazilərin boşaldılması istiqamətində vəzifə qoyulması vacibdir. Əks təqdirdə, qəbul olunacaq sənəd, sadəcə kağız üzərində qalacaq.

Paylaş:
Baxılıb: 1051 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30