Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Vətəndaş cəmiyyəti nümayəndələrinin seçimi İlham Əliyevdir

Vətəndaş cəmiyyəti nümayəndələrinin seçimi İlham Əliyevdir

06.10.2013 [15:43]

Hər bir dövlətin imicini onun insan hüquqlarına münasibəti, həmin dövlətdə insan hüquqlarının vəziyyəti müəyyən edir. Bu mənada demokratiya və insan hüquqları bir-birilə qırılmaz sürətdə bağlıdır, biri digərini şərtləndirir. Yalnız cəmiyyətdə mövcud olan demokratik atmosfer insan hüquqlarının qorunmasına real təminat verir. Digər tərəfdən isə əsas insan hüquq və azdlıqlarının qanunvericilikdə və real həyatda təmin edilməsi cəmiyyətdə demokratiyanın təşəkkülü və geniş inkişafı üçün həlledici amil rolunu oynayır. Məhz bu istiqamətdə reallaşan işlərə görə, Azərbaycanı insan hüquqlarının yüksək səviyyədə təmin edildiyi və hüquqi dövlət quruculuğunun sürətlə getdiyi demokratik ölkə adlandırmaq olar.
Hüquqi dövlətin əsasını Ümummilli lider qoydu
1991-ci ildə Azərbaycan Respublikası müstəqillik qazansa da, 1993-cü ilə qədər ölkədə siyasi-hüquqi və sosial-iqtisadi sabitlik olmadı. Çünki ölkənin əsas dayaqları sayılan hüquqi və sosial-iqtisadi sferalarda islahatlar keçirilmədi, fəaliyyət görülmədi. Lakin 1993-cü ildə xalqın təkidli tələbilə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin quruculuğunu hərtərəfli şəkildə reallaşdırdı. Ölkədə cərəyan edən hadisələri dərindən təhlil edən Ulu öndər yaxşı dərk edirdi ki, Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkədə demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün, ilk növbədə, ictimai-siyasi sabitlik, qanunçuluq, hüquq qaydası təmin edilməlidir. “Dövlət - dövlətçiliyi qorumalıdır” fikrini dönə-dönə vurğulayan Heydər Əliyev çox qəti və prinsipial mövqedən çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri ön plana çəkdi.
Əlbəttə ki, demokratik hüquqi dövlət quruculuğu prosesi tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra həyata keçirildi. Ölkədə hüquqi dövləti qurmaq üçün ilk növbədə, konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyətlər bölgüsü kimi prinsiplər yaradılmalı idi. Qeyd edim ki, cəmiyyətin siyasi sistemi və konstitusion idarəetmə üsulu barədə əvvəl siyasi filosoflar Lokk, Humbolt, Monteskyö fikirlər söyləyiblər. Müasir konstitusiyalar yaranana qədər - hələ XVIII əsrin sonlarından Avropa və Amerikada ilk konstitusiya sənədləri meydana çıxmışdı. Məhz zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev isə hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Yeni Konstitusiyanın layihəsinin hazırlanması kimi çox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən Ulu öndərimiz bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etdi. “Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda, ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik” - deyən Ulu öndər Heydər Əliyev konstitusiyaçı-alim kimi bu sahədə bütün problemləri öyrənərək və görkəmli filosoflarının elmi irsinə mükəmməl yiyələnərək Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını yaratdı.
Konstitusiyada insanların əsas hüquq və azadlıqlarının müdafiəsi əhəmiyyətli yer tutur, orada vətəndaşların digər hüquqları ilə yanaşı, onların mülki hüquqlarının xüsusilə mülkiyyət hüququnun qorunmasına yüksək səviyyədə təminat verilir. Həqiqətən də, bu sənəd dünyada nadir konstitusiyalardandır ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunub, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib, Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilib.
Ümumiyyətlə, Konstitusiyanın III fəsli (24-71-ci maddələr) bütövlükdə, yəni 158 maddədən 48-i insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilib. Konstitusiyanın 71-ci maddəsində insan və vətəndaş hüquqlarına və azadlıqlarına təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu hesab edilir.
Qeyd edilməsi zəruridir ki, ilk dəfə olaraq Konstitusiyamızda fransız siyasi mütəfəkkiri Mönteskyonun irəli sürdüyü və demokratik hüquqi dövlətlərin inkişafında böyük rol oynamış hakimiyyət bölgüsü prinsipi təsbit olundu. Bu yeni, mütərəqqi Konstitusiyamıza əsaslanaraq mükəmməl hüquq sistemi formalaşdırmaq üçün Ulu öndər qabaqcıl beynəlxalq təcrübəni, ümumbəşəri demokratik prinsipləri rəhbər tutmaqla, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri əsasında islahatlar aparmağa başladı və bu məqsədlə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaratdı.
1998-ci ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə ölüm cəzası ləğv edildi. Bu, Ümummilli lider Heydər Əliyevin humanist ideyalara sadiqliyini bir daha təsdiq edir. Bütövlükdə Şərq aləmində ilk dəfə yüksək humanizmin və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldi. Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi işində Ümummilli lider Heydər Əliyevin 1998-ci il fevral ayının 22-də imzaladığı “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı və 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” mühüm rol oynayıb.
Həmçinin, Konstitusiyanın 47-ci maddəsi isə ölkəmizdə fikir və söz azadlığının təminatı məsələsini özündə ehtiva edir. Azərbaycanda azad mətbuatın formalaşması, hər kəsin öz fikrini sərbəst şəkildə ifadə edə bilmək imkanı qazanması, təbii ki, Ümummilli liderin adı ilə bağlıdır. 1998-ci il avqustun 6-da Heydər Əliyev “Ölkədə söz, fıkir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzaladı. Bu Fərmanın bir bəndilə mətbuatda dövlət sirlərini mühafizə edən baş idarə ləğv olundu. Bu, senzuranın ləğvi demək idi.
22 fevral 1998-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanda bu sahədə həyata keçirilən tədbirlərin istiqamətləri müəyyən edilib, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılıb. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 18 iyul 1998-ci il tarixli Fərmanı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunub.
Yeni əsrin ilk illərindən isə Azərbaycan dövləti insan hüquqlarının qorunması, hüquq və azadlıqlarının təmin olunması sahəsində ardıcıl tədbirlər həyata keçirdi. Avropa Şurasına üzv qəbul olunduqdan sonra Azərbaycan “İnsan hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına” qoşuldu. Bu zaman o, üzərinə milli qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi öhdəliyini götürdü. Bu istiqamətdə atılan addımlardan ən mühümü Ombudsman təsisatının yaradılması idi. 2001-ci il dekabrın 28-də Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının İnsan hüquqları Üzrə Müvəkkil haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu.
Beləliklə də, Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində Azərbaycan hüquqi dövlət quruculuğu prosesində keyfiyyətcə yeni mərhələyə adladı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi dövlət quruculuğu prosesi yeni mərhələyə qədəm qoydu
Ulu öndər Heydər Əliyevin formalaşdırdığı böyük siyasət çağdaş demokratik Azərbaycanın ideya-siyasi palitrasının fövqündə dayanaraq alternativsiz bir strategiya kimi cəmiyyətdə tam dəstəklənir və ən layiqli varis - Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.
Prezident İlham Əliyev Öz səlahiyyətlərini icra etdiyi illər ərzində Ümummilli lider Heydər Əliyev siyasətini uğurla həyata keçirdiyini sübut etdi. Dövlət başçımız əsası Ulu öndər tərəfindən qoyulan daxili sabitlik sahəsində qazanılmış nailiyyətləri siyasi həmrəyliyin təmin olunması və milli birliyin möhkəmləndirilməsi istiqamətində daha da inkişaf etdirdi, faktiki olaraq dönməzliyə çevirdi. Azad, demokratik və hüquqi dövlət quruculuğu zamanı isə daxili sabitliyin qorunub saxlanılması ölkədə həm iqtisadi inkişafa, həm də dövlət quruculuğu prosesinə təkan verən, onu sürətləndirən amillərdən biridir. Prezident İlham Əliyevin həyata keçirdiyi, elmi cəhətdən əsaslandırılmış, məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmizdə böyük uğurlar qazanılıb. Son 10 ildə Azərbaycanda ümumi daxili məhsul, dövlət büdcəsi dəfələrlə artıb. Dünyanın qabaqcıl ölkələrinin maliyyə böhranından əziyyət çəkdiyi bir dövrdə Azərbaycan öz iqtisadi inkişaf sürətinə görə bütün dünyada öncüllər sırasındadır. Dinamik inkişaf ictimai-sosial həyatın bütün sahələrini əhatə edir, sosial problemlər sürətlə həll edilir, insanların sosial rifahı daha da yüksəlir. Bütün bunlar isə onunla əlaqəlidir ki, Prezident İlham Əliyev sosial-iqtisadi və siyasi-hüquqi islahatları paralel şəkildə aparır.
2006-cı il dekabrın 28-də İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə xidmət etdi. Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyunun Azərbaycanda İnsan hüquqları günü elan edilməsini və bundan sonra da bu sahədə əhəmiyyətli strateji tədbirlərin görülməsini, 24 avqust 2002-ci il və 18 mart 2009-cu il tarixlərində keçirilmiş ümumxalq səsverməsi-referendumlar nəticəsində insan və vətəndaş hüquq və azadlıqları istiqamətində qanunvericilik bazasının zənginləşdirilməsini və digərlərini aid etmək olar.
2011-ci ilin dekabr ayının 27-də Azərbaycan Prezidentinin təsdiq etdiyi yeni proqram isə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsinə yönəldi.
Demokratik dəyərlərin gücləndirilməsində, kütləvi şüurun transformasiyasında əhəmiyyətli rol oynayan mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə imkan verdi. Ölkənin demokratik tranzitində və vətəndaş cəmiyyətinin formalaşmasında müstəqil KİV-lərin rolu Prezident İlham Əliyevin rəhbərliyi dönəmində daha da artdı. Bunun nəticəsidir ki, Azərbaycanda 4 mindən çox KİV qeydiyyata alındı, onlardan 300-dən çoxu daimi fəaliyyət göstərir.
Bununla yanaşı, müstəqil kütləvi informasiya vasitələrinin inkişafının dəstəklənməsi zərurəti nəzərə alınaraq, habelə hadisələri və prosesləri qabaqlayaraq ictimai rəyin inteqratoru kimi çıxış edə biləcək keyfiyyətli jurnalistikanın formalaşmasına şərait yaratmaq məqsədilə 2008-ci ilin iyul ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası təsdiq edildi. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı.
Ölkədə milli demokratiyanın təkamülü və ictimai həyatın, xüsusən QHT sektorunun nəzərəçarpacaq dərəcədə fəallaşması, internetin uğurla yayılması da gənclərin işlə təmin edilməsi, onların sosiallaşması, maraq dairələri üzrə ünsiyyət, sosiumda müxtəlif mövzularda ictimai diskussiyaların keyfiyyətinin artırılması sahələrində müsbət irəliləyişlərin əldə edilməsində sanballı rol oynadı.
Cəmiyyətin demokratikləşməsi, yeni kreativ və intellektual şəxsiyyətlərin formalaşması çox vaxt müxtəlif təşkilatlarda göstərilən təşəbbüskarlığın təzahürləri ilə bağlı olur. Qeyri-hökumət təşkilatlarının ölkədə cərəyan edən ictimai və sosial-humanitar proseslərə fəal cəlb edilməsi məqsədilə onların dəstəklənməsi, konstruktiv ictimai tənqid üçün şərait yaradılması, QHT-lərin maddi-texniki bazasının möhkəmlənməsi, habelə aktual sosial və humanitar layihələrin həyata keçirilməsinə köməkliyin göstərilməsi Azərbaycan cəmiyyətinin demokratikləşməsi yolunda görülən mühüm işlərdir.
2007-ci ilin iyul ayında Prezidentin Sərəncamı ilə qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi və QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması QHT sektorunun dəstəklənməsində və ölkədə vətəndaş cəmiyyətinin inkişafında mühüm addım oldu. Sirr deyil ki, həmin Şura yaradılana qədər Azərbaycan QHT-lərinin əksəriyyətinin fəaliyyəti əsasən müxtəlif beynəlxalq fondların onlara göstərdiyi köməkdən asılı idi. Bu isə həm bu təşkilatların fəaliyyətinin istiqamətinə, həm də Azərbaycanda vətəndaş təşəbbüslərinin inkişafına ictimai tələbatı heç də həmişə təmin etməyən bu və ya digər layihələrdə müəyyən dərəcədə üstüörtülü siyasi məqamların olmasında özünü göstərməyə bilməzdi. Bu gün isə Şura yerli qeyri-hökumət təşkilatlarına maddi və informasiya dəstəyi verir. Hazırda Azərbaycanda üç mindən çox qeyri-hökumət təşkilatı var. 2008-ci ildə Şuraya 365 təşkilat müraciət edərək maliyyə dəstəyi istəmişdisə, 2013-cü ildə onların sayı demək olar ki, üç-dörd dəfə artdı. Ötən illərdə mindən çox sosial və humanitar layihə uğurla həyata keçirildi. “Üçüncü sektor”un layihələri üçün dövlət büdcəsindən bütövlükdə 15 milyon manatdan çox vəsait ayrıldı. Bu müddətdə əvvəllər xarici donorların heç vaxt maliyyələşdirmədiyi sahələrdə ilk dəfə olaraq, milli layihələr həyata keçirildi. Məsələn, Dağlıq Qarabağın işğal edilməsi və Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar Azərbaycan reallıqları haqqında məlumatın dünya ictimaiyyətinə çatdırılması, qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi və s.
Beləliklə də, QHT sektorunun inkişafı ilə bağlı siyasi elitanın mütərəqqi qərarlar verməsi ölkədə vətəndaş cəmiyyətinin inkişafına təkan verdi. Bu da, ilk növbədə, cəmiyyətdə kütləvi şüurun dəyişməsinə və daha çox birlik xarakteri almasına səbəb oldu. Eyni zamanda, indiki dövrdə internet, innovasiyalar və sənayeləşmə ölkənin dünya birliyinə uğurla inteqrasiya etməsi üçün yeni perspektivlər açır və Azərbaycanda gələcəyin yetkin vətəndaş cəmiyyətinin qurulması üçün bu amillər də əsas kimi götürülür.
Vətəndaş cəmiyyətinin nümayəndələrinin seçimi İlham Əliyevdir
Göründüyü kimi, Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində atılan addımlar vətəndaş cəmiyyətinin formalaşmasına, siyasi şüurun, siyasi mədəniyyətin yüksəlməsinə təkan verdi. Bu işdə isə Prezident İlham Əliyevin xüsusi fəaliyyəti mövcuddur. Bu səbəbdən də, vətəndaş cəmiyyətinin nümayəndələrinin birmənalı olaraq, seçimi Prezident İlham Əliyevdir. Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsilə bu sahənin daha da inkişafına təkan veriləcək, demokratik inkişaf sürətləndiriləcək və Azərbaycan keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq.
Bəhruz Quliyev,
“Səs” qəzetinin baş redaktoru

Paylaş:
Baxılıb: 1016 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31