Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Müstəqillik illərində mətbuat böyük inkişaf yolu keçib

Müstəqillik illərində mətbuat böyük inkişaf yolu keçib

19.10.2011 [15:59]

Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov www.yap.org.az saytına müsahibə verib:
- Bəxtiyar müəllim, bu günlərdə Azərbaycanın hər yerində dövlət müstəqilliyinin 20-ci ildönümü təntənəli şəkildə qeyd olunur, dövlətimizin uğurları haqqında danışılır, görülən işlər barədə məlumat verilir. İstərdik sizinlə müsahibəmizdə də Azərbaycan milli mətbuatının 20 illik inkişaf yolu haqqında söhbətləşək. Söhbətə müstəqilliyin ilk illərində mətbuatımızın dövrün siyasi, ictimai reallıqları fonunda yaşadığı çətinliklər, üzləşdiyi problemlər haqqında fikirlərinizi öyrənməklə başlamaq istərdik...
- Hüquqi nöqteyi-nəzərdən Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə öz müstəqilliyini elan edib. Bu, bir tarixi faktdır. Amma nəzərə almaq lazımdır ki, o zaman Azərbaycanın müstəqilliyi formal xarakter daşıyırdı. çünki iqtidarda olanlar xaricdən gələn tapşırıqlar əsasında dövləti idarə edirdi, hakimiyyətin müstəqil iradəsi yox idi, müstəqil şəkildə daxili və xarici siyasət yürüdülmürdü. Onların yarıtmaz siyasəti nəticəsində, ölkəmizdə Sovet dönəmlərində yaradılmış güclü iqtisadi potensial tamamilə çökdü, torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi nəticəsində sosial sahədə total böhran başladı və bu tendensiya xaosa gətirib çıxardı. Xalqın ən böyük arzusu sayılan müstəqillik əldə olunsa da, onun qorunub saxlanılması və möhkəmləndirilməsi bəzi qüvvələrin korporativ maraqları ucbatından həyata keçirilmirdi. Geosiyasi gerçəklikləri, beynəlxalq situasiyanı düzgün qiymətləndirə bilməyən iqtidar yetkililərinin “səyləri” nəticəsində Azərbaycan beynəlxalq aləmdə də təklənmişdi. Yəni, bütün istiqamətlərdə xaos, anarxiya, özbaşınalıq yaranmışdı. Təbii ki, bu proseslər mətbuata da təsirini göstərirdi. Doğrudur, milli azadlıq hərəkatından ruhlanan bəzi yeni qəzetlər meydana gəlməyə başlamışdı. Lakin qeyri-ənənəvi formada çap olunan bu qəzetlərin fəaliyyəti üçün hüquqi baza yox idi. Hətta müstəqilliyin ilk illərində belə Sovet dövründə qəbul edilmiş mətbuat haqqında qanun fəaliyyət göstərirdi. Azərbaycanda həmin dönəmdə söz və mətbuat azadlığını təmin edən qanunvericilik bazası olmadığından həmin müstəqil qəzetlərin də fəaliyyətinə qeyri-qanuni müdaxilələr olurdu. Bir çox qəzetlərdə hələ də partiya ab-havası, totalitar rejimin ünsürləri özünü göstərirdi, senzura nəzarəti qalırdı. Bu dövrdə senzuranın da olması müstəqil mətbuatın fəaliyyətini bərbad vəziyyətə salırdı. Bir sözlə, müstəqil mətbuat orqanları olsa da, onlar müstəqilliklərini reallaşdıra, azadlığı fəaliyyətlərində sərgiləyə birmirdilər.
İstər A.Mütəllibovun, istərsə də AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə senzura hələ də qalırdı, azad mətbuat müxtəlif müdaxilələrlə üzləşir, hətta bu sahədə fəaliyyət göstərən jurnalistlərin həyatları təhlükə altına düşürdü. özlərini demokratlar adlandıran AXC-Müsavat cütlüyü ölkəyə rəhbərlik etdiyi zamanda mətbuat sahəsində daha dəhşətli hadisələr baş verməyə başladı. Onlar daha bir maneə - hərbi senzura adlı sədd yaratmaqla müstəqil mətbuatın fəaliyyətini həddindən artıq məhdudlaşdırdılar. Hətta o dövrki daxili işlər naziri sərbəst fikir bildirdiyinə görə jurnalisti tutub maşının yük yerinə salırdı və ya müxbirin yazısı dərc olunmuş qəzeti özünə yedizdirirdi. Göründüyü kimi, 1993-cü ilə qədər müstəqil mətbuat normal fəaliyyət göstərə və ictimai-siyasi proseslərdə iştirak edə bilmirdi.
- Əlbəttə ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi Azərbaycanda bütün sahələrdə - iqtisadi, sosial, siyasi, mədəni, humanitar və s. sahələrdə əsaslı dəyişikliklərə gətirib çıxardı. Bəs, bu dəyişikliklər, milli mətbuatımızın inkişafında özünü necə göstərdi? ümummilli liderimiz Heydər Əliyevin atdığı addımlar müstəqil mətbuatımızın inkişafına hansı töhfələri verdi?
- İnkarolunmaz bir həqiqətdir ki, demokratiyanın əsas tələblərindən biri söz və məlumat azadlığı, müstəqil mətbuatın mövcudluğudur. Ona görə də, dünyanın bütün inkişaf etmiş, demokratik dövlətləri mətbuatın inkişafına, onun azadlığının təmin olunmasına xüsusi əhəmiyyət verir. O da məlumdur ki, Azərbaycanda demokratik dəyər və normaların bərpası, ölkəmizin demokratik inkişaf yoluna qədəm qoyması Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heç də təsadüfi deyil ki, ölkəmizdə müstəqil mətbuatın formalaşması prosesinə də məhz Ulu öndər Heydər Əliyevin iradəsi ilə start verilmişdir. Birmənalı olaraq qeyd etməliyik ki, Azərbaycan mətbuatı gerçəkdən öz müstəqilliyinə yalnız 1993-cü ildə, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra nail oldu. Azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən, senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə-bütün bunlar ümummilli lider Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. ümummilli lider Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, mətbuata düzgün münasibət, onun problemləri ilə daim məşğul olmaq dövlət quruculuğunun mühüm bir sahəsidir. O, çox gözəl bilirdi ki, mətbuatda mütərəqqi dəyərlərin daim qorunması, azad fikrin və sözün möhkəmləndirilməsi üçün mütləq şəkildə bunu təmin edəcək hüquqi bazaya ehtiyac var. Ona görə də, bu sahəyə çox ciddi diqqət ayırırdı. 1995-ci ildə Ulu öndərin birbaşa təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasında da bu sahə ilə bağlı hüquq və azadlıqlar dəqiq göstərilmişdir. Konstitusiyanın 47-ci maddəsində qeyd olunur ki, “Hər kəsin fikir və söz azadlığı var. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir”.
Konstitusiyanın 50-ci maddəsi isə məlumat azadlığına həsr olunub. Həmin maddədə deyilir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən, mətbuatda dövlət senzurası qadağandır.
Konstitusiyanın qəbulu zamanı ortaya qoyulan iradə digər hüquqi sənədlərin ərsəyə gəlməsində də özünü göstərdi. Mətbuat azadlığına verilən yüksək dəyər mətbuatın daha çox azadlıqlar almasına və müstəqil fəaliyyətinə zəmanət verən yeni qərarların qəbulunu şərtləndirirdi. Belə ki, 1998-ci il avqustun 6-da Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının inkişafında bir inqilab sayılan “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalandı. Bu fərmanın bir bəndi ilə mətbuatda dövlət sirlərini mühafizə edən Baş idarə ləğv olundu. Bu isə 1990-cı illərin əvvəllərində ölkəmizdə daha da ciddi şəkildə tətbiq olunmağa başlanmış senzuranın ləğvi demək idi!
- Bəxtiyar müəllim, senzuranın ləğvindən söz düşmüşkən, belə bir sual vermək istərdik. Müstəqil Azərbaycan mətbuatının tarixində çox mühüm, unudulmaz məqamlar var. Amma bunların sırasında Ulu öndər Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı “ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı xüsusi olaraq vurğulamalıyıq. İstərdik, sizin bu Fərman barədə, onun milli mətbuatımızın inkişaf tarixində yeri və rolu haqqında fikirlərinizi öyrənək...
- Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bütün sahələrdə olduğu kimi, mətbuat üçün də şərait tamamilə dəyişdi. Açıqlıq, müstəqillik, azadlıq kimi dəyərlər mətbuatımız üçün arxivə çevrildi. Sovet hakimiyyəti illərində kommunist ideologiyasının ruporuna çevrilən mətbuata müxtəlif epitetlər - “ən demokratik mətbuat”, “xalqın tribunası”, “milyonların mənafeyinə xidmət edən vasitə” və s. qoşulsa da, mətbu söz ciddi nəzarət altında saxlanılırdı. Sosializm dövründə faktiki surətdə mətbuata ikiqat nəzarət həyata keçirilirdi. Onlardan biri KİV-də dövlət sirlərinin qorunması adı altında senzura nəzarəti, digəri isə miqyasından, dövriliyindən və tirajından asılı olmayaraq gerçəkləşdirilən partiya nəzarəti idi. Yəni, hər bir partiya (Sov.İKP-nin yerli qurumları) təşkilatı öz ərazisində buraxılan qəzet və jurnallara göz qoyurdu. Müstəqilliyimizin ilk illərində də mətbuatın həqiqi azadlığı mümkün olmadı. özlərini demokrat adlandıran AXC-Müsavat cütlüyünün iqtidarı dövründə nəinki kütləvi informasiya vasitələrinə senzura nəzarəti aradan qaldırıldı, əksinə, bolşeviklərdən nümunə götürən “bəy”lər onu bir qədər də bərkitdilər. “Hərbi senzura” adı ilə qəzetlərə əlavə nəzarət də qoyuldu. Həmin dövrdə “Molla Nəsrəddin” jurnalından nümunə götürən bir sıra qəzetlər “senzor” tərəfindən çıxarılan materialın yerinə başqa yazı qoymayaraq qəzet səhifəsini ağ buraxırdılar.
Ulu öndər Heydər Əliyev isə mətbuata azadlıq verməklə çox böyük cəsarətli qərar qəbul etdi. Ona görə də bu gün haqlı olaraq deyirik ki, Heydər Əliyevin Azərbaycan mətbuatı qarşısında ən böyük xidmətlərindən biri ölkəmizdə sözün həqiqi mənasında söz və mətbuat azadlığını təmin etməsidir. özünün sözdə yox, əməldə söz və mətbuat azadlığı, fikir müxtəlifliyi və demokratiya tərəfdarı olduğunu sübut edən ümummilli lider Heydər Əliyev 6 avqust 1998-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı ilə kütləvi informasiya vasitələrinə senzura nəzarətini tamamilə ləğv etdi. Bu tarixi fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyənləşdirdi. Mətbuat və İnformasiya Nazirliyinin ləğvi isə bütövlükdə mətbuatı dövlət nəzarətindən çıxardı. Ulu öndərin bu cəsarətli addımından qorxuya düşənlər (xüsusən müxalifət tərəfindən), senzuranın ləğvinin tez olduğunu söyləyənlər də tapıldı. Amma zaman Ulu öndərin nə qədər uzaqgörən olduğunu və müdrik qərarlar qəbul etdiyini neçənci dəfə təsdiqlədi. Odur ki, Azərbaycanda müstəqil və azad mətbuatın yaranması ümummilli lider Heydər Əliyevlə bağlıdır. Senzuranın ləğvi ilə mətbuat azadlığının, söz azadlığının, jurnalistikanın inkişafı üçün yeni üfüqlər yarandı. Azərbaycanda sözün həqiqi mənasında müstəqil mətbuat formalaşmağa başladı.
- Sizin də qeyd etdiyiniz kimi, senzuranın ləğvi və digər hüquqi təminatların qəbulu Azərbaycanda müstəqil mətbuatın yaranmasına gətirib çıxardı. Yəni, artıq ölkəmizdə müstəqil mətbuat yarandı və növbəti - yeni mərhələdə əsas vəzifə müstəqil mətbuatın inkişafını təmin etmək idi. Bəs, bu məqsədlə hansı addımlar atıldı?
- Azərbaycanda müstəqil mətbuat formalaşdıqdan sonra (burada söhbət onun mövcudluğunun hüquqi bazasının yaradılmasından və jurnalistin peşə fəaliyyəti ilə sərbəst məşğul olmasına təminat yaradan qanunların qəbulundan gedir) milli mətbuatla bağlı dövlət tərəfindən 3 mühüm sənəd imzalanmışdır. “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında” ilk Fərman 27 mart 2000-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən verilmişdir. “Azərbaycanın milli mətbuatının 130 illik yubileyinin keçirilməsi haqqında” 20 iyun 2005-ci il tarixli Sərəncamı isə cənab İlham Əliyev imzalamışdır. “Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” 10 iyun 2010-cu il tarixli Sərəncam da Prezident İlham Əliyev tərəfindən verilmişdir. Hər üç sənəd arasında möhkəm varislik əlaqəsi mövcuddur. Belə ki, sənədlərin hər üçündə Azərbaycan milli mətbuatının şanlı tarixinə qısa nəzər salınır, xalqımız qarşısında xidməti olan qəzet və jurnalların adları çəkilir, müsbət cəhətlər vurğulanır, habelə yubileyin təntənəli şəkildə keçirilməsindən ötrü görüləcək işlər sadalanır. Təbii ki, müəyyən fərqlər də mövcuddur. Yaddaqalan ümumi cəhət isə ondan ibarətdir ki, həm Ulu öndər Heydər Əliyevin, həm möhtərəm Prezident İlham Əliyevin verdikləri fərman və sərəncamlar Azərbaycan milli mətbuatının inkişafına, qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin maddi və mənəvi cəhətdən həvəsləndirilməsinə xidmət etmişdir.
Xüsusi olaraq vurğulamalıyıq ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi milli mətbuatımızın da inkişaf və müasirləşmə baxımından yeni bir mərhələyə qədəm qoymasını şərtləndirmişdir. Dövlət başçısı bu postda fəaliyyətə başladığı ilk gündən mətbuatın inkişafını dövlət siyasətinin başlıca prioritetlərindən biri kimi elan etmiş və fəaliyyətində bu nüansa xüsusi diqqət ayırmışdır. Prezident İlham Əliyev böyük humanistlik göstərərək qəzetlərin “Azərbaycan” nəşriyyatına borclarının dövlət büdcəsi hesabına ödənilməsi qərarını qəbul etmişdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi sayəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə gedən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. Azərbaycanda Qərb standartlarına cavab verən kütləvi informasiya vasitələrinin mövcudluğu məhz bu reallığın nəticəsi olaraq qiymətləndirilə bilər.
- 2008-ci il iyulun 31-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunmasını, bir il sonra isə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını ekspertlər milli mətbuatımızın inkişafı baxımından yeni bir mərhələ adlandırırlar. Siz bu hadisənin əhəmiyyətini nədə görürsünüz?
- Qeyd etdiyimiz kimi, Azərbaycan iqtidarının başlıca məramı və fəaliyyət istiqaməti ölkədə demokratiyanı, söz və məlumat azadlığını durmadan genişləndirmək və dərinləşdirmək, mətbuatın maddi-texniki bazasını və jurnalistlərin sosial durumunu yaxşılaşdırmaqdır. Ona görə də, bu gün dövlət mətbuatın, azad fikrin inkişafı üçün lazım olan bütün tədbirləri görməkdədir. Təbii ki, bu tədbirləri həyata keçirərkən o qədər ciddi və ölçülmüş addımlar atılmalıdır ki, mətbuatın müstəqilliyinə xələl gəlməsin və bu tədbirlər mətbuat orqanları üçün həqiqi müstəqil maliyyələşmə, idarəçilik mühiti yaratsın. Prezident İlham Əliyevin iyulun 31-də imzaladığı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası bu problemlərin həlli üçün yetərli hüquqi sənəddir. Bu sənəd mətbuat - dövlət münasibətlərinin tənzimlənməsi istiqamətlərini özündə ehtiva edir və dövlətin mətbuat siyasətini tam mənada ifadə edir. Bu gün siyasi baxışlarından asılı olmayaraq, istənilən media işçisi də etiraf edə bilər ki, KİVDDF uğurlu fəaliyyət göstərir. Azərbaycan iqtidarı mətbuatın daxili işinə müdaxilə etmədən qrantlı layihələr, jurnalist müsabiqələri vasitəsilə qəzet redaksiyalarına, informasiya agentliklərinə, jurnalist təşkilatlarına maliyyə dəstəyi verir. İndiyədək bir neçə dəfə KİV-lərə birbaşa yardım göstərilib, qrantlı layihələr və fərdi müsabiqələr əsasında onlarla qalib jurnalist mükafatlandırılıb. Bir daha vurğulayıram: Azərbaycan iqtidarı bu işləri görərkən kiminsə “tapşırığını” yerinə yetirmir, planlı, məqsədyönlü şəkildə, mətbuat və söz azadlığını genişləndirmək niyyətilə edir.
- Bəxtiyar müəllim, son olaraq, istərdik, milli mətbuatımızın mövcud vəziyyəti haqqında da fikirlərinizi bildirəsiniz. Təbiidir ki, əldə olunmuş böyük nailiyyətlərlə bərabər, müəyyən çatışmazlıqlar da qalmaqdadır. Siz, bu çatışmazlıqları nədə görürsünüz və onların həlli yolları barədə nə deyə bilərsiniz?
- Azərbaycan dövləti ötən 20 ildə çox böyük inkişaf yolu keçib. ölkəmizin nailiyyətləri dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilir və bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələrindən biri kimi qəbul olunur. Buna paralel olaraq, Azərbaycan mətbuatı da 20 illik müstəqillik tarixində özünməxsus inkişaf mərhələləri yaşayıb, dünyanın qabaqcıl dəyərlərini mənimsəyib və bu gün kifayət qədər gücə, nüfuza malikdir. Təbiidir ki, iş olan yerdə nöqsan da olmalıdır. ötən il Milli Mətbuat günündə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə bu çatışmazlıqlarla bağlı ətraflı fikir mübadiləsi aparıldı və dövlətimizin başçısı bu məsələlərin həlli ilə bağlı dəyərli tövsiyələr verdi, görüşdən sonra isə konkret addımlar atdı.
Bu gün mətbuatımızın ən böyük problemlərindən biri peşəkarlıq səviyyəsinin istənilən səviyyədə olmamasıdır. Peşəkarlıq bütün sahələr üçün vacib keyfiyyətdir, xüsusən də mətbuatda. çünki mətbuat göz qabağındadır, daha kütləvidir. Burada yol verilən hər bir naşılıq, səriştəsizlik dərhal diqqəti cəlb edir, xoşagəlməz reaksiya doğurur. üstəlik, mətbuatın özünü gözdən salır. Təəssüf ki, müasir mətbuatın mənəvi çatışmazlığı sırasında peşəkarlıq problemi var və bunu inkar edə bilmərik. Bunun ən mühüm səbəblərindən biri qeyri-jurnalistlərin bu sahəyə axınıdır. Qəzet təsis edilməsinin son dərəcə sadələşdirilməsi (bəlkə də, bəsitləşdirilməsi) istənilən adamın qəzet açaraq “jurnalistlik fəaliyyəti” ilə məşğul ola bilməsinə şərait yaratmışdır. Başqa sahələrdən (məsələn, səhiyyə, təhsil, nəqliyyat və s.) fərqli olaraq, jurnalistikada ixtisas və təcrübəsindən, peşə biliyi və vərdişindən asılı olmayaraq cibinə vəsiqə qoyan şəxs dərhal jurnalist sayılır. Ən pisi odur ki, bu peşə haqqında təsəvvürləri olmayanlar belə uzun illər redaksiyaya gəlib-getsələr də, yalan-gerçək qəzetdə hərdən yazılar yazsalar da, sənətin sirlərini və incəliklərini öyrənmir, ustalıqlarını artırmırlar! Odur ki, iti bıçaq, yaxud kibritlə oynayan uşaq təsiri bağışlayırlar. Belə qəzetlərin və “jurnalistlərin” bolluğu isə artıq milli mətbuatımızın peşəkarlıq səviyyəsini nəzərəçarpacaq dərəcədə aşağı salmışdır.
“Söz və mətbuat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır” - tezisi də yeni və zəruri məsələlərdəndir. Doqquz milyon əhalisi olan respublikada 4500-dək KİV, informasiya agentliyi və jurnalist təşkilatı qeydiyyatdan keçmişdir. 300-dək qəzet və jurnal müxtəlif dövriliklə nəşr olunur. Bu qəzetlərin müəyyən qisminin təsisçi və baş redaktorlarının xalqa deməyə sözü və söz deməyə mənəvi haqları yoxdur! Onlar jurnalistikaya şəxsi maraqlarını təmin etməyə gəliblər. Beləliklə, “qəzet reketçiliyinə” yuvarlanıblar. Məqsədləri ayrı-ayrı imkanlı insanlara hədə-qorxu gəlmək, şər-böhtan atmaqla pul qoparmaqdır! Təəssüf ki, belələrinin sponsor və sifarişçiləri, müdafiəçiləri də var!
Mətbuat Şurasına daxil olan çoxsaylı və haqlı şikayətlər əsasında yüzdən çox qəzet “reket” elan olunaraq “qara siyahı”ya salınmışdır. Onların bir qismi ayıblarına qısılmaq əvəzinə, hətta MŞ-ni məhkəməyə vermişlər və bu gün də reketçilik əməllərini davam etdirirlər. ölkə ictimaiyyəti isə “reket qəzet”lərin kökünün kəsilməsini tələb edir! Odur ki, jurnalistikamızın saflığı və təmizliyi uğrunda başlanan çətin mübarizə sonadək davam etdirilməlidir.
Digər bir məsələ isə jurnalistlərin sosial-müdafiəsinin gücləndirilməsidir ki, bununla bağlı da konkret addımlar atılmaqdadır. Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və onlar üçün mənzillərin tikilməsi məqsədilə ötən il Prezidentin ehtiyat fondundan 5 milyon manat vəsait ayrılması da dövlətin media sahəsində çalışanlara münasibətini ifadə edir. Dövlət başçısının bu münasibəti isə həm də özlüyündə digər ictimai institutların, cəmiyyətin media sahəsinə baxışını formalaşdırır.
Son olaraq, bir daha vurğulamaq istərdim ki, Azərbaycan mətbuatına göstərilən dövlət qayğısı və şəxsən Prezident İlham Əliyevin yüksək diqqəti sayəsində bu gün Azərbaycan mətbuatı problemlərdən xilas olur və demək olar ki, Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoymaqdadır. Mövcud ənənəni qoruyub saxlamaq qırılan ənənəni sonradan bərpa etməkdən daha asandır! Sonra gec ola bilər! Ənənəni qorumaq və yeni dövrün reallıqlarına uyğun şəkildə daha da zənginləşdirmək, qəzetlərin səviyyəsini yüksəltmək həm mənəvi, həm də vətəndaşlıq borcumuzdur.
Paylaş:
Baxılıb: 1114 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30