Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Regionların sosial-iqtisadi inkişafı əhalinin sosial rifah halının yüksəlməsini şərtləndirən başlıca amillərdəndir

Regionların sosial-iqtisadi inkişafı əhalinin sosial rifah halının yüksəlməsini şərtləndirən başlıca amillərdəndir

27.01.2012 [01:27]

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev www.yap.org.az saytına müsahibə verib:
- Musa müəllim, məlum olduğu kimi, regionların sosial-iqtisadi inkişafı daim ölkə Prezidentinin diqqətindədir. Bu diqqətin nümunəsi olaraq Prezident İlham Əliyev bu günlərdə Gəncəyə səfər etdi. Gəncədən seçilmiş millət vəkili kimi bu səfərlə bağlı fikirlərinizi bilmək maraqlıdır. Dövlət başçısının bu səfəri ilə əlaqədar Gəncə ictimaiyyətinin təəssüratı necədir?
- Bildiyiniz kimi, Prezident İlham Əliyev mütəmadi olaraq ölkəmizin bölgələrinə səfər edir, regionların sosial-iqtisadi inkişafı ilə, abadlıq-quruculuq işləri ilə tanış olur, yeni-yeni obyektlərin açılışını edir. Eyni zamanda, bu səfərlər zamanı dövlət başçısı tərəfindən qarşıya sosial-iqtisadi inkişafla bağlı yeni məsələlər, vəzifələr qoyulur. Təbii ki, Prezidentimizin ötən həftə Gəncə şəhərinə səfəri də bu baxımdan əlamətdar oldu.
İlk növbədə, onu deyim ki, cənab Prezidentin xüsusi qayğısı nəticəsində Gəncədə tarixi əhəmiyyətli yenidənqurma, abadlıq işləri həyata keçirilir. Şəhər böyüyür, inkişaf edir, gözəlləşir. Eləcə də, yeni sənaye obyektləri tikilir, sosial infrastrukturlar yeniləşir, görkəmi dəyişir, yaşıllıqlar yaradılır. Bunların hamısı Prezident İlham Əliyevin qarşıya qoyduğu məsələlərin həlli istiqamətində atılan addımlardır. Həmişə olduğu kimi, şəhər əhalisi bu dəfə də dövlətimizin başçısını böyük sevgi ilə qarşıladı. Prezidentimizin Gəncədə yeni təmir olunmuş Cavadxan küçəsində ictimaiyyətlə görüşü oldu, görüş zamanı insanlar öz arzularını, təkliflərini bildirdilər. İctimaiyyət nümayəndələri ölkə başçısının daxili və xarici siyasətini birmənalı şəkildə dəstəklədiklərini vurğuladılar. Yəni, şəhər ictimaiyyəti Prezidentimizlə həmrəyliyini bir daha ifadə etdi. Eyni zamanda, dövlətimizin başçısı Gəncə şəhərinin inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirdi.
ümumiyyətlə, cənab Prezidentin bölgələrə səfəri regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının yerlərdə icra vəziyyətini yoxlamaq, nəticələrlə tanış olmaq, həm də yerlərdəki problemlərin öyrənilib dövlət səviyyəsində həll edilməsi baxımından çox mühüm əhəmiyyət daşıyır. Gəncə ictimaiyyəti də dövlət başçısının bu səfərini çox böyük coşqu və sevgi ilə qarşıladı. Bu səfərdən sonra insanlar qarşıdakı səfərlərə hazırlaşırlar. Düşünürəm ki, bu səfər insanlarda ruh yüksəkliyi yaratmaq, öz əməklərinə stimul vermək, əməklərinin bəhrəsini görmək baxımından da əhəmiyyətlidir.
- Gəncə şəhərində yeni obyektlərin istifadəyə verilməsi bu şəhərin ictimai mühitinə nə kimi yeniliklər gətirir?
- Dövlətimizin başçısının regionlara səfəri çərçivəsində yeni obyektlərin təməlinin qoyulması ənənə halını alıb. Bu mənada dövlət başçısı Gəncədə də bir sıra obyektlərin, Gəncə Dövlət Filarmoniyasının, ərazisinə görə Qafqazın ən böyük parkı olan Heydər Əliyev adına parkda Ulu öndərin adını daşıyacaq muzeyin və Heydər Əliyev Mərkəzinin binasının təməlini qoydu. Bundan əlavə, ölkə Prezidenti İlham Əliyev dahi şairimiz Nizami Gəncəvinin məqbərəsini ziyarət etdi və məqbərə ətrafında görülən böyük işlərlə tanış oldu.
Bundan başqa, dövlət başçısı Gəncədə “İmamzadə” kompleksində aparılan yenidənqurma işləri ilə yaxından tanış oldu. Prezident İlham Əliyev kompleksin milli-dini adət ənənələrə uyğun səviyyədə, Azərbaycan memarlığı üslubunda qurulması və genişləndirilməsi ilə bağlı tövsiyələrini verdi. Eyni zamanda, dövlət başçısı Gəncədə Bayraq Meydanının, dahi şair Nizami Gəncəvinin abidəsinin açılışını etdi. Dövlətimizin başçısı səfəri çərçivəsində digər mərasimlərdə də iştirak etdi. Bütün bunlar isə şəhər əhalisi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanırdı. Bir sözlə, görülən bütün işlər şəhərin mühitinə əhəmiyyətli dərəcədə təsir göstərir, onu daha da müasirləşdirir.
- Bəs yeni sənaye müəssisələrinin yaradılması Gəncənin inkişafında və regional mərkəzə çevrilməsində hansı əhəmiyyətə malikdir?
- Əminliklə demək olar ki, Gəncə şəhəri böyük sənaye mərkəzlərinin birinə çevrilməkdədir. Yeni sənaye müəssisələrinin yaradılması bunu deməyə tam əsas verir. Prezidentimiz səfəri çərçivəsində 2008-ci ildə təməli qoyulmuş Gəncə Alüminium Zavodu kompleksinin açılışında iştirak etdi və zavodun böyük bir sexi istifadəyə verildi. Həmin sexdə 1200 nəfər işçi çalışacaq. Həmçinin, yaxın vaxtlarda fəaliyyətə başlayacaq metallurgiya zavodunda da əlavə 800 nəfər işçi çalışacaq. Müəssisənin kollektivi ilə görüşən dövlətimizin başçısı onlara öz xeyir-duasını verdi.
Onu da qeyd edim ki, Gəncədə olan 5 qəsəbənin sosial-iqtisadi inkişafı ilə bağlı təkliflərimizə cavab olaraq dövlətimizin başçısı Gəncə şəhərinin inkişafını kompleks şəkildə gördüyünü vurğuladı. Prezident İlham Əliyev şəhərin inkişafı istiqamətində Sərəncam imzalayacağını bildirdi və bunu da etdi. Bildiyiniz kimi, imzalanmış Sərəncam əsasında Gəncə şəhərinin sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə 5 milyon manat vəsait ayrılıb. ümumilikdə, demək olar ki, Gəncə şəhəri inkişaf edərək böyük bir regional mərkəzə çevrilir. Gəncənin inkişafı, şəhərdə iş yerlərinin açılması, yeni sənaye obyektlərinin qurulması və ümumilikdə, şəhərin həyat səviyyəsinin yüksəlməsi heç şübhəsiz, ətraf ərazilərdə də yaşayan insanların rifahının yüksəlməsinə gətirib çıxaracaq.
- Musa müəllim, ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafının əhalinin sosial rifahının yüksəlməsindəki rolunu necə səciyyələndirərdiniz?
- Bu proses əhalinin sosial rifahının yüksəlməsində birbaşa rol oynayır. Bilirsiniz ki, bütün dünyada urbanizasiya prosesi gedir və dünya əhalisi şəhərlərə, şəhəryanı qəsəbələrə yerləşməyi üstün tuturlar. Bu məsələ Azərbaycan üçün də xasdır və ondan qaçmaq mümkün deyil. Ona görə də, regional əhəmiyyətli şəhərlərimizi inkişaf etdirmək Bakının yükünü azaltmaq baxımından çox əhəmiyyətlidir. Bu mənada Gəncənin inkişaf etməsi, yeni sənaye obyektlərinin qurulması, yeni infrastrukturun yaranması, xəstəxanaların, məktəblərin, ali məktəblərin açılması, sosial məsələlərin həlli təbii ki, uzaq dağ kəndindən gələn insanın paytaxtda yox, Gəncənin ətrafında məskunlaşmasına səbəb olacaq. Yəni, regionların inkişafı birinci növbədə, urbanizasiya prosesinin sürətini azaltmaq, bütün regionlardan Bakıya axının qarşısını almaq baxımından çox əhəmiyyətlidir.
Məlumat üçün deyim ki, son illərdə Gəncənin əhalisi 30-35 faiz artıb. Bunun da əsas səbəbi bir tərəfdən yaşayış imkanlarının genişlənməsidirsə, digər tərəfdən kənara işləmək üçün gedənlərin geri qayıtması ilə bağlıdır. Yeni istifadəyə verilmiş Gəncə Alüminium Zavodu kompleksində işləyənlərin orta aylıq əməkhaqqı 450 manatdan çoxdur ki, bu da respublika üzrə göstəricini xeyli üstələyir. Yəni, yaradılan obyektlərin hər birində yeni iş yerləri var. Bunun da çoxu daimi və yüksək maaşlı iş yerləri olacaq. Digər tərəfdən, sosial infrastrukturun yaxşılaşdırılması, yəni, qaz, işıq, su, kanalizasiya təchizatının olması insanların yaşayış səviyyəsinin keyfiyyətini yüksəldən amillər sırasındadır.
Bu mənada iqtisadiyyatın inkişafı birbaşa əhalinin sosial rifah halının yüksəlməsini şərtləndirir. Gəncədə gedən proseslər də nəticə etibarilə Azərbaycan vətəndaşının sosial rifahını, onun həyat keyfiyyətini yüksəltməyə yönəlik işlərdir.
Paylaş:
Baxılıb: 977 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30