Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Zəngilanın işğalından 20 il ötdü...

Zəngilanın işğalından 20 il ötdü...

29.10.2013 [09:32]

Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan zəngilanlılar səbrsizliklə torpaqlarımızın işğaldan azad olunacağı günü gözləyirlər
Bu gün Azərbaycan Respublikasının Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20 ili tamam olur. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olub. Qeyd edək ki, Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görürdü. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı.
Yeri gəlmişkən, Zəngilan ərazisi nəinki Azərbaycanın, ümumilikdə, insanlıq tarixinin ən qədim yaşayış məskənlərindən hesab olunur. Bölgə ərazisində mövcud olan bir neçə mağara (Əsgülüm və Süsən dağlarında) burada ibtidai insanların yaşayışından xəbər verirdi. Ümumiyyətlə, Zəngilan inzibati ərazi vahidi - rayon kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistanla həmsərhəddir.
Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır.
Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir.
Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı, üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.
İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi. Bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda idi. İndi düşmən baltasına tab gətirə bilməyən həmin çinarları ermənilər doğrayaraq xarici ölkələrə satırlar. Digər qiymətli ağaclar, molibden, mərmər, qızıl, qranit və yeraltı sərvətlər də hazırda ermənilər tərəfindən talan edilir. Belə ki, işğala qədər rayonda sənaye əhəmiyyətli ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vejnəli qızıl, ehtiyatları 6618 min m3 olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min m3 təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17367 min m3 olan Zəngilan qum-çınqıl qarışığı yataqları olub.
Rayon ərazisində 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğunun bərbad vəziyyətə salındığı barədə məlumatlar var. Qoruq ərazisindəki qiymətli ağacları kəsib-doğrayan ermənilər onlardan mebel sənayesində istifadə etməkdədirlər.
Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə də zəngindir. Onlardan ən böyüyü “Şəhri Şərifan” adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır.
Beləliklə, XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı. Ölkədə mövcud ictimai-siyasi vəziyyət, siyasi anarxiya, xaos, hakimiyyətsizlik və daxili çəkişmələr, bir-birinə xəyanət edən silahlı birləşmələrin bəd əməlləri, o cümlədən, ermənilərin başlatdığı separatçılıq torpaqlarımızın itirilməsi ilə nəticələndi. Zəngilan da digər rayonlarımız kimi xəyanətin qurbanı oldu. Bu isə, Azərbaycan tarixinə daha bir qara günün əlavə edilməsi ilə nəticələndi- 29 oktyabr...
Qeyd edək ki, Zəngilan da digər rayonlar kimi müharibə alovunu 1990-cı ildən hiss etməyə başladı. Ermənilər dəmiryolunu bağlayır, qatarları saxlayır, adamları girov götürürdülər. 1992-ci ilin əvvəlindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi. Yerli əhali o dövrün hakimiyyətindən gizləyib saxladıqları ov tüfəngləri ilə öz yurd-yuvalarını qorumaq üçün sipərə çevrildi. Əslində, Zəngilanın işğalı artıq 1992-ci ildə faktiki olaraq, reallaşmışdı. İşğala aparan xronologiyaya nəzər saldıqda bu daha aydın olur. Belə ki, 1992-ci ilin yanvar ayının sonunda ermənilərin Zəngilana mütəşəkkil hücumları intensivləşməyə başladı və nəticədə, fevralın 1-də Günqışlaq, Qazançı, Dərəli və Vejnəli kəndi basqına məruz qaldı. Rayon ərazisində açıq döyüş vəziyyəti hökm sürürdü.
1992-ci il iyunun 29-da edilən hücum kəskinləşir və artıq iyulun 6-da düşmən rayon mərkəzini atəşə tuturdu. Bütün yayı Zəngilanın kəndləri və rayon mərkəzi düşmən atəşinə məruz qaldı. 1993-cü ildə isə döyüşlər ara vermirdi. İyulun 19-da Qızıldaş qəsəbəsi döyüş meydanına çevrildi. Avqustun 25-də erməni hərbi birləşmələri genişmiqyaslı hücuma keçərək daha 5 kilometr irəliləyib rayon mərkəzini mühasirəyə aldı. Beləliklə, oktyabrın sonuna yaxın rayon tam mühasirə vəziyyətinə düşdü. Oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olundu, bununla da, Zəngilanın mühasirəsi başa çatdırıldı.
Təxminən 34 min əhali İran sərhədinə-Araz çayının kənarına toplaşdı. Ümummilli liderimiz Heydər Əliyev İran hökuməti ilə danışıqlar apardıqdan sonra Araz çayı üzərindəki bənddə su bağlandı və əhali çayı keçib xilas oldu. Buna görə də, zəngilanlılar Heydər Əliyevə daim minnətdardırlar. Çünki İran hökumətinin razılığı əldə edilməsəydi, Zəngilan əhalisi ya son nəfərə kimi məhv olmalı, ya əsir düşməli, ya da Arazın sularına qərq olmalıydı...
İndi doğma yurd-yuvalarından didərgin düşmüş zəngilanlılar ölkəmizin müxtəlif rayonlarında yaşayırlar. Digər məcburi köçkünlər kimi zəngilanlılar da dövlət qayğısı ilə əhatə olunublar, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər görülüb. Lakin bu diqqət zəngilanlılara doğma ocağa qayıtmaq arzusunu unutdurmayıb, öz dədə-baba yurdlarına qayıtmaq ümidlərini daha da artırıb. Onlar Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəngilana qayıdacaqları günə inanırlar.

Paylaş:
Baxılıb: 1097 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31