Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycan İrana dost kimi baxır və ondan da özünə eyni münasibəti gözləməkdə haqlıdır

Azərbaycan İrana dost kimi baxır və ondan da özünə eyni münasibəti gözləməkdə haqlıdır

15.05.2012 [00:13]

Əli Əhmədov: Aqressiv anti-Azərbaycan ritorikası İran rəhbərlərinin Azərbaycan dostluğu və qardaşlığı barəsində dəfələrlə səsləndirdiyi bəyanatlarına ciddi kölgə salır, onların səmimiliyinə şübhə yaradır
Müsahibimiz Yeni Azərbaycan Partiyasının Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədovdur:
- Əli müəllim, İranda son günlər anti-Azərbaycan mitinqlərinin keçirilməsini necə qiymətləndirirsiniz?
- Azərbaycanın ən yaxın qonşusu olan İranda ölkəmizə qarşı mitinqlərin keçirilməsi, anti-Azərbaycan təbliğatının aparılmasını anlamaq mümkün deyil. Əgər mitinqlər üçün seçilmiş üsulları və həmin mitinqlərdə səsləndirilən şüarları da nəzərə alsaq, buna ad verməyə belə çətinlik çəkirəm. Bu cür eybəcər formada anti-Azərbaycan təbliğatı, əgər buna təbliğat demək mümkündürsə, nə ölkələrimiz arasındakı qonşuluq münasibətlərinə, nə də xalqlarımızın bölüşdüyü ortaq mənəvi dəyərlərə uyğundur. Onu da qeyd etmək istəyirəm ki, aqressiv anti-Azərbaycan ritorikası İran rəhbərlərinin Azərbaycan dostluğu və qardaşlığı barəsində dəfələrlə səsləndirdiyi bəyanatlarına ciddi kölgə salır, onların səmimiliyinə şübhə yaradır. Təhqirlər, hədələr və s. bu kimi nəinki diplomatiya, adi ədəb qaydalarına sığmayan davranış XXI əsrin dövlətlərarası münasibətlərinə bir ləkədir. Təəssüf edirəm ki, İranda bəzi qüvvələr hələ də öz münasibətlərini belə üsullarla ifadə edirlər. Əgər İranda kiminsə Azərbaycanla bağlı hər hansı narahatlığı varsa, əvvəla arxayın ola bilər ki, Azərbaycan tərəfi belə narahatçılığın yaranması üçün heç zaman əsas verməyib. İkincisi isə, qeyd etdiyim kimi, mövcudluğu güman edilən problemləri çözmək üçün daha ləyaqətli yol seçmək olardı. Kədərləndirici odur ki, İranda bəzi qüvvələr pislərin içərisində ən pis vasitəyə əl atıblar. Mən buna qəti etirazımı bildirirəm.
- Sizcə, bu anti-Azərbaycan isterikasının səbəbləri nə ola bilər?
- Qeyd etdiyim kimi, Azərbaycanın davranışı və yürütdüyü siyasət İran tərəfindən belə münasibətin sərgilənməsi üçün heç bir əsas vermir. Azərbaycan həmişə İrana dost və qonşu dövlət kimi hörmətlə yanaşıb. Bu hörmət, eyni zamanda, xalqlarımızın bölüşdüyü ortaq mənəvi dəyərlərə də şamil olunur. Azərbaycanlıların İrana isti münasibətinin kökündə, habelə, orada 30-35 milyon etnik azərbaycanlının yaşaması dayanır.
Dövlətlərarası əlaqə və münasibətlərə gəldikdə, Azərbaycanın xarici siyasəti qarşılıqlı hörmət, mehriban qonşuluq və daxili işlərə qarışmamaq kimi fundamental dəyərlərə istinad edir. Heç zaman İranın dövlət maraqlarına toxunan addım atılmayıb, atılmır. İranın Azərbaycandan şübhələnməsi üçün heç bir əsas yoxdur.
Hazırda, İranın ətrafında müxtəlif hadisələrin cərəyan etdiyi məlumdur. Azərbaycan rəhbərliyi dəfələrlə qonşu İran ətrafında problemlərin dincliklə həll edilməsində maraqlı olduğunu bəyan edib. Həmin problemlərin aradan qalxmaması bütün bölgə xalqlarını, o cümlədən, Azərbaycan xalqını da narahat edir. Ancaq anlamaq lazımdır ki, İran ətrafında cərəyan edən hadisələrin yaranmasında bölgə dövlətlərindən kimisə, o cümlədən, Azərbaycanı günahlandırmaq təmamilə mənasızdır. Eynilə də, yaranmış problemi həll etmək məqsədilə, anti-Azərbaycan ritorikası və təbliğatı səmərəli yol deyil. Bununla İran yalnız özünü aldadır. İranda başa düşməlidilər ki, Azərbaycanla münasibətləri kəskinləşdirmək üzləşdikləri problemin həllinə xidmət göstərmir.
- İran İslam respublikasıdır, müsəlman təəssübkeşliyini rəsmi siyasətində həmişə təbliğ edir. Eyni zamanda, digər İslam ölkəsinə qarşı bu cür aqressivliyə yol verir. Bunu necə başa düşmək olar?
- Başadüşülən odur ki, bunu başa düşmək olmur. Görünür İslam təəssübkeşliyi İranın bəzi dairələrinin anlayışında seçmə qaydasında başa düşülür. Belə olmasaydı Azərbaycana qarşı aqressivliyə yol verilməzdi.
İranın Azərbaycanın torpaqlarının 20 faizini işğal etmiş Ermənistanla isti münasibətləri də İslam təəssübkeşliyi “ideologiyası” sxeminə heç cür sığmır. Bəzən İrandan sədalar gəlir ki, Azərbaycanda İslam dəyərlərinə hörmətsizlik edilir ki, guya bu da “oradakıların xoşuna gəlmir”. Əvvəla, İslama sitayiş edən insanların mütləq əksəriyyət təşkil etdiyi bir ölkədə İslam dəyərlərinə hörmətsizlik necə ola bilər?! Nədir, buradakılar müsəlman deyil?! Necə oldu ki, 70 il amansız Sovet təbliğatı və qorxusu altında dinimizi unutmadıq, amma indi müstəqil Azərbaycanda heç bir hədə-qorxu olmadığı halda insanlar öz dininə hörmətsizlik edir?! Mən belə ittihamları tamamilə cəfəngiyyat hesab edirəm.
İkincisi isə, Şuşada, Azərbaycanın işğal olunmuş digər ərazilərində, Ermənistanın vaxtilə azərbaycanlılar yaşayan torpaqlarında məscidlər yerlə-yeksan olunub, müsəlman qəbirləri təhqirlərə məruz qalır. Lakin bunların heç biri “islam təəssübkeşlərini” islam məbədlərini təhqir edən ermənilərlə dostluq və qardaşlıqdan çəkindirmir.
Başqa misallar da gətirmək olar. Lakin buna ehtiyac duymuram. Hesab edirəm ki, əsassız iddialar münasibətləri dalana aparır və yaxşı heç nə vəd etmir. Taktika dəyişməlidir. Azərbaycan İrana dost kimi baxır və ondan da özünə eyni münasibəti gözləməkdə haqlıdır.
- Məlumdur ki, İranda çoxlu sayda etnik azərbaycanlı yaşayır. Onlar, İran -Azərbaycan münasibətlərinə neçə təsir edir və yaranmış gərginliyin aradan qaldırılmasında nə kimi rol oynaya bilər?
- İran İslam Respublikasında, bayaq qeyd etdiyim kimi, 30-35 milyon azərbaycanlıların yaşaması iki ölkə arasında münasibətlərə, şübhəsiz, böyük və ciddi təsir göstərir. Bu təsir, qətiyyətlə demək istəyirəm, pozitiv xarakter daşıyır, ölkələrimiz arasında dostluğun möhkəmlənməsində bu amilin rolu böyükdür. Azərbaycanlı əhali İranın dövlətçilik tarixində, iqtisadi və mədəni yüksəlişində böyük rol oynayıb, bu gün də oynamaqdadır. Eyni zamanda, onlar iki ölkə arasında dostluq və qardaşlıq körpüsüdür. çalışmaq lazımdır ki, bu körpü daha möhkəm və uzunömürlü olsun. Bunun etibarlı yolu, əvvəla, İranda yaşayan və həmin ölkə vətəndaşlarının az qala yarısını təşkil edən azərbaycanlıların milli-mənəvi mənliyinə və dəyərlərinə hörmətlə yanaşmaqdırsa, ikinci isə, qonşu Azərbaycan dövlətinə, onun əhalisinə sayğı göstərməkdir. Unutmaq olmaz ki, Azərbaycana, Azərbaycan xalqına qarşı hər hansı hörmətsizlik, eyni zamanda, İranda yaşayan azərbaycanlılara qarşı çevrilmiş olur. Onların milli qüruruna və hissiyyatına toxunur. İranda bəzi maraqlı dairələr anti-Azərbaycan təbliğatında nə qədər incə üsullar fikirləşsələr də, bu, belədir. Məsələn, anti-Azərbaycan mitinqlərini Təbriz şəhərində keçirməklə, İranda yaşayan azərbaycanlıları Azərbaycana qarşı qaldırmaq mümkün deyil. Heç şübhəsiz, hər bir İran azərbaycanlısı bunu özünə qarşı hörmətsizlik kimi qavrayır və nəticə etibarı ilə daxili gərginliyin daha da artmasına təkan verilmiş olur. Hər bir insanın vətəndaşı olduğu dövlətdən özünə və mənsub olduğu topluma hörmətlə yanaşmağı tələb etməyə haqqı var. Bu haqqı heç bir xalqın əlindən heç kim almayıb.
- Nəhayət, ənənəvi bir sual: süni şəkildə yaradılan bu gərginlik kimə lazımdır?
- Birmənalı şəkildə deyə bilərəm ki, bu, nə İrana, nə də Azərbaycana lazımdır. Müstəqilliyinin 20 illiyini yenicə qeyd edən Azərbaycan seçdiyi yolla irəli gedir. Qısa müddətdə Azərbaycan çox inkişaf edib, müasirləşib, yeniləşib, insanların rifahı yüksəlir. Azərbaycan həm ölkə daxilində, həm də yaşadığımız bölgədə sabitliyin tərəfdarıdır. Sabitlik dinclik deməkdir, rahatlıq deməkdir, inkişaf deməkdir. Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və əladətli həllinə çalışır və əlavə gərginlik ona lazım deyil. Digər bir tərəfdən, Azərbaycan ona qarşı olan hər bir təhlükəni, təhdidi və əsassız təbliğatı da dəf etməyə hazırdır. Həmişə belə olub və belə də olacaq. Son günlər süni şəkildə yaradılan gərginliyi heç İranın özünə də lazım deyil. Onsuz da İran ətrafında problemlər yetərincədir. Onların haradan qaynaqlandığı və səbəblərini irandakılar yaxşı bilirlər. Azərbaycana qarşı yönəlmiş xoşagəlməz təbliğat həmin problemin həllinə heç cür kömək etmir. Hədəf düz seçilməyib. Bir gənginliyin üstünə əlavə gərginlik gətirməyə ehtiyac yoxdur.
Əgər bu gərginlik nə İrana, nə də Azərbaycana lazım deyilsə, demək kiməsə üçüncü qüvvəyə lazımdır. Kimsə bu gərginliyi yaratmaqla faydalanmaq istəyir. Lakin heç bir halda, qeyd etdiyim kimi, gərginlikdən yararlana biləcək hər hansı tərəf varsa, o nə Azərbaycan, nə də İrandır. Hər iki dövlətin maraqlarına xidmət edən yeganə yol ölkələrimiz arasında səmimi dostluq və mehriban qonşuluqdur.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 925 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30