Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin payız sessiyası öz işinə başlayıb

Milli Məclisin payız sessiyası öz işinə başlayıb

02.10.2012 [17:06]

Sessiyanın ilk iclasında deputatlar Avropa Parlamentinin Ramil Səfərovun məsələsi ilə bağlı qətnaməsinə etiraz olaraq bəyanat qəbul ediblər
Dünən Milli Məclisin payız sessiyası öz işinə başlayıb. Sessiya dövlət himninin səslənməsi ilə açıq elan edilib. Daha sonra çıxış edən spiker Oqtay Əsədov bildirib ki, Milli Məclisin ötən yaz və növbədənkənar sessiyasında 128 qanun və qərar qəbul olunub. Onun sözlərinə görə, bu müddətdə parlamentin beynəlxalq əlaqələri daha da inkişaf edib, nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak ediblər. Eyni zamanda, millət vəkilləri ötən dövr ərzində Rusiya və Türkmənistanda prezident seçkilərini, Qazaxıstanda, Serbiyada, Əlcəzairdə və Belarusda parlament seçkilərini müşahidə ediblər. O.Əsədov bildirib ki, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi istiqamətində artıq Latın Amerikası ölkələri ilə əməkdaşlıq başlayıb. Eləcə də, bir sıra ölkələr üzrə də parlament dostluq qrupları yaradılacaq.
“Payız sessiyasında bir sıra zəruri qanunların qəbul olunması nəzərdə tutulur. Həmin qanunların bir hissəsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Prezidenti tərəfindən təqdim ediləcək. Bəzi layihələr isə gündəliyimizdə öz əksini tapır. Payız sessiyasında, həmçinin, 2013-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə ediləcək. Bir sözlə, əminəm ki, payız sessiyası səmərəli olacaq”, – deyə parlamentin spikeri vurğulayıb.
Daha sonra O.Əsədov Avropa Şurasına üzv ölkələrin spikerlərinin konfransı haqqında məlumat verib. O, bildirib ki, Ermənistan parlamentinin sədrinin Azərbaycan zabiti Ramil Səfərovun məsələsi haqda səsləndirdiyi fikirlərə lazımi cavab verilib. Spiker deyib ki, AŞ PA-nın sessiyasında da bu məsələnin müzakirəsi nəzərdə tutulur. R.Səfərovun ekstradiyasının və əfv olunmasının qanunauyğun olduğunu deyən O.Əsədovun sözlərinə görə, Ermənistanın bu amildən istifadəsi Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanılması məqsədi daşıyır: “Beynəlxalq təşkilatlar bu münaqişənin həlli ilə bağlı sənədlər qəbul etsələr də, həmin sənədlərin arxasınca getmirlər. Onlar öz qətiyyətsizliyini ört-basdır etməkdən ötrü bu cür hadisələrdən istifadə edirlər”.
Spiker AŞ PA-da keçiriləcək müzakirələr ərəfəsində Milli Məclisdə müvafiq komissiyanın yaradılmasını və bu komissiyanın məsələ üzərində işləməsini təklif edib.
Spikerin təklifi qəbul olunub və Milli Məclisin sədr müavini Valeh Ələsgərovun rəhbərliyi ilə (Mübariz Qurbanlı, Sədaqət Vəliyeva, Rafael Cəbrayılov, Rasim Musabəyov, Qüdrət Həsənquliyev və Fərəc Quliyev) komissiya yaradılıb.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı çıxışında bildirib ki, payız sessiyasının iş planında nəzərdə tutulan məsələlər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin qanunvericilik bazasının möhkəmləndirilməsi baxımından olduqca əlverişlidir. Onun fikrincə, qəbul ediləcək qanunlar bundan sonra da Azərbaycanın sosial-iqtisadi inkişafı istiqamətində çox mühüm irəliləyişlərə dəstək olacaq. Ramil Səfərovun məsələsinə gəlincə, millət vəkili deyib ki, Ramil Səfərovun Azərbaycana verilməsi və bundan erməni təbliğatının istifadə etməsi bütün sahələrdə özünü göstərir. “Xüsusilə Avropa Parlamentində məlum qətnamənin qəbul edilməsi və bu qətnaməyə Azərbaycan cəmiyyətinin münasibəti onu göstərdi ki, cəmiyyətimizdə bununla bağlı fikir ayrılığı yoxdur. YAP-ın təşəbbüsü ilə 18 siyasi partiyanın birgə toplantısı keçirildi və həmin toplantıda Avropa Parlamentinə etiraz müraciəti qəbul olundu. Bu proses bütün sahələrdə getməlidir. İctimai təşkilatlar, QHT-lər bu prosesdə fəal olmalıdır”, – deyə M.Qurbanlı vurğulayıb.
Millət vəkili Zahid Oruc isə bildirib ki, beynəlxalq qurumlar Ramil Səfərov məsələsindən öz məqsədləri üçün istifadə etməyə çalışırlar: “Həm böyük dövlətlər, həm də beynəlxalq qurumlar bölgədəki proseslərin öz maraqlarına uyğun şəkildə davam etməsinə maraqlıdırlar. Ona görə də, bu məsələdən sui-istifadə etməyə çalışırlar. Bu qüvvələr Ermənistandan soruşsun ki, son 100 ildə öldürülən azərbaycanlılara görə 1 nəfəri cəzalandırıblarmı?”.
AVP sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, Ramil Səfərovun azadlığa çıxması Ermənistana ağır mənəvi-psixoloji zərbə vurub. Onun sözlərinə görə, beynəlxalq qurumlar zabitimizin azadlığa çıxmasını pislədiyi halda ASALA-nın terror hədələri qarşısında susurlar: “Təəssüf ki, beynəlxalq təşkilatlar Ermənistanın müdafiəsi ilə məşğuldurlar. Ona görə də, Milli Məclis Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı qərar verməlidir. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində qeyri-obyektiv prizmadan çıxış edib. ATƏT və bir sıra beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi hələ tanımayıblar. Ötən 20 ildə ATƏT-in Minsk qrupu münaqişənin həll olunması ilə bağlı heç bir irəliləyişə nail olmayıb. Ona görə də, təklif edirəm ki, parlament ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul etsin”.
Millət vəkili İqbal Ağazadə isə beynəlxalq ictimaiyyətin diqqətini ASALA-nın terror təhdidlərinə yönəltməyi təklif edib.
Milli Məclisin Hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli çıxışında bildirib ki, Ramil Səfərov törətdiyi əmələ görə 14-15 il cəza almalıydı. Amma erməni lobbisinin təzyiqi ilə Budapeşt məhkəməsi zabitimizə ömürlük həbs cəzası vermişdi. Onun fikrincə, Ramil Səfərov məsələsini beynəlxalq təşkilatların gündəmindən çıxarmaq lazımdır: “Avropa Birliyinin və eləcə də, digər təşkilatların Ramil Səfərovla bağlı qəbul etdiyi qətnamələr göstərir ki, bu təşkilatların Azərbaycana qarşı mövqeyi ikili standartlara əsaslanır. Biz bir daha bunun şahidi olduq”.
Ə.Hüseynlinin sözlərinə görə, Ramil Səfərovun timsalında yatmış bir şəxsin öldürülməsi ilə bağlı imic yaradılır: “Əslində bu inandırıcı deyil. Beynəlxalq təşkilatların Ramil Səfərovla bağlı qaldırdığı məsələləri ciddi müzakirə etmək lazımdır. Çalışmaq lazımdır ki, bu məsələ beynəlxalq təşkilatların gündəliyindən çıxarılsın”.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə parlament komissiyasının yaradılması təşəbbüsünü yüksək qiymətləndirib. O, bildirib ki, bu komissiya təkcə bir məsələ ilə bağlı yox, daimi fəaliyyət göstərməlidir. Ramil Səfərov məsələsinin artıq həll olunduğunu deyən millət vəkilinin fikrincə, bəziləri zabitimizin üzərində öz reklamını qurur: “Prezident İlham Əliyev tərəfindən bu məsələ həll olundu və bununla da məsələ bitdi. Digər proseslərə isə diqqət yönəltməyə ehtiyac yoxdur. Əks halda, beynəlxalq təşkilatlar da bunu istəyir ki, bu hadisədən özümüzə qarşı istifadə etsinlər. Bu gün dünyaya nəzər salsaq görərik ki, mürəkəb proseslər gedir. O cümlədən, bizim ölkəmizin ətrafında da. Beynəlxalq təşkilatların atdığı qərəzli addımlar Azərbaycanın inkişafını gözü götürməməzlikdən irəli gəlir. Son günlər İran məsələsi ilə bağlı, Cənubi Azərbaycan amili ortaya atılır. ABŞ konqresində, Avropada indiyə qədər bu məsələ yada düşmürdü? İnsanların hüquqları pozulanda, məktəbləri olmayanda harda idiniz? İndi məqsəd, Azərbaycanla İranın münasibətlərini korlamaqdır. Hesab edirəm ki, biz bu məsələdə həssas, diqqətli olmalıyıq. Əgər belə arzunuz var idisə, 1905-ci, 1945-ci, 1979-cu ildə bu addımı atardınız. Kimlərsə bu məsələdə xarici qüvvələrin əlində alətə çevrilməməlidir”.
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Avropada islamofobiyanın hökm sürdüyünü deyib. Bu fakt isə onu göstərir ki, işğalçı Ermənistanın müdafiə olunmasında mühüm amillərdən biri xristian həmrəyliyidir.
Məsələ ilə bağlı, spiker Oqtay Əsədov da bildirib ki, bu gün Avropada islamofobiya baş verir və bu narahatlıq doğurur. Onun sözlərinə görə, Azərbaycan müsəlman ölkəsidir, amma İslam respublikası deyil, dünyəvi dövlətdir. “Avropada keçirdiyimiz görüşlərdə Azərbaycana qarşı ikili standartlardan yanaşmanın kökündə müsəlman olmağımızla bağlı məsələnin dayandığını diqqətə çatdıranda buna cavab vermirlər. Onlara bildiririk ki, bizim Avropaya inteqrasiya etmək cəhdlərimizə qarşı hər dəfə maneələr yaradılır və qarşımıza daş atırlar. Biz soruşuruq ki, bununla nəyə nail olmaq istəyirsiniz? Biz Avropanı itirməklə Avropa nə qazanır?”, – deyə spiker bildirib. O.Əsədovun sözlərinə görə, sanki hansısa qrup Azərbaycanın Avropaya inteqrasiyasına qarşı çıxır, Azərbaycanın Avropa ailəsinə daxil olmasına maneçilik törədir: “Bu, tək Azərbaycana lazım deyil, Avropanın imicinə də ziyandır”.
Millət vəkili Fərəc Quliyev isə bildirib ki, işğalçı Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması istiqamətində müvafiq addımlar atılmalıdır.
Millət vəkili Sabir Rüstəmxanlı çıxışında Ermənistandakı Rusiya hərbi bazalarının rəsmi Yerevana verilməsindən narahatlığını ifadə edib. O, qeyd edib ki, Rusiyanın silahları Ermənistandan işğal olunmuş Dağlıq Qarabağ ərazisinə keçirməyəcəyinə heç kim təminat verə bilməz: “Çünki həmin hərbi bazalarda işləyənlər ermənilər özləri olacaqlar. Bu məsələ ilə bağlı, BMT və Rusiyaya müraciət etmək, BMT-dən bu məsələyə reaksiya tələb etmək vacibdir”.
Məsələ ilə bağlı, birinci vitse-spiker Ziyafət Əsgərov deyib ki, Azərbaycan Rusiyanın Ermənistanda olan hərbi bazalarının bu ölkəyə təhvil verməsindən narahatçılıq keçirir: “Bununla bağlı, Azərbaycanın müvafiq strukturları ilə bir neçə dəfə görüşüb, məsələ qaldırmışam. Onlar da bildiriblər ki, bu məsələ araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra rəsmi reaksiya olacaq”.
Z.Əsgərov həmçinin, ABŞ Konqresinin üzvünün Cənubi Azərbaycanla bağlı hazırladığı layihəyə münasibət bildirərək bu məsələni tənqid edib: “İranla Azərbaycanın dostluq münasibətləri var. Kimin nə problemi varsa, getsin öz problemini həll etsin”.
O, bəzi tərəfləri Azərbaycana və azərbaycanlılara problem yaratmaqda, İranla Azərbaycanın arasını vurmaqda ittiham edib: “İran Azərbaycanın, Azərbaycan da İranın ərazi bütövlüyünü tanıyır. O layihənin Ağ Evə göndərilməsi, Konqresdə müzakirəyə çıxarılması Azərbaycana qarşı səmimiyyətdən irəli gəlmir. Yaxşı olar ki, həmin konqresmen ABŞ prezidentini, ATƏT-in Minsk qrupunun həmsədrlərini Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərməyə, Azərbaycanın 20 faiz torpaqlarını işğal etdiyinə görə, Ermənistana təzyiq etməyə çağıraydı. Azərbaycanın heç bir dövlətin torpağında gözü yoxdur”.
Müxalifətin bu məsələdə milli hissləri ilə bağlı fikirlərini başa düşdüyünü bildirən birinci vitse-spiker deyib ki, İran məsələsində soyuqqanlı olmaq lazımdır. Z.Əsgərov qonşu dövlətlərlə münasibətlərdə diqqətli olmağa çağırib.
Daha sonra millət vəkilləri parlamentin payız sessiyasını qanunvericilik işləri planını müzakirə ediblər.
Millət vəkili Elmira Axundova təhsil sahəsi ilə əlaqədar sahə qanunlarının qəbul edilməsini təklif edib. O, həmçinin, qanunların icrasına diqqətin zəruri olduğunu vurğulayıb.
Millət vəkili Qüdrət Həsənquliyev də bildirib ki, qışa hazırlıqlarla bağlı bəzi hökumət nümayəndələri Milli Məclisdə məlumat verməlidirlər.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, parlamentin deputatlarının etik davranış kodeksi qəbul olunmalıdır. O, bildirib ki, Deputatların Etik Davranış Kodeksi ayrıca layihə kimi də qəbul edilə bilər və ya “Deputat statusu haqqında” Qanunda da yer ala bilər. Komitə sədri bununla bağlı, layihə hazırlandığını deyərək, bu sənədin sessiyanın iş planına daxil edilməsini təklif edib. YAP İcra katibinin müavini, parlamentin İntizam komissiyasının sədri Siyavuş Novruzov bu təklifi dəstəkləyib. S.Novruzov bildirib ki, Milli Məclisə deputat seçilmiş şəxs cəmiyyətə nümunə olmalıdır: “Bu insanlar etik daranış kodeksinə əməl etməlidir. Ona görə də, hesab edirəm ki, belə bir sənədin qəbul olunmasına ehtiyac var”.
Müzakirələrdən sonra payız sessiyasının qanunvericilik işləri planı təsdiq edilib. İclasın ikinci yarısında isə deputatlar Avropa Parlamentinin Azərbaycan zabiti Ramil Səfərovun məsələsi haqda qəbul etdiyi sənədlə əlaqədar bəyanat qəbul ediblər.
Daha sonra iclasda, “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarına dəyişiklik və əlavə edilib. Dəyişiklik və əlavəyə əsasən, Azərbaycan-Çili parlamentlərarası İşçi qrupunun sədri Muxtar Babayev, Azərbaycan-Peru parlamentlərarası İşçi qrupunun sədri Hacı Salayev, Azərbaycan-Uruqvay parlamentlərarası İşçi qrupunun sədri isə Cavanşir Feyziyev təyin olunub.
İclasda digər məsələlər də müzakirə olunaraq qəbul edilib.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 985 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30